Azərbaycan əsgəri Azərbaycan ərazisində əsir götürülüb
26 Avqust 2021
Avqustun 26-da, səhər saatlarında, erməni “Teleqram” kanallarında Azərbaycan Ordusunun hərbi qulluqçusunun əsir götürüldüyü əks olunan görüntülər yayılıb. Görüntülərdə hərbçinin yataq geyimində, ayaqqabısız, qolları arxadan burularaq aparıldığı göstərilir. Hadisə Qarabağda, Ağdərə ərazisində baş verib.
Bundan bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Nazirlik bildirir ki, Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət qulluqçusu, əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib: “Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib".
C.Babayev haqqında cinayət işi başlanıb, araşdırma aparılır.
Qarabağdakı separatçı rejimin "baş prokurorluğu" isə məlumat yayıb ki, avqustun 25-də Mardakert (Ağdərə) şəhərinin Teryan küçəsində mənzillərdən birində Azərbaycan hərbçisi Cəmil Babayev aşkarlanaraq saxlanılıb. Ona qarşı "cinayət işi” açılıb və “təhqiqat” aparılır.
Bu hadisə bölgədə vəziyyəti daha da gərginləşdirib. Məlumdur ki, avqustun 25-də Qubadlı rayonunda əsgər Ruslan Şirəliyevin düşmənin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalmasından sonra Azərbaycan Silahlı Qüvvələri Gorus-Qafan yolu tərəfdə Ermənistanla dövlət sərhədini mühafizəyə götürüb. Yolun Azərbaycan ərazisindən keçən hissəsində Ermənistana və bu ölkəyə gələn İrana məxsus nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Hərbi qulluqçunun əsir götürülməsi, Azərbaycan Müdafiə Nazirliyinin olaya reaksiyası bəzi suallara yol açır. Qeyd edək ki, nazirlik hələ ki rəsmi şəkildə Rusiya sülhməramlılarından hərbi qulluqçunun təhvil verilməsini tələb etməyib. Ola bilər Rusiya tərəfi ilə danışıqlar gedir və belə bir tələb qoyulub, amma hələlik mediaya bu yöndə hər hansı məlumat verilməyib. Rusiya komandanlığı da məsələyə reaksiya verməyib.

E. Şahinoğlu Azərbaycan tərəfinin adekvat addım atmalı olduğunu düşünür:
“Hesab edirəm ki, Ermənistanın bu dərəcədə azğınlaşmasının arxasında duran qüvvələr regionda sülhün və əmin-amanlığın olmasının tərəftarı olmayan qüvvələrdir".
Hadisənin hüquqi tərəflərini "Press Klub"a şərh edən hüquqşünas Hafiz Həsənov isə deyir ki, Ağdərədə Azərbaycan əsgərinin qondarma "Dağlıq Qarabağ sərhədçiləri" tərəfindən girov götürülərək ona qarşı “cinayət işi”nin başlanması Azərbaycana və beynəlxalq hüquqa meydan oxumaqdır:

Hüquqşünasın fikrincə, nə qədər ki, Azərbaycan öz əraziləri üzərində suverenliyini tam olaraq təmin etməyib və öz qanunlarını tətbiq etməyib, bu kimi hallar tez-tez olacaq. "Görünür, hələ gorbagor olmayan xeyli problemlər var", - deyə o, vurğuladı.
Turqut