Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycan BVF-dən 1 milyarda yaxın pul alıb 

Beynəlxalq Valyuta Fondu (BVF) uzunmüddətli qlobal ehtiyacları təmin etmək, güvən yaratmaq və qlobal iqtisadiyyatın dayanıqlılığını və sabitliyini gücləndirmək çərçivəsində üzv ölkələrə 650 milyard ABŞ dolları ekvivalentində xüsusi borcalma hüquqları (SDR) ayırıb. Tarixdə ən böyük sayılan və avqustun 23-də qüvvəyə minən maliyyə bölgüsü çərçivəsində Azərbaycana fond tərəfindən 375,4 milyon SDR (905,24 milyon manat) ayrılıb. Azərbaycanın BVF-dəki kvotası 391,7 milyon SDR (944,54 milyon manat) təşkil edir və ümumi vəsaitin 0,08%-nə bərabərdir.

Maliyyə Nazirliyindən bu barədə "Press Klub"un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanın Beynəlxalq Valyuta Fondundakı hesabı artıb. Məlumatda qeyd olunur ki, Azərbaycanın BFV-dəki 0,082 faiz və ya 391,7 milyon SDR həcmindəki kvotası son qərarın qəbulu nəticəsində 96 faizə yaxın artırılaraq 767,1 milyon SDR-a çatdırılıb.

"Xüsusi Borclanma Hüquqları (XBH) BVF tərəfindən yaradılmış beynəlxalq ehtiyat aktividir və üzv ölkələrin beynəlxalq aktivlərinin artırılması üçün nəzərdə tutulur. İstənilən ölkə XBH-nı xarici valyutaya dəyişə bilər. XBH-larının dəyəri 5 aparıcı dünya valyutasının – ABŞ dolları (41,8), Avro (30,9), Çin yuanı (10,9), Yapon yeni (8,3) və İngiltərə funt sterlinqinin (8,1) faizləri əsasında müəyyən edilir", - deyə məluamtda qeyd olunur.

Nazirlik həmçinin qeyd edir ki, tükənmiş valyuta ehtiyatlarının artırılmasına ehtiyacı olan hər bir üzv ölkə kvota üzrə Xüsusi Borclanma Hüquqlarını xarici valyutaya dəyişərək ölkəsinin Mərkəzi bankının ehtiyatlarını artıra bilər: 

"BVF-nun Rəhbərlər Şurasının 650 mlrd. (456 mlrd. XBH) ABŞ dolları ekvalentində olan XBH-larının yerləşdirilməsi barədə qərarı cari ilin 23 avqust tarixində qüvvəyə minib və elə həmin gün də Azərbaycan Respublikasının BVF-dakı hesabına 375,4 mln. XBH-ları həcmində vəsait daxil olub".

Qeyd edək ki, Azərbaycan ötən ay  Asiya İnfrastruktur İnvestisiya Bankından koronavirus infeksiyasının mənfi tibbi, sosial və iqtisadi təsirlərinin azaldılması üzrə hərtərəfli planın həyata keçirilməsinə yardım məqsədilə 100 milyon dollar məbləğində kredit alıb. “Proqramın məqsədi Azərbaycan hökumətinin COVID-19 pandemiyasının əhalinin sağlamlığına, gəlirlərinə və iqtisadi imkanlarına, həmçinin, makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılmasına yönəlmiş maliyyə dəstəyi tədbirlərini dəstəkləməkdir”, - deyə bankın materiallarında bildirilir.

Bundan başqa, 2021-ci il iyulun 7-də Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı arasında 250 milyon dollar məbləğində kredit sazişi təsdiq edilib. 

Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində maliyyə yardımı ayırdığı ölkələr sırasında Azərbaycan da var. Brüssel pandemiyanın təsirlərinə qarşı mübarizə, kiçik biznesin inkişafı və s. məqsədlərlə Azərbaycana 160 milyon avro dəstək verəcək.  

Beləliklə, Azərbaycan hökumətinin 2021-ci ildə COVID-19 infeksiyasının mənfi təsirlərinin yumşaldılmasına yönəldilmiş əlavə maliyyə dəstəyi proqramı 1 milyard 773,2 milyon dollar həcmində qiymətləndirir. Bunun 100 milyonu Asiya İnfrastruktur İnvestisiya Bankının, 250 milyonu Asiya İnkişaf Bankının krediti, qalan 1 milyard 423,2 milyon dolları isə Azərbaycan hökumətinin vəsaitidir.

Bundan başqa, Azərbaycan hökuməti 2020-2021-ci illərdə COVID-19-a qarşı sosial və maliyyə dəstəyi paketini 3,5 milyard manat məbləğində qiymətləndirir. 2020-ci ildə proqram çərçivəsində 2,5 milyard manat, o cümlədən dövlət büdcəsindən 2 milyard manat yönəldilib.

Qeyd edək ki, ötən ilin martında yaradılmış Koronavirusla Mübarizə Fonduna əhalidən ianələr toplanıb. Son məlumatlara görə, büdcə təşkilatları, şirkətlər və fərdi vətəndaşlar ümumilikdə fonda 120 milyon manatdan çox ianə ediblər. 

Turqut