Logo
news content
User
Kateqoriyalar

Analitika

Balans siyasətinə davam

Hələ iyunun 24-də Moskvada İkinci Dünya müharibəsində qələbənin 75 illiyi ilə bağlı keçirilən hərbi paradda Azərbaycanın birinci şəxs səviyyəsində iştirak etməməsi iki ölkə arasında münasibətlərin sərinləşməsinin təzahürü kimi qiymətləndirilirdi. Həmin tədbirdə Azərbaycanı müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti və Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təmsil etmişdi. Səbəbi pandemiyanın yaratdığı situasiya ilə izah olunsa da, son illərdə şəxsən Rusiya prezidentinin dəvətini gerçəkləşdirməmək ilk hadisə idi. Daha sonra baş verən hadisələr də münasibətlərin əvvəlki kimi rəvan olmadığını göstərdi.

İyulun əvvəllərində Ermənistan ordusunun dövlət sərhədinin Tovuz istiqamətində təxribata əl atması, Azərbaycan Silahlı Qüvvələrinin, bir general da daxil olmaqla, yüksək rütbəli hərbçilərinin həlak olmasında Rusiyanın mümkün rolu ciddi suallar doğurmuşdu. Ardınca toqquşmaların davam etdiyi günlərdə Rusiyanın Ermənistana hava yolu ilə 400 ton silah çatdırması barədə xəbərlər partlayış effekti verdi. Azərbaycan prezidenti İlham Əliyev avqustun 12-də Vladimir Putinə telefon açaraq bu faktdan ciddi narazılığını ifadə etdi. Rusiya prezidentinin reaksiyasının nədən ibarət olduğu məlum olmadı, Kreml və Bakıdan verilən açıqlamalarda bu barədə heç nə deyilmirdi.

Telefon söhbətində diqqət çəkən məqamlardan biri də liderlərin  Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə etməsi idi. Telefon danışığının baş tutduğu 12 avqustda müdafiə naziri Hulusi Akar başda olmaqla, Türkiyə hərbi elitasının nümayəndələri Bakıda idi. Türkiyə və Azərbaycan silahlı qüvvələrinin 11 günlük birgə hərbi təlimlərinin rəsmi bağlanış mərasimində iştirak etməzdən əvvəl nazir H.Akar prezident İlham Əliyevlə görüşdə iki ölkənin strateji əlaqələrinin inkişafında maraqlı olduqlarını, Azərbaycana hər cür yardım göstəriləcəyini bəyan etmişdi. Bəzi müşahidəçilər Rusiya-Azərbaycan münasibətlərində soyuqluğun səbəbini bu faktla əlaqələndirsələr də, son günlər baş verən bəzi hadisələr fərqli nəticələr çıxarmağa əsas yaradır.

Bakıda Türkiyə ilə hərbi-siyasi əlaqələrin müttəfiqlik səviyyəsinə qaldırılması ilə bağlı təkliflərə çox da hərarətli münasibət müşahidə olunmur. Doğrudur, biz qapalı söhbətlərdə nələrin müzakirə olunduğunu bilmirik, ritorikada hər şey yaxşıdır, amma konkret addımlar hələ ki gözə dəymir. Bəzi ekspertlərin gözləntilərinə rəğmən, əlaqələri daha yüksək səviyyəyə   qaldıran yeni razılaşmalara imza atılmadı. Prezident İlham Əliyev Hulusi Akarla görüşdə Ermənistana və yəqin ki, Rusiyaya işarə edərək bildirdi ki, bəzi ölkələr Türkiyə ilə birgə hərbi təlimlərdən ciddi narahat olub. “Bu təlimlər il ərzində on dəfə keçirilir, bu dəfə də qrafikə uyğun olaraq keçirildi, bu, adi hadisədir”, - deyə prezident vurğulayıb.

Bu görüşdən bir gün əvvəl Azərbaycan Silahlı Qüvvələrinin bir qrup zabiti “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Moskva şəhərinə yola düşüb. Müdafiə Nazirliyinin məlumatına görə, müsabiqə avqustun 23-dən sentyabrın 5-dək keçiriləcək. Avqustun 17-də isə Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi Bakıya gəlib.

Daha bir diqqətçəkən məqam: Azərbaycan Ermənistana silah ötürülməsi ilə bağlı Rusiyaya ən yüksək səviyyədə narazılığını çatdırsa da, etirazlarını davam etdirmədi. Rusiya səfiri XİN-ə çağırılmadı, Rusiya Silahlı Qüvvələri ilə birgə planlaşdırılan tədbirlərdən imtina edilmədi və s... Amma Ermənistana silah ötürdüyü təsdiqlənən Serbiyaya qarşı tamamilə fərqli münasibət nümayiş etdirildi. Səfir XİN-ə çağırılıb, etiraz notası təqdim olundu, Serbiya xarici işlər naziri Bakıya gəlib, dövlət rəsmiləri ilə görüş keçirməklə münasibətləri qaydaya qoymağa çalışdı...

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl old.pressklub.az-a bildirdi ki, Rusiyanın Ermənistanı silahla təmin etməsi və Rusiya hərbi gəmilərinin Bakı limanında lövbər salması yenilik deyil:

“Bu, kimə nə verir? Bu siyasət nəticəsində Ermənistanın maraqları illərdir ki, Rusiya tərəfindən təmin olunur. Qarabağ işğal olunub, ermənilər istəklərinə çatıb. 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistanın sərt təpkisi nəticəsində Rusiya heç bir dövlətə vermədiyi “İsgəndər” raketlərini Ermənistana hədiyyə etdi və bu silahla düşmən Azərbaycanın istənilən nöqtəsini vura bilər”.

İ.İsmayılın sözlərinə görə, Tovuz döyüşlərində bir daha məlum oldu ki, Rusiya Ermənistanın arxasındadır:

“Baxmayaraq ki, Ermənistanın indiki rəhbərliyi Rusiyadan tədricən uzaqlaşmaq xətti aparır. Bəs, bu siyasət bizə nə verib? Qarabağ işğal olunub, onu azad etmək üçün nə hərbi, nə də diplomatik cəhdlər yetərlidir. Rusiya hərbi gəmilərinin Bakı bulvarında dayanıb meydan oxumasına 2013-cü il prezident seçkiləri günlərində şahid olmuşuq. Bu təzyiqi o vaxt mətbuatda biabırçılıqla “Səbayel rayonunun zəhmətkeşləri Rusiya hərbi gəmilərini salamlayır” başlığı ilə təqdim etmişdilər. İndi də “hərbi oyun”da iştirak etmək adı ilə gəmilərin Bakı limanında lövbər salması Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana gəlməsinə cavab hərəkətidir. Əvəzində isə ölkədə rusdilli məktəblərin sayı 400-ə çatıb, ali məktəblərin üç filialı bizim vəsaitimiz hesabına fəaliyyətdədir. Rusiyanın ermənilərə silah verməsinə etiraz nota şəklində deyil, Azərbaycan tərəfinin rəsmi məlumatına görə, dövlət başçılarının telefon danışığında bildirilib. Rusiya isə bu etirazı nə təsdiq, nə də inkar etdi. Müqayisədə gördüyünüz kimi, qazanclı tərəf Ermənistandır. O zaman, məntiqlə bu nəticəyə gəlmək olar ki, Qarabağın işğaldan azad edilməsi bu siyasətdə yoxdur”.

Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, indiki zamanda balanslaşdırılmış xarici siyasət yürütmək bizə çətin olacaq:

“Seçimimizi etmişiksə, bu seçim Türkiyədirsə, qardaş ölkənin hərbi bazalarının qurulmasını istəyiriksə, biz Rusiyanı onunla tərəzinin eyni gözünə qoya bilmərik. Əlbəttə, bu, o demək deyil ki, İranla, Rusiya ilə münasibətlərimizi korlamalıyıq. Hər iki ölkə də bilməlidir ki, biz Türkiyə ilə hərbi-siyasi müttəfiqik. Təsadüfi deyil ki, prezidentin köməkçisi Hikmət Hacıyev bildirdi ki, Azərbaycan Türkiyənin Aralıq dənizindəki hərəkətlərini dəstəkləyir. Müttəfiqlik qarşılıqlı maraqların qorunmasını diqtə edir”.

Ekspert vurğuladə ki, artıq balanslaşdırılmış xarici siyasət Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab vermir:

“İmkanım olsaydı, rəsmilərdən bunu soruşardım: Rusiyanın işğalçı Ermənistana təyyarələrdə tonlarla silah daşıdığı dövrdə onun hərbi gəmisinin Bakı limanında lövbər salması, o cümlədən Rusiya ilə Xəzərdə birgə hərbi yarışlarda iştirakımız nə dərəcədə doğrudur? Heç olmazsa, bu il imtina etmək olmazdımı?!”

Turqut