Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq edilir
08 May 2020
Koronavirus pandemiyası nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar ölkədə müvəqqəti vergi rejimi tətbiq ediləcək. Bu məsələ Vergi Məcəlləsinə yeni təklif olunan (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) dəyişiklikdə əksini tapıb. Təklif Milli Məclisdə qəbul edilib.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, müvəqqəti vergi rejiminin tətbiq edilməsi pandemiyanın iqtisadiyyata təsrinin minimallaşdırılması və postpandemiya dövründə sahibkarların dəstəklənməsi məqsədi daşıyır: “Hökumətin qəbul etdiyi iqtisadi paketin əsas özəlliyi də ondan ibarətdir ki, təkcə pendemiyanın iqtisadiyyata və sahibkarlara təsirini minimallaşdırmaq nəzərdə tutulmur, eyni zamanda postpandemiya dövründə sahibkarların daha güclü dəstəklənməsini də ehtiva edir. Strateji olaraq, sahibkarlar üçün təklif edilən imkanlardan biri də vergi güzəştlərinin tətbiq edilməsi idi. 2021-ci il yanvarın 1-nə qədər tətbiq ediləcək vergi rejimi həm də yeni iqtisadi modelin bir elementidir, çünki nəticə etibarilə bu, imkan verəcək ki, sahibkarlar vergi güzəştlərindən daha yaxından faydalana bilsinlər”.
İqtisadçının sözlərinə görə, praktik olaraq pandemiyanın təsir etdiyi bütün sektorlarda fəaliyyət göstərən sahibkarlar güzəştlərdən istifadə edə biləcəklər: “Xüsusən nəzərə alsaq ki, bu, əmlak və torpaq vergisinin sözügedən müddətdə sıfırlanmasına imkan verəcək. İcarə vergisinin dərəcəsi iki dəfə aşağı salınıb. Sadələşdirilmiş vergi subyektləri üçün vergi yükü də iki dəfə azaldılıb. Sosial sığorta ödənişlərinin mikro sahibkarlar üçün orta hesabla iki dəfə azaldılması nəzərdə tutulub. Bu tədbirlər postpandemiya dövründə sahibkarların xərclərinin azaldılmasına və sahibkarlara dövlət dəstəyinin artmasına imkan verəcək. Nəticə etibarilə postpandemiya dövründə iqtisadi aktivliyin qısa zamanda bərpa edilməsi üçün baza formalaşır”.
İqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, əslində bu məsələ Nazirlər Kabinetinin qərarında var idi: “Amma bu, Nazirlər Kabinetinin qərarı ilə olmalı deyil, vergi qanunvericiliyinə dəyişiklik lazımdır. Çünki qanun başqa şey deyirdi, Nazirlər Kabinetinin qərarı isə başqa idi. Yəni Nazirlər Kabinetinin nəzərdə tutduğu güzəştləri indi qanuvericiliyə salıblar. Bir hissəsi gələn il yanvarın 1-nə qədər qüvvədə olacaq, bir hissəsi isə bu il sentyabrın 1-nə qədərdir. Ona görə də müvvəqəti vergi rejimi adlandırılır. Bu səbəblə müvəqqəti, keçici qaydaları Vergilər Məcəlləsinə daxil ediblər. Əsas məqamlardan biri budur ki, əvvəllər fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsi 14 faiz idi, indi bu miqdar 7 faizə endirilib. Bu da hökumətin qərarlarında var idi.”
Karantindən sonra da sahibkarların özünə gəlməsi üçün müəyyən müddətə ehtiyac olacaq. Qəbul olunan qərarlarda bu müddət nəzərə alınıbmı?
“Hələ ki nəzərə alınmayıb, amma bu, texniki məsələdir. Milli Məclis kimi sözəbaxan parlament var, vaxtı uzatmaq lazım gələrsə, uzadacaqlar. Burda bir problem yoxdur”, – deyə N.Cəfərli söylədi.