Logo
news content
User
Kateqoriyalar

Analitika

Bağlanan bankların işsiz əməkdaşlarının taleyi necə olacaq?

Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olundu. Çox keçmədi ki, “Atabank” və “Amrah Bank”ın bağlanması xəbəri yayıldı. Elə həmin gün “Amrah Bank”ın əməkdaşları öz ofislərində etiraz aksiyası keçirərək sonrakı talelərindən narahatlıqlarını bildirdilər. Lakin etiraz aksiyasından sonra bu adamlardan heç birinin səsi çıxmadı. Biz bankın əməkdaşları ilə əlaqə saxlayıb, onların problemlərini ictimaiyyətin diqqətinə çatdırmağa çalışsaq da, onlar mətbuata danışmayacaqlarını söylədilər.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev ilk olaraq qeyd etdi ki, “AGBank” və “NBCBank”ın taleyi hələ müzakirə olunur: “İki bankın da taleyi sual altındadır. Onlar bağlana da bilər, birləşdirilə də bilər, satıla da… Bağlanan iki bankın əməkdaşları işsizlik sığortasına sahibdirlər. Onların maaşları üçün sığorta ayrılıb. Ona görə də, maaşlarını bir müddət alacaqlar. Amma bu, qısamüddətli olacaq. Onların yeni iş tapması lazım gələcək. Bu şəxslər yalnız bank sektoru üzrə çalışa bilərlər. İndiyə kimi 30 bank var idi, onlardan ikisi bağlandı, yerdə qaldı 28 bank. İki bankın taleyi isə hələ ki məlum deyil. Hal-hazırda fəaliyyət göstərən 26 bank var. İşsiz qalanlar bu 26 bankda iş tapmalıdırlar. Düşünürəm ki, bu, çətin olacaq. Onsuz da iqtisadi aktivliyin aşağı düşməsi səbəbindən bütün bankların gəlirləri kəskin azalmaqdadır. Banklar bu gün kütləvi ixtisar seçimi ilə üzləşiblər. Belə davam edərsə, onlar ixtisara getmək məcburiyyətində qalacaqlar. Özlərinin problemləri olan halda, digər bankların işçilərini qəbul etmək onlar üçün çox çətin olacaq. Ona görə də, düşünürəm ki, başlanmış bankların işçilərinin çox az hissəsi bank sektorunda işləyə biləcək.”

Əliyevin sözlərinə görə, belə durumda bank olmayan kredit təşkilatının yaradılması yaxşı olardı: “Bizdə bunun bir nümunəsi var, məsələn, Parabank. Parabank əvvəl bank idi, sonradan onlar bank olmayan kredit təşkilatına çevrildilər. Əlbəttə, qərarı səhmdarlar verir. Səhmdarlar qərar verib, bank olmayan kredit təşkilatı yaratsalar, həm bu sahədə rəqabətlilik artar, həm də işsizlərin xeyli hissəsi işlə təmin edilər. Mərkəzi Bank da bankların yerində yaradılacaq bank olmayan kredit təşkilatının fəaliyyətinə dəstək verməlidir. Çünki bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərmək üçün də lisenziya tələb olunur.”

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə qeyd etdi ki, bağlanan bankların işçiləri üçün Əmək Məcəlləsinin 70.(a) maddəsi işə düşməlidir: “Müəssisənin bağlanması nəticəsində işçilərin sərbəstləşdirilməsi, ixtisara salınması həmin məcəllə ilə tənzimlənir. Əmək Məcəlləsinə edilən dəyişikliyə görə, stajından asılı olaraq işdənçıxma ilə bağlı kompensasiyalar verilməlidir. Bundan sonra onlar yaşayış yeri üzrə qeydiyyatda olduqları məşğulluq mərkəzlərinə müraciət edib, işsiz kimi qeydiyyatdan keçməlidirlər. Onlara layiqli iş təklif olunmalıdır. Yəni, şəxs bank işçisidirsə, ona tutaq ki, kommunal təsərrüfatda xadimə işi təklif oluna bilməz. Hər şəxsin peşəsinə, qabiliyyətinə uyğun olaraq ona layiqli iş təklif olunmalıdır. Əgər məşğulluq orqanları belə işlər təkif edə bilmirlərsə, işsizlikdən sığorta ödənişi təyin etməlidirlər. Bu, ilkin olaraq altı ay müddətində, sonra təkraralanmaq şərtilə verilə bilər. Məsələnin qanuni tərəfləri bundan ibarətdir.”

Həmin şəxslərin mediaya danışmaqdan qorxub, susmasına  gəlincə isə, ekspert bildirdi ki, yəqin onlara belə məsləhət görülüb:

“Bankın onsuz da taleyi həll olunub, bağlanıb. Əgər bank artıq bağlanıbsa, işçinin səsini çıxarması ilə bərpa olunacaq deyil. Görünür, onlara müvvəqəti təyin olunan inzibatçı tərəfindən izah edilib ki, ilkin ödənişləriniz veriləcək, sonrakı mərhələdə məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatdan keçə biləcəksiniz. Yəqin ki, susmalarının səbəbi bununla bağlıdır.”

Ülviyyə Şahin