Avropaya qarşı “kölgə müharibəsi”: Moskva NATO-nun səbrini nə vaxta qədər sınayacaq?
Ekspert: Putinin getdikcə daha çox risk etməyə meylli olduğu təəssüratı yaranır
01 Sentyabr 2026
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya son səfəri fonunda Rusiyanın bu dəfə Avropa İttifaqı ölkələri istiqamətində yeni müharibəyə hazırlaşması ehtimalı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Müxtəlif mənbələr iddia edir ki, Retkliff məhz Vladimir Putinə daha bir faciəyə yol verməməsi barədə xəbərdarlıq etmək üçün Moskvaya gedib. The Wall Street Journal və Politico nəşrlərinin məlumatına görə, səfərin əsas məqsədlərindən biri Kremlə Baltikyanı ölkələrə – Estoniya, Latviya və Litvaya qarşı hər hansı təcavüzün yolverilməz olduğunu şəxsən çatdırmaq olub. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Riqada dayanması isə Vaşinqtonun NATO müqaviləsinin 5-ci maddəsinə sadiq qalmağa hazır olduğunu nümayiş etdirməli idi.
Əgər həqiqətən də belədirsə, etiraf etmək lazımdır ki, ABŞ-ın bu cəhdi uğursuz nəticələnmiş ola bilər. Lakin səfəri heç bir halda əsassız saymaq olmaz. Ən azı ona görə ki, son aylarda NATO-nun müxtəlif üzvlərinə qarşı bir sıra təxribat və hücumların şahidi oluruq.
Sonuncu hadisə Slovakiyada baş verib. Polis ölkənin şərqində pilotsuz uçuş aparatları istehsal edən zavodun yandırılmasına hazırlıq cəhdinin qarşısını alıb və hücumu təşkil etməkdə şübhəli bilinən üç xaricini saxlayıb. Bu barədə Reuters məlumat yayıb.
Şübhəlilərdən ikisi Slovakiyada, biri isə Almaniyada saxlanılıb. Polisin məlumatına görə, onların üzərindən külli miqdarda yandırıcı maddə, müxtəlif alətlər, mobil telefon, kamera və planlaşdırılan hücumun əlyazma planı aşkarlanıb. Yanğının törədilməsi planlaşdırılan vaxt müəssisədə təxminən 70 nəfər olub.
İstintaq orqanları saxlanılan şəxslərə ictimai təhlükəsizliyə təhdid yaratmaq ittihamı irəli sürüb. Bununla belə, polis müəssisənin adını və dəqiq yerləşdiyi yeri açıqlamayıb, hücumun təşkilinin arxasında kimin dayana biləcəyi barədə də məlumat verməyib.
Qeyd edək ki, NATO və Avropa İttifaqının üzvü olan Slovakiya şərqdə Ukrayna ilə həmsərhəddir.
Son vaxtlar bu cür hadisələrin sayı artır və onların arxasında adətən eyni ölkənin dayandığı bildirilir.
Bir qədər əvvəl isə Qərb kəşfiyyat mənbələrinin məlumatına görə, Rusiya Avropada silah istehsal edən müəssisələrə qarşı silsilə hücumlar təşkil edib. Bu barədə The Telegraph yazır.
Kreml NATO-nun qətiyyətini sınamaq məqsədilə müdafiə sənayesi müəssisələrinə qarşı təxribatlar törətmək üçün yerli cinayətkar qrupların üzvlərini cəlb edir.
Kəşfiyyat əməkdaşlarının fikrincə, hücumlar NATO ölkələrinin qarşılıqlı müdafiəsini nəzərdə tutan 5-ci maddəsinin işə salınmasına səbəb olmayacaq şəkildə diqqətlə planlaşdırılıb.
Ötən həftə Latviya üç vətəndaşını qonşu Estoniyada pilotsuz uçuş aparatları istehsal edən müəssisəni yandırmaqda şübhəli bilinərək saxlayıb.
Avqustun 15-də Tallində yerləşən və Ukraynaya silah tədarük edən Milrem Robotics şirkətinə məxsus binaya od vurulub. Bu şirkət Kiyev silahlı qüvvələri üçün pilotsuz yerüstü nəqliyyat vasitələri tədarük edən iki xarici şirkətdən biridir.
Estoniyadakı yanğından əlavə, yalnız bu ay İtaliya və Bolqarıstanda iri silah istehsalı müəssisələrində partlayışlar baş verib.
Bu ilin əvvəlində isə Ukrayna üçün pilotsuz uçuş aparatları və termal görüntüləmə avadanlığı istehsal edən Çexiyadakı zavodda baş verən yanğın az qala müəssisəni tamamilə məhv edəcəkdi. Rusiya ilə əlaqənin araşdırılması çərçivəsində dörd şübhəli saxlanılıb.
Avqustun 4-də Leypsiq/Halle hava limanının ərazisində partlayıcı maddə ilə təchiz edilmiş pilotsuz uçuş aparatı aşkarlandığını da xatırlatmaq olar. Aparat hərbi yüklərin daşınması üçün istifadə olunan Ukraynaya məxsus hərbi-nəqliyyat təyyarəsinin yaxınlığında olub. İstintaqın versiyasına görə, pilotsuz aparat təyyarəyə hücum etmək üçün nəzərdə tutulub. Daha sonra alman müstəntiqlər hava limanının yaxınlığında daha bir pilotsuz uçuş aparatı, ertəsi gün isə təxminən 50 qram partlayıcı maddə, ehtimal ki, heksogen aşkar ediblər.
Bundan sonra Berlin yaxınlığındakı meşədə iki yarımavtomat tapança və külli miqdarda döyüş sursatının olduğu gizli saxlanc yeri aşkarlanıb. Almaniyanın Baş Prokurorluğu hazırda işi dövlətə təhlükə yaradan ağır zorakılıq aktına hazırlıq şübhəsi ilə araşdırır.
Bütün bunlar nədən xəbər verir? Rusiya Avropada mühüm hərbi obyektlərin təhlükəsizlik sistemlərinin nə dərəcədə etibarlı olduğunu yoxlayır. Bəs bunu hansı məqsədlə edir? Hələlik Avropa ölkələrinin buna cavab reaksiyası heç də ürəkaçan görünmür. Bundan sonra nə baş verə bilər? Doğrudanmı daha qətiyyətli addımlara hazırlıq gedir? Məsələn, Aİ ölkələrindən hər hansı birinə hücum edilə bilərmi?
Latviyalı siyasi analitik, filologiya elmləri doktoru, müstəqil jurnalist, əvvəllər ABŞ Milli Demokratiya İnstitutunda (NDI) çalışmış Aleks Qriqoryevs bu məsələlərlə bağlı fikirlərini Pressklub.az-a bölüşüb.

Onun fikrincə, bütün bu faktlar müəyyən nəticələr çıxarmağa əsas verir.
“Rusiya artıq Avropaya qarşı hibrid müharibə aparır. Mən deyərdim ki, bunu çoxdan edir. Elə ABŞ-a qarşı da eyni müharibəni aparır. Bundan əlavə, Rusiya Federasiyası mövcud olduğu bütün dövr ərzində vaxtilə SSRİ-nin tərkibində olmuş bütün ölkələrə və bir vaxtlar Varşava Müqaviləsi Təşkilatını imzalamış dövlətlərə qarşı daim hibrid müharibə aparıb.
Qeyd etmək lazımdır ki, rusiyalı hərbi nəzəriyyəçilər və praktiki mütəxəssislər, ilk növbədə isə Ukraynaya qarşı cinayətkar müharibə aparan Rusiya qoşunlarının Birləşmiş Qruplaşmasının komandanı Valeri Vasilyeviç Gerasimov hibrid müharibə konsepsiyasını işləyib hazırlayıb və nəzəri cəhətdən əsaslandırıblar. Bu konsepsiya Beynəlxalq Cinayət Məhkəməsinin də şübhəli şəxs saydığı beynəlxalq hərbi cinayətkar Vladimir Putinin dünyagörüşünə xüsusilə yaxındır. Çünki KQB əməkdaşı və cinayətkar aləmin iştirakçısı kimi onun üçün açıq siyasi və hərbi fəaliyyətdənsə, diversiyalar, gizli əməliyyatlar, xüsusi əməliyyatlar, siyasətçilərin ələ alınması, zəhərləmələr və gizli qətllər daha doğmadır.
Yeri gəlmişkən, xatırladım ki, 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Ukraynaya hücum zamanı törədilmiş hərbi cinayətlərlə əlaqədar Gerasimovun da həbsi üçün order verib. Məhkəmə bildirib ki, şübhəli şəxs Gerasimovun “mülki obyektlərə zərbələr endirilməsi, mülki əhaliyə və mülki obyektlərə həddindən artıq dolayı zərər vurulması, habelə qeyri-insani əməllər formasında insanlıq əleyhinə cinayətlər”ə görə məsuliyyət daşıdığını iddia etmək üçün kifayət qədər əsas var.
Demək olar ki, iki hərbi cinayətkar bir-birini tapıb.
Amma gəlin yenidən hibrid müharibəyə qayıdaq. Bu, hədəf ölkələrdə siyasi və iqtisadi vəziyyətin sabitliyini pozmağa, Avropayönümlü siyasətçiləri və partiyaları gözdən salmağa, hədəf ölkələrdə demokratikləşməyə və Avropayönümlü siyasi kursa düşmən münasibət bəsləyən media mühiti yaratmağa, eləcə də açıq təxribat xarakterli fəaliyyətlər, o cümlədən Qərbyönümlü siyasətçilərin öldürülməsi, silah anbarlarının partladılması, Rusiyayönümlü təşkilatların və şəxslərin maliyyələşdirilməsi, iqtisadi inkişaf üçün maneələrin yaradılması və s. məqsədilə Rusiyayönümlü siyasi təşkilatlar, siyasətçilər və gizli fəaliyyət göstərən qruplar formalaşdırmağa yönəlmiş tədbirlərin ardıcıl şəkildə tətbiqinə əsaslanan konsepsiyadır.
Rusiyanın son onilliklərdəki siyasətini müşahidə etdikdə, bir daha etiraf etməliyik ki, Rusiya bu müharibəni çoxdan aparır. Lakin bu müharibə xüsusilə Putinin hakimiyyətə gəlməsindən sonra daha da intensivləşib”, – ekspert bildirib.
Onun sözlərinə görə, bu gün gündəmdə duran əsas sual hibrid müharibənin tammiqyaslı müharibəyə çevrilib-çevrilməyəcəyidir.
“Yaxud heç olmasa, onun əhəmiyyətli dərəcədə intensivləşməsi mümkündürmü? Miqyası genişlənəcəkmi? Bütün bunlar müqavimətin nə dərəcədə güclü və vahid olacağından asılıdır. Sadə desək, birincisi, Baltikyanı ölkələr də daxil olmaqla, NATO ölkələri müqavimət göstərəcəklərmi, ikincisi isə onlar təkbaşına müqavimət göstərəcəklər, yoxsa digər ölkələr tərəfindən dəstəklənəcəklər? Əsas sual isə ABŞ-ın Avropanı dəstəkləyib-dəstəkləməyəcəyidir.
Düzgün suallar qoymaq, onlara cavab verməkdən xeyli asandır. Amma yenə də... Baltikyanı ölkələr 1940-cı ildən fərqli olaraq, birmənalı şəkildə müqavimət göstərəcəklər. Avropa İttifaqının bir çox ölkəsi onları dəstəkləyəcək. Bunun hansı səviyyədə olacağını və hamısının dəstək verib-verməyəcəyini söyləmək çətindir.
ABŞ Avropaya elə bir görüntü yaradır ki, heç kimi dəstəkləməyəcək – yəni “xərclərinizi özünüz çəkin!”. Digər tərəfdən isə Rusiya və Çinə müttəfiqlik öhdəliklərini yerinə yetirəcəyi görüntüsünü yaradacaq. Əslində necə olacağını heç kim bilmir. Rusiya diktatorunun vəziyyəti necə dəyərləndirdiyi də məlum deyil.
Düşünürəm ki, o, Ukrayna məsələsində səhv hesablama apardığını anlayır. Avropa ilə müharibəni istənilən halda uduzacağını anlayıb-anlamadığını isə bilmirik. Təəssürat belədir ki, o, getdikcə daha çox risk etməyə hazırdır”, – Qriqoryevs bədbin qənaətə gəlib.
Rauf Orucov