“Azərbaycanı İranla müharibəyə sürükləyən qüvvələr…”
Erməni politoloqun regional müharibə ilə bağlı fərziyyəsi nə dərəcədə doğrudur?
03 İyun 2024
“Belə bir iddia var ki, müəyyən dairələr Rusiya ilə Ukrayna arasında gedən müharibə kimi Azərbaycanı da İranla müharibəyə sürükləməyə çalışırlar”. Bunu NEWS.am-a müsahibəsində politoloq Argişti Kiviryan deyib.
“Ancaq İran da, Azərbaycan da hələlik bundan yayınır. Vaxtaşırı gərginləşən ritorikaya baxmayaraq, tərəflərdən heç biri qarşı tərəfə qarşı silahlı münaqişəyə hazır deyil”, - o qeyd edib.
Onun sözlərinə görə, əsas sual xarici qüvvələrin bu ölkələri tələyə salıb-sala bilməyəcəyindən ibarətdir
Ekspert hesab edir ki, Tehran prezident İbrahim Rəisinin həlak olduğu helikopter qəzasının qəsdən törədildiyini müəyyən etsə belə, bunu açıq şəkildə elan etməyəcək. Çünki bu halda kəskin və açıq cavab verməli olacaq.
O, İranın belə bir şəraitdə qətlin təşkilatçılarını və iştirakçılarını gizli formada aradan qaldırmağa çalışacağını istisna etməyib.
“İran nə qədər ki birbaşa münaqişəyə girməyərək, bütün işlərini proksi qüvvələri vasitəsilə edirsə, bu onun üçün bir o qədər yaxşıdır. Buna görə də, onu mümkün olan qədər yayınmağa çalışdığı birbaşa münaqişəyə sürükləməyə çalışırlar. İran heç kim buna hazır olmayan anda zərbə endirəcək. Bu onun tarixi strategiyasıdır”, - Kiviryan bildirib.
Bu arada İranda iyunun 28-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı başlayıb. Bu barədə İslam Respublikası Daxili İşlər Nazirliyinin rəhbəri Əhməd Vahidi məlumat verib.
“İran tarixində dönüş nöqtəsi olan bu çətin şəraitə və belə böyük itkiyə baxmayaraq, inqilab liderinin (İranın dini lideri ayətullah Əli Xamenei nəzərdə tutulur – red.) və Konstitusiyanın rəhbərliyi altında ölkənin idarə edilməsində heç bir çatışmazlıq olmayıb”, - deyə Vahidi mətbuat konfransında bildirib.
Daxili İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, namizədlərin qeydiyyatı beş gün davam edəcək. Daha sonra yeddi gün ərzində İran Konstitusiyasının Keşikçiləri Şurası qeydiyyatdan keçmiş hər bir şəxsin müvafiq tələblərə uyğun olub-olmadığını nəzərdən keçirəcək. Ardınca prezidentliyə namizədlərin seçki kampaniyasına 14 gün vaxt ayrılacaq.
Seçkilərdə iştirak etmək istəyənlər şəxsən Daxili İşlər Nazirliyinə müraciət etməlidirlər.
Xatırladaq ki, İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan mayın 19-da helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.
Ortaya iki sual çıxır. Birincisi, erməni politoloq Kiviryanın bəzi xarici qüvvələrin indi də Azərbaycanla İranı müharibəyə sürükləməyə çalışdığı barədə fərziyyələri nə dərəcədə məntiqlidir? Bu kimə və nə üçün lazım ola bilər?
İkincisi, bu gün İranda Bakının maraqlarına cavab verə bilən prezidentliyə potensial namizədlər varmı? Elə bir namizəd ki, onların vasitəsilə (əgər onlar qalib gəlsələr) İranla daha normal münasibətlər qurmaq mümkün ola bilər.
İran üzrə israilli araşdırmaçı və jurnalist Maykl Borodkin bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
“Mən hazırda dünyada yeni bir gərginlik ocağını alovlandırmağa və növbəti qanlı müharibəyə başlamağa çalışan hər hansı xarici qüvvə görmürəm”, - o deyir.
Borodkinin fikrincə, hətta son vaxtlar Azərbaycana qarşı hücumlar edən Fransa belə, çətin ki, Rusiyadan yan keçərək Avropa İttifaqı ilə Çin arasında tranzit nəqliyyat dəhlizlərinin əsas halqasına çevrilməli olan regionda sabitliyin pozulmasında maraqlı olsun.
“İki ölkə daxilindəki qüvvələrə gəlincə, Azərbaycan, əlbəttə ki, İranla münaqişədə maraqlı deyil və olmayıb. İran isə hazırda vəziyyəti gərginləşdirə biləcək halda deyil. İran rejiminin sərhədləri yaxınlığında vəziyyətin sakit olmasına ehtiyacı var. Təbii ki, İran liderləri xarici siyasətə rasional yanaşma ilə seçilmirlər. Lakin onlar indiyədək qonşu ölkələrə qarşı birbaşa aqressiv hərəkətlərdən yayınıblar”, - jurnalist qeyd edir.
O, deyir ki, İranda qarşıdan gələn seçkilərə gəlincə, namizədlərin siyahısı tam təsdiqlənənə qədər biz prezidentlik uğrunda kimlərin mübarizə aparacağını bilmirik.
“Amma prinsipcə, Qərblə münasibətlərdə yumşaq siyasət tərəfdarı olan istənilən mötədil dairələrin nümayəndəsi, yəqin ki, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərdə gərginliyi aradan qaldırmağa çalışacaq. Parlamentin keçmiş spikeri Əli Laricani namizədliyini irəli sürüb. O, belə bir prezident ola bilər. Keçmiş müdafiə naziri Əli Şamxani seçkilərdə iştirak etsə, o da xarici siyasət kursunu xeyli yumşalda bilər. Amma məsələn, parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, SEPAH-ın keçmiş komandiri Möhsün Rezayi və ya Allah eləməsin, keçmiş prezident Mahmud Əhmədinejad kimi namizədlər başqa məsələdir. Onlar daha sərt baxışlara malikdirlər. Amma yenə də təkrar edirəm: siyahı təsdiq olunmayana qədər, biz ayətullahların seçkilərdə kimin iştirakına icazə verəcəyini belə bilmirik”, - deyə M. Borodkin yekunlaşdırıb.
Rauf Orucov