Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycan siyasətində hansı sürprizlər gözlənilir?

Azərbaycanda icra hakimiyyəti başçılarının həbsləri davam edir. Bu hal artıq kütləviləşib və belə təsəvvür yaranır ki, söhbət sırf cinayət təqibindən getmir və bu addımlar hansısa siyasi planın tərkib hissəsidir. Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) sədri, Aərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Akif Qrubanovla söhbətimiz bu barədədir.

A.Qurbanov bildirdi ki, hakimiyyət özünün strateji planlaşdırmasında bu tip profilaktik tədbirləri zaman-zaman gündəmə gətirir və həyata keçirir:

“Məsələn, 2005-ci ilin parlament seçkiləri öncəsi regionda baş verən “məxməri” inqilablar fonunda Azərbaycanda da dəyişim ab-havası vardı. Bu zaman nəinki icra başçıları, hətta bir neçə nazir və nazir səviyyəsində olan şəxslər - səhiyyə naziri Əli İnsanov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, Prezidentin İşlər İdarəsinin müdiri Akif Muradverdiyev - həbs edildilər. Bənzər hadisə 2015-ci ilin parlament seçkiləri öncəsi də baş verdi. MTN-də böyük bir əməliyyat aparıldı, ardınca Beynəlxalq Bankın rəhbəri həbs olundu. İndi icra başçılarına qarşı addımlar da o qəbildəndir və hakimiyyətin ictimai rəydə yaratmaq istədiyi dəyişiklik fonunda baş verir.”

Bu həbslərin hakimiyyətin siyasi dəyişiklik planlarının tərkib hissəsi olduğu barədə fikirlərə gəldikdə isə, A.Qurbanov bir daha 2005-ci və 2015-ci illərdə baş verənləri xatırlatdı:

“O zaman da dövlət içərisindəki korrupsiyaya qarşı mübarizə fonu yaradılırdı. Zinət əşyalarını, qızıl külçələri telekanallarda nümayiş etdirib deyirdilər ki, Əli İnsanovun evindən tapılıb. 2015-ci ildə baş verənlər də eyni qaydada oldu, Cahangir Hacıyevin həbsi ilə göstərirdilər ki, iqtisadi böhran dövründə ölkənin pulunu düzgün istiqamətdə xərcləməyən, dövlət vəsaitini mənimsəyən şəxs cəzalandırılır. MTN-dəki əməliyyatla da vətəndaşlara zor tətbiq edənlərin, rüşvət alanların cəzalandırılması görüntüsü yaradılırdı. Bunlar 2015-ci ildə ardıcıl iki devalvasiya və iqtisadi böhran fonunda sanki hakimiyyətin vəziyyətdən çıxış yolu kimi gördüyü tədbirlər idi. İndi icra başçılarının həbsi də parlament seçkilərindən öncə başlamış prosesin dalğasıdır. Bu, əslində, 2016-cı il referendumu ilə başlayan siyasi proseslərin davamıdır. Həmin referendum elə-belə baş vermədi. Burada hakimiyyətin içəridə ötürülməsi və qorunub saxlanmasından söhbət gedir. Bundan sonra hakimiyyətin daxilinin “köhnə eşelon”dan təmizlənib, yenilərlə əvəzlənməsi prosesi başladı. Prezident Administrasiyasının rəhbəri, şöbə müdirləri - köhnə komandanın nümayəndələri işdən çıxarıldı. Seçki ərəfəsində də aşağılarda xalqı bezdirən məmurların, yerli icra hakimiyyəti orqanlarında təmsil olunanların cəzalandırılması prosesi başladı.”

A.Qurbanovun sözlərinə görə, köhnə komandanın cəzalandırılması təkcə vəzifədən çıxarılma ilə bitmədi:

“Hakimiyyətdə olduqları dövrdə əldə etdikləri əmlak və maliyyənin də əllərindən alınması baş verdi. Bunun rəsmi və qeyri-rəsmi tərəfləri var. Azərbaycan kiçik ölkədir, burada baş verənləri asanlıqla qiymətləndirmək olur. Məsələn, Əli Həsənovun nəzarətində olan “Xəzər” telekanalı, media orqanları yeni komandanın nəzarətinə keçdi. Başqalarının da əlindən bank, ticarət şəbəkələri və s. alınıb, yeni komandada təmsil olunanlara həvalə edildi. Burada bir təmərküzləşmə görürük. Bəzi məmurlar çıxarılır, formal da olsa, xoşluqla da yola salınsa, sahib olduqları maddi resurslar nəzarətə götürülür ki, sonradan revanş məqsədilə istifadə olunmasın. İcra başçılarıyla bağlı məsələdə həm köhnə komandanın cəzalandırılması elementləri var, həm də ictimai rəydə ümid yaratmaq cəhdləri. Yeni komanda islahatçı, yenilikçi, korrupsiyadan uzaq, əksinə, rüşvətxorları cəzalandıran heyət kimi təqdim olunur.”

Yeni formalaşmış parlamentin heç hakimiyyətin özünün də maraqlarına cavab verməməsi, bu üzdən yenidən erkən parlament, hətta prezident seçkilərinin də keçirilməsi ehtimalları barədə sualı cavablandıran ekspert qeyd etdi ki, hakimiyyəti müəyyən dəyişikliklərə məcbur edən səbəblər var:

“Bu səbəblər arasında geopolitik məsələlər, iqtisadi böhranın yaratdığı çətinliklər və digər amillər ola bilər. Rusiyada da müəyyən proses gedir, referendum vasitəsilə Konstitusiya dəyişikliyi və nəticə etibarilə sistemin dəyişməsi gözlənilir. Bunların fonunda Azərbaycanda da sistem dəyişikliyi mümkündür. Formal olaraq, proporsional seçki sisteminin tətbiqi həyata keçirilə bilər. Güman etmirəm ki, klassik parlament respublikasına keçid olsun. Çünki bunun üçün institusional dəyişiklik baş verməlidir. Bu da siyasi fəallığa, ciddi siyasi dəyişikliklərə gətirib çıxaracaq. Bu halda isə hakimiyyətin prosesi nəzarətdə saxlaması çətinləşəcək. Məncə, daha çox növbədənkənar prezident seçkilərindən söhbət gedə bilər. Bu barədə informasiyalar da eşidirik. 2016-cı ildən bu yana baş vermiş dəyişikliklər, vitse-prezidentin komandasının prezident komandasına çevrilməsi də bu ehtimalları artırır.”

Gülər