Logo
news content
User
Kateqoriyalar

Analitika

Avropa Şurasının Azərbaycan hökumətinə verdiyi vaxt bitir

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının icrasına nəzarət edən qurum - Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan hökumətinə verdiyi vaxtın bitməsinə bir gün qalıb.

Söhbət Nazirlər Komitəsinin martın 5-də Avropa Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq qəbul etdiyi aralıq qətnamə və bununla əlaqədar Azərbaycana çağırışından gedir. Avropa Şurasına üzv dövlət üçün AİHM qərarlarının icrası məcburidir. Bu, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 46-cı maddəsində də əksini tapıb. Üzv dövlət qərarı icra etmirsə, Avropa Şurası qarşısında götürdüyü öhdəliyi pozmuş olur.

Nazirlər Komitəsi ilk dəfə idi ki, Konvensiyanın 46-cı maddəsinə uyğun addım atırdı. Bu da müxtəlif vaxtlarda həbsdə saxlanmış 8 nəfər azərbaycanlı ictimai-siyasi fəalın işi üzrə AİHM qərarlarının icra olunmamasıyla əlaqədar idi. Bunlar ReAL sədri İlqar Məmmədov, partiya İdarə Heyətinin üzvü Rəsul Cəfərov, hüquq müdafiəçisi İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin keçmiş üzvləri Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov Üzeyir Məmmədlidir. Avropa Məhkəməsi bu 8 nəfərin hamısının işində Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə sui-istifadənin yolverilməzliyi) maddələrinin pozuntusunu tanıyıb. Bu da o deməkdir ki, AİHM adları çəkilən şəxslərin siyasi motivlərlə həbs olunduğunu, onların işinə Azərbaycan məhkəmələrində qanuna uyğun, ədalətli baxılmadığını təsdiqləyib. AİHM qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi isə Azərbaycan hökumətinə dəfələrlər çağırış edib ki, bu şəxslərin işinə yenidən baxılsın.

“Komitə Azərbaycanın bu qrupdan olan ərizəçilərin hüquqlarını bərpa etməməsindən dərin təəssüf hissi keçirir. Hakimiyyəti bütün səkkiz ərizəçi barəsindəki ittiham hökmünü təxirəsalınmaz şəkildə ləğv etməyə, onların mülki və siyasi hüquqlarının tam bərpasını təmin etməyə çağırırıq. Avropa İnsan Haqları Məhkəməsi onları cəzalandırmaq və susmağa məcbur etmək üçün cinayət hüququndan istifadəni qanunsuz sayıb. Məhkəmə belə nəticəyə gəlib ki, onların haqqında verilən qərarlar hökumətin cinayət hüququndan qanunsuz istifadə edərək tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını və hüquq müdafiəçilərini cəzalandırmasını əks etdirib”, - deyə Nazirlər Komitəsinin martın 5-də qəbul etdiyi sənəddə qeyd olunub.

Sözügedən 8 nəfərlik qrupun işi ilə bağlı görülən tədbirlər haqda Nazirlər Komitəsinə hesabat üçün Azərbaycan hökumətinə aprelin 30-na qədər vaxt verilib. Və bu müddət artıq başa çatmaq üzrədir. Hələ ki 8 nəfərdən ancaq ikisinin – İlqar Məmmədov və Rəsul Cəfərovun işinə baxılıb, onların barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Qanunsuz həbsdə saxlandıqlarına görə ReAL sədrinə 234 min, R.Cəfərova isə 57 min 400 manat kompensasiya təyin edilib.

Qalan 6 nəfərin işinə isə aprelin 30-na qədər baxılmayacağı dəqiqdir. Ümumiyyətlə, onların özlərinə və ya vəkillərinə işə Ali Məhkəmənin Plenumunda yenidən baxılacağı haqda bildiriş gəlməyib. Avropa Şurası Nazirlər Komitəsinin iyunda növbəti toplantısı keçiriləcək və orada Azərbaycanla bağlı aralıq qətnamənin də müzakirəsi gözlənilir.

Səkkiz nəfərlik qrupdakı şəxslərdən ikisinin – Üzeyir Məmmədli və Rəşad Həsənovun hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev “Press Klub”a bildirdi ki, əslində bu işlərin hamısına eyni vaxtda baxılmalıydı. Çünki Nazirlər Komitəsi də onların arasında fərq qoymur, bir qrupda birləşdirib və hamısına yenidən baxılmasını tələb edir. Amma Ə.Mustafayev onu da istisna etmir ki, Azərbaycan bu 8 işi hissə-hissə olmaqla, xronoloji ardıcıllıqla araşdırır, ona görə də İ.Məmmədov və R.Cəfərovun işinə əvvəl baxıldı. Bununla belə, vəkil qeyd etdi ki, deyilən vaxtda – aprelin 30-na qədər yalnız iki işə baxılması narahatlığa əsas yaradır: “Bir müddət gözləyəcəyik. Əgər digər işlərə baxılmasa, qərarların icra olunmamasıyla əlaqədar şikayətimizi Nazirlər Komitəsinə bildirəcəyik”.

Siyahıda adı olanlardan Anar Məmmədli ümid edir ki, qalan 6 nəfərin, o cümlədən özünün də işinə Plenum yaxın vaxtlarda baxacaq. A.Məmmədli Nazirlər Komitəsinin iyunda keçiriləcək toplantısını və Azərbaycanla bağlı gözlənilən müzakirələri yada salır, düşünür ki, hər halda, Azərbaycan hökuməti vəziyyətin ciddiliyinin fərqindədir: “İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı məsələ həllini tapsa belə, qalan işlərə baxılmasa, bu cür nəticə Nazirlər Komitəsini qane etməyəcək. Nazirlər Komitəsi Azərbaycan hökuməti ilə səkkiz nəfərin işinə dair kommunikasiya aparır. Mən tərəflərdən biri olduğuma görə kommunikasiya prosesində hökumətin cavablarından da xəbərdaram. Hokumət onun da fərqindədir ki, qərarlar icra olunmasa, Konvensiyanın 46-cı maddəsi ilə bağlı müzakirələr yenidən gündəmə gələ bilər. Dövlət öhdəliyə əməl etmirsə, bu halda, həm də Avropa Şurası üzvlüyündən xaric olunma məsələsi ortaya çıxa bilər”.

A.Məmmədli onu da qeyd etdi ki, əvvəl Avropa İnsan Haqları Məhkəməsinin təyin etdiyi kompensasiyanın ödənişi məsələsində də hökumət ona problem yaradırdı. Amma son bir ildə kompensasiya hissə-hissə olmaqla, ödənilib: “Mənim üçün əsas kompensasiya deyil. Bizim üzərimizdən məhkumluq götürülməlidir. Bu məhkumluq bir sıra hüquq və azadlıqlarımızı məhdudlaşdırır. Məsələn, sərəncamverici orqanlarda təmsil olunmaq, seçkidə namizəd kimi iştirak… Ali Məhkəmənin vaxtında bu məsələyə baxması həm də bu baxımdan faydalı olardı. Biz ictimai-siyasi fəaliyyətimizə görə həbs olunmuşuq, Avropa Məhkəməsi də bunu təsdiqləyib. Mənim üçün ən vacibi budur”.