Logo
news content
User
Kateqoriyalar

Analitika

Atəşkəsin bərpası üçün Azərbaycana təzyiq artır

Rusiya, ABŞ və Fransa xarici siyasət idarələrinin rəhbərləri birgə bəyanatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dərhal dayandırılmasına çağırıblar. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Mayk Pompeo, Fransanın xarici işlər və Avropa məsələləri naziri Jan-İv Le Drian tərəfindən imzalanan bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda zorakılığın təhlükəli və görünməmiş şəkildə eskalasiyası qətiyyətlə qınanır:

“Nazirlər bəyan edirlər ki, istər təmas xətti boyunca, istərsə də Dağlıq Qarabağ münaqişəsi zonasından kənarda - Azərbaycan və Ermənistan ərazilərində mülki obyektlərə son hücumlar, eləcə də bu cür hücumların ölçüsüz olması regionda sabitliyə qəbuledilməz təhlükə yaradır. ATƏT-in Minsk Qrupunun həmsədri olan üç ölkə liderinin 1 oktyabr tarixli bəyanatına istinad edərək nazirlər münaqişə tərəflərini dərhal, qeyd-şərtsiz atəşkəs rejiminin bərpasına çağırırlar.  

Həmsədr ölkələr ATƏT və beynəlxalq ictimaiyyət tərəfindən, Minsk Qrupuna üzv ölkələrin dəstəyi ilə onlara verilmiş mandatı tam şəkildə həyata keçirməkdə qərarlıdır. Bu mandata uyğun olaraq, həmsədrlər tərəflərlə qarşılıqlı fəaliyyəti ardıcıl olaraq artırmağa davam edərək onları ləngimədən nizamlanma prosesinin hər iki tərəfə yaxşı məlum olan mövcud baza prinsipləri və müvafiq beynəlxalq sənədlər əsasında bərpası üzrə üzərlərinə öhdəlik götürməyə çağıracaqlar”.   

Günün daha bir vacib xəbəri ondan ibarətdir ki, bu gün Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında növbəti telefon danışığı olub. Rusiya XİN-in məlumatına görə, Sergey Lavrov davam edən hərbi əməliyyatlardan və dinc əhali arasında ölümlərin artmasından ciddi narahatlığını ifadə edib. Rusiya tərəfindən atəşin tezliklə dayandırılmasının vacibliyi qeyd edilib. Bildirilib ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə baza prinsipləri əsasında danışıqlar prosesinin bərpasına kömək etməyə çalışacaq. S.Lavrov həmsədrlərin iştirakı ilə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyib. 

Göründüyü kimi, atəşkəsin bərpası üçün Azərbaycan hakimiyyətinə vasitəçi dövlətlər tərəfindən təzyiqlər güclənib. 

Press Klub