Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycan demokratiyası: minalanmış siyasi səhnə
“Gözü çıxmış” qardaşın uğursuz təcrübəsi siyasi böhranların baş verdiyini, dövlətin, cəmiyyətin ciddi zərbələr aldığını göstərir

Qeyri Hökumət Təşkilatları (QHT) və media ilə bağlı hakimiyyətin məyyənləşdirdiyi “yeni qaydalar” cəmiyyətdə elə də böyük rezonans doğurmamışdı. Vətəndaş cəmiyyətinin və KİV-in üzdə olan bir neçə nümayəndəsi yazmışdı, danışmışdı, etiraz etmişdi, amma bu etirazlar heç bir nəticə verməmişdi. Artıq xeyli vaxtdır bu institutların əksəriyyəti yeni qayda-qanuna adaptasiya olunub, yenə həmin kiçik bir qrup “sağ qalmaq” üçün başına çarə qılmağa çalışır...

İndi növbə siyasi partiyalara çatıb. Hakimiyyət siyasi cameədə də düzən yaratmağa girişib. İlin əvvəlində “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunub, onun tələblərinə görə, partiyalar yenidən təşkil olunmalı, qanunda nəzərdə tutulmuş məcburi öhdəlikləri yerinə yetirməlidirlər. Bu öhdəliklərin başında isə 5 min üzvün reyestrini Ədliyyə Nazirliyinə təqdim etmək gəlir. 

Azərbaycanda olan 59 siyasi partiyanın 31-i artıq özünü buraxıb, yerdə qalanların başı isə gec-gündüz çalışıb 5 min üzv toplamağa qarışıb. İyulun 12-i müraciətin son günü idi. Qanuna görə, Ədliyyə Nazirliyi 1 ay müddətində onların üzvlərinin həqiqi olub-olmadığını yoxlayıb qeydiyyatla bağlı qərar verəcək. Artıq 4 təşkilat nazirlikdən cavab alıb: hakim Yeni Azərbaycan Partiyası (YAP) 750 min üzvlə dövlət qeydiyyatına alınıb, Respublikaçı Alternativ (ReAL), Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarına isə bildirilib ki, təqdim olunan reyestr məlumatları həqiqəti əks etdirmir. Bu üç partiya 1 ay müddətində irad tutulan problemləri aradan qaldırıb yenidən Ədliyyə Nazirliyinə müraciət etməli, əks halda özlərini buraxdıqlarını elan etməlidirlər. 

Əlbəttə, yaranmış durum tənqidə dözmür. Bu barədə uzun-uzadı yazmaq, çoxsaylı arqumentlər gətirmək olar. Təkcə onunla kifayətlənək ki, elementar siyasi azadlıqların mövcud olmadığı şəraitdə partiyaları üzv yığmağa göndərmək yumşaq desək, insafsızlıqdır. 

İnkişaf etmiş demokratik ölkələrin təcrübəsində partiya üzvlərinin reyestri aparılır, amma bu, siyasi iştirakçılıq üçün həlledici məsələ deyil. Vətəndaşların, birləşmək, seçmək, seçilmək azadlığını heç bir qanun, məhdudiyyət poza bilməz. Partiyalar üçün əsas barometr azad, ədalətli seçkilərdir, məhz xalqın rəyi əsasında partiyaların siyasi sistemdə yeri, cəmiyyətdə nüfuzu müəyyənləşdirilir. Azərbaycanda isə belə bir şərait yoxdur, hakimiyyət isə mövcud məhdudiyyətlərlə bu azadlıqları daha da əlçatmaz edir.

Hakimiyyətin məqsədi aydındır: siyasi sistemə “əl gəzdirb” vətəndaş cəmiyyəti və KİV-də olduğu kimi düzən yaratmaq, daha sonra planlarını həyata keçirmək istəyir. Bu arada xatırladaq ki, ReAL nümayəndəsi olan deputat Erkin Qədirli siyasi kluarlarda çoxdan dolaşan referendum mövzusunu bu günlərdə əminliklə təsdiqləyib. O bildirib ki, ölkədə payızda referendum keçiriləcək, proporsional seçki sistemə qayıdılacaq, iki palatalı parlament yaradılacaq. Gözlənilən referendum həm idarəetmə sahəsində dəyişiklikləri, Naxçıvan MR-nn statusunu və başqa məsələləri də əhatə edə bilər.

Bundan sonra seçkiləri tənzimləyən qanunvericiliyin dəyişdirilməsi, qeydiyyatdan keçmiş siyasi partiyaların iştirakı ilə yeni seçki sisteminin formalaşadırılacağını da gözləmək olar.

Əgər Erkin Qədirlinin “iki palatalı parlament yaradılacaq” informasiyası dəqiqdirsə, siyasi partiyaların aşağı palatada yer alacağını güman etmək mümkündür. 

Bəs ümumilikdə siyasi sistemdə həyata keçiriləcəyi iddia edilən islahatlar Azərbaycanda onilliklərdir yerində sayan siyasi inkişafa təkan verə bilərmi? Siyasətin qadağan olunmuş fəaliyyətlər siyahısından çıxarılması baş verəcəksə, ümidverici düşünmək olar. Amma görünən odur ki, hökumət yeni düzən yaratdıqdan sonra bu sahəni sərt nəzarət altında saxlamaq istəyir. Bu günlərdə Milli Məclis III oxunuşda siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələri təsdiqləyib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, Azərbaycan ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər isə 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə olunacaq. Bundan başqa, siyasi qanunvericiliyin pozulmasına görə başqa çoxsaylı ağır cərimə sanksiyaları nəzərdə tutulub. Layihəni oxuduqda belə təəssürat yaranır ki, partiyalar sanki minalanmış sahəyə buraxılıblar, onlardan diqqətli olub “sağ qalmaq” tələb olunur.

İdarəolunan demokratiyanın bərqərar olduğu ölkələrdə zaman-zaman siyasi böhranların baş verdiyi, dövlətin, cəmiyyətin ciddi zərbələr aldığı məlumdur. Təcrübə göstərir ki, oyun qaydalarının bir siyasi qüvvə tərəfindən müəyyənləşdirilməsi, xalqın prosesdən kənarda saxlanması, fundamental azadlıqların məhdudlaşdırılması ciddi kataklizmlərə gətirib çıxarır. “Gözü çıxmış” qardaşların uğursuz təcrübəsini tətbiq etməkdənsə, siyasi azadlıqların önünü yavaş-yavaş açmaq dövlət və cəmiyyət üçün daha faydalıdır.

Turqut