“Əsl sülhə nail olmaq üçün insanlar ünsiyyət qurmalıdırlar”
38 ildən sonra Bakıya səfər edən rəqqas Ağamalyan belə deyir
10 Noyabr 2026
Bu günlərdə Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilib. Tədbir təkcə möhtəşəmliyi ilə deyil, həm də bal rəqsləri üzrə ikiqat dünya və üçqat Avropa çempionu Arsen Ağamalyanın iştirakı ilə diqqət çəkib.
Bakıda doğulan, Xankəndidə böyüyən erməniəsilli rusiyalı rəqqas Arsen Ağamalyan 38 illik fasilədən sonra Azərbaycanın paytaxtına səfər edib. O, sonuncu dəfə 1988-ci ilin yayında ana tərəfdən nənəsini və ulu nənəsini ziyarət etmək üçün Xankəndidən Bakıya gəlib. 1992-ci ildə isə Ağamalyan ailəsi Azərbaycanı birdəfəlik tərk edərək Rusiyaya köçüb.
Arsen Ağamalyana qədər də erməniəsilli idmançılar dəfələrlə Azərbaycana səfər ediblər. Lakin bu səfərlərin heç biri belə böyük ajiotaj doğurmayıb. Yəqin ona görə ki, Ağamalyandan əvvəl heç kim səfəri barədə əvvəlcədən sosial şəbəkələrdə məlumat verməmiş, daha sonra Bakının küçələrində təkbaşına gəzməmiş, insanlarla sərbəst ünsiyyət qurmamış, videolar çəkərək paylaşımlar etməmişdi...
“Pressklub.az” Arsen Ağamalyanla həmsöhbət olub.
– Gəlin, hekayənin lap əvvəlindən başlayaq. Valideynləriniz harada və necə tanış olublar?
– Anam Bakıda doğulub boya-başa çatıb, atam isə qarabağlıdır. O, Mardakertdən (Ağdərə – red.) gəlib. O vaxt ora şəhər idi, yoxsa qəsəbə, dəqiq xatırlamıram. (Bağışlayın, yerlərin köhnə adlarını kimisə incitmək üçün çəkmirəm, sadəcə, indiki adları qarışdırıram). Atam ailənin yeganə oğlan övladı olub. Üç bacının bir qardaşı idi. Nənəm də bakılı olub. O, hələ sovet inqilabı dövründə Qarabağa köçüb. Həkim işləyib, sonradan yerli xəstəxananın baş həkimi vəzifəsinə qədər yüksəlib. Babam isə quşçuluq fabrikinə bənzər hansısa müəssisənin direktoru olub. Onların yeganə oğlu Qarik futbol oynayırmış. Sonra təhsil almaq üçün Bakıya gəlib.
– Atanızın futbol formasında şəklini görmüşəm. Soruşmaq istəyirdim, o, hansı komandada oynayıb?
– Bu suala hazır deyiləm (gülür). O, vaxtilə Kirovabadda oynayıb. İndi həmin şəhər necə adlanır?
– Gəncə.
– Hə, Gəncə. Bildiyim yalnız budur. Sizin də gördüyünüz, futbol formasında çəkdirdiyi həmin şəkli var məndə, vəssalam. Daha onun yüksək liqada, yoxsa birinci liqada oynadığını bilmirəm. Bəlkə də, o vaxt bütün bunların adı tamam başqa cür olub. Açığı, bu məsələlərdən elə də başım çıxmır. Futbolla qətiyyən maraqlanmıram. Əlbəttə, bir az qəribədir. Yəqin ki, futbola heç baxmadığıma görə məni nə azərbaycanlılar, nə də ermənilər anlayacaqlar... (gülür)

Bir sözlə, atam futbolçu idi, anam isə çox fəal qadın olub. O, Bakıda Olimpiya Ehtiyatları İnternat Məktəbini bitirib. Deyəsən, həmin təhsil müəssisəsi belə adlanırdı. Anam rusdur, adı Nadyadır – Nadejda. Amma hamı ona Nana deyirdi. Çünki o, gürcüstanlıdır. Altı yaşına qədər orada yaşayıb.
Sizə maraqlı bir əhvalat danışım. Azərbaycanda anamdan bir neçə yaş böyük bir qadınla tanış oldum. Söhbət əsnasında dedi ki, o da gimnastika ilə məşğul olub. Sorğu-sual əsnasında məlum oldu ki, anamla tanışdırlar. Sən demə, eyni institutda oxuyublar. Təsəvvür edirsiniz? Həmin qadın indi burada bal rəqslərindən dərs deyir.
Bir sözlə, anam çox fəal olub. İdman gimnastı kimi parad zamanı Hökumət Evinin qarşısındakı əsas meydanda çıxış edib...
Sonra instituta daxil olub və orada atamla rastlaşıblar. Onların sevgi hekayəsi də beləcə başlayıb. Biri erməni, digəri rus. Ailələri bu münasibətə qarşı çıxıblar. Amma nəticədə, deyəsən, üç-dörd ildən sonra, 1979-cu ildə mən dünyaya gəlmişəm. İki il sonra isə bacım doğulub. Ailəmizdə dörd uşaq olub. Təəssüf ki, bir qardaşım artıq Qarabağda yaşadığımız vaxt vəfat edib.

– Niyə Bakıdan Qarabağa köçdünüz?
– Köçməyimiz hadisələrlə qətiyyən bağlı deyildi. Hələ 1984-cü il idi. Uzun illərdən sonra, nəhayət, atamın valideynləri rus gəlinlərini qəbul etmişdilər. Atam da ailəsini doğma Mardakertə (Ağdərə – red.) aparmaq qərarına gəldi. Əvvəlcə orada yaşadıq, sonra Stepanakertə (Xankəndi – red.) köçdük. Atam komsomolda işləyirdi, anam isə 7 Noyabr və 1 May bayramları münasibətilə keçirilən paradların quruluşunu hazırlayırdı. Axı o vaxt Sovet İttifaqı dövrü idi.
– Qarabağa köçəndən sonra Bakı ilə əlaqəniz kəsildi?
– Xeyr, hər yay Bakıya gəlirdim. Taya nənəmgildə, Polya nənəmgildə qalırdım. Ana tərəfdən nənəm və ulu nənəm. Razin qəsəbəsində yaşayırdılar. Sonuncu dəfə 1988-ci ildə Bakıda olmuşam. Dayım və xalam uşaqlarını da sonuncu dəfə onda görmüşdüm.
– Qarabağda həyatınız necə keçirdi?
– Hadisələr başlayana qədər hər şey çox gözəl idi. Hətta hadisələr başlayanda da nə baş verdiyini düz-əməlliı anlamırdım. O vaxt 11-12 yaşım vardı. Bilirsiniz, vertolyotlar uçur, atəş səsləri eşidilir... Uşaq üçün bütün bunlar maraqlı, hətta əyləncəli görünürdü. Yəni həmin vaxt baş verənlərin miqyasını dərk edə bilmirdim. İndi Rusiya ilə Ukrayna arasında yaşanan bu dəhşətli hadisələri görəndə o dövrün faciəsini daha yaxşı anlayıram. Amma onda çox şeyi başa düşmürdüm.
Mardakertdə (Ağdərədə) həyatımız çox gözəl keçirdi. Bütün qohumlarımız bizə gəlirdi. Atamın bacılarından biri İrəvanda, digəri Bakıda yaşayırdı. Yayda hamı bizə yığışar, böyük süfrə arxasında oturub söhbətləşərdi.
Sonra Stepanakertdə (Xankəndidə) 8 nömrəli məktəbdə oxuduq. Bu, rus məktəbi idi. Həyətimizdə çoxlu rus, bir neçə azərbaycanlı ailəsi yaşayırdı. Amma sinfimizdə azərbaycanlı yox idi. Biz düz məşhur “nənə-baba” abidəsinin yanında, sol tərəfdəki ilk beşmərtəbəli binada yaşayırdıq...
Uşaqlığım çox gözəl keçib. Hətta 90-cı illərin bütün çətinliklərinə, mağazaların boşalmasına baxmayaraq, o illəri xoş xatırlayıram. Moskvada mənə danışırlar ki, həmin vaxt onların mağazalarında yalnız ağcaqayın şirəsi tapmaq olurmuş. Mən də deyirəm ki, bizdə hər yerdə ancaq qızılgül mürəbbəsi vardı. Təəccüblə soruşurlar: “Məgər belə mürəbbə də olur?” Deyirəm: “Əlbəttə, mən ona çox yaxşı bələdəm”.
– Hadisələrin başlanğıcı yadınızda necə qalıb?
– Komendant saatının elan olunduğunu xatırlayıram. Deyəsən, o vaxt orada hələ rus, daha doğrusu, sovet hərbçiləri vardı. Yadımdadır ki, haradasa bir vertolyot vurulmuşdu. Bu, ya kiçik qardaşımın, ya da bacımın ad gününə təsadüf etmişdi. Yaddaşımda yalnız belə qırıq-qırıq xatirələr qalıb. Hadisələrin necə inkişaf etdiyini dəqiq xatırlamıram.
Sonrakı dövrdə isə atəşdən qorunmaq üçün zirzəmidə gizləndiyimiz yadımdadır. Yenə deyirəm, böyüklər üçün bütün bunlar faciə idi: ölüm, itkilər və başqa dəhşətlər... Uşaqlar isə nə baş verdiyini tam dərk etmirdilər. Qaçır, oynayırdıq... Xatirələrim belədir.
Evlərdə qaz olmayanda binanın qarşısındakı həyətdə tonqal qalayırdılar. İsti su lazım gələndə həmin tonqalda su qaynadırdıq. Bir dəfə mən də orada su qaynadıb evə apardım. Elə binaya yenicə girmişdim ki, mərmi düz tonqalın üstünə düşdü. Bir dəqiqə geciksəydim, yəqin ki, indi həyatda olmazdım. Amma o vaxt belə bir təhlükənin nə demək olduğunu da tam anlamırdım.
Bizi Mardakertdən (Ağdərədən) Stepanakertə (Xankəndiyə) vertolyotla apardıqlarını xatırlayıram. Atam isə uzun müddət oradan çıxıb yanımıza gələ bilmədi.
Bombardman başlayanda hamı zirzəmiyə düşürdü. Bir müddətdən sonra anam daha zirzəmiyə enmədi. Hamımız bir otaqda qalırdıq. Bir dəfə anamdan soruşdum ki, niyə hamımız eyni otaqda yatırıq? Cavab verdi ki, “əgər ölsək, hamımız birlikdə ölək»...
Bilirəm ki, hər iki tərəf üçün vəziyyət eyni dərəcədə dəhşətli idi. Faciələr həm orada, həm də burada yaşanırdı. Azərbaycanlıların da, ermənilərin də bir-birinə çox bənzəyən hekayələri var. Mən sadəcə öz başıma gələnləri danışıram.
– Yazmışdınız ki, qardaşınızı itirmisiniz...
– O, doqquz aylıq idi. Tənəffüs yollarında elə də ağır olmayan bir xəstəliyi vardı, bir gün nəfəsi tıxandı. Təcili yardım çağırdıq. Komendant saatı idi, üstəlik, atışma başlamışdı. Təcili yardım gec gəldi, qardaşımı xilas edə bilmədilər. Onu itirdik.
Məni və bacımı bu faciədən mümkün qədər uzaq tutmağa çalışdılar, qardaşımın dəfninə buraxmadılar. Uzun illər sonra, artıq 2000-ci illərdə onun məzarını ziyarət etdim.
– Bundan sonra ananız Qarabağı tərk etmək qərarına gəldi?
– Xeyr, bundan sonra da bir müddət Qarabağda qaldıq. Ailəmizin ən kiçik övladı Tasya dünyaya gəldi. Bu, ağır itkidən sonra anam üçün sanki bir təsəlli oldu.
Daha sonra vəziyyət getdikcə gərginləşdi. Bir müddət sonra atam bizimlə əlaqəsi kəsilmiş ərazidə qaldı, biz isə Stepanakertdə (Xankəndidə) idik. Heç yerə gedə bilmirdik.
Kimlərisə itiham etək istəmirəm, amma axı bütün bunlara görə kimsə məsuliyyət daşıyır. Mülki əhali ilə belə davranmaq qərarını kimsə verib axı. Əlbəttə, deyə bilərlər ki, “bunda sizin atalarınızın, babalarınızın günahı var”. Amma bütün bunların mənim kimi 11 yaşlı uşağa, eləcə də əziyyət çəkmiş istənilən azərbaycanlı oğlana və ya qıza nə aidiyyəti var? Nə bu, nə də digər tərəfdə uşaqlar, qadınlar, dinc sakinlər belə faciələr yaşamamalı idilər.
Şuşa alındıqdan sonra, deyəsən, artıq iyun ayında oradan çıxmaq imkanı yarandı. Anamın Bakıda internatda birlikdə oxuduğu rəfiqəsi Jenya xala o vaxt Moskvada yaşayırdı. Anam onun telefon nömrəsini tapıb zəng vurdu. Jenya xala soruşdu: “Nadya, sən haradasan?” Anam Stepanakertdə olduğumuşu dedi. “Sən orada nə edirsən? Gəl mənim yanıma!” Beləcə, Moskvaya köçdük. Jenya xalagildə ayyarım yaşadıq. Halbuki onun mənzili bu qədər adamın qalması üçün heç də münasib deyildi.

Atam ailəmizin yenidən Qarabağa qayıtmasını istəyəndə anam dedi: “İstəyirsənsə, özün qayıt, mən getməyəcəyəm. Orada bir övladımı itirmişəm, daha bəsdir».
Atam seçim qarşısında qalmışdı. Bizimlə qaldığına, bizi böyüdüb boya-başa çatdırdığına görə ona minnətdaram. Əvvəlcə milisdə sahə müvəkkili işləməyə başladı. Sonra Moskvadan 160 kilometr aralıda yerləşən Tver şəhərinə köçdük. Atam vəzifə pillələrində yüksələrək Tver şəhəri və Tver vilayəti üzrə rəis oldu.
Nəticədə ailəmizin bütün üzvləri həyatda öz yerlərini tapdılar. Mən də uğur qazandım. Bacım Tver vilayəti üzrə prokurorluğun nümayəndəsidir, kiçik bacım isə bizneslə məşğuldur.
– Siz də rəqs sahəsində böyük uğurlar qazandınız. Bəs hər şey necə başladı?
– Mən hələ Stepanakertdə (Xankəndidə) yaşayanda rəqslə məşğul olurdum. Birinci sinifdə oxuyanda çox fəal uşaq idim. Məni incəsənət məktəbinə apardılar və orada rəqs etməyə başladım. Sonralar, bildiyimə görə, həmin məktəbin binasını ya hərbçilərə, ya da prokurorluğa verdilər.
Məktəbdə xoreoqrafiya və milli rəqslər öyrənirdik. Hadisələr qızışmamışdan, atışmalar başlamamışdan əvvəl hətta bir neçə dəfə qastrol səfərinə də çıxmışdıq. Qarabağdan olan uşaq rəqs qrupu kimi Moskvada və Sankt-Peterburqda çıxış etmişdik. Təxminən 1989-cu il idi. Bax, belə... Sonra isə rəqs haqqında düşünməyə imkan qalmadı.
Rəqs həyatıma yalnız 11-ci sinifdə qayıda bildim. Bir dəfə bal rəqslərini izlədim. Oğlanla qızın necə zərif və ahəngdar rəqs etməsinə valeh oldum. Bu mənə olduqca güclü təsir bağışladı. Beləcə, bal rəqsləri ilə məşğul olmağa başladım.
– Niyə məhz bal rəqslərini seçdiniz?
– Bu sualı özümə də tez-tez vermişəm. Bəlkə də, səbəb gözəlliyin cazibəsi idi. Necə deyərlər, “gözəlliyə sığınmaq” istəyirdim sanki...
Biz qaçqın idik. Atam yenidən ayağa qalxmağa, ailəsini dolandırmağa çalışırdı. Burada isə tamam başqa bir dünya vardı: hər tərəf parlaq, rəngarəng daşlarla bəzədilmiş geyimlər, gözəl qızlar... Oğlanlar da olduqca zərif və yaraşıqlı görünürdülər.
Gündə altı-yeddi saat niyə rəqs etdiyimi düşünəndə mənə elə gəlir ki, bununla ağır həyatın reallıqlarından uzaqlaşmağa çalışırdım. İnsan bütün bu çətinliklərdən yorulanda həyatında gözəl bir şeyin olmasını istəyir.
Amma mən bal rəqslərinə çox gec başlamışdım. On birinci sinif bu sahəyə başlamaq üçün həddindən artıq gecdir. Rəqs tərəfdaşım və həyat yoldaşım Oksanadan fərqli olaraq, mən bu sənətə uşaqlıqdan gəlməmişdim. Oksana isə lap kiçik yaşlarından rəqs edir.

– Qeyd etmişdiniz ki, sizi beş dəfə Bakıya dəvət ediblər, amma hər dəfə imtina etmisiniz. Bu dəfə nə dəyişdi?
– Olqa Krasnyanskaya mənə ilk dəfə zəng vuranda dedim: “Olya, mən ora gələ bilmərəm. Mən qarabağlıyam, orada isə münaqişə gedir”. O isə cavab verdi: “Biz bu məsələni həll edərik”. Dedim: “Mən onsuz da gedə bilməyəcəyəm, amma maraqlıdır ki, bu məsələni necə həll edəcəksiniz? Əgər doğrudan da alınsa, mənə xəbər verin”. Bir müddət sonra Olya mənə yazdı ki, “Arsen, sən demə, doğrudan da, burada hələlik heç kim bu məsələni həll edə bilmir”. Bu, beş il əvvəl olmuşdu. Növbəti illərdə də vəziyyət dəyişmədi.
Olya Krasnyanskaya mənim çox yaxın dostumdur. O, Azərbaycanda bal rəqsləri üzrə möhtəşəm bir festival təşkil edib. Onun tərəfdaşı, bütün dünyanı gəzib görmüş görkəmli rəqqas Eldar Cəfərov da Bakıda keçirilən bu festivala öz töhfələrini verib.
Onlar bu işə çox gözəl insanları cəlb ediblər. Mən Təranə Muradova ilə də tanış oldum. O, sanki ilahədir! Heyranedici qadındır! Onun gözəlliyi ilə yanaşı, həyat və yaradıcılıq yolu da olduqca zəngindir!

İndi bir qədər mövzudan uzaqlaşacağam. Məni Azərbaycanın tanınmış insanları ilə tanış edirlər. Onların arasında yüksək dövlət vəzifələri tutan şəxslər də var. Bu insanlara baxanda görürsən ki, hər birinin arxasında zəngin həyat yolu dayanır. Bəzən də hansısa bloqerlərin və ya başqalarının mənfi rəylərini oxuyuram. Öz-özümə düşünürəm: İlahi, bəs sənin arxanda hansı həyat yolu, təcrübə dayanır? Mən nəyə görə sənə və sənin fikirlərinə hörmət etməliyəm?
Nə isə... qayıdaq sualınıza. Bu dəvət məsələsini altı ay müzakirə etdik. Əvvəlcə İrəvanda keçirməli olduğumuz dünya çempionatı ilə bağlı danışıqlar gedirdi. Qərara gəldik ki, əgər azərbaycanlılar ora gəlsələr, mən də Bakıya problemsiz gedə bilərəm.
Sonra başa düşdüm ki, bu, ciddi məsələdir. Qarabağdan olan keçmiş sinif yoldaşlarımla danışmağa başladım. Mənim üçün yalnız yaxınlarımın, oradan köçmüş insanların fikirləri əhəmiyyətlidir. İndi onların nə dediklərini açıqlamaq istəmirəm. Fikirlər müxtəlif idi, amma nə yalan deyim, hamısı mənə görə narahat olurdu. Elə özüm də deyə bilmərəm ki, qorxmurdum. Artıq yola çıxmışdım, təyyarəyə minmək üzrə idim, amma hələ də düşünürdüm: “Axı sən bunu niyə edirsən?”
Lakin Bakıya enib “Marriott Absheron” otelinə daxil olan kimi məni qarşıladılar, insanlarla söhbətləşməyə başladım və bütün qorxularım yox oldu.
Şəhərdə gəzərkən insanlar mənə yaxınlaşır, söhbət etmək istəyirdilər. Haradan biləydim ki, Azərbaycanın sosial şəbəkələrində mənim haqqımda bu qədər paylaşımlar olacaq? İnsanlarla rahar danışırdım. Hər addımda müasir bir şəhərdə gəzdiyimi hiss edirdim.
Şərhlərdə və ya şəxsi mesajlarda mənə yazanların çoxuna deyirdim: “Gəlin, görüşək, söhbət edək”. İnsanlar da gəlirdilər. Görüşür, müxtəlif məsələləri müzakirə edirdik. Sizcə, kiminləsə mübahisə edib, əl sıxmadan ayrıldıq? Nə danışırsınız?.. Yalnız bir nəfər mənimlə görüşməyə gəlmədi...
– Deyəsən, haqqınızda mənfi fikirlər səsləndirən bloqeri nəzərdə tutursunuz. Həmin tənqidi rəylərdə deyilirdi ki, beş il əvvəl pul toplamaq üçün kampaniya təşkil etmisiniz...
– Açığı, mən bu hadisəni tamam unutmuşdum. Həmin paylaşımların hamısı indiyədək profilimdə qalır. Köhnə paylaşımlarımı silməmişəm. Çünki vaxtilə gördüyüm işlərə görə məsuliyyət daşımağa hazıram.
Ad günümdə dostlarımdan hədiyyə əvəzinə Qarabağdan olan qaçqınlar üçün pul toplamağı xahiş etmişdim. Toplanan məbləği də həmin ailələrə göndərdim. O vaxt hamı evsiz-eşiksiz qalmış insanlara dəstək olmaq üçün yardım toplayırdı. Öz döyüşçülərinə kömək edənlər də vardı. Hər kəs əlindən gəldiyi qədər yardım göstərirdi.
Eyni proses burada da gedirdi. Özü də təkcə yardım toplamaq deyildi ki. Hər iki tərəfdə insanlar sosial şəbəkələrdə bir-birini lənətləyir, ən ağır sözlərlə təhqir edirdilər. Şəxsən mən belə paylaşımlar etməmişəm. Amma hər halda, müharibə gedirdi.
İndi isə bütün bunlar geridə qalıb. Qərar verməliyik: o vaxt baş verənlərə görə bir-birimizi qınamağa davam edəcəyik, yoxsa gələcəyə baxacağıq?
Qaçqınlara kömək etdiyimə görə məni ittiham etmək, üstəlik, hamıya açıq olan paylaşımlarımla guya məni “ifşa etmək”, yumşaq desək, gülüncdür.
Dostlar, mən rəqqasam, başa düşürsünüz? Rəqs üzrə dünya çempionuyam. Bütün problemləri həll etmək üzrə dünya çempionu deyiləm ki! Mən bura rəqs etməyə gəlmişəm. Məgər sizin düşməninizəm? Cinayətkaram?
Mən silaha əl atıb qadınları, uşaqları öldürən insanları cinayətkar hesab edirəm. Belə bir insanın erməni olması onun cinayətkar olmadığı anlamına gəlmir. Azərbaycanlı olması da onu cinayət məsuliyyətindən azad etmir.
– Hər iki tərəfin bir-birinə qarşı kini var. Amma indi müharibə başa çatıb. Sizcə, bitib-tükənməyən kinlə sülhə nail ola biləcəyikmi?
– Düşünürəm ki, yaxın gələcəkdə sözün əsl mənasında sülhə nail olmaq mümkün olmayacaq.
Mənə yazırlar: “Cavab ver görək, Qarabağ kimindir?” Mən də soruşmaq istəyirəm: “Bu sualı verməkdə məqsəd nədir? Məni alçaltmaq? Məndən nə eşitmək istəyirsən? Səncə, mən və ya bura gələn başqa birisi Qarabağın kimin yurisdiksiyası altında olduğunu görmür, yaxud bilmir?”
Sülhə necə nail olacağımıza gəlincə, mənə elə gəlir ki, bizim nəsil bunu bacarmayacaq. Yəqin ki, buna gələcək nəsillər nail ola biləcəklər. Amma bir məsələ var! Əgər biz indidən bu istiqamətdə addım atmasaq, gələcək nəsillər də heç nə edə bilməyəcəklər. Onlar müxtəlif əfsanələrin təsiri altında böyüyəcəklər. Otuz-qırx ildən sonra isə hər şey yenidən təkrarlana bilər.
Əgər indidən insanların bir-birinin ölkəsinə gedib-gəlməsinə, görüşüb ünsiyyət qurmasına şərait yarada bilsək, gələcəkdə həqiqi sülhə nail olmaq mümkün olacaq.
Burada məndən soruşurdular ki, Qarabağa getmək istəyirsiniz? Əlbəttə, istəyirəm. Amma hesab edirəm ki, əvvəlcə son hadisələrdən sonra Qarabağı tərk etmiş insanlar ora getməlidirlər. İndiyədək dostluq etdiyim sinif yoldaşlarım var. İlk növbədə onlar getməlidirlər. Əgər Qarabağdan olan insanlar doğmalarının məzarlarını ziyarət edə, öz evlərinə baş çəkə bilsələr, bu, olduqca böyük addım olardı. Yox, əgər insanlar bir-birini görməsələr, ünsiyyət qurmasalar, on-on beş il keçəcək, yeni nəsillər yetişəcək. Bir tərəfin beynində bir əfsanə, digər tərəfdə tamam başqa bir əfsanə formalaşacaq.
Çox böyük səhvlərə yol verilib. Vaxtında razılığa gəlmək lazım idi. Gəldilərmi? Xeyr. Nəticədə olanlar oldu. Keçmişi dəyişmək mümkün deyil. İndi qərar verməliyik: həyatımıza davam edəcəyik, yoxsa əzab çəkməyi sürdürəcəyik?

Məndən tez-tez soruşurlar: “Təsəvvür edə bilərsinizmi ki, İrəvanın küçələrində Azərbaycan dilində danışan insanlar gəzsinlər?” Mən də onlara İrəvana səfərlərimdən birində başıma gələn əhvalatı danışıram. Bir dəfə gecə saat birdə məni qarşılayıb Sayat-Nova küçəsindəki otelə apardılar. Yaxın dostum Mika ilə oturub qəhvə içirdik. Birdən iki kişinin bir-biri ilə Azərbaycan dilində mübahisə etdiyini eşitdim. Mikadan soruşdum: “Onlar Azərbaycan dilində danışırlar?” Dedi: “Hə, nə olub ki? Burada çoxlu azərbaycanlılar var axı”. Təəccübləndim: “Bu necə mümkün ola bilər?” Mən bilmirdim ki, İran azərbaycanlıları İrəvana gəlirlər.
Bir az sonra erməni mühafizəçi gəlib mübahisə edənləri sakitcə ayırmağa başladı. Deyirəm, Mika, mənə elə gəlir ki, sürreal bir səhnənin içindəyəm. İrəvanda oturmuşam, iki azərbaycanlı dalaşır, bir erməni də onları ayırmağa çalışır (gülür). Yəni həyatda mümkünsüz heç nə yoxdur.
Samirə Əhmədbəyli