“Azərbaycanla Ermənistan arasında birgə bəyanat imzalana bilər...”
Ekspertlər nazirlərin Amerikadakı görüşündən nə gözləyirlər?
26 Sentyabr 2024
Bu gün Nyu-Yorkda ABŞ-nin Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
Ermənistan mediası diplomatik mənbələrə istinadla yazır ki, görüşdə iki ölkə arasında davam edən sülh danışıqlarının yekun mərhələsi müzakirə olunacaq.
Xatırladaq ki, bu formatda sonuncu görüş iyulun 9-da Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş yubiley sammiti çərçivəsində keçirilib. O zaman da indiki kimi görüşün təşəbbüskarı ABŞ Dövlət katibi Antoni Blinken olub.
Ötən həftə də Vaşinqton Ermənistan-Azərbaycan danışıqlarını təşkil etməyə hazır olduğunu bildirib. ABŞ-ın bəyanatından əvvəl Blinkenin bir həftə ərzində Ermənistanın Baş naziri Nikol Paşinyan və daha sonra Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub.
Prezidentin Mətbuat Xidmətinin məlumatında Əliyevlə Blinken arasında müzakirələrin əsas mövzusunun Azərbaycan və Ermənistan arasında sülh danışıqları olduğu bildirilib.
Blinken iki ölkə arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, ABŞ-nin bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.
Prezident İlham Əliyev isə sülh müqaviləsinin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.
Beləliklə, Vaşinqton hər fürsətdən istifadə edərək Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını təşkil etməyə, mövqelər arasında yaxınlaşmanı təmin etməyə çalışır. Bu kontekstdə XİN rəhbərlərinin növbəti görüşündən nə gözləmək olar?
Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində bildirib ki, ABŞ beynəlxalq tədbirlərin imkanlarından istifadə edərək nazirlərin görüşünü təşkil edir - ötən dəfə NATO-nun yubiley sammitindən, bu dəfə isə BMT Baş Assambleyasının toplantısından faydalanıb.
Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının hazırkı vəziyyətinə toxunan ekspert xatırladıb ki, Bakı Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə bağlı maddələrin çıxarılmasında israr edir. Ermənistan isə razılaşdırılmış maddələri Azərbaycan tərəfinə göndərir:
“Azərbaycan Prezidenti bunun mənasız addım olduğunu vurğulayıb. Beləliklə, sülh sazişi ilə bağlı hər hansı nikbin fikir söyləmək mümkün deyil. Lakin paralel olaraq maraqlı proseslər baş verir. Bu, sərhədlərin müəyyən edilməsi ilə bağlı Komissiyanın reqlamentinin Ermənistan Konstitusiya Məhkəməsində baxılması prosedurudur. Düşünürəm ki, konstitusiyada olmasa belə Ermənistan qanunvericiliyində Azərbaycanı narahat edən sənədlərin ləğvi prosesi başlaya bilər. Digər tərəfdən, sülh sazişi olmasa belə, Azərbaycan və Ermənistan arasında münasibətləri tənzimləyən prinsiplər elan oluna, yaxud növbəti birgə bəyanat qəbul edilə bilər. Hansı ki, ABŞ-yə COP-29-dan öncə Azərbaycan-Ermənistan münasibətlərində irəliləyişə nail olduqlarını ictimaiyyətə göstərməyə imkan verəcək. Ən maraqlı məqam isə, iki ölkə arasında belə bir bəyanat, sənəd olarsa, onun Türkiyəyə Ermənistanla münasibətləri inkişaf etdirməyə hansı imkanlar yaradacağıdır”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə Pressklub.az-a bildirib ki, beynəlxalq toplantıların hamısında olmasa da, bir çoxunda Azərbaycan və Ermənistan rəhbərlərinin, o cümlədən XİN başçılarının görüşlərinə nail olunub və bu, adətən toplantıya ev sahibliyi edən ölkənin təşəbbüsü və ya vasitəçiliyi ilə baş tutub:
“Belə görüşlərin indiyədək müsbət tərəfləri ilə yanaşı, nəticəsiz qalanlarının da şahidi olmuşuq. BMT Baş Assambleyasının toplantısında da ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə sentyabrın 26-na nəzərdə tutulan görüşü əvvəlkilərdən fərqli edə biləcək amil ABŞ-də prezident seçkilərinə bir aydan bir qədər çox zaman qaldığı vaxta təsadüf etməsidir. Bayden administrasiyasının Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olması seçki ərəfəsində hesabat üçün müsbət töhfə ola bilər. Yəni, ABŞ Dövlət katibi onun vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanmasına tərəfləri inandırmaq üçün maksimum təsir etməyə çalışacaq”.
Ekspert hesab edir ki, Ermənistan Konstitusiyasından Azərbaycana ərazi iddialarının çıxarılması qısa zamanda baş tutası deyil. O, hesab edir ki, razılaşdırılmış müddəalar əsasında tərəflər arasında çərçivə sazişinin imzalanması təklifinin qəbul edilməsində ABŞ israr edə bilər. “Əlbəttə, son qərar Azərbaycandan asılıdır, çünki bu təklifə Ermənistan müsbət yanaşsa da, rəsmi Bakı bu günədək müsbət reaksiya verməyib və Ermənistanda olan revanşist əhval-ruhiyyəni, sürətlə silahlanmanı vurğulayaraq, gələcəkdə revanşist qüvvələrin Konstitusiya müddəasının Beynəlxalq sazişdən üstün olmasını bəhanə edəcəyini bildirib. Ona görə də bu görüşdə maksimum Azərbaycan məhkəməsinin qərarı ilə məhkum edilmiş və Bakı həbsxanasında saxlanılan bəzi hərbi cinayətkarların Ermənistana təhvil verilməsi barədə razılıq əldə oluna bilər. Amma hələ ki, məhkəmə hökmü olmayan separatçı liderlərə bu şamil oluna bilməz”.
İ.İsmayıl xatırladır ki, COP-29 ərəfəsində ermənilər Azərbaycana beynəlxalq təzyiq kampaniyasına başlayıblar. O, hesab edir ki, Blinken belə bir təkliflə çıxış edərsə, müsbət dəyərləndirmə ola bilər: “Həm də qəbul olunarsa, bu, ermənipərəst qüvvələrin təzyiqinin deyil, məhz ABŞ Dövlət katibinin təklifinin dəyərləndirilməsi kimi təqdim oluna bilər. Görüşdə Zəngəzur dəhlizi məsələsi, İranın mövqeyi və tərəflərin razılığa gəlməsi də müzakirə oluna bilər. Yəni sülh müqaviləsinin imzalanması gözlənilmir, amma yuxarıda qeyd etdiyimiz məsələlərdə konsensus yarana bilər”.
Turqut