Bankların bağlanmasında inhisarlaşma niyyəti var?
15 May 2020
Mərkəzi Bank son yarım ayda dörd bankın - “Amrahbank”, “Atabank”, “AGBank” və “NBCBank”ın lisenziyasının ləğvinə qərar verib. Bu isə minlərlə insanı problemlə üz-üzə qoyub. Çətin duruma düşənlər arasında müxtəlif kateqoriyadan insanlar var: banklarda işini itirənlər; əmanətçilər; maaşını bu banklardan birinin kartı ilə alanlar; nağdsız alış-veriş üçün orada hesab açanlar...
Aprelin 27-dən adları çəkilən bankların hamısında əməliyyatlar dayandırılıb, bütün fiziki və hüquqi şəxslərin hesabları dondurulub. Bu qəfil qərar nəticəsində problemlə üzləşənlərdən biri də Bakı sakini Aytən Süleymanovadır. O bildirdi ki, “NBCBank”ın müştərisi olub, aprelin 27-də ona xəbər vermədən kartı bloklanıb. Gündəlik dolanışıq, alış-veriş üçün həmin kartından istifadə etdiyini deyən A.Süleymanova maddi baxımdan ağır duruma düşdüyünü söylədi:
“Dəfələrlə Mərkəzi Banka zəng eləmişəm, getmişəm, xeyri yoxdur. Ancaq onu deyirlər ki, “araşdırma aparılır, gözlə, problem həll olunacaq”. Nə vaxt? O vaxta qədər mən necə dolanım?..”
“Amrahbank”ın Səbail filialının müdiri Xəyal Məmmədli də bildirib ki, hesabların dondurulmasından nəinki bağlanan banklardakı hesabında vəsaiti olan sahibkarlar, əmanətçilər, hətta uşağına aliment alan valideynlər də əziyyət çəkir. Onun sözlərinə görə, “Amrahbank”ın müştəriləri arasında məhz aliment köçürmələri üçün bu bankda hesab açmış şəxslər vardı:
“Elə müştərilərimiz var ki, xaricdədir, bankın kartından istifadə edirdi. Hesab bloklanıb deyə, çətin vəziyyətdə qalıb. Yaxud sahibkar var ki, tenderi udub, vəsait bank hesabına köçürülüb, çıxara bilmir. Şirkətlər var ki, işçilərinə maaşı bu bankların kartları vasitəsilə verirdilər. Banklarla bağlı qərar aprelin sonunda qəbul olundu. İşçiyə maaş verməli olan qurumlar da, maaşı gözləyən işçilər də pis vəziyyətə düşdülər. Mərkəzi Bank ən azı, bu cür şəxslərin probleminin həlli üçün hansısa addımlar atmalıdır”.
X.Məmmədli əlavə edib ki, “Amrahbank” bağlanmalı deyildi. Filial müdirinin fikrincə, bu bankın sağlamlaşdırılması mümkün idi: “Səhmdarların bankla bağlı planları uzunmüddətli idi. Buna görə də uzunmüddətli dövrdə xərclərin optimallaşdırılması məqsədilə bankın mərkəzi ofisi üçün xüsusi bina tikilmişdi, yarım il idi ki, istifadəyə verilmişdi. Bəhreyn Krallığında yerləşən “International Investment Bank” bizim bankın 45 faiz səhmdarı və strateji partnyorudur. “Amrahbank” Azərbaycanda yeganə ərəb kapitallı bankdır. Bankın strateji hədəfi qanunvericilik imkan verən kimi, dərhal islam bankına çevrilmək idi”.
Əkrəm Həsənov: “Məhkəmə heç bir araşdırma aparmadan Mərkəzi Bankın təqdimatını təsdiqləyir”
Bank sahəsi üzrə ekspert, vəkil Əkrəm Həsənov bildirdi ki, hesabları Mərkəzi Bankın təqdimatı əsasında məhkəmə bloklayır. Çünki mülkiyyətə məhdudiyyət ancaq məhkəmə qərarıyla qoyula bilər. Amma Ə.Həsənov hesab edir ki, banklarla bağlı situasiyada məhkəmə qərarı formal xarakter daşıyır. O baxımdan ki, məhkəmə heç bir araşdırma aparmır, Mərkəzi Bankın təqdimatını təsdiqləyir:
“Bunun hüquqi adı moratoriumdur. Məhkəmə moratorium tətbiq edir. “Banklar haqqında” qanunda da bu addım nəzərdə tutulub. Məsələn, bağlanan bankın 100 milyon borcu var, amma bankda cəmi 50 milyon vəsait var. Bankda qalan pul mütənasib bölünməlidir, hamıya çatmalıdır. Ona görə bütün hesablar dondurulur ki, müştərilərdən kimsə irəli düşməsin. Həm də bu hal korrupsiyaya yol aça bilər, kimlərsə başqa yollarla öz pulunu tez çıxarmağa cəhd edər”.
Fəaliyyəti dayandırılmış bankların xidmətindən istifadə edən vətəndaşların gözlənilmədən çətin duruma salındığını vurğulayan vəkil onu da qeyd etdi ki, bu halda, vətəndaşın gözləməkdən başqa yolu yoxdur. Çünki moratoriumun tətbiqi barədə məhkəmə qərarından ancaq bankın özü şikayət verə bilər.
Amma vaxtilə bank sektorunda çalışmış vəkil Aqil Layıc fərqli fikirdədir. O deyir ki, moratorium bankın aktivləri üzərinə qoyulmalıdır: “Aliment pulu, yaxud kiminsə maaşı bankın aktivi sayıla bilməz. Əgər kredit götürülməsindən, əmanət yatırılmasından söhbət getmirsə, başqa əməliyyatlarda bank sadəcə, vasitəçidir. O pullara həbs qoyula bilməz”.
A.Layıc qeyd edib ki, araşdırmalar başa çatandan sonra həmin şəxslərin hesablarındakı vəsaitlər onlara qaytarıla bilər. Amma bundan ötrü bəzən aylarla vaxt tələb olunur.
Aqil Layıc: “Bankların dayanıqlılığını araşdırmaq vətəndaşın yox, lisenziyanı verənin işidir”
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə düşdükləri duruma görə sözügedən banklarda hesab açanların özlərini günahlandırır. O, təxminən on gün öncə keçirdiyi mətbuat konfransında bu haqda sualları cavablandırarkən bildirib ki, hesab açanda diqqətli olmalıydılar. “Müştərinin hansı bankda hesab açmağı onun öz seçimidir. Onu buna dövlət məcbur etməyib. Hər bir müştəri bankı özü seçir. Tanış olduğumuz situasiyalardan görürük ki, bankı müştərilər subyektiv amillərlə seçirlər. Tanışlıqla, hansısa filial müdiri qonşusudur, dostudur, deyir, orada hesab açacam. Belə olmamalıdır. Bizim sistem əhəmiyyətli banklarımız var”, - deyə E.Rüstəmov bildirib.
E.Rüstəmovun fikrini şərh edən A.Layıc yada salır ki, bağlanan bankların hamısı lisenziya əsasında fəaliyyət göstərib. Lisenziyanı da onlara Mərkəzi Bank verib: “Bankların dayanıqlılığını araşdırmaq vətəndaşın yox, lisenziyanı verənin işidir. Vətəndaş da dövlətə, lisenziya verənə güvənir”.
Vəkil Əkrəm Həsənov Mərkəzi Bank rəhbərinin “sistem əhəmiyyətli banklarımız var” fikrinə diqqət çəkir. Onun fikrincə, dörd bankın lisenziyasının ləğvi, E.Rüstəmovun səsləndirdiyi fikirlər ölkənin bank sektorundakı inhisarlaşmanın göstəricisidir:
“Müstəqil korporativ bankları bağlamaq yoluyla gedirlər ki, inhisarlaşma olsun. Elman Rüstəmov mesaj verir, insanları, sahibkarları məcbur edirlər ki, 4-5 bankla işləsinlər. Mərkəzi Bank əslində, bank sektorunda rəqabəti stimullaşdırmalı, inhisarçılığın qarşısını almalıdır. Bu isə əks hərəkət edir. Əgər belədirsə, niyə 30 banka lisenziya verilmişdi? İnsanlar Azərbaycanda hansı bankların sistem əhəmiyyətli olduğunu bilirlər. Anlayırlar ki, o bankların güclü inzibati resursu var. Bəs, niyə o banklarla işləmək istəmirlər? Birincisi, kadr potensialları zəifdir, göstərdikləri xidmətin səviyyəsi yüksək deyil. Qiymətlər, xidmət haqqı bahadır. Ən əsası, qeyd etdiyim kimi, onların güclü inzibati resursuna görə. Sahibkar bilir ki, sabah o bankla problem yaransa, haqlı da olsa, mübahisədən qalib çıxmaq şansı yoxdur. Hüquq-mühafizə orqanı çağırıb başına oyun açacaq, banka tabe olmağa məcbur edəcək. Praktikada da belə olur. Ona görə əksəriyyət bu banklarla işləmək istəmir. O qədər sahibkar tanıyıram, krediti inhisarçı banklardan götürür, amma əməliyyatları o bankda aparmır. Pulu oradan başqa banka köçürüb, onun xidmətindən istifadə edir. Krediti də inhisarçı bankdan götürməsinin səbəbi budur ki, pul onlardadır. O bankların pulu çoxdur”.
Gülər