Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanın seçimi: BRİCS-ə üzvlük bizə nə vəd edir?
Rəsmi Bakı artıq iki dəfə təşkilata üzv olmaq istəyini bəyan edib

 Azərbaycan artıq ikinci dəfədir ki, yüksək səviyyədə BRİCS-in bir hissəsi olmaq arzusunu bəyan edib. 

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 11-12-də Sankt-Peterburqdakı Tavrida sarayında keçirilən X BRİCS Parlament Forumunun plenar iclasında çıxışı zamanı Azərbaycanın BRİCS-in tamhüquqlu üzvü olmaq istədiyini bildirib.

Azərbaycan öz xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlər və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə də aiddir. Bu, BRİCS ilə əməkdaşlığa da aiddir. Azərbaycan artıq BRİCS-ə qoşulmaq arzusunu ifadə edib”, - azərbaycanlı spiker deyib. Onun fikrincə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə çatmağa kömək edəcək.

Qafarova ikili standartlara yol verməmək üçün beynəlxalq parlament platformaları çərçivəsində səmimi dialoqun aparılmasının tərəfdarı olduğunu bildirib. “Parlamentlər əməkdaşlığı təşviq etməli, körpülər salmalı, qarşıdurma ilə mübarizə aparmalıdırlar. Biz, məsələn, Avropa Parlamentində baş verdiyi kimi, ikili standartlar platformasına çevrilməmək üçün səmimi dialoqa yardım etməliyik”.

Milli Məclisin sədri BRİCS Parlament Forumunun səmərəli əməkdaşlıq platformasına çevriləcəyinə əminliyini ifadə edib.

Rəsmi Bakının Azərbaycanı gözlənilmədən BRİCS-ə üzv etmək istəyi nə ilə bağlıdır? Axı bu təşkilat, açıq desək, kollektiv Qərbə alternativdir və heç bir Avroatlantik istiqaməti alqışlamır. Mümkündür ki, bu təşkilata üzv olandan sonra Azərbaycanın Avropa İttifaqı, NATO ilə təmas və əməkdaşlıq imkanları, Avropayönümlü inkişaf istiqaməti daha da məhdudlaşacaq. Bu, Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğundurmu?

Siyasi şərhçi, hüquqşünas, ictimai xadim Fuad Ağayev bununla bağlı fikirlərini Pressklub.az-a bölüşüb.

Onun sözlərinə görə, biz birqütblü dünyanın artıq fəaliyyət göstərmədiyi bir dövrdə yaşayırıq. “Birləşmiş Ştatlar uzun müddət ərzində bütün dünyadakı qüvvələr balansına həlledici təsir göstərə biləcək qüvvə idi. Son 15-20 ildə ABŞ bu üstünlüyünü tədricən itirdi. Xüsusilə də Barak Obamanın və hazırda Co Baydenin prezidentliyi dövründə.

Təbii ki, bu proses hər yerdə, xüsusən də iqtisadi sahədə müşahidə olunur. Və Afrika, Asiya və Cənubi Amerika ölkələrinin böyük əksəriyyətinin Çinlə çox sıx iqtisadi əlaqələrə, əməkdaşlığa malik olduğunu və oradan investisiyalar aldığını görmək çətin deyil. Bu, aşkar faktdır və Çinin bütün dünyada rolunun güclənməsinə şübhə yoxdur”, - ekspert qeyd edib.

Onun fikrincə, ölkələr BRİCS-ə ilk növbədə NATO, Aİ və ya başqa bloka qarşı dirəniş göstərmək məqsədi ilə qoşulmurlar. “Mümkündür ki, bu siyahıda yalnız Rusiya istisnadır. Amma bu ildən BRİCS-in üzvü olan Səudiyyə Ərəbistanını və ya Birləşmiş Ərəb Əmirliklərini götürək - onlar üçün bu birlik ilk növbədə iqtisadi və siyasi təşkilatdır. Bu, NATO kimi hərbi-siyasi ittifaq deyil. Və bu, Aİ kimi qitə birliyi deyil. Bundan əlavə, unutmayaq ki, Azərbaycanı heç kim Aİ-də gözləmir. Necə ki, Türkiyəni gözləmirlər. Türkiyə 1999-cu ildən bu yana 25 ildir rəsmi olaraq Aİ üzvlüyünə namizəddir. Hər dəfə onun qarşısında yeni şərtlər qoyurlar, məlum olur ki, birdən-birə nədənsə narazıdırlar. Sual yaranır: bizi heç kimin gözləmədiyi birlik doğrudanmı lazımdır?

Azərbaycan hələlik BRİCS-ə üzv olmaq üçün rəsmi müraciət etməyib. Parlamentin spikeri səviyyəsində istək ifadə olunub. Mən bunda qorxulu bir şey görmürəm. Azərbaycan onsuz da Aİ ölkələri ilə əməkdaşlığı davam etdirəcək. Onlarla qarşılıqlı iqtisadi əlaqə yaratmaq üçün Aİ üzvü olmaq lazım deyil. Və Azərbaycan BRİCS-ə üzv olduqdan sonra da NATO-ya qarşı çıxmayacaq. Eynilə Türkiyə kimi. Türkiyə isə mütləq BRİKC-ə üzv olmağa çalışır – bunu həm prezident Ərdoğan, həm də xarici işlər naziri Hakan Fidan dilə gətirib. Eyni zamanda, Türkiyə NATO-nun üzvüdür və heç vaxt bu hərbi blokdan çıxmaqla bağlı heç bir hərəkət və ya bəyanat verməyib və belə bəyanat gözlənilmir.

İndiyədək Səudiyyə Ərəbistanının müdafiə qabiliyyəti əsasən ABŞ ilə əməkdaşlığa əsaslanıb. Eyni sözləri BRİCS-in bəzi digər üzvləri haqqında da demək olar. Yəni, mən Azərbaycanın BRİCS-ə mümkün üzvlüyündə ciddi problem görmürəm”, – F.Ağayev deyir.

Rauf Orucov