Logo
news content
User
Kateqoriyalar

Analitika

Ankara-İrəvan təmasları: Bakı nə deyir?
Yeni "diplomatik dalğa" diqqəti bölgəmizə yönəldib

Son günlər Türkiyə ilə Ermənistan arasında aktivləşən diplomatik təmaslar, bu kontekstdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın ermənistanlı həmkarı Ararat Mirzoyanla apardığı telefon danışığı və infrastruktur layihələri ətrafındakı müzakirələr Cənubi Qafqazda diqqəti yenidən bu xəttə yönəldib.

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər təkcə ikitərəfli münasibətləri deyil, həm də regional əməkdaşlıq məsələlərini və çoxtərəfli platformalardakı gündəmi müzakirə ediblər.

Daha əvvəl Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə də Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi və əldə olunmuş razılaşmaların icrası nəzərdən keçirilib. Liderlər ikitərəfli əlaqələrə yeni təkan vermək niyyətində olduqlarını vurğulayıblar. Tərəflər ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsini, iş adamları arasında birbaşa təmasların qurulmasını zəruri hesab ediblər. Eyni zamanda, simvolik əhəmiyyət daşıyan tarixi Ani körpüsünün birgə bərpası layihəsinin ardıcıl şəkildə həyata keçirilməsi razılaşdırılıb.

Bu görüşdə regional məsələlər də geniş müzakirə olunub. Ərdoğan və Paşinyan Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olunmasının regionda əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildiriblər. Bu çərçivədə regional kommunikasiya xətlərinin açılması zərurəti qeyd edilib.

Prezident Ərdoğan BMT kürsüsündən çıxışında da Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşması prosesinin planlaşdırıldığı kimi getdiyini vurğulayıb. Həmçinin Ermənistan tərəfi də sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması üçün zəruri addımların atıldığını, sərhəd-keçid məntəqələrində infrastruktur işlərinin yekunlaşdığını bildirmişdi.

Bundan əlavə, oktyabrın əvvəlində İrəvanda Ermənistan və Türkiyə rəsmilərinin görüşərək Gümrü-Qars elektrik ötürücü xəttinin bərpası işlərini müzakirə etməsi, həmçinin hər iki ölkənin enerji sistemlərinin bir-birinə bağlanmasının vacibliyini vurğulaması diqqət çəkir. İrəvan bu cür layihələr vasitəsilə təcrid olunmuş vəziyyətdən çıxmağa, Türkiyə ilə iqtisadi körpülər salmağa çalışır. Lakin Ankara hər zaman olduğu kimi, bu prosesdə Azərbaycan amilini və sülh gündəliyini əsas şərt hesab edir.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın sentyabrın 15-də Azərbaycana səfəri Bakının erməni-bolşevik işğalından azad edilməsinin ildönümünə təsadüf etməsi ilə simvolik məna daşımaqla yanaşı, həm də gərgin geosiyasi mühitdə iki müttəfiqin saatları tənzimləməsi zərurətindən irəli gəlirdi.

Bakıdakı görüşlərdə əsas müzakirə mövzuları aşağıdakılardan ibarət idi:

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizi daxil olmaqla kommunikasiyaların açılması məsələsində ortaq mövqenin qorunması;

İki ölkə arasında ticarət dövriyyəsinin artırılması və regional nəqliyyat dəhlizlərinin təhlükəsizliyi.

Bu səfər bir daha göstərdi ki, Ankara ilə Bakı arasında hər hansı mühüm regional addım atılmamışdan əvvəl ən yüksək səviyyədə məsləhətləşmələr aparılır.

Bununla belə, ekspert dairələrində İrəvan ilə Ankara arasında elektrik xətlərinin bərpası, enerji sistemlərinin inteqrasiyası və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı müzakirələrin intensivləşməsi müəyyən suallar doğurur: Mümkündürmü ki, Türkiyə Azərbaycanla sülh imzalanmadan Ermənistana birtərəfli güzəştlər etsin və ya sərhədləri açsın?

Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, İrəvanla münasibətlərin tam normallaşması və sərhədlərin açılması birbaşa Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam tanımasından, sülh müqaviləsini imzalamasından və Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsindən asılıdır.

Turqut