Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanlı miqrantlar Rusiyada səfərbərliyə cəlb olunsa...
“Onların bazarlardan yığılıb hərbi toplanışa aparılması barədə xəbərlərə rast gəlmişik”

 Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi hərbi əməliyyat və ölkənin 1000 kvadrat kilometrə yaxın ərazisini nəzarət altına alması Kremldə növbəti hərbi səfərbərlik barədə müzakirələrə rəvac verib. Rusiya mediasının və teleqram kanallarının yaydığı məlumatlarda iddia olunur ki, bu dəfə səfərbərliyə təkcə Rusiya vətəndaşları deyil, ölkədə daimi yaşayan və işləyən, ikili vətəndaşlığı olan şəxslər də cəlb oluna bilər. Maraqlıdır, Rusiyada yaşayan Azərbaycan vətəndaşları səfərbərliyə cəlb olunmaq istəməsələr, Azərbaycana sığına və vətəndaşlıq hüququndan istifadə edə bilərlərmi? 

Mövzu ilə bağlı Pressklub.az-a danışan politoloq Şahin Cəfərli deyir ki, hələlik rəsmi şəkildə hərbi səfərbərlik elan olunmadığı üçün onun əhatə dairəsi və qaydaları barədə danışmaq tezdir: 

 “Orduya əsgərlərin cəlb olunması iki mexanizm üzrə həyata keçirilir - ənənəvi çağırış və müqavilə ilə xidmət. Yəni cəbhəyə getmək istəyənlər öz müraciətləri əsasında MN ilə müqavilə bağlayıb ilkin ödəniş alır, daha sonra isə aylıq ödənişlər onların hesablarına köçürülür. Rusiyanın ilin sonuna doğru, yəni noyabr-dekabr aylarında hərbi səfərbərliklə bağlı addım atması mümkündür. Çünki cəbhədə yeni canlı qüvvəyə ehtiyac yaranıb. Rusiya ordusunun son aylarda və son yarım ildə ağır itkilərə məruz qalması bu sahədə boşluğa səbəb olub. Azərbaycanlıların Rusiya ordusuna cəlb olunmasına gəldikdə isə şübhəsiz, Rusiya vətəndaşı olan hər kəs, o cümlədən azərbaycanlılar çağrıldıqları halda orduya getməyə məcburdurlar”. 

Politoloq deyir ki, əks halda, Rusiya qanunvericiliyinə görə onlara müəyyən sanksiyalar tətbiq oluna, hətta vətəndaşlıqdan məhrum da edilə bilərlər. Belə hallar az da olsa, artıq tətbiq olunub. Bu baxımdan, Rusiya vətəndaşı olan azərbaycanlılar ölkədədirlərsə, onların başqa şansları yoxdur və çağırıldıqları halda orduya getmək məcburiyyətindədirlər. Amma vətəndaş olmayan miqrantların orduya çağırılması mümkün deyil. Zaman-zaman bəzi miqrantların bazarlardan yığılıb hərbi toplanışa aparılması barədə xəbərlərə rast gəlmişik. Lakin bu, qanunsuzdur.

Yəni, Rusiya vətəndaşlığı olmayan şəxslərin, öz iradələri xaricində orduya cəlb olunması tamamilə qanunsuzdur. Rusiyada Azərbaycan vətəndaşı olan miqrantlarımız belə halla üzləşdikdə, buna mümkün qədər müqavimət göstərməli, hətta imkanları varsa, ölkəni tərk etməlidirlər. Həmin miqrantların Azərbaycana kütləvi qayıdışı mümkün görünmür. Azərbaycan hökuməti quru sərhədləri həm də buna görə bağlı saxlayır ki, Rusiyada miqrantların orduya cəlb olunması kimi vəziyyət yaranarsa, onların ölkəyə təkrar qayıdışı baş tutmasın. Hətta rəsmi Bakı gözlənilən böhran situasiyasından özünü sığorta edir” – deyə Ş.Cəfərli bildirdi.

Digər müsahibimiz, hüquqşünas Xalid Ağaliyev saytımıza açıqlamasında deyir ki, vətəndaş hər bir dövlət üçün qiymətli olmalıdır və dövlət vətəndaşının qorunması üçün bütün hüquqi addımları atmalıdır. Bununla belə, bu, kifayət qədər dolaşıq durumdur. Konstitusiyaya görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan vətəndaşıdır. Azərbaycan ikili vətəndaşlığı qəbul etmir, ikisindən birini seçməlisən. Vətəndaşlıq haqqında qanunda şəxsin hansı hallarda vətəndaşlığı itirə bilməsinin əsasları müəyyən edilib. Qanunvericiliyə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidirlər. Verməsələr, məsuliyyət daşıyırlar:

 “1999-cu ildə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə"yə görə də, vətəndaşlıqdan məhrum etmə ilə bağlı müvafiq hüquqi hərəkətlər yalnız xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının özünün bu barədə müvafiq dövlət orqanlarına müraciətindən sonra həyata keçirilə bilər. Yəni, vətəndaş müraciət etmədikcə dövlət onu vətəndaşlıqdan ata bilməz. Qeyd etdiklərimizin işığında dövlət ikinci ölkənin vətəndaşlığını qəbul etmiş, ancaq Azərbaycan vətəndaşlığından çıxmaq üçün müraciət etməmiş şəxslərə sahib çıxmalıdır. Azərbaycan vətəndaşı olan, ancaq iş dalınca, başqa məqsədlərlə digər ölkələrə səfər edənlərin səfərbərliyə cəlb edilməsinə gəlincə, bu, qanunsuzdur. Vətəndaşı olduğu ölkə belə şəxsləri müdafiə etməli, istəməlidir” – hüquqşünas bildirdi.

Mədinə Useynova