Logo
news content
User
Kateqoriyalar

Analitika

Asan və sürətli qələbə gözləntisi

Azərbaycan Ordusunun 5 həftə ərzində işğal altında olan 200-dək yaşayış məntəqəsini, 4 şəhəri, 3 qəsəbəni işğaldan azad etməsi cəmiyyətdə böyük ruh yüksəkliyi ilə bərabər, daha böyük gözləntilər də yaradıb. Dövlətə, Silahlı Qüvvələrə inam yüksəlib, insanlar tam qələbəyə kökləniblər. Bu günlərdə döyüşlərin Şuşa, Laçın, Xankəndi ətrafında getməsi barədə məlumatların yayılması da ictimai fikirdə çox qısa müddətdə zəfər əldə olunacağı fikrini möhkəmləndirir. Qeyd edək ki, bu məlumatların bir qismi separatçıların və Ermənistanın rəhbər şəxslərinin dilindən səslənib. Ötən həftə qondarma rejimin başçısı Araik Arutunyanın Azərbaycan əsgərlərinin Şuşanın 5 kilometrliyində olması barədə həyəcanlı açıqlama ilə çıxış etməsi böyük rezonans doğurmuşdu.

Prezident İlham Əliyev "Twitter”də son olaraq, Qubadlı və Zəngilan rayonlarının daha 8 kəndinin azad olunduğunu açıqlayıb. Sosial şəbəkələrdə isə bəzi istifadəçilər hər gün azad edilən kəndlərlə qane olmur və qısa müddətdə işğaldakı bütün kənd və şəhərlərimizin, o cümlədən Şuşanın, Kəlbəcərin, Laçının, Xankəndinin azad edilməsini gözləyir. Bununla qələbənin asan əldə olunduğu təəssüratı yaranır. Halbuki bu, kompüter oyunu deyil, real müharibədir.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu məqama diqqət çəkib. O bildirib ki, biz cəbhədə qanı, canı bahasına döyüşən əsgərlərimizin zəhmətini yüksək qiymətləndirməliyik: “Əsgərlərimizin döyüş tapşırığı, onların yerləşdiyi ərazilərlə bağlı məlumatların verilməsi onların canı bahasına başa gələ bilər. Vətəndaşlarımızdan xahiş edirik ki, rəsmi mənbələrə istinad etsinlər. Ermənistan isə öz ictimaiyyətindən həqiqəti gizlədir”.

Psixoloq, hərbi ekspert Azad İsazadə cəmiyyətin hazırki psixoloji durmunu qiymətləndirərkən bildirib ki, həm pozitiv, həm də neqativ məqamlar var:

"Sözsüz ki, torpaqların, şəhərlərin azad olunması xəbəri pozitiv emosiya yaradır. Səhəri gün hansısa şəhərə raket zərbəsi endirildiyini eşidəndə neqativ emosiya yaranır. Bilirsiniz, İkinci Dünya Müharibəsindən sonra bəstələnmiş “Qələbə günü” adlı sovet mahnısı var. Göz yaşları ilə qələbə günü. Biz hazırda faktiki, o vəziyyətdə yaşayırıq. Biz göz yaşımızı tökə-tökə qələbəni gözləyirik, çünki şəhidlər də veririk".

Məlumdur ki, Azərbaycan Ordusu artıq sərt dağlıq relyefdə mürəkkəb əməliyyatlar aparır. Düşmən təbii istehkamlardan istifadə edərək müqavimətini artırmağa çalışır.

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, ilk növbədə şəhər və ya kəndin azad edilməsi üçün yüksəkliklərin azad edilməsi vacibdir. Yüksəkliklər isə addım-addım azad olunur. Ekspert qeyd edib ki, qoşunlarımız irəlilədikcə yüksəkliklər də artır:

"İkincisi, dağlıq ərazilərdə yol infrastrukturunun olmaması, çox vaxt alternativi olmayan yollardan istifadə və onların geri çəkilən düşmən tərəfindən minalanması, dağ çayları üzərindən keçən körpülərin sıradan çıxarılması, mövcud yolların məhdud buraxılış qabiliyyəti, sərt eniş, yoxuş və döngələr, düşmənin pusqu ehtimalı və s. qoşunların hərəkət sürətinə mənfi təsir edir”.

Ə.Verdiyevin sözlərinə görə, iqlim şəraiti hücumda olan əsgərimizə düşməndən heç də az müqavimət göstərmir:

“Dağlarda yağıntı düzənliyə nisbətən iki dəfə çox olur. Gecə və gündüz arasında 20 dərəcəlik temperatur fərqi, tez-tez havanın dəyişməsi və güclü küləklər müşahidə edilir. İldırım ehtimalı daim yüksək qalır. Dağlıq ərazidə, duman və ya çiskində istiqaməti saxlamaq, döyüşmək, sağ qalmaq, düşməni məhv etmək və verilən tapşırığı yerinə yetirmək yeni şəhər və ya rayonla bağlı istək bildirmək qədər asan deyil. Həmçinin, Dağlıq Qarabağın 2000 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərində sərt yoxuşları, hər 100 metr artan yüksəklik üçün temperaturun 0.6 dərəcə soyumasını, təzyiqin 10 mm c.s. enməsini, oksigen sıxlığının 1.2 faiz azaldığını, günəş radiasiyanın 1-2 faiz, ultrabənövşəyi şüaların 5-10 faiz artdığını, qanda oksigenin azaldığını da nəzərə almalıyıq. 3000-dən yuxarı yüksəklərdə isə insan iştahasını itirir, pis eşidir, görmə zəifləyir. 5000 metrdə insan müsbət 6 dərəcə temperaturda dona bilər”.

Turqut