Logo
news content
User
Kateqoriyalar

Analitika

Baş Prokurorluqda yenilənmə: Qaralovdan sonra Usubov da getdi...

Baş prokurorun iki müavini - Rüstəm Usubov və Namiq Əsgərov işdən azad edildilər. Onlar vəzifədən “Əməkdar hüquqşünas” fəxri adı ilə yola salındılar. Eyni zamanda, Elçin Məmmədov Baş prokurorun birinci müavini, Elmar Camalov müavini, Nazim Rəcəbov isə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrinə təyin olundular. Prezident İlham Əliyev mayın 21-də bu barədə sərəncamlar imzalayıb.

Ən çox diqqət çəkən və sosial mediada daha çox müzakirə edilən qərar Rüstəm Usubovun 2005-ci ildən tutduğu Baş prokurorun birinci müavini postundan çıxarılması oldu. 66 yaşlı R.Usubovun adı indiyədək bir çox qalmaqallarda hallanıb. İctimai-siyasi fəalları müdafiə edən bəzi vəkillər onun məktubu əsasında cəzalandırılıb, fəaliyyətləri dayandırılıb. İllərlə həbsdə saxlanılan xeyli aktivistin haqqındakı ittiham aktında onun imzası olub. Onun adı həm də çoxlu sayda qətl, adam oğurluğu kimi ağır cinayətlər törətmiş Hacı Məmmədovun dəstəsinin işində keçirdi.

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin baş əməliyyat müvəkkili olmuş polkovnik Hacı Məmmədovun dəstəsi 2005-ci il martın 10-da - Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra ifşa olundu. Amma araşdırmalar zamanı məlum oldu ki, prokurorluğun bu dəstənin mövcudluğundan hələ 2003-cü ildə məlumatı olub. Şəxsən R.Usubovun özünə bu haqda yazılı məlumat verilib. Cinayət işinin materiallarında Rəna Nəsibova adlı qadının prokurorluğa məktubu var. Nəsibovanın H.Məmmədovun dəstəsindəki çeçen qardaşlardan (Abdulbekovlar) biri ilə münasibəti olub. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini, ölkənin baş kriminalisti Rövşən Əliyevin qətlə yetirilməsindən sonra həmin çeçen sərxoş olub və bu qətllə bağlı Nəsibovaya bildiklərini danışıb. Rəna Nəsibova da eşitdiklərini məktub şəklində yazaraq, prokurorluğa təqdim edib. Məktubda göstərib ki, Rövşən Əliyevi Daxili İşlər Nazirliyinin polkovniki olan Hacı adlı şəxs və onun dəstəsi aradan götürüb.

Abdulbekov Nəsibovaya gələcək planlarından da danışıb. Deyib ki, Gön-Dəri Zavodunun milliyyətcə yəhudi olan Yura adlı sahibi var, milyonçudur, yaxın günlərdə onu oğurlayacaqlar. Nəsibovanın məktubunda dəstənin bu niyyəti də qeyd olunub.

R.Nəsibova məktubla kifayətlənməyib, Baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olub, ona da eşidib-bildiklərinin hamısını danışıb. Lakin bundan sonra da dəstənin zərərsizləşdirilməsi üçün addım atılmayıb. Usubov yalnız zavod direktorunu çağırtdırıb, ona xəbərdarlıq edib ki, “səni oğurlamaq istəyirlər, ehtiyatlı ol, mühafizəni gücləndir”. Vəssalam...

Baxmayaraq ki, qadın Rövşən Əliyevin qətlinin kim tərəfindən törədilməsi haqda birbaşa məlumat verir, prokurorluq ondan sonra da bu cinayətə dəxli olmayan adamları çağırıb dindirməkdə, incitməkdə davam edir. Hətta Bəylər Quliyev adlı şəxs (müğənni Aygün Bəylərin müəllimi olub və onun ölümündən sonra sənətçi bu ləqəbi götürüb) məhz R.Əliyevin qətlinə görə istintaqa çağırılıb. Bir qədər sonra isə onun meyiti evinə göndərilib, bildirilib ki, B.Quliyev prokurorluğun pəncərəsindən özünü atıb...

Bir müddət sonra R.Nəsibovanın da meyiti tapılıb. Hadisə Yasamal rayonu ərazisində, onun çalışdığı şirkətin ofisində baş vermişdi. O zaman ekspertizadan rəy alınır ki, bu qadın artıq dozada narkotik qəbulundan ölüb. Yaxınları onun heç zaman narkotik istifadəçisi olmadığını desələr də, xeyri olmayıb. İş bu əsasla qapadılıb. 2005-ci idə dəstə üzvlərinin həbsindən sonra R.Nəsibovanın ölümü ilə bağlı müəmmaya yenidən qayıdıldı. Bu dəfə ekspertizadan fərqli rəy alındı – R.Nəsibova boğularaq öldürülüb. Buna görə Novruz adlı bir gənci həbs edib, ona 12 il cəza verdilər. İddia olunurdu ki, qadını qısqanclıq zəminində o öldürüb. Həmin şəxs isə cinayətin ona aidiyyəti olmadığını deyirdi...

 

H.Məmmədov haqqında 2003-cü ildə prokurorluğa məlumat veriləndə dəstə zərərsizləşdirilsəydi, ondan sonra baş verən bir sıra cinayətlərin – “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovun qətlinin, Zamirə Hacıyevanın və “Hafka” kimi tanınan işadamı Hafiz Məmmədovun atası Məcid Məmmədovun oğurlanmasının qarşısı alınardı. (Fətulla Hüseynov 2004-cü il iyunun 14-də yaşadığı binanın qarşısında öldürülüb.)

Ələsgər Məmmədli: “Azərbaycanda hüquq siyasi ipoteka altındadır”

Hüquqşünas Ələsgər Məmmədli ümumilikdə prokurorluq sisteminin rəhbərliyindəki dəyişikliklə bağlı nikbin deyil. O, “Press Klub”a açıqlamasında bildirdi ki, Qaralov, Usubov soyadlarının başqalarıyla əvəzlənməsi nəticəni dəyişməyəcək. Uğurlu nəticə üçün iş prinsipi, sistemli yanaşma dəyişməlidir:

“Azərbaycanda hansısa məmur, hüquq-mühafizə orqanlarının təmsilçisi təkbaşına, sistemdaxili olmayan addım atsa, dərhal cəzalandırılar. Amma sistem daxilində ona həvalə olunan vəzifəni icra eləyirsə, onun bu işlərini görməzdən gəlirlər. Rüstəm Usubov da o prokurorlardan idi ki, onun əməlləri öncədən planlaşdırılıb, özü isə sadəcə, icraçı olub. Yəni əksər hallarda öz təşəbbüsü ilə yox, sistemin ona yüklədiyi vəzifələri icra edib. Bu baxımdan xeyli qalmaqallı işlərdə adı hallansa da, məhkəmə önünə çıxarılmadı. Onun haqqındakı faktlar da araşdırılmadan, faktiki qapadıldı. Azərbaycanda bir prokuror, bir məmur təkbaşına bu qədər problemi yaradan insan ola bilməz. Bu, sistemin öz mahiyyətindən doğan haldır. Dünən Qaralov, Usubov idisə, sabah başqa soyadlar eyni işləri görə bilər. Hüquq-mühafizə orqanlarında iş sistemi, peşəkarlıq önə keçməsə, soyadların dəyişməsi ilə nəticə dəyişən deyil.”

Hüquqşünas Baş prokuror dəyişikliyindən sonra yaşananları - AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun əvvəlcə 30 günlük inzibati həbsini, ardınca da terroru maliyyələşdirməkdə ittiham olunmasını yada salır. Deyir ki, bu hadisənin özü prokurorluq sistemində yanaşmanın dəyişmədiyini göstərir: “Bu cür ziddiyyətli işlər yenə də olacaq. Çünki bunlar tamamilə siyasi qayğılardan irəli gəlir, hüquq problemi deyil. Azərbaycanda hüquq siyasi ipoteka altındadır”.

Gülər