Logo
news content
User
Kateqoriyalar

Analitika

“Avropalı gəlin” Azərbaycandan nə istəyir?
Kallas əsas gözləntilərini açıqladı

“Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunam. Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var”. 

Bu barədə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-prezidenti Kaya Kallasın bəyanatında bildirilir. 

Kallas bəyanatda qeyd edir ki, Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi ortaq strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq: “Əlbəttə, insan hüquqları üzrə açıq və səmimi dialoq bizim fəaliyyətimizin ayrılmaz hissəsi olaraq qalır. Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş tarixi bir fürsətdir və bu dinamikanı qoruyub saxlamaq vacibdir. Aİ-nin bunu dəstəkləmək üçün etimad qurucu tədbirlərdən tutmuş mina təmizləmə fəaliyyətinə qədər bir sıra vasitələri vardır ki, bu sahələrdə biz artıq ən böyük donoruq”.

Avropa İttifaqı -Azərbaycan münasibətlərinin 30 illik tarixə malik olsa da, ikitərəfli əlaqələr regionun digər ölkələri ilə müqayisədə zəif inkişaf edib. Münasibətləri üç əsas mərhələyə bölmək olar:

Təməl mərhələsi (1996-2009): 1996-cı ildə imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə hüquqi baza qurulub. Azərbaycanın 2004-cü ildə Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə Şərq Tərəfdaşlığına daxil edilməsi ilə əlaqələr institusionallaşdı.

Enerji tərəfdaşlığı (2011-2022): 2011-ci ildə "Cənub Qaz Dəhlizi" üzrə Birgə Bəyannamə imzalandı. 2022-ci ildə Ukrayna müharibəsi fonunda Bakıda imzalanan "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" Azərbaycanı Avropanın kritik enerji təchizatçısına çevirdi.

Nəhayət, Müasir dövr (2023-2026): İndi tərəflər sadəcə enerji deyil, "Orta Dəhliz" (nəqliyyat), yaşıl enerji (Xəzər dənizindən kabel xətti) və regional təhlükəsizlik üzrə əməkdaşlığı dərinləşdirir.

1996-cı ildə imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi bu gün də münasibətlərin əsas hüquqi sənədi olaraq qalır. 30 il əvvəlki reallıqlar üçün hazırlanmış bir sənəd hələ də qüvvədədir. Bu, faktiki olaraq o deməkdir ki, tərəflər yeni reallıqlara uyğun ortaq dil tapa bilməyiblər. 2009-cu ildə böyük ümidlərlə başlanan "Şərq Tərəfdaşlığı" müqaviləsi isə Azərbaycan üçün daha çox Ermənistanla eyni səbətə qoyulmaq və Brüsselin "demokratiya dərsləri" ilə yadda qaldı, amma real nəticə vermədi.

2017-ci ildən bəri tərəflər yeni, hərtərəfli saziş üzərində danışıqlar aparır. Artıq 9 il keçib! Bu qədər uzun çəkən danışıqlar prosesi beynəlxalq praktikada nadir hallarda rast gəlinən bir "diplomatik iflic" nümunəsidir. İrəliləyişin olmamasının əsas səbəbinə gəldikdə, bir neçə məqamı vurğulamaq vacibdir:

Aİ-nin insan haqları, demokratiya və siyasi islahatlarla bağlı sərt tələbləri Bakıda qəbul olunmur;

Azərbaycan daxili bazarı qorumaq səbəbi ilə Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmaqdan imtina edir;

Uzun illər boyu Aİ Qarabağ məsələsində "neytral müşahidəçi" statusundan kənara çıxa bilmədi. Bakı Brüsseldən beynəlxalq hüquqa söykənən kəskin mövqe gözlədiyi halda, Aİ "hər iki tərəfi sülhə çağırırıq" tipli şablon bəyanatlarla kifayətləndi. Bu, Bakıda Aİ-nin siyasi çəkisinə qarşı böyük bir etimadsızlıq yaratdı. 2020-ci ildən sonra isə Brüssel prosesə qoşulmağa çalışsa da, bəzi Avropa paytaxtlarının (xüsusilə Parisin) ermənipərəst mövqeyi Aİ-nin bitərəf vasitəçi imicini ciddi şəkildə zədələdi.

Kaya Kallasın Azərbaycana səfəri ərəfəsində yaydığı bəyanata gəlincə, orada yer alan fikirlər sadəcə bir diplomatik nəzakət deyil, Avropa İttifaqının (Aİ) Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlara uyğunlaşmaq cəhdidir. Kallasın ritorikasında sələfi Cozep Borrellin zaman-zaman emosional və tərəfli görünən ritorikasından uzaqlaşma, yerini isə daha soyuqqanlı, praqmatik və "strateji mənfəət" mərkəzli bir dilə buraxdığı aşkar hiss olunur.

Bəyanatın ilk cümləsində Azərbaycanın “etibarlı enerji tərəfdaşı” kimi vurğulanması Brüsselin Bakı qarşısında "etirafnaməsi" kimi oxunmalıdır. Ukrayna müharibəsindən sonra Rusiya qazından qopmağa çalışan Avropa üçün Azərbaycan artıq sadəcə bir alternativ deyil, həm də strateji dayaq nöqtəsidir. Kallas "etibarlı" kəlməsini seçməklə mesaj verir ki, Aİ Azərbaycanın enerji təhlükəsizliyi arxitekturasındakı rolunu tam dərk edir və bu əməkdaşlığı "strukturlaşdırılmış tərəfdaşlıq" səviyyəsinə qaldırmağa hazırdır. Bu, yaxın gələcəkdə yeni və daha genişmiqyaslı bir strateji sazişin anonsu sayıla bilər.

Kallasın çıxışında ticarət, nəqliyyat və rəqəmsal texnologiyaların xüsusi qeyd olunması Aİ-nin "Global Gateway" (Qlobal Keçid) strategiyasının Azərbaycansız mümkün olmadığını göstərir. Brüssel anlayır ki, Çindən gələn yüklərin Rusiyadan yan keçərək Avropaya çatması üçün Orta Dəhliz yeganə etibarlı yoldur. Bakının nəqliyyat qovşağı kimi çəkisi Kallasın bəyanatında "ortaq strateji maraqlar" ifadəsi ilə möhkəmləndirilir. Bu, Aİ-nin Azərbaycanın logistik imkanlarına böyük sərmayə yatırmaq istəyinin ifadəsidir.

Bəyanatda sülh prosesinə toxunulması Brüsselin bu məsələdə təşəbbüsü tamamilə Moskvaya və ya Vaşinqtona vermək niyyətində olmadığını göstərir. Kallasın "mina təmizləmə" və "etimad qurucu tədbirlər" üzərindən etdiyi vurğu strateji gedişdir. O, Aİ-nin regiona "silahla" deyil, "yenidənqurma və humanitar dəstəklə" gəldiyini xatırladır. "Ən böyük donor" ifadəsi isə regiondakı digər oyunçulara qarşı bir "iqtisadi çəki" nümayişidir. Kallas demək istəyir ki, sülhün iqtisadi dividendini və bərpasını təmin edəcək yeganə güclü tərəf Avropadır.

Kallasın bəyanatında insan hüquqları məsələsini "açıq və səmimi dialoq" formatında təqdim etməsi mühüm bir detaldır. Bu, Aİ-nin əvvəlki illərdəki kimi diktə edən tonda deyil, qarşılıqlı müzakirə masasında danışmaq istədiyinə işarədir. Kallas anlayır ki, Azərbaycanın regionda artan hərbi-siyasi gücü və enerji potensialı fonunda sərt təzyiq dili işləmir. Buna görə də o, dəyərlər məsələsini tərəfdaşlığın "ayrılmaz hissəsi" adlandıraraq, həm daxili auditoriyanı sakitləşdirir, həm də Bakı ilə bu mövzuda daha yumşaq, lakin davamlı bir kanal saxlamağa çalışır.

Beləliklə, Kaya Kallasın bu bəyanatı Azərbaycan-Aİ münasibətlərində "praqmatik balans" dövrünün başlanğıcıdır. Avropa İttifaqı indi Azərbaycanı sadəcə bir "şərq qonşusu" kimi deyil, Cənubi Qafqazın geosiyasi ağırlıq mərkəzi və Mərkəzi Asiyaya çıxışın strateji kilidi kimi görür. Kallasın "bu dinamikanı qoruyub saxlamaq vacibdir" çağırışı əslində hər iki tərəfə mesajdır: Aİ Azərbaycanın hərbi-siyasi uğurlarını və enerji gücünü qəbul edir, əvəzində isə Bakıdan regionda sabitliyin qorunmasını və Avropanın iqtisadi maraqlarına yaşıl işıq yandırmasını gözləyir. Görünən odur ki, Kallasın rəhbərliyi dövründə Aİ-Azərbaycan münasibətləri "tənqid mərkəzli" deyil, "nəticəyönümlü strateji işbirliyi" xətti ilə gedəcək.

Turqut