“Ayaq qıran” Vilayəti: Tehran Zəngəzur dəhlizi uğrunda savaşa gedərmi?
Ermənistan İranın təhdidləri və “Tramp marşrutu” arasında qalıb
10 Noyabr 2026
İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “xəbərdarlıqla” çıxış edib. O, Zəngəzur dəhlizində “Tramp marşrutu”nun həyata keçirilməsinin İslam Respublikasının qırmızı xətlərinə toxunacağı təqdirdə Tehranın ABŞ Prezidenti Donald Trampın və onun müttəfiqlərinin “ayaqlarını sındıracağını” bildirib. Bu bəyanat Ermənistan parlamentinin İran sərhədinin yaxınlığındakı Sünik vilayətindən keçməli olan TRIPP layihəsi ilə bağlı ABŞ-la sazişi ratifikasiya etməsindən sonra səsləndirilib.
Vilayəti bildirib ki, Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşma çərçivəsində ABŞ-ın Zəngəzur dəhlizində yerləşdirilməsinə sərt reaksiya veriləcək.
“Ermənistanın səfirinə açıq və birmənalı şəkildə dedim: əgər Tramp və onun müttəfiqləri İranın bu qırmızı xəttini keçməyə cəhd etsələr, onların ayaqlarını qıracağıq”, – Vilayəti İranın “Ettelaat” qəzetində dərc olunan köşə yazısında bildirib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın Qərblə yaxınlaşmasını da tənqid edib. Vilayəti qeyd edib ki, İrəvanın siyasəti ABŞ, Fransa və Böyük Britaniyadan asılılığı gücləndirir və Cənubi Qafqazda “düşmənçilik və gərginliyin yeni səhifəsini” aça bilər.
“Onun son addımı min sifətli Trampın Zəngəzur dəhlizinin adının “Tramp marşrutu”na dəyişdirilməsi ilə bağlı əsassız və düşünülməmiş təklifini bəyənmək oldu”, – İran liderinin müşaviri vurğulayıb.
Marşrutun yaradılması barədə razılıq 2025-ci ilin avqustunda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə sülh nizamlanmasına dair birgə bəyannamə imzalanması nəticəsində əldə olunub. Oktyabrın 28-də Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı ABŞ-la çərçivə sazişini ratifikasiya edib.
Layihənin həyata keçirilməsi üçün birgə şirkətin yaradılması nəzərdə tutulur. Şirkətin 74 faizi ABŞ-a, 26 faizi isə Ermənistana məxsus olacaq. Əməkdaşlığın ilkin müddəti 49 il təşkil edəcək və bu müddəti daha 50 il uzatmaq mümkün olacaq. Bu halda Ermənistanın payı 49 faizə yüksələcək.
İrəvan vurğulayır ki, öz ərazisindəki bütün infrastruktur Ermənistanın suverenliyi və yurisdiksiyası altında qalacaq.
Bununla yanaşı, artıq layihənin praktiki hazırlıqlarına başlanılıb. Oktyabrın sonunda Ermənistanın işçi qrupu dəmir yolu, avtomobil yolları və enerji infrastrukturu layihələrinin hazırlanması üçün Sünikə yola düşüb.
Vilayəti “Ettelaat” qəzeti üçün yazdığı məqalədə bu layihəni şərh edərkən vurğulayıb ki, İran özünü Cənubi Qafqazın təhlükəsizliyinə görə məsul hesab edir. Onun sözlərinə görə, Qafqazdan Dərbəndə qədər olan ərazi tarixən “İranın təhlükəsizlik buferi” rolunu oynayıb. O, İrəvana xəbərdarlıq edib ki, Ukraynadakı münaqişə səbəbindən Moskvanın Cənubi Qafqaza marağının azalacağına ümid etmək səhv olardı.
Vilayəti xatırladıb ki, Tehran Zəngəzur dəhlizinin yaradılmasını əvvəllər də özünün qırmızı xətti adlandırıb.
Oktyabrın 16-da İranın xarici işlər naziri Abbas Əraqçi İrəvana səfəri zamanı Tehranın öz sərhədlərinin yaxınlığında ABŞ-ın istənilən mövcudluğundan narahat olduğunu etiraf edib, lakin Ermənistan hakimiyyətinə etimad göstərdiklərini vurğulayıb.
“Biz erməni dostlarımıza etibar edirik və bilirik ki, onlar İranın təhlükəsizliyinə qarşı heç bir addım atmayacaqlar”, – nazir bildirib. O qeyd edib ki, Tehran TRIPP layihəsi ilə bağlı İrəvanla məsləhətləşmələri davam etdirir.
Öz növbəsində, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib ki, TRIPP layihəsinin bütün obyektləri yalnız Ermənistanın suverenliyi və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərəcək.
Bəs, Vilayətinin ABŞ tərəfinin “ayaqlarını qırmağa” hazır olduqları barədə sərt ritorikası Tehranın Cənubi Qafqazda güc yolu ilə və ya diplomatik vasitələrlə qarşıdurmaya nə dərəcədə hazır olduğunu göstərir? İranın Sünik vilayətində öz sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları nə dərəcədə əsaslıdır?
Zəngəzur dəhlizində “Tramp marşrutu”nun yaradılması İran, Azərbaycan və Ermənistan arasında strateji qüvvələr balansını necə dəyişir? İran Xarici İşlər Nazirliyi ilə və ali liderin müşavirinin bəyanatları arasında ton fərqinin səbəbi nədir?
Ermənistan Qərblə yaxınlaşma kursunu və TRIPP sazişinin ratifikasiyasını İranla mehriban qonşuluq münasibətlərini qorumaq zərurəti ilə necə uzlaşdırmağı planlaşdırır?
Ermənistan parlamentində çərçivə sazişi ilə bağlı səsvermənin nəticələri bu qərarın ölkə daxilində nə dərəcədə dayanıqlı olduğuna dair nə deməyə əsas verir?
Donald Tramp administrasiyasının bu infrastruktur layihəsini irəli aparmaqda və İran sərhədləri yaxınlığında ABŞ-ın mövcudluğunu möhkəmləndirməkdə əsas maraqları nədən ibarətdir?
Vilayətinin İrəvanın Ukraynadakı münaqişəyə görə Moskvanın Cənubi Qafqaza diqqətinin azalacağına ümid etməməli olduğu barədə fikri nə dərəcədə əsaslıdır?
Pressklub.az suallarını tanınmış şərqşünas, NEST Centre-nin eksperti Ruslan Süleymanov cavablandırıb.

Onun sözlərinə görə, Tehran öz sərhədlərinin yaxınlığında, Cənubi Qafqazda hər hansı xarici hərbi qüvvələrin və ya xarici mütəxəssislərin yerləşdirilməsinə həmişə son dərəcə mənfi münasibət bəsləyib. Buna görə də Əli Əkbər Vilayətinin mövqeyi yeni deyil.
“Lakin bu məsələnin əlavə kəskinlik qazanması, əlbəttə ki, bu il İranla ABŞ və İsrail arasında müharibənin başlamasından sonra baş verdi. Buna görə də İran rəsmilərinin vaxtaşırı Vaşinqtonu hədələmələri təəccüblü deyil.
Başqa məsələ Tehranın sözlərdən əmələ keçməyə nə dərəcədə hazır olmasıdır. Tehran Zəngəzur dəhlizi ilə bağlı mənfi mövqeyini çoxdan ifadə edib. Buna baxmayaraq, məsələn, 2023-cü ildə, Azərbaycanın əraziləri işğaldan tam azad edildikdən sonra İran hakimiyyəti mövqeyini dəyişdi və Azərbaycanla Zəngəzur dəhlizinə alternativ kimi təqdim olunan, Araz dəhlizi adlandırılan layihənin inkişafı barədə razılığa gəldi. Buna görə də düşünürəm ki, bu, sadəcə, döyüşkən ritorikadan başqa bir şey deyil və şifahi təhdidlərdən daha ciddi bir mərhələyə keçəcəyi ehtimalı azdır”, – ekspert bildirib.
Onun fikrincə, Zəngəzur dəhlizinin tikintisi nəticəsində qüvvələr balansının dəyişdiyini söyləmək hələ tezdir.
“Düşünürəm ki, bu layihənin nəticələrini yalnız illər, hətta onilliklər sonra hiss edə biləcəyik. Bu, çox uzunmüddətli və çoxşaxəli prosesdir. Əlbəttə ki, Vaşinqtonla Tehran arasında müharibə şəraitində isə bu proses uzanacaq. Mənim qənaətimə görə, sözügedən layihə regionda kommunikasiyaların sadələşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bundan təkcə Azərbaycan və Ermənistan deyil, İranın özü də faydalana bilər. Sadəcə, iranlılar hələlik bunu özlərinə və bütün dünyaya etiraf etməyə hazır deyillər”, – Süleymanov fikrini yekunlaşdırıb.
Rauf Orucov