Zelenski: "Yandex"ə zərbələr kremlyönlü botları sıradan çıxarıb. Dəlillər nə deyir?
13 Oktyabr 2026
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın "Yandex" məlumat mərkəzlərinə endirilən zərbələr kremlyönlü internet botlarının sayını azaldıb. Amma bir çox texnologiya tədqiqatçısı bu iddianı mübahisəli hesab edir.
Son günlər ərzində Ukrayna "Yandex"in üç data mərkəzini vurub ki, bunun da nəticəsində "Rusiyanın Google"u adlandırılan şirkətin bir çox xidmətlərində ciddi fasilələr yaranıb. Problemlər əsasən taksi sifarişi, ödəniş sistemləri, yemək çatdırılması, bulud hesablamaları və çat-botları əhatə edib.
Zelenski oktyabrın 12-də Varşava Təhlükəsizlik Forumunun açılışında deyib ki, Ukraynanın məlumat mərkəzlərinə zərbələrindən sonra "bir çox sosial media platformasında nəfəs almaq qəflətən azacıq asanlaşıb". O, platformalarda nifrət və təxribat yayan botların sayının azaldığını iddia edib.
AzadlıqRadiosunun jurnalisti Lük Allnatt yazır ki, Ukraynanın endirdiyi zərbələrlə eyni vaxtda "Yandex" şəbəkəsindəki avtomatlaşdırılmış trafik kəskin şəkildə azalaraq son dövrün maksimum səviyyəsinin 0.4 faizinə enib. Qlobal internet fəaliyyətini izləyən "Cloudflare Radar" açıq aləti bu enişi qeydə alıb.
UKRAYNANIN ZƏRBƏLƏRİNDƏN SONRA “YANDEX”İN TRAFİKİ KƏSKİN AZALIB

Rusiya sosial mediasındakı botlar
Dron hücumlarından, xüsusilə də Vladimir şəhərindəki obyektə son zərbədən sonra sosial şəbəkələrdə belə iddialar geniş yayılıb ki, bu hücumlar kremlyönlü botların sayını kəskin şəkildə azaldıb. Həmin botların Almaniyanın ifrat sağçı AfD partiyasını, Böyük Britaniyanın sağçı-populist "Reform UK" partiyasını və ABŞ prezidenti Donald Trampın MAGA hərəkatını dəstəkləyən paylaşımlar etdiyi bildirilirdi. Hətta bəzi istifadəçilər təxmin edirdilər ki, bu fasilələr noyabrda keçiriləcək ABŞ aralıq seçkilərinə də təsir göstərə bilər.
Avropa Parlamentinin çexiyalı üzvü Tomaş Zdexovski X platformasında paylaşdığı qrafikə əsasən bildirib ki, "bu məlumat təsdiqlənərsə, çox şeydən xəbər verir: Rusiya məlumat mərkəzlərinə zərbə endirilir, AfD ətrafındakı onlayn fəallıq qəflətən kəskin şəkildə aşağı düşür".
Amma bir çox mütəxəssis bu iddiaların yanlış olduğunu diqqətə çatdırır. Onların fikrincə, "Yandex"in bot trafikindəki kəskin azalmaya səbəb X və ya digər sosial şəbəkələrdə dezinformasiya yayan hesablar deyil, şirkətin öz veb-skanerləridir. Bunlar axtarış sistemlərində indeksləmə aparmaq üçün açıq internet səhifələrini avtomatik yoxlayan xüsusi proqramlardır.
Hökumət dəstəklədiyi onlayn təbliğat və troll şəbəkələrini izləyən "@antibot4navalny" adlı X hesabının tədqiqatçısı AzadlıqRadiosuna bildirib ki, "Cloudflare" qrafikinin sosial mediadakı zərərli təbliğat botları ilə ciddi əlaqəsi yoxdur. Bu qrafik sosial media payının olduqca cüzi olduğu istənilən vebsayta yönələn avtomatlaşdırılmış sorğuları ölçür.
Zelenski isə vurğulayıb ki, bu hücumlar sentyabrda Rusiyanın Ukraynadakı internet və mobil rabitə xidmətlərinə etdiyi intensiv hücumlara "adekvat cavab" xarakteri daşıyır.
Oktyabrın 12-də "Yandex" xidmətlərində yaranan fasilələr barədə rəsmi məlumat yayıb. TASS agentliyi isə xəbər verir ki, rəsmi qurumlar məlumat mərkəzlərini dron hücumlarından qorumaq üçün görüləcək tədbirləri müzakirə ediblər.
Rusiyadan kənarda, xüsusən də "Yandex"dən geniş istifadə edilən Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda da "Yandex Go" xidmətində ciddi fasilələr qeydə alınıb.
Şirkət oktyabrın 12-də xidmətin fəaliyyətinin yenidən bərpa olunduğunu və sistemin tam sabitləşdirilməsi istiqamətində işlərin aparıldığını bəyan edib.