
“Atəş açıldı, sonra hamı ayağa durdu, o tərpənmirdi...” – ŞƏHİD HƏKİMLƏR
“Bəy otağını xatirələri ilə bəzəmişik”
01 Sentyabr 2023
Birinci Qarabağ müharibəsi dövründə dünyaya gələn oğullar İkinci Qarabağ müharibəsində döyüşdülər, şəhid, qazi, qalib oldular. Onların arasında bütün peşə sahibləri ilə yanaşı və onlarla çiyin-çiyinə həkimlər də var.
old.pressklub.az "Şəhid həkimlər" layihəsi çərçivəsində 44 günlük müharibədə şəhid olmuş tibb xidməti əməkdaşlarının həyatını, yaşam və qəhrəmanlıq hekayətini yazır. Növbəti yazımız şəhid həkim Nurlan Fərəməzov barədədir.
***
Bacısı ilə danışıb, vədələşirəm, nömrəsini yaddaşa verəndə görürəm ki, votsapda öz adını Nurum yazıb qarşısından da kədər smayliki qoyub…
***
Nurlan Əhliman oğlu Fərəməzov 1 may 1992-ci ildə Astara rayonunun Təngərüd kəndində sadə bir ailədə dünyaya gəlib. Halal əməklə yaşayan bu ailədə yeganə oğul, iki bacının bir qardaşı idi qəhrəmanım.
Orta məktəbi Təngərüd kəndində oxuyub. İlk məktəbə getdiyi vaxtlardan “həkim olacam” deyib.
Deyir, oğlumda qeyri-adilik görməmişdim, hamının uşağı kimi uşaq idi, bir az hamıdan çox oxuyan və daha ağıllı.
Nurlan 2009-cu ildə orta məktəbi başa vurub Azərbaycan Dövlət Tibb Universitetinin hərbi tibb fakültəsinə qəbul olunur. Ailə əlinə düşəni ona göndərir, Nurlan da gecə-gündüz oxuyur. Arzusu hərbi həkim olmaq idi - həm ailəsinə, hm də vətənə yararlı olmaq üçün.
Tibb Universitetini bitirəndən sonra onun təyinatını Gədəbəy rayonunda yerləşən N saylı Hərbi Hissəyə verirlər. 3 il xidmət edəndən sonra Qazax rayonunda yerləşən hərbi hissəyə göndərilir. Qazaxda da 3 il işləyib. 6 il hərbi həkim kimi çalışandan sonra səhhətində yaranan narahatlıqlara görə 2020-ci ilin avqustunda hərbi xidmətdən tərxis olunub.
Nurlan Fərəməzov ehtiyata buraxılandan bir ay sonra Vətən Müharibəsi başlayıb.
Atası Əhliman Fərəməzovun dediyinə görə Tovuz döyüşləri vaxtı Nurlan məzuniyyətdə imiş: “İki gün idi ki, evdə idi. Gecə səhərə qədər yatmadı. Dedim, a bala, xeyir ola, nə məsələdir? Dedi ki, general Polad Həşimov və mənimlə bir yerdə xidmət edən, Masallıdan olan Anar Novruzov şəhid olublar. Çox narahat idi. Səhər tezdən dedi ki, getməliyəm, mənə zəng ediblər. Kimin zəng etdiyini demədi. Dedim, axı sən məzuniyyətdəsən. “Yox, məni Masallıda gözləyirlər, kapitan dostum var, onunla bir yerdə işə qayıtmalıyam” - dedi. Bizi aldatmışdı, məzuniyyəti bitməmiş Tovuza getmişdi. Orada ona demişdilər ki, məzuniyyətdə olduğundan döyüş bölgəsinə gedə bilməzsən. “Necə yəni? Xidmət yoldaşlarım döyüş bölgəsində olsun mən məzuniyyətdə?” – deyib, məzuniyyətini təxirə salıb, hərbi hissəyə qayıtmışdı”.
Eyni hərəkəti 44 günlük Vətən müharibəsi başlayanda da təkrar edib. Yəni sözün əsl mənasında cəbhəyə getmək üçün aradan çıxıb: “Oğlum fəxr etməli oğul idi. Tərbiyəsi yerində, sakit, təmkinli, çox savadlı övlad idi. Oxuduğu məktəbdə də, hər yerdə özünə hörmət qazanmışdı. Çox da vətənpərvər. Onda qorxu, çəkinmək yox idi. Vətən müharibəsi başlayanda dedi, gedirəm. Anası soruşdu ki, hara? Dedi, müharibəyə. Anası dedi, heç sən bilirsən müharibə nədir? Nurlan “ana, bəs sən bilirsənmi müharibədə şəhid olmaq nədir?” - soruşdu. Özü də cavab verdi ki, “bilmirsən!” Demək, oğlumun qismətində də şəhidlik var imiş”.
Anası Həqiqət xanım deyir ki, nə olduğunu, niyə olduğunu heç kimə deməzdi. Biləndə ki, səhhətində nə isə problem var, ürəyim qırıldı: “Dedi narahat olma, mən həkiməm, mənə heç nə olmaz. Heç mənə əziyyət verməzdi. Müharibədə olanda da heç kimə əziyyət verməzdi. Hər zəng edəndə deyirdi, çox yaxşıyam, ana. Hər şey yaxşıdı və daha da yaxşı olacaq”.
“Təxris olunandan sonra Almaniyaya gedəcəkdi. Orda təhsilini davam edəcəkdi. Mən də çox istəyirdim ki, ordan qayıtsın, evləndirim onu”.
44 günlük Vətən müharibəsi başlayanda Nurlan Fərəməzov artıq tərxis olunmuşdu, getməyə də bilərdi, çıxıb gedərdi Almaniyaya təhsilinin arxasınca, sonra da qayıdıb, evlənib, anasını da gəlin gətirmək kimi müqəddəs arzusuna qovuşdurardı. Olmazdı, Nurlanlar vətəni darda qoyub getməzlər, vətənə köməyə gedərlər.
Anası deyir, Nurlanla bağlı çox arzum var idi, amma heç biri qismət olmadı, ürəyimdə qaldı: “Çox qürurlanırdım oğlumla. Ağırdır, çox ağırdır. Həmişə narahat idim, içimdəki narahatlıqdan qurtula bilmirdim. İndi nə deyim ki? Daha qorxduğum olub, yaşamışam…Getməyə bilərdi. Dilindən düşmürdü Qarabağ sözü, deyirdi bu töhmətdən qurtarmalıyq. Ən çox vətəni, torpağı sevirdi. Ona görə də dedi qala bilmərəm, getdi. Həmişəlik getdi..."
Nurlan hərbidən tərxis olunandan sonra həm ailəsi, həm də dostları düşünüblər ki, daha ona zaval yoxdur, həmişə yanlarında olacaq, evlənəcək, çünki xidmət etdiyi müddətdə heç vaxt özünün düşünməyib:
Sentyabrın 29-u sübh tezdən Nurlan Fərəməzov doğmaları ilə görüşüb, gedib. Deyib ki, narahat qalmayın, yaralılara baxacam, tezliklə qayıdacam.
“Zəng edirdim, telefonu həmişə sönülü olurdu. Deyirdi, nə vaxt imkan tapsam, özüm sizə zəng edərəm. “Yaxşıyam, narahat olma” - deyirdi. Amma mən onun yaxşı olmadığını elə bil hiss edirdim. Çox narahat idim qardaşıma görə”.
Nurlanla birlikdə savaşda olan hərbi həkim Vüqar Ağayev Nurlanın ailəsinə danışıb ki, xidmətə eyni maşında gedirdik: “Çox igidliklər göstərən, qəhrəmanlıqla şəhid olan polkovnik-leytenant Nail Orucov da bizimlə idi. Bir həftə eyni otaqda qaldıq. Bir həftədə çox doğmalaşdıq. Həyat dolu gənc idi Nurlan. Təəssüf edirəm ki, belə keyfiyyətli həkimi, insanı gec tanımışam. Hərbi forma veriləndə də ilk o gedib geyinmişdi. Bir də görürdüm, Nurlan yoxdu. Əsgərlərin yanında olurdu bütün günü. Bir neçə gündən sonra döyüşlərə yollandıq. Elə sevinirdi ki, Vətən savaşında payı olacaq deyə. Püxtələşmiş cavan həkim idi. Çox çevik idi, heç ölümdən qorxmurdu. Heç özünü düşünmürdü. Hara gəldi, atılırdı. Hamıya ilkin yardım göstərmək istəyirdi. O qədər yaralı daşıyırdı ki. Halbuki xəstəxanada xidmət etməli idi, amma özü ən qaynar nöqtələrdə olurdu. Deyirdi, birdən hansısa yaralı köməksiz qalar, birdən kiminsə ilk yardıma ehtiyac olar. Nə bilim, sözəgəlməz möcüzə adam idi. Həm həkim, həm də əsgər idi. Sonra ayrılmalı olduq. Mən Cəbrayıl, o isə Fizuli istiqamətindəki döyüşlərə getdi. Zəng edirdi, məndən hal-əhval tuturdu. Sonra mən yaralanmışam, Füzuli hospitalına aparıblar. Özümə gələndə baxdım ki, bir neçə dəfə zəng vurub. Sonra ondan xəbər çıxmadı. Çox ağrılı olsa da, düşündüm ki, şəhid olub, çünki Nurlan sağ olsaydı, hökmən zəng edərdi mənə..."
***
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nurlan Fərəməzov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ramilə Qurbanlı