Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycan Ordusu irəliləyir

Azərbaycan Ordusu cəbhədə sürətlə irəliləyir və hər gün yeni yaşayış məntəqələrini azad edir. Bunu artıq erməni tərəfi də etiraf etməyə başlayıb.

“Geri çəkilmək hələ məğlubiyyət demək deyil. 1918-ci, 1941-ci və 1992-ci ildə də geriçəkilmələr olmuşdu, amma sonra qələbə əldə edildi. Yenə qələbə olacaq”, - deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Arsrun Ovannisyan bu gün “Facebook”da yazıb.

Erməni tərəfi üçün vəziyyətin nə qədər kritik olduğunu sübut edən faktlardan biri də Dağlıq Qarabağdakı oyuncaq rejimin keçmiş rəhbərləri Arkadi Qukasyan və Bako Saakyanın bu gün təcili Ermənistana getmələridir. Onlar baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyanla görüşüblər.

Cəbhənin cənub istiqamətində irəliləyən Azərbaycan Ordusu hazırda Zəngilan-Qubadlı istiqamətində döyüşlər aparır. Erməni tərəfinin bu gün səhər açıqladığı məlumata görə, döyüşlər Qubadlının Xanlıq kəndi istiqamətində gedir. Xanlıq kəndi Həkəri çayının sahilində, Qubadlı rayon mərkəzindən 18 km aralıda və Laçın yolunun üstündə yerləşir. Ermənilər İşxanadzor adlandırdıqları bu kənddə qanunsuz məskunlaşdırma aparmışdılar və tütünçülüklə məşğul idilər. Azərbaycan Müdafiə Nazirliyinin bugünkü məlumatında da qeyd olunur ki, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Qubadlı istiqamətində irəliləyən Azərbaycanın Ordusunun əsas hədəfinin hara olduğu yəqin ki, kimsə üçün sirr deyil. Strateji əhəmiyyəti çox yüksək olan həmin ərazinin nəzarətə götürülməsi müharibənin Qələbə ilə başa çatdırılması və Qarabağ probleminə birdəfəlik son qoyulmasında həlledici mərhələ olacaq.

Press Klub