Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanda rus bölməsi: zərurət, yoxsa sovet dövründən qalan miras?
157 min şagird, 314 milyon manatlıq büdcə xərci və yeni müzakirələr

Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanda rus dilinin statusu məsələsini gündəmə gətirərək, bu dildə təhsilin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə yenidən baxmağı təklif edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda rus bölməsində 157 min, Azərbaycan bölməsində isə 1 milyon 570 min şagird təhsil alır.

“Dövlət büdcəsindən bir şagirdin təhsilinə ildə 2 min manat xərclənir. Azərbaycanda dövlət hesabına ingilis və ya Çin dilində təhsil alan şagirdlər varmı? Demək olar ki, yoxdur. Belə olan halda, rus dilinin Azərbaycanda hansı xüsusi statusu var ki, 157 min şagird bu dildə təhsil alır və dövlət həmin xərcləri ödəyir? Niyə? Bu barədə düşünmək lazımdır. Oxşar vəziyyət ali təhsil müəssisələrində də müşahidə olunur”, – deputat bildirib.

157 min şagirdin rus bölməsində təhsil aldığını və hər şagirdə ildə 2 min manat ayrıldığını nəzərə alsaq, dövlət büdcəsindən bu bölməyə ümumilikdə nə qədər vəsait xərclənir? Həmin vəsait 1,57 milyon şagirdin təhsil aldığı Azərbaycan bölməsinin inkişafına yönəldilsə, bunun potensial iqtisadi səmərəsi nə qədər ola bilər?

Rus bölməsinin qismən özünümaliyyələşdirmə və ya birgə maliyyələşdirmə modelinə keçməsi mümkündürmü? Məsələn, ingilis və ya Çin dilində təhsil verən özəl təhsil bölmələrində tətbiq olunan modelə bənzər bir sistem yaradıla bilərmi?

Rus bölməsində təhsil alan şagirdlərin sayı (157 min) ilə Azərbaycan bölməsində oxuyanların sayı (1,57 milyon) arasındakı nisbət ölkədəki real demoqrafik vəziyyətə və milli əmək bazarının tələbatına nə dərəcədə uyğundur?

Dövlət maliyyələşdirilməsi qaydasının mümkün dəyişdirilməsi övladları üçün rus dilində təhsili seçən ailələrin təhsil imkanlarına və sosial mobilliyinə necə təsir göstərə bilər?

Rus dilində təhsilin maliyyələşdirilməsinə dövlətin yanaşmasının ingilis və Çin dillərində təhsilə olan tələbatla müqayisədə fərqli olması nə ilə bağlıdır?

Ali təhsil müəssisələrində rus dilində təhsilə ayrılan büdcə vəsaitinin həcmi və strukturu necədir? Bu xərclər məktəblərdə rus bölməsinə ayrılan vəsaitlə necə müqayisə olunur?

Azərbaycan Hüquq Müdafiə Mərkəzinin (AHMM) direktoru Eldar Zeynalov bu məsələlərlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində ümumi təhsilə (ümumtəhsil məktəblərinə) 2 milyard 414 milyon 835 min manat ayrılıb. Bu, 2026-cı ildə ölkənin təhsil sahəsinə ayrılan ümumi büdcənin (5 milyard 16 milyon 398 min manat və ya dövlət büdcəsinin bütün xərclərinin təxminən 12 faizi) 48,1 faizini təşkil edir.

“Bu vəsaitin əsas hissəsi müəllimlərin əməkhaqqına, məktəb infrastrukturunun saxlanılmasına və şagirdlərin pulsuz dərsliklərlə təmin olunmasına yönəldilir. Nazirlər Kabinetinin təsdiq etdiyi xərc normativlərinə əsasən, 2026-cı ildə dövlət ümumtəhsil məktəblərində bir şagirdə ildə 2-3 min manat vəsait nəzərdə tutulub. Məbləğ təhsil müəssisəsinin növündən və təhsil pilləsindən asılı olaraq dəyişir.

Çətin ki, rus bölməsi üçün Azərbaycan bölməsindən fərqli təhsil xərcləri, müəllimlərə başqa əməkhaqqı və məktəb binalarının icarəsi üçün ayrı qiymətlər müəyyən edilsin. Rus dilində dərsliklərin də Azərbaycan dilində olan eyni dərsliklərdən baha başa gəldiyini düşünmürəm. Rus bölməsinə nə az, nə çox, düz 314 milyon manat xərclənir. Xatırlatmaq istəyirəm ki, Azərbaycan bölməsinə 3 milyard manatdan çox vəsait sərf olunur. Orta təhsilə ayrılan indiki vəsaitlə bütün Azərbaycan 2004-cü ildə üç il dolana bilərdi. Bununla belə, hər iki bölmədə valideynlərdən qanunsuz pul yığılması, istilik sisteminin olmaması, yüzlərlə məktəbin əsaslı təmir edilməməsi və digər problemlər barədə daim eşidirik. Bəlkə, əvvəlcə büdcə vəsaitlərinin hara yoxa çıxdığı bilinməyən bu boşluqları aradan qaldırmaq lazımdır?

Tutaq ki, rusdilli məktəblərin bağlanmasını və onların hamısının Azərbaycan dilində tədrisə keçirilməsini arzulayan bəzi şəxslərin istəyi həyata keçdi. Məgər bu, icbari orta təhsil haqqında qanunu qüvvədən salacaq və Azərbaycan dilində dərs deyən müəllimlərin gələcəkdə ciddi çətinliklərlə üzləşəcəyi 157 min rusdilli məktəblinin pulsuz təhsil hüququnun ləğvinə əsas verəcək? Avropa İnsan Hüquqları Məhkəməsinə minlərlə şikayətin göndəriləcəyi şübhəsizdir. Üstəlik, rus bölməsindən işdən çıxarılmış müəllimlərin yenidən işlə təmin olunması zərurətini də nəzərə alsaq, dövlət “qənaət edəcəyindən” daha çox vəsait itirəcək.

Əgər rus dili respublikamızda yalnız dünyanın o biri yarımkürəsindən gələn turistlərlə ünsiyyət üçün istifadə olunan və şagirdlərin hətta 10 faizinə də (1 milyon 727 min şagirddən 157 mininə) lazım olmayan çoxsaylı xarici dillərdən biri olsaydı, deputatın məntiqini tamamilə əsaslı saymaq mümkün olardı. Vaxtilə Azərbaycanda kənd rayonlarında rus dili dərslərinin tədrisinin dayandırılması da rus dilinin xarici dillər kateqoriyasına keçirilməsi ilə əsaslandırılmışdı. Nəticədə həmin ərazilərdə yüzlərlə müəllim işsiz qalmışdı.

Lakin reallıqda vəziyyət başqadır. Rus dili ölkəmizdə yaşayan bir neçə etnik qrupun – rusların, ukraynalıların, belarusların, polyakların və bolqarların bir hissəsinin ana dilidir. 2019-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə, bu qrupların ümumi sayı təxminən 86 min nəfər olub. Rus dilini ana dili kimi göstərən vətəndaşların sayı isə 110-130 min nəfər təşkil edib.

Həmin siyahıyaalmanın məlumatlarına əsasən, Azərbaycan əhalisinin 7,5 faizi (2019-cu ildə 746 min nəfər) rus dilini ikinci və ya üçüncü ünsiyyət dili kimi sərbəst bilir. Bu isə rus dilinin ana dili olduğu şəxslərin sayından təxminən 9 dəfə çoxdur. Aydındır ki, Azərbaycan əhalisinin yarısı – 35 və daha yuxarı yaşda olan 5,1-5,2 milyon nəfər rus dilini hələ sovet dövründə, bu dilin SSRİ-nin rəsmi dili olduğu vaxt öyrənib. Lakin müstəqilliyin əldə edilməsindən 35 il sonra rus dili onlara indi də lazım olmasaydı, qeyri-rus əhalinin heç biri bu dildə danışmazdı.

Bildiyimiz kimi, rus dili hazırda Rusiyada, Belarusda və Qazaxıstanda daimi yaşayan, yaxud işlə əlaqədar MDB ölkələrinə səfər edən Azərbaycan vətəndaşlarına lazımdır. Hazırda 224 min 397 Azərbaycan vətəndaşı Rusiyada miqrasiya qeydiyyatındadır. Təxminən 107 min nəfər isə qısamüddətli səfər üçün, məsələn, qonaq getmək məqsədilə bu ölkəyə daxil olub və onların miqrasiya qeydiyyatına düşməsinə ehtiyac olmayıb.

Rusiya statistikasına görə, bu ölkədə Azərbaycanda qohumları olan ən azı 474 min 576 etnik azərbaycanlı daimi yaşayır. Onların əksəriyyəti, əlbəttə ki, Rusiya vətəndaşlarıdır. Hər il təxminən 23 min Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını alır və bunun üçün də rus dilini bilmək tələb olunur.

Göründüyü kimi, Rusiya ilə bu və ya digər şəkildə əlaqəsi olan, işgüzar fəaliyyəti və ya qohumluq münasibətləri səbəbindən rus dilini bilməyə ehtiyac duyan Azərbaycan vətəndaşlarının sayı yüz minlərlədir. Üstəlik, onların bir çoxu məhz ölkəmizin ucqar kənd rayonlarının sakinləridir. Halbuki həmin ərazilərdə rusdilli əhali, müvafiq olaraq, məktəblərdə rus bölməsi demək olar ki, yoxdur.

Milli əmək bazarına gəlincə, dövlət dilini bilmək tələbinə görə rusdillilər çoxdan dövlət sektorundan sıxışdırılıb çıxarılıblar. Bununla belə, özəl sektorda onlara tələbat var. Üstəlik, iqtisadiyyatımızda milyonlarla vətəndaşın dolanışığını təmin edən, lakin kənd təsərrüfatının inkişafına zərər vuran beynəlxalq ticarət mühüm yer tutur. İş o yerə çatıb ki, artıq qoyun ətini də Monqolustandan gətiririk. Rusiya, hətta Çin bazarlarında isə rus dilini bilmək çox faydalıdır.

Deputat belə bir sual verib: “Rus dilinin Azərbaycanda hansı xüsusi statusu var ki, 157 min şagird bu dildə təhsil alır və dövlət həmin xərcləri ödəyir? Niyə?” Qəribədir ki, deputat dövlət hesabına təxminən 980 nəfərin təhsil aldığı gürcü bölməsini xatırlatmayıb. Eyni məntiqlə yanaşsaq, gürcü dili də rus dili kimi dövlət dili olmadığına görə bu dildə təhsil də dövlət tərəfindən maliyyələşdirilməməlidir.

Burada yanlış olan elə rus dilinin və Azərbaycanda yaşayan azsaylı etnik qrupların digər dillərinin qanunvericiliyimizlə qorunmadığına, yəni “xüsusi statusa” malik olmadığına və buna görə də onların dövlət tərəfindən dəstəklənməsinin anlaşılmaz bir hal olduğuna dair təsəvvürün özüdür. Deputatın təəccüblə verdiyi “Niyə?” sualının cavabı Konstitusiyamızda var.

Konstitusiyada bəyan edilir ki, “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir” (21-ci maddə, II hissə). Milli azlıqların dillərinin hər hansı xüsusi statusa ehtiyacı yoxdur.

“Dövlət hər kəsin milliyyətindən, dilindən asılı olmayaraq hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını milli, dil mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır” (25-ci maddə, III hissə).

“Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır” (45-ci maddə, I hissə).

Yəni Azərbaycan dilində danışan şəxsin dövlət hesabına təhsil aldığı, rus və ya gürcü dilində danışanın isə özəl sektora yönləndirildiyi vəziyyət yolverilməzdir.

Beynəlxalq öhdəliklər də var. Məsələn, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın hər kəsin təhsil hüququna həsr olunmuş 13-cü maddəsində bildirilir ki, “təhsil bütün millətlər, bütün irqi, etnik və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və dostluğa kömək etməlidir”. İbtidai təhsil hamı üçün icbari və pulsuz olmalı, orta və ali təhsil isə pulsuz təhsilin tədricən tətbiqi yolu ilə hamı üçün açıq və əlçatan edilməlidir. Burada isə 157 min uşaq üçün orta təhsilin ödənişli olması təklif edilir.

BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyasının etnik mənsubiyyətə görə ayrı-seçkilikdən də müdafiəni nəzərdə tutan 5-ci maddəsi “irqi, milli və ya etnik mənşəyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyini, xüsusilə aşağıdakı hüquqların həyata keçirilməsində təmin etməyi” tələb edir. Həmin hüquqlar sırasında “təhsil və peşə hazırlığı hüququ” da var.

Bununla əlaqədar, parlamentimizə birbaşa aidiyyəti olan dillərlə bağlı daha bir sənədi xatırlatmaq istərdim. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunarkən heç bir qeyd-şərt irəli sürmədən “üzvlüyə qəbul edildikdən sonra bir il ərzində Regional dillər və ya azlıqların dilləri haqqında Avropa Xartiyasını imzalamaq və ratifikasiya etmək” öhdəliyini üzərinə götürdü. Xartiya imzalandı, lakin indiyədək ratifikasiya olunmayıb. Bu, Avropa Şurasına üzvlük illərində tam yerinə yetirilməmiş azsaylı öhdəliklərdən biridir. Bunun heç bir ağlabatan və tutarlı izahı yoxdur. Vaxtilə deputatlardan birinin dediyi kimi, “...öhdəliklər bizi heç nəyə məcbur etmir. Bunlar sadəcə tövsiyələrdir, onları yerinə yetirməyə borclu deyilik”, – hüquq müdafiəçisi xatırladıb.

Onun sözlərinə görə, həmin sənəd olduqca maraqlıdır və birbaşa müzakirə etdiyimiz mövzuya aiddir.

“23 maddədən ibarət Xartiyada “regional dillər və ya azlıqların dilləri” anlayışına tərif verilir. Bunlar “dövlətin ərazisində həmin dövlətin əhalisinin qalan hissəsindən sayca az olan vətəndaşlar qrupu tərəfindən ənənəvi olaraq istifadə edilən və dövlətin rəsmi dilindən fərqlənən dillər”dir. Bu anlayış əsas dilin dialektlərinə və miqrantların dillərinə şamil edilmir.

Göründüyü kimi, rus, talış, ləzgi, kürd, gürcü və digər milli azlıqların dilləri bu tərifə tam uyğun gəlir. Sivil Avropa cəmiyyətində isə onlar çoxdan öz “xüsusi status”larına malikdirlər.

Xartiyanı ratifikasiya etmiş ölkə, xüsusilə, təhsilin bütün pillələrində regional dillərin və azlıqların dillərinin tədrisi və öyrənilməsi üçün müvafiq forma və vasitələri təmin etməyi, universitetlərdə və ya onlara bərabər tutulan ali təhsil müəssisələrində bu dillərin öyrənilməsinin və tədqiqinin inkişafına kömək göstərməyi və digər öhdəlikləri üzərinə götürür.

Xartiyanın 8-ci maddəsi bütövlükdə milli azlıqların dillərinin məktəbəqədər təhsildən başlayaraq təhsil sisteminin bütün pillələrinə inteqrasiyası məsələlərinə həsr olunub. “Menyu” prinsipinə, yəni variantların seçilməsi imkanına əsasən, dövlət təhsilin hər pilləsi üçün optimal modeli müəyyən edə bilər. Bu, bütün fənlərin azlığın dilində tədrisindən tutmuş həmin dilin ayrıca fənn kimi öyrədilməsinə və ya ailələrin müraciəti əsasında belə bir imkanın yaradılmasına qədər müxtəlif variantları əhatə edir. Əsas şərt isə ondan ibarətdir ki, azlıqların dillərinə dəstək rəsmi dilin öyrənilməsinə xələl gətirməməlidir.

Dövlətlər yalnız dili formal olaraq tədris proqramına daxil etməyi deyil, həm də həmin milli azlığın tarixinin və mədəniyyətinin öyrədilməsini təmin etməyi öhdələrinə götürürlər. Bunun üçün iştirakçı ölkələr pedaqoji kadrların sistemli ilkin hazırlığını və fasiləsiz ixtisasartırmasını təşkil etməli, bu sahədə təhsilin inkişafını izləməli və mütəmadi olaraq ictimaiyyətə açıq hesabatlar dərc etməlidirlər.

Əgər regional dildə və ya azlığın dilində danışan kifayət qədər insan həmin dilin əsas yayıldığı ərazidən kənarda yaşayırsa, hakimiyyət orqanları müvafiq təhsil pillələrində bu dildə tədrisə və ya dilin özünün öyrənilməsinə icazə verməyi, bunu təşviq etməyi, yaxud birbaşa tətbiq etməyi öhdələrinə götürürlər.

Şübhəsiz ki, bu tələblərə əməl olunması milli azlıqların dilləri ilə bağlı problemlərin həllinə kömək edər və onların statusuna dair artıq sualları aradan qaldırardı.

Pulsuz ümumi orta təhsili heç kim ləğv etməyib. Bu, kiminsə şıltaqlığı deyil, Konstitusiyadan və Azərbaycanın ratifikasiya etdiyi beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikdir. Ona görə də məktəblərin maliyyələşdirilməsində valideynlərin və ya özəl sponsorların iştirakı yalnız şagirdlərə adi məktəblərdən daha geniş imkanlar yaradan ixtisaslaşmış məktəblər üçün əsaslandırıla bilər. Digər hallarda ailələrin uşaqlarının təhsilinə görə pul ödəmək məcburiyyətində qalması aztəminatlı ailələrin övladlarını təhsil imkanlarından məhrum edə bilər.

Onu da qeyd edim ki, müxtəlif məktəb ehtiyacları üçün valideynlərdən pul yığılması hamıya məlumdur. Əslində, bu da məktəblərin valideynlər tərəfindən faktiki olaraq birgə maliyyələşdirilməsi deməkdir. Lakin həmin pul yığımlarının qanuniləşdirilməsinin vəziyyəti yaxşılaşdıracağını düşünmək sadəlövhlük olardı. Məktəblərdə müəllim çatışmazlığının açıq şəkildə etiraf olunması korrupsiyaya qarşı mübarizədə yarımçıq tədbirlərlə kifayətlənməyə sövq edir və pedaqoqlara qarşı sərt tədbirlərin tətbiqini məhdudlaşdırır.

Bildiyimə görə, artıq 15 min şagird ingilis dilində tədris aparılan ödənişli məktəblərdə, 2,5 min nəfər türk liseylərində təhsil alır, 8 min nəfər isə Çin dili dərnəklərinə gedir. İlk addımlar atılıb. Lakin vaxtilə Azərbaycanda müxtəlif türk liseyləri adı altında fəaliyyət göstərən gülənçilərin hamımıza verdiyi dərsi də unutmamalıyıq. Belə təhsil həm keyfiyyət, həm də məzmun baxımından ciddi nəzarət tələb edir.

Azərbaycanda rus bölməsində təhsil alan şagirdlərin sayı (157 min) rusların (71 min), eləcə də ümumilikdə slavyanların (86 min) sayından təxminən iki dəfə çoxdur. Bu isə o deməkdir ki, həmin bölmədə oxuyanların əksəriyyəti rus deyil. Valideynlər övladlarını rus məktəblərinə sovet dövründə olduğu kimi dil maneəsinə görə deyil, daha çox Rusiya ilə bağlı sosial yüksəliş imkanlarına ümid edərək göndərirlər. Belə hesab edirlər ki, azərbaycanlı ailəsində böyüyən uşaq Azərbaycan dilini onsuz da bilir və evdə bu dildə danışır, məktəbdə isə rus dilini də öyrənəcək. Lakin hazırda Rusiyanın əldə edilmiş biliklərin tətbiqi və karyera qurmaq üçün cəlbediciliyi nəzərəçarpacaq dərəcədə azalır. Azərbaycanda rus dilində təhsilin səviyyəsi də aşağı düşür.

Orta məktəblərin adambaşına maliyyələşdirilməsi prinsipinin tətbiqi ilə bağlı elan edilmiş islahat böyük şəhərlərdə rus bölməsinin siniflərinin fəaliyyətini dəstəkləyə bilər. Lakin şagird sayı az olan məktəblər üçün belə bir islahat dağıdıcı nəticələrə səbəb ola bilər. Bununla yanaşı, istisna deyil ki, bu yanaşma bəzilərinin ümid etdiyi kimi rus dilində təhsili aradan qaldırmaq əvəzinə, əksinə, onu elit təhsilə çevirsin.

Ümumiyyətlə, ümumi orta təhsilə görə ödəniş tələbi Konstitusiyaya ziddir. Çünki aztəminatlı ailələr sadəcə olaraq övladlarının təhsil haqqını ödəyə bilməyəcəklər. Millətin rifahını düşünən siyasətçilər üçün təhsil və səhiyyə toxunulmaz sahələr olmalıdır. Bu iki təməli sarsıtsan, milləti məhv etmək üçün heç bir xarici işğala ehtiyac qalmayacaq.

Rus dilində təhsil verən məktəblərin məzunları Azərbaycanda özlərinə uyğun iş tapa bilmədiklərinə görə Rusiyaya mühacirət edirlər. Hər il orta hesabla 23 min nəfər Rusiya vətəndaşlığına qəbul olunur. Belə çıxır ki, dövlətimiz öz vəsaitini əhalisinin sayı artıq Banqladeşin əhalisinin sayına bərabərləşmiş, əhalisi azalmaqda olan Rusiyanı kadrlarla təmin etməyə xərcləyir.

İngilisdilli məktəblərin məzunları ilə bağlı vəziyyət isə fərqlidir. Bu məktəblər özəldir və dövlət büdcəsindən vəsait tələb etmir. Bundan başqa, Qərb ölkələrində rəqabətin yüksək olması səbəbindən məzunların bir çoxu təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdır. Çin dilinə isə “İpək yolu” layihəsinin fəallaşması ilə əlaqədar tələbat artır.

2025/2026-cı tədris ilinin əvvəlində Azərbaycanın ali təhsil müəssisələrində 261 min 551 tələbə təhsil alırdı. Cari 2026/2027-ci tədris ilində tələbələrin sayı hələ açıqlanmayıb, lakin onun təxminən 260 min nəfər olduğu hesab edilir. Rus bölməsində oxuyan tələbələrin sayı da dərc olunmur və bunu yalnız qəbul imtahanlarında iştirak edən abituriyentlərin payına əsasən təxmini müəyyən etmək mümkündür. 2026-cı ildə qəbul imtahanlarında iştirak edən 129 min 655 abituriyentdən 8 min 983-ü rus bölməsi üzrə imtahan verib. Bu da ümumi sayın 6,9 faizini təşkil edir. Bundan əlavə, hər il təxminən 4–4,5 min nəfər Rusiya ali məktəblərinin Azərbaycandakı filiallarının bakalavriat və magistratura pillələrində rus bölməsinə qəbul olunur. Beləliklə, Azərbaycanda 17–19 min tələbə, yəni bütün tələbələrin 6,5–7 faizi rus dilində təhsil alır.

2026-cı ildə ali təhsilin maliyyələşdirilməsinə təxminən 840 milyon manat ayrılıb. Bu, dövlət büdcəsinin “Təhsil” bölməsi üzrə bütün xərclərinin 16,7 faizini təşkil edir. 2027-ci ilin büdcə layihəsində bu məqsədlə 853,5 milyon manat vəsait nəzərdə tutulması istənilib. Həmin məbləğin 184 milyon manatı təqaüdlərə ayrılıb. Bu vəsaitə dövlət ali təhsil müəssisələrinin saxlanılması, dövlət sifarişi əsasında təhsil alan tələbələrin təhsil haqlarının ödənilməsi və tələbə təqaüdlərinin verilməsi daxildir.

Ölkənin ali təhsil müəssisələrində təxminən 133–138 min tələbə ödənişli əsaslarla təhsil alır. Bu, bütün tələbələrin 51–53 faizini təşkil edir. Dövlət hesabına təhsil alan bir tələbəyə ixtisasından asılı olaraq ildə 2 000–6 500 manat xərclənir. Bu il dövlət sifarişi əsasında təhsil alan hər tələbəyə düşən orta xərc 6,1–6,3 min manat təşkil edir. Bu isə bir məktəbliyə ayrılan vəsaitdən 2–3 dəfə çoxdur”, – Zeynalov fikrini yekunlaşdırıb.

Rauf Orucov