Logo
news content
User
Kateqoriyalar

Analitika

Bakıdan sərt reaksiya: “Proqramdan çıxarıq...”
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yenidən böhranlı mərhələyə daxil olur

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərdə növbəti müzakirələr və fikir ayrılıqları yaranıb. Avropa Parlamentinin (AP) qəbul etdiyi son tənqidi qətnamə, rəsmi Bakının buna verdiyi rəsmi reaksiya və hökumətə yaxın ekspert camiəsinin gündəmə gətirdiyi məsələlər ictimaiyyətin diqqət mərkəzindədir.

Oktyabrın 8-də Avropa Parlamenti Azərbaycandakı insan hüquqları, fundamental azadlıqlar və qanunun aliliyi ilə bağlı növbəti sərt qətnamə qəbul edib. Sənəddə əsas diqqət ölkədəki daxili siyasi mühitə, ifadə və mətbuat azadlığı ilə bağlı vəziyyətə yönəldilib.

AP-nin qətnaməsində xüsusi olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin, həmçinin hüquq müdafiəçisi Anar Məmmədli və jurnalist Anar Abdullayevin məhkəmə işləri və həbs qətimkan tədbirləri tənqid olunub. Sənəddə həmin şəxslərin dərhal azadlığa buraxılması, onlara qarşı irəli sürülən ittihamlara yenidən baxılması, həmçinin saxlanma şəraiti və səhhəti ilə bağlı məsələlərin müstəqil şəkildə araşdırılmasına dair çağırışlar əksini tapıb.

Bundan əlavə, sənəddə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə və üzv dövlətlərə Aİ-nin qlobal insan hüquqları sanksiyaları rejimi çərçivəsində məqsədli tədbirlər hazırlamaq çağırışı edilib. Eyni zamanda, qətnamədə gələcəkdə imzalanacaq hər hansı Aİ–Azərbaycan tərəfdaşlıq sazişinin insan hüquqları sahəsində və siyasi məhbusların azadlığa buraxılması istiqamətində real irəliləyişlərin əldə olunması şərtinə bağlanmalı olduğu vurğulanıb. Sənəddə həmçinin Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarından təəssüf ifadə olunub və əməkdaşlığın bərpasına çağırış edilib.

Azərbaycan Milli Məclisi Avropa Parlamentinin qətnaməsinə sərt bəyanatla cavab verib. Parlament qəbul edilən sənədin reallığı əks etdirmədiyini, birtərəfli xarakter daşıdığını və ikili standartlara əsaslandığını bəyan edib.

Milli Məclisin bəyanatında vurğulanıb ki, Avropa Parlamenti müntəzəm olaraq Azərbaycana qarşı qərəzli kampaniyalar həyata keçirir, ölkənin müstəqil daxili siyasətinə və suveren qərarlarına müdaxilə etməyə çalışır. Sənəddə qeyd olunub ki, Azərbaycan hər zaman qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlığa sadiqdir, lakin təzyiq və diktə dilini qəti şəkildə rədd edir. Parlament bu cür sənədlərin ikitərəfli münasibətlərin ruhuna zidd olduğunu bildirib.

Ekspertlərin qiymətləndirməsinə görə, tərəflər arasında yaranan bu cür fikir ayrılıqları və qarşılıqlı çağırışlar gələcək əməkdaşlıq mexanizmlərinə, xüsusilə də müzakirə olunan Strateji Tərəfdaşlıq Sazişinə bir neçə istiqamətdə təsir göstərir. Məlum olduğu kimi, Azərbaycan tərəfi hər zaman bərabərhüquqlu və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əməkdaşlığın tərəfdarı olduğunu bəyan edir. Lakin Avropa Parlamentinin daxili proseslərə dair səsləndirdiyi çağırışlar tərəflər arasında siyasi dialoq mühitinə təsir göstərir. Bu cür yanaşmalar fonunda ikitərəfli sənədlərin razılaşdırılması və imzalanması prosesi müəyyən ləngimələrlə üzləşə bilər.

Qeyd olunduğu kimi, qətnamədə tərəfdaşlıq sazişinin müəyyən şərtlərdən və insan hüquqları sahəsindəki birtərəfli tələblərdən asılı hala salınması rəsmi Bakı tərəfindən qəbuledilməz hesab edilir. Azərbaycan dövləti xarici amillərdən asılı olmayan müstəqil daxili siyasət yürütdüyünü və hər hansı şərtlərlə danışıqlar aparılmasının əleyhinə olduğunu dəfələrlə bəyan edib.

Yaranmış reallıq göstərir ki, ənənəvi "inteqrasiya" və ya şərti tərəfdaşlıq mexanizmləri hər zaman effektiv nəticə vermir. Bu baxımdan, münasibətlərin ümumi siyasi paketlər əvəzinə, enerji, ticarət və nəqliyyat kimi qarşılıqlı maraq doğuran sahələrdə fərdi prinsiplər əsasında qurulması daha məntiqli yol kimi dəyərləndirilir.

Politoloq Fərhad Məmmədov hesab edir ki, Avropa Parlamentinin Strasburq və Brüsseldəki yanaşmaları dəyişməyəcək və Azərbaycan bu siyasi gərginlik dövriyyəsindən çıxmalıdır.

F.Məmmədov qeyd edir ki, Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının təməl məntiqi artıq dəyişib: "Aİ-nin Şərq Tərəfdaşlığı proqramının (Ukrayna, Belarus, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistan) əsas ideyası o idi ki, iştirakçı ölkələr avtomatik olaraq Aİ-yə daxil olmaq istəyirlər və buna görə də İttifaqın qayda və standartlarına uyğunlaşmalıdırlar".

Lakin politoloqun fikrincə, Azərbaycanın reallığı başqadır: "Azərbaycan Aİ üzvü olmaq istəmir və ola da bilməz, çünki Aİ də Azərbaycanı heç vaxt qəbul etmək istəmir və etməyəcək".

Ekspert hesab edir ki, mövcud formatdan imtina etmək ölkəmizin maraqlarına daha uyğun ola bilər: "Şərq Tərəfdaşlığından çıxmaq Azərbaycanı hər iki tərəf üçün maraqlı olan sahələrdə Aİ-nin fərdi tərəfdaşlına çevirər, münasibətləri asanlaşdırar. Ən əsası isə bu addım Aİ-nin Azərbaycana qarşı gözləntilərinin və bu gözləntilərdən irəli gələn tələblərin dərəcəsini aşağı salar".

Politoloq hesab edir ki, rəsmi Bakı Brüssellə münasibətlərdə fərdi tərəfdaşlıq modelinə keçməli, özünü digər strateji tərəfdaşlarla eyni müstəvidə görməlidir: "Azərbaycan Aİ üçün Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanla bir sırada olmalıdır”.

Avropa Parlamentinin qətnaməsi, Milli Məclisin buna verdiyi rəsmi cavab və ekspertlərin səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan ilə Brüssel arasındakı əməkdaşlıq formatları yeni reallıqlara uyğun olaraq ciddi müzakirə predmetidir. İki tərəf arasında strateji tərəfdaşlıq sənədinin imzalanması və gələcək münasibətlərin taleyi məhz mövcud yanaşmaların qarşılıqlı şəkildə necə tənzimlənəcəyindən asılı olacaq.

Turqut