Logo
news content
User
Kateqoriyalar

Analitika

Bakıdakı yüksək səviyyəli görüşlərin Qarabağa faydası olacaqmı?..

Müəllif: Ülviyyə Şahin

Bildiyimiz kimi, fevralın 6-da Bakıda, Heydər Əliyev Mərkəzində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin ali baş komandanı general Tod Uolters arasında görüş baş tutub.

RF Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, hərbi liderlər strateji sabitlik, dünyanın böhranlı bölgələrində vəziyyət barədə fikir mübadiləsi aparıblar, həmçinin tərəflərin hərbi fəaliyyətindən qaynaqlanan insidentlərin qarşısının alınması üçün hərbi xətt boyunca praktiki addımları müzakirə ediblər.

Qeyd edək ki, Rusiya-NATO formatında əvvəlki görüş noyabrın 26-da yenə Bakıda baş tutmuşdu. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, o zaman Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Stüart Piç Rusiya-NATO təmas xəttində insidentlərin qarşısını almaq üçün tədbirlər, o cümlədən hərbi ekspertlər arasında dialoqun yenidən davam etdirilməsi perspektivlərini müzakirə etmişdlər.

Son üç ildə Rusiya və NATO  ali hərbi rəhbərləri müntəzəm olaraq aktual regional problemləri müzakirə etmək üçün Bakıda görüşürlər. İlk növbədə bu, dünyanın böhranlı bölgələrində, əsasən Yaxın Şərqdə  maraqların toqquşması və koordinasiya ilə əlaqədardır.

Sonuncu görüşü şərh edən politoloq Elxan Şahinoğlu son illər NATO ilə Rusiya arasında münasibətlərin yaxşı olmadığını, bəzən hətta arada gərginliyin artdığını da söylədi. “Rusiyanın NATO ölkələrinə yaxın ərazilərində çox ciddi hərbi təlimlər NATO-nu naraht edirsə, NATO-nun da hərbi təlimləri Rusiyanı narahat edir. Üstəlik, zaman-zaman hər iki tərəfdən təyyarələrin sərhəd pozuculuğu əməlləri olur, bu da iki güc mərkəzi arasında növbəti gərginlikləri yaradır. Artıq beşinci dəfədir ki, Rusiya və NATO komandanları Bakıda görüşürlər” – deyə politoloq qeyd etdi.

“Niyə məhz Bakı? Çünki nə Tiflis, nə də İrəvan görüş yeri kimi seçilə bilməzdi. Gürcüstan NATO-ya üzvlüyü qarşısına hədəf qoyub, 2008-ci ildə Rusiya ilə savaşıb. Məhz bu səbəbə görə Rusiya ilə diplomatik münasibətləri yoxdur. Rusiya generalı Tiflisə, NATO generalı da İrəvana getməz. Çünki İrəvan da Rusiyanın hərbi-strateji mütəffiqidir. Lakin Bakının Rusiya ilə münasibətlərinin olmasına baxmayaraq, Bakı nə NATO-ya üzvlüyü qarşısına məqsəd olaraq qoyub, nə də ki, Rusiyanın təsis etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaq istəyir. Bu baxımdan Bakının seçilməsi Azərbaycan üçün faydalıdır. Bu, Azərbaycanın bölgədəki yerindən və rolundan xəbər verir. Düzdür, bu, o demək deyil ki,  Bakıdakı görüşlər nəticəsində iki güc arasındakı problemlər həll olunub. İndi də insidentlər məsələsi müzakirə olundu. Amma bir dialoq var və hər iki tərəf Bakıdakı dialoqdan razıdır, əks halda onlar beşinci dəfə burada görüşməzdilər” – deyə Şahinoğlu vurğuladı.

“Bu dialoqun Azərbaycanın əsas problemi olan Qarabağ münaqişəsinin həllinə gəlincə isə, təəssüf ki, bu məsələ ilə bağlı müsbət bir fikir söyləmək çətindir. Yəni Rusiya-NATO görüşləri Azərbaycan üçün faydalı olsa da, Azərbaycanın bölgədə oynadığı roldan xəbər versə də, Dağlıq Qarabağ münaşiqəsinin həllinə heç bir təsir göstərməyəcək. Əlbəttə, NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Hətta NATO-nun Parlament Assambleyası dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar, qətnamələr qəbul edib, işğalçının ünvanını göstərib. Amma hər halda, NATO müdafiəçi kimi münaqişənin həlli ilə ATƏT-in məşğul olduğunu deyir. Rusiya isə Ermənistanın hərbi-siyası mütəffiqidir. Bu baxımdan dialoqun Bakıda keçirilməsi bizim bölgəyə faydalı olsa da, Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək” – deyə politoloq yekun olaraq qeyd edib.

Politoloq Nəzakət Məmmədova görüşü şərh edərkən bildirdi ki, Azərbaycanın dünyadakı güc mərkəzləri arasında balanslı xarici siyasət kursu yeridən ölkə olması, NATO üzvlələri ilə normal münasibətləri, həmçinin Rusiya ilə strateji tərəfdaşlığı tərəfləri bu cür mötəbər, dünyanın diqqət mərkəzində olan tədbiri ölkəmizdə keçirməyə təşviq edir. "Rusiya Baş Qərargah rəisi ilə NATO təmsilçisinin görüşünün detalları barədə məlumat verilməsə də, təxmin etmək çətin olmaz ki, tərəflər 2019-cu ilin yekunları və 2020-ci il üçün qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən bilavasitə bir-birilərinin maraqlarına aidiyyəti olan tədbirlər barədə məlumat mübadiləsi aparıblar. Onlar habelə gələcəkdə təmasları davam etdirmək barədə razılığa gələ bilərlər" - deyə siyasi şərhçi söylədi.

"Generallar arasında görüş olduqca ziddiyyətli dövrə, NATO-nun bilavasitə Rusiya sərhədlərində möhkəmləndiyi vaxta təsadüf edir. Baltik və Qara dənizlərdə NATO-nun möhkəmlənməsi, ABŞ dövlət katibi Pompeonun bur sıra keçmiş sovet respublikalarına səfəri, Suriyada və Liviyada ziddiyyətlərin yeni mərhələyə keçdiyi bir vaxtda qarşı-qarşıya dayanan iki hərbi-siyasi blokun generallarının görüşünün nisbətən gərgin atmosferdə keçməsini ehtimal etmək olar. Lakin yüksək səviyyədə təmasların olması faktı öz-özlüyündə problemlərin həllinə müəyyən qədər ümid yaradır" - deyə Nəzakət Məmmədova qeyd etdi.