Logo
news content
User
Kateqoriyalar

Analitika

Baş Prokurorluq niyə partiya sədrinə xəbərdarlıq etdi?

Vətəndaş və İnkişaf Partiyasının  (VİP) sədri Əli Əliyev sosial şəbəkələrdəki çıxışlarına, mediadakı müsahibələrinə görə sentyabrın 22-də Baş Prokurorluğa çağırılıb. Orada partiya sədrinə xəbərdarlıq olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin bu barədə açıqlamasında bildirilir ki, Əli Əliyev “YouTube”dakı çıxışlarında müxtəlif şəxslər barədə böhtan və təhqir xarakterli ifadələr səsləndirib. O, həmçinin vətəndaşlara qarşı zorakılığa yönəlik çağırışlar etməkdə, internet resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməkdə, COVİD-19 pandemiyasına qarşı mübarizədə görülən işlərə kölgə salmaqda ittiham olunur. “Əli Əliyev Baş Prokurorluğa dəvət edilərək,  mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməlləri davam etdirəcəyi təqdirdə, haqqında qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyinə dair ona xəbərdarlıq edilib”, - deyə prokurorluğun məlumatında qeyd olunur.

Əli Əliyev “Press Klub”a açıqlamasında sentyabrın 21-də axşam saatlarında telefon zəngi ilə Baş Prokurorluğa çağırıldığını söylədi: 

“Zəng eləyən şəxs nəzakətlə danışırdı. Bildirdi ki, Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi mənimlə görüşmək istəyir”.

VİP sədri prokurorluğa çağrılmasının onun üçün gözlənilməz olduğunu dedi. Onun sözlərinə görə, davranışlarında qanun pozuntusuna yol verməməyə, hətta siyasi fəaliyyətində də buna əməl etməyə çalışır: 

“Bu baxımdan gözlənilməz idi. Amma digər tərəfdən də son iki il ərzində olan təzyiqləri nəzərə alanda bizə qarşı yeni mərhələnin başlayacağını gözləyirdim. Bizim partiyanın fəaliyyəti hakimiyyəti narahat etməyə bilməzdi. Azadlığı qoruyub saxlayanda, həqiqətləri dilə gətirəndə, sistemin əleyhinə gedəndə çətin olur. Xüsusən repressiv rejimlərin mövcudluğunda bu cür mövqe qoruyub saxlamaq asan deyil. Hakimiyyətin kölgəsinə sığınıb, onun şirnikləndirici təkliflərini qəbul edib, mövqeyinə uyğun davranmaqdan asan iş yoxdur. Bizim bir çox hallarda iqtidarın qanunsuz addımlarından, hakimiyyətin ətrafındakı mafioz qrupların imkanlarından, davranışlarından məlumatımız var və zaman-zaman bunları dilə gətiririk. Şüurlu şəkildə qərar vermişik ki, hər şey dövlət və millət üçündür, bundan kənarda bizim fəaliyyətimiz ola bilməz. Bu cür fəaliyyətimizin də hakimiyyətin reaksiyasına səbəb olacağı gözlənilən idi”. 

Əli Əliyevin dediyinə görə, son illər həm özü, həm də ailə üzvləri təzyiqlərə məruz qalıb, təhdidlərlə üzləşib, bəzən də şirnikləndirici təkliflər alıblar. Bu mənada, o, Baş Prokurorluğa çağrılıb, xəbərdarlıq edilməsini təzyiqlərin yeni mərhələsi hesab edir: 

“Baş Prokurorluqda əvvəlcə Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi ilə geniş söhbətimiz oldu. Sonra baş prokurorun müavini Elmar Camalovla görüşdük. O, xəbərdarlıq mətnini çatdırdı. Mətndə mənim demədiyim uydurma ifadələr vardı, guya adamları ixtişaşa dəvət etmişəm, zorakılığa çağırış etmişəm, kimlərinsə şərəf və ləyaqətini ləkələmişəm. Təbii ki, bunlarla razılaşmadım. Mənim heç bir çıxışımda “məktəb direktoruna əl qaldırın” çağırışı olmayıb. Amma xəbərdarlıq mətnində bu var idi. Yaxud “hüquqlarınızı pozan məmurlara etiraz edin, gözünü çıxarın” cümləmdəki “gözünü çıxarın” ifadəsini hərfi mənada yozublar. Halbuki bu, dilimizdə məcazi mənada işlənən söz birləşməsidir. Bunlar iddia edirlər ki, guya kimlərinsə gözünü çıxarmağa çağırmışam. O sənəddə qətiyyən razılaşmadığım ifadələri dedim, ona görə, mətnə dəyişiklik elədilər. Məsələn, “iğtişaş” sözünü çıxardılar. Özləri də gördülər ki, “barıt”ını çox eləyiblər”.

Bu cür xəbərdarlıqların onu yolundan döndərməyəcəyini vurğulayan partiya sədri bundan sonra Baş Prokurorluqla daha sıx işləmək niyyətindədir. O bildirdi ki, çıxışlarında məmurların qanunsuz əməllərindən bəhs edirdi və bundan sonra həmin faktları bir-bir Baş Prokurorluğa sorğu şəklində göndərib, hər birinin araşdırılmasını tələb edəcək: 

“Mənə deyirlər ki, məhkəmə hökmü olmadan kiməsə cinayətkar deyilə bilməz. Fikrimcə, ölkənin strateji ehtiyatlarını məhv edən, əsas iqtisadi sektorunu, təsərrüfat fəaliyyətini sıradan çıxaranlar cinayət törədirlər. Mən baş nazir və müavinləri, Rövnəq Abdullayev, Sahil Babayev, Kərəm Həsənovun əməlləri barədə açıqlamalar vermişəm. Bəs, niyə onların əməlləri haqda dediklərim araşdırılmır? Yaqub Eyyubovun oğlunun adına keçirilən 9 milyon dollar bu ölkə üçün maraqlı deyil? Sorğuya həmin materialları da əlavə edib, göndərəcəm ki, tədbir görülsün”.

Gülər