Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanda xüsusi karantin rejimi uzadılacaqmı?

Azərbaycanda xüsusi karantin rejiminin bitməsinə az qalır. Bu rejim aprelin 20-nə qədər tətbiq olunub. İndi insanları düşündürən əsas sual karantin rejiminin uzadılıb-uzadılmayacağı, uzadılacaqsa, buna əsas olub-olmadığı ilə bağlıdır. Sosial Tədqiqatlar Mərkəzinin (publik hüüquqi şəxs) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Orucla söhbətimiz bu barədədir.

-Zahid bəy, koronavirus pandemiyası ilə bağlı vəziyyətə, statistikaya nəzər yetirsək, ölkəmiz hansı durumdadır, dinamika necədir?

-Pandemiyanın qlobal miqyasda özünü necə aparmasına dair beynəlxalq mötəbər  informasiya quruluşlarında gedən tendesiyaları qiymətləndirməyə çalışırıq. Bu nöqteyi-nəzərdən çıxış etsək, deyə bilərik ki, Azərbaycan heç şübhəsiz ki, ən əlverişli durumda olan ölkələr sırasındadır. Mən sadəcə, ilk dövr İran və başqa dövlətlərin bu sırada öndə olmasını əsas götürüb, bəzi göstəriciləri indi xatrılamağı vacib sayıram, bu, həm də Azərbaycan vətəndaşlarına mənzərəni obyektiv görməyə imkan verərdi. Bildiyiniz kimi, İran hazırkı reallıqda da xeyli gərgin mövqedə olan və risk əmsalı yüksək ölkələrdən biri sayılır, orada yoluxan insanların ölüm faizi 6,3-dür. Birləşmiş Ştatlarda bu rəqəm 3,9-dur. Əhali sayına və coğrafiyasına görə Azərbaycana yaxın olan Avstriya kimi dövlətlərin hər birinin səhiyyə imkanları, iqtsadi-sosial göstəriciləri beynəlxalq reytinq şkalalarında öndə olub. Avstriyada bu rəqəm 2,5-dir. Bizdə isə ümumi rəqəmlər bəllidir və ölüm əmsalı 1%-ə bərabərdir. Şübhəsiz ki, bu, öz-özlüyündə sadəcə, əhalinin immunitetinə, keçmiş sovet adamları olmalarına bağlı deyil, həmçinin müharibə xalqı olmaqdan, ötən dövr ərzində stres situasiyalara hazırlıqlı olmaqdan və s.-dən qaynaqlanmır. Qeyd etdiyimiz, nikbinlik doğuran rəqəmlər Azərbaycan dövləti və onun rəhbəri, hökuməti tərəfindən operativ qaydada alınan qərarlara, ən sonda isə sosial-iqtisadi tədbirlərlə əlaqədardır.

-Ölkəmizdə önləyici tədbirlərin həyata keçirilməsi nə zamandan başladı?

-Prezident İlham Əliyev tərəfindən bu məsələyə reaksiyalar yanvar ayında baş verib. O vaxt problem Çinin özündə hələ pandemiya deyil, epidemiya xarakterində qəbul olunurdu, Uhan vilayəti çərçivəsində təhlükə var idi. Həmin Asiya nəhənginin özündə karantin qərarları yanvarın 24-ü, onlar üçün yeni ildən sonra başlayıb. Azərbaycan liderinin elə həmin tarixlərdə verdiyi tapşırığa əsasən 28 yanvar tarixində Nazirlər Kabinetinin bu məsələyə həsr olunmuş müşavirəsi keçirilib. Ondan sonrakı xronikanı sadalamaq istəmirəm.

-Operativ qərargahın məlumatları nə qədər doğrudur? Son durum necədir: vəziyyət stabilləşir, yoxsa pisləşir?

-Hər gün Operativ Qərargah məlumatları açıqlayır. İnsanlarımızda bu rəqəmlərə inam mövcuddur. Əks halda, fəaliyyət göstərmək xeyli çətin olardı. Yəni istənilən halda bu səfərbəredici qurumun cəmiyyətdə mötəbərliyi şübhə doğurmur. Dinamikanı təyin etmək o qədər də asan deyil, narahatlıq doğuran statistikalar vardı, indi bir qədər eniş mövcuddur. Lakin aprelin 20-si tarixinə məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilicəyi və yaxud həmin rejimin uzadılıb-uzadılmayacağı haqqında indi qərar vermək üçün çox tezdir. Həm də, bu məsələni tam miqyasında qiymətləndirmək üçün o müzakirələrin içərisində olmağa da ehtiyac var.

-Şəxsi fikrinizə görə, xüsusi karantin rejimini uzatmağa zərurət varmı?

-Əlbəttə, hər birimiz arzulayırıq ki, qanun-qaydalara tam riayət olunacağı təqdirdə, Azərbaycan Çindən sonra karantin rejiminin yüngülləşdirilməsinə və ləğvinə gedən ikinci-üçüncü ölkələrdən biri olsun. Bundan ötrü də dövlət tərəfindən irəli sürülən çağırışlara hamılıqla riayət etmək vacibdir. Bu, ilk növbədə milli intizam deməkdir. Sanki bu, real silahlı savaşlar üçün də bir mərhələ, zəmin rolunda çıxış edir. Mən məsələyə bu yöndən baxıram.

Müsahibəni hazırladı: Ülviyyə Şahin