Azərbaycanda əməkhaqqı saata görə hesablanacaq?
Ekspert: “Doğru yanaşma olmasa, mənfi nəticələr qaçılmaz olacaq”
15 May 2024
Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsinə dair təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.
Qeyd edək ki, saatlıq minimum əməkhaqqı uzun zamandır dünya təcrübəsində mövcuddur. ABŞ, Böyük Britaniya, Avstraliya, Almaniya, Fransa və b. bu sıraya daxildir. İndi Azərbaycan da bu sıraya qoşulmaq istəyir.
Bu sistemə keçid Azərbaycanda əmək münasibətləri sisteminə və iqtisadiyyata nə cür təsir göstərəcək? Minimum saatlıq əməkhaqqının məbləği nə qədər olacaq? Ümumiyyətlə, qərarın verilməsi işçilərin xeyrinədirmi?
Pressklub.az-ın suallarını cavablayan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu sistemin tətbiqi üçün iqtisadi sistemdə ciddi islahatlar aparılmalıdır: “Bu sistemə keçidin həm müsbət, həm də mənfi tərəfləri ola bilər. Doğru təkliflər olunarsa, müsbət nəticə doğuracaq. Amma işçilərin hüquqlarını pozacaq yanaşmalar olarsa, mənfi nəticələr qaçılmaz olacaq”.
Ekspert bildirib ki, indiki minimum əməkhaqqı aylıq 345 manatdır. Bunun saatla hesabı 1 manat 79 qəpik edir: “Amma düşünmürəm ki, saat hesabı bu qədər aşağı məbləğ götürülsün. Azərbaycan reallığını nəzərə alsaq, ən azı 2 dollar müəyyən etmək lazımdır. Bu, inkişaf etməkdə olan ölkələrin orta statistik göstəricisidir. 2 dollar da indiki məzənnə ilə 3 manat 40 qəpik edir. Belə hesablansa, daha məntiqli olar. Amma təklifin detalları açıqlanmadığı üçün dəqiq bir şey demək mümkün deyil”.
Müsahibimizin sözlərinə görə, bir sıra proqressiv ölkələrdə saathesabı maaş ödənişi artıq çoxdandır tətbiq olunur:
“Burada maaş ödəyərkən dövlət qanunvericilik şəklində 1 saatlıq ödəniş məbləğini müəyyən edir. Çox güman ki, Azərbaycanda da belə bir mexanizm hazırlanacaq. Amma burada elə bir mexanizm hazırlanmalıdır ki, işçilərin hüquqları pozulmasın".
N.Cəfərli deyib ki, mexanizmi detallı hazırlamaq lazımdır: “Bizdə bir aylıq minimum əməkhaqqından aşağı maaş vermək qadağandır. Özəl sektorda da, dövlət sektorunda da bu, eynidir. Amma saathesabı minimum əməkhaqqı müəyyənləşəcəksə, bu zaman işəgötürənlə işçi arasında sövdələşmələr mümkündür ki, 2-3 saatlıq işgünü yazılsın”.
İqtisadçı hesab edir ki, belə olacağı təqdirdə işəgötürənin ödənişləri əslində azala bilər. Bununla da qara maaş, yəni nəzərə alınmayan maaşlar yarana bilər: “Dövlət Sosial Müdafiə Fonduna daha az ödəniş etmək üçün işəgötürənlə işçi sövdələşərək rəsmi maaşla yanaşı, qeyri-rəsmi ödənişləri də aralarında anlaşa bilərlər. Belə hallar yaşanmasın deyə bunun tətbiqi mexanizmləri detallı şəkildə müəyyənləşdirilməlidir”.
Əslində insanları əməkhaqqı sisteminin necəliyi maraqlandırmır. Yəni, saatlıq və ya aylıq olması çox da fərq etmir. Əhalinin əsas istəyi əməklərinin dürüst şəkildə qiymətləndirilməsi, minimum əməkhaqqının qaldırılmasıdır.
Düzdür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Ancaq hələ ki, təklifin sadəcə adı var, özü yox.
Günay Elşən