Logo
news content
User
Kateqoriyalar

Analitika

AXCP sədrinə cinayət işi açılıb?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında külli miqdarda vergidən yayınma ittihamıyla araşdırma aparılır. Bu barədə "Azadlıq" radiosuna hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, Gədəbəyin AXCP-yə maliyyə yardımında suçlanaraq həbs olunan keçmiş icra başçısı Saleh Rüstəmov, qardaşı oğlu Vidadi Rüstəmli və üç nəfər cəbhəçinin işi 2018-ci ilin dekabrında məhkəməyə göndəriləndə ondan başqa bir cinayət işi ayrılıb. Həmin cinayət işi üzrə AXCP sədri və partiyanın bir sıra funksionerləri ilə bağlı istintaq hərəkətləri aparılır.

"2019-cu ilin aprelində həmin cinayət işi üzrə icraat dayandırılmışdı. Sonradan həmin ilin dekabrında icraat təzələnib, AXCP-nin bir sıra funksionerləri ilə bağlı araşdırmalar aparılıb, bunun üçün məhkəmə qərarları alınıb", - deyə mənbə bildirib.

Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovla bağlı cinayət işinin də bu işə birləşdirildiyi bildirilir. Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə suçlanan N.Əhmədova Almaniyada yaşayan Qabil Məmmədovla əlbir olmaq ittihamı irəli sürülüb. İddia olunur ki, sosial şəbəkələrdə Azərbaycan iqtidarının ünvanına tənqid və təhqirlər səsləndirən Q.Məmmədov Azərbaycanda terror aktları törətməyi planlaşdırıb, bu məqsədlə N.Əhmədova maliyyə göndərib.

2020-ci ilin aprelində tutularaq karantin rejimi qaydalarını pozma ittihamıyla 30 gün inzibati həbs cəzası almış N.Əhmədov haqqında sonradan cinayət işi başlanıb. Ona qarşı CM-in 214-1-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. Niyaməddin Əhmədovla bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində başlanıb. Amma digər cinayət işi ilə birləşdirildiyinə görə ümumi araşdırma aparılır. Araşdırmalar həm də Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində gedir.

Mənbə əlavə edib ki, Ə.Kərimli və digərlərinin sözügedən cinayət işi ilə bağlı çirkli pulların yuyulması, qanunsuz sahibkarlıq ittihamları üzrə də araşdırma aparılır: "Amma vergidən yayınma məsələsi yalnız Əli Kərimliyə aid hissədədir".

AXCP-nin mətbuat xidmətindən "Azadlıq" radiosunun məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, istər cinayət işlərinin birləşdirilməsi, istərsə də Ə.Kərimli haqqında vergidən yayınma ilə bağlı araşdırmaların aparılması absurddur: "Görünür, bu, Qabil Məmmədovun partiya ilə əlaqələndirilməsi cəhdlərinin davamıdır. Ümumiyyətlə, bütün bunların hamısı son dərəcə absurddur. Hökumət göstərmək istəyir ki, siyasi qisasçılığı davam etdirir. Adamın telefonu işləmir, nə biznesi olacaq ki, külli miqdarda vergidən də yayınsın...".

AXCP sədri Əli Kərimli isə bildirib ki, hakimiyyət ona qarşı yeni cinayət işi düzüb-qoşmaqla məşğuldur:

"Son illərdə ildə 1-2 dəfə məni həbs etməyə cəhdlər olur. Hər dəfə də irəli sürülmüş ittihamlar absurd olur. Çox sadə səbəbdən: mən cinayət törətmirəm. Bu dəfə də absurd bir iddia ilə araşdırma aparırlar. Nə qədər məntiqsiz və gülünc görünsə də, bu dəfə məni "külli miqdarda vergidən yayınma" ilə ittiham etmək istəyirlər. Guya mənim banklarım, holdinqlərim, zavodlarım var, ofşorlara milyardları mən daşımışam, vergisini də verməmişəm. İddialar bu qədər absurddur. Mətbuata sızmış məlumatdan məlum olur ki, bəhanə kimi dostum Saleh Rüstəmlinin bir neçə dəfə mənə göndərdiyi 500-600 dollarlıq vəsaitdən söhbət gedir. Saleh bəyin məhkəməsi 2 il bundan əvvəl açıq keçirilib. Mətbuat, diplomatlar, oxucular həmin prosesi izləyib. Prosesin bütün iştirakçıları bildiriblər ki, həmin yardımlar məhbus ailələrinə çatdırılıb. Mən həmin yardımların hesabını aparmamışam, ancaq Saleh bəy məhkəmədə bildirdi ki, 1-2 il ərzində göndərdiyi yardımların cəmi miqdarı 10-11 min dollar olardı. Həmin rəqəmi saxtalaşdıraraq böyüdüblər. İstintaq rəqəmi böyütmək üçün hətta Saleh bəyin qardaşı oğlunun yeni tikilmiş binadan özü üçün mənzil almağa göndərdiyi pulu da mənə göndərilmiş pul kimi göstərmişdi.

Demək əslində artıqdır, ancaq xalq qarşısında məsuliyyətim olduğu üçün bir daha bildirirəm. Heç bir biznesim yoxdur və olmayıb. Heç bir vergidən yayınmaqdan söhbət gedə bilməz".

Ə. Kərimli vurğulayıb ki, absurd ittihamların ortaya çıxmasının gerçək səbəbi mənim əqidədaşlarımla birlikdə apardığım prinspial müxalifətçilik siyasətidir: "Biz Milli Şura və AXCP olaraq Rusiya qoşunlarının sülhməramlı adı ilə olsa da, ölkəmizə qaytarılmasına elə ilk saatlardan etiraz etdik. Rusiya “sülhməramlılarının" səlahiyyət həddini aşmasına susmadıq. Xalqımızın şirin yalanlarla aldadılmasına imkan vermədik".

Turqut