
Andiçmə mərasimində səslənən “Zəngəzur” bəyanatı kimə ünvanlanıb?
İranın ali lideri yenidən ortanı qarışdırmağa çalışır
03 Avqust 2024
Son günlər İran dünyanın diqqət mərkəzindədir. HƏMAS lideri İsmayıl Haniyənin Tehranın mərkəzində raket atəşi ilə öldürülməsi, ölkənin ali dini lideri Əli Xameneinin İsraili cavab zərbəsi ilə hədələməsi və İran-İsrail müharibəsinin başlaması ehtimalı əsəbləri tarıma çəkib. Bu mənada, Haniyənin öldürülməsi, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimini də kölgədə qoydu. Amma bizim üçün deyil.
Pezeşkianın andiçmə mərasiminə 80 ölkənin rəsmisi qatılmışdı. Bu rəsmilər arasında Ermənistanın və Azərbaycanın Baş nazirləri Nikol Paşinyanla Əli Əsədov da vardı. Nikol Paşinyan elə səfər günü Məsud Pezeşkian və İranın ali lideri Əli Xamenei tərəfindən qəbul edildi. Əli Əsədovu isə səfərinin ilk günündə vitse-prezident Məhəmməd Rza Ariflə görüşdü. Yeni prezident Pezeşkian isə Azərbaycanın baş nazirini ancaq ertəsi gün - iyulun 31-də qəbul edib. Görüşdə Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.
Maraqlıdır ki, Əli Xamenei Paşinyan ilə görüşdən sonra “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Paylaşımda açıq mətnlə qeyd olunub ki, “Tehran Zəngəzur marşrutunun Ermənistanın zərərinə olduğunu düşünür və bu mövqeyində qalmaqdadır”. Paşinyan isə buna cavab olaraq bildirib ki, Ermənistan öz ölkəsinin ərazisində heç bir regiondan kənar marşrutu tanımır.
Xamenei postu farsca yazmaqla yanaşı, eyni zamanda həm azərbaycanca, həm də türkcə yazması mesajın kimə ünvanlandığını açıq-aydın göstərir. Yəni, Tehran Ankara və Bakıya “mənim iradəmdən kənar heç bir dəhliz ola bilməz” mesajı verir.
Ortaya suallar çıxır. Xamenei niyə yenidən Zəngəzur dəhlizi məsələsini qaldırıb? İran Zəngəzur dəhlizinin açılması ilə bağlı maneə yarada bilərmi? Hər iki dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə ediblər. Amma bu məmnunluq ifadəsi nə qədər səmimidir? Və nəhayət, Ermənistan və Azərbaycan baş nazirlərinin fərqli qəbulu nədən xəbər verir?
Mövzu ilə bağlı Pressklub.az-a danışan politoloq Şahin Cəfərli bildirir ki, İranın Ali dini rəhbəri ölkəsinin bu məsələ ilə bağlı məlum olan mövqeyini bir daha ortaya qoyub:

“Hamıya məlumdur ki, İran Zəngəzur nəqliyyat kommunikasiyasının dəhliz status almasının əleyhinədir. Bu, onun maraqlarına ciddi təhlükələr yaradır. Zəngəzur nəqliyyat kommunikasiyası Ermənistan hökumətinin nəzarətindən kənar dəhliz şəklində fəaliyyət göstərsə, İran Cənubi Qafqaz regionunda dəhlizə nəzarət edən ölkədən asılı hala gəlir. Məsələn, dəhlizə Azərbaycan tərəfi nəzarət edəcəksə və ya Rusiyanın nəzarətində olacaqsa, bu o deməkdir ki, İranın Cənubi Qafqaza çıxışı tamamilə Azərbaycandan və ya Rusiyadan asılı duruma düşəcək. Bu isə İranın regional maraqları üçün çox əlverişsiz vəziyyətin yaranmasına səbəb olacaq”.
Politoloq deyir ki, İran heç bir tərəfin müdaxiləsi olmadan Ermənistanla birbaşa münasibətlərin qurulmasında maraqlıdır. Digər tərəfdən isə İran Ermənistan vasitəsi ilə Gürcüstana, oradan da Qara dəniz limanları vasitəsi ilə Avropaya çıxmağa meyllidir: “Amma bu dəhlizin nəzarətdə olması İranın Gürcüstana və Avropaya çıxmasını asılı vəziyyətə salacaq. Yəni, Zəngəzur dəhlizi faktiki olaraq bölgə geosiyasətində İranın mövqeyini ciddi şəkildə zəiflədə bilər. Bu baxımdan İran İkinci Qarabağ müharibəsindən bu günə kimi qətiyyətlə dəhliz ideyasına qarşı çıxış edir. İran müharibədən sonra regionda bir neçə hərbi təlim də keçirərək bu məsələdə nə qədər qətiyyətli və qərarlı olduğunu nümayiş etdirdi. Moskva və Tehran tərəfdaşlıq strategiyasına malik olsalar da, İran Rusiyanın, Türkiyənin, hətta Azərbaycanın da regionda indikindən daha artıq güc toplamasında maraqlı deyil”.
“Müharibədən sonrakı dövrdə yeni qüvvələr nisbəti və yeni status-kvo formalaşır. Təbii ki, bu status-kvonun formalaşması mərhələsində də İran öz maraqlarını maksimum qorumağa və təmin etməyə çalışır. Bu baxımdan Zəngəzur dəhlizi ideyası ilə bağlı İranın mövqeyinin dəyişəcəyini gözləməyə dəyməz. Amerika və Rusiya dəhlizin açılmasında müəyyən qədər maraqlıdır. Amma onların mövqeləri fərqlidir. Amerika bu kommunikasiyanı dəhliz şəklində deyil, adi bir yol kimi açılmasının tərəfdarıdır. Yəni Ermənistanın nəzarətində olacaq bir kommunikasiya dəhlizinin formalaşmasında maraqlıdır”, - deyə politoloq qeyd edir.
Ş.Cəfərlinin sözlərinə görə, Rusiya istəyir ki, dəhliz açılsın. Amma Moskva onun nəzarətində olan dəhliz istəyir. Belə bir nəzarət olarsa, onun həm Ermənistanda, həm də bütün regiondakı mövqeləri güclənəcək. Bu baxımdan Rusiya ilə qərbin dəhlizlə bağlı mövqelərində prinsipial fərq var.
“Əli Əsədov və Paşinyanın İrana səfəri məsələsinə gəldikdə isə onu qeyd etməliyəm ki, Azərbaycanda və İranda baş nazirlərin statusları arasında ciddi şəkildə fərq var. Ermənistanın baş naziri faktiki ölkənin rəhbəridir, ölkənin birinci adamıdır. Azərbaycanda isə baş nazir dövlət idarəetmə sistemində ciddi rol oynamayan və minimal səlahiyyətləri olan şəxsdir. İranın indiki prezidentinin andiçmə mərasimində Ermənistanı ölkənin birinci şəxsinin, Azərbaycanı isə baş nazirin təmsil etməsi faktı isə onu göstərir ki, İran-Ermənistan və İran-Azərbaycan münasibətlərində də fərqlər var. Yəni İran-Ermənistan münasibətləri bu gün daha yüksək səviyyədədir”, - politoloq qeyd edir.
Müsahibimiz bildirir ki, İran-Azərbaycan münasibətlərində hələ də problemlər qalır. Son vaxtlar hər nə qədər yaxınlaşma müşahidə olunsa da, tərəflərin mövcud problemləri həll etmə yönündə addımlar atması görünsə də, problemlər yenə də qalır: “Azərbaycan-İran arasındakı ən fundamental problem isə qarşılıqlı etimadsızlıq məsələsidir. Çünki ortada güvən problemi var. Bu da münasibətlərə istər-istəməz öz təsirini göstərir və bundan sonra da göstərəcək. İran-Ermənistan münasibətləri isə yaxın perspektivdə inkişaf etməyə davam edəcək. Ermənistan İranın bölgə siyasətində önəmli rol oynayır. Görünən odur ki, Ermənistan tərəfi qərbyönümlü siyasət yeridir. Amma İranla da münasibətlərini yüksək səviyyədə saxlamağa çalışır ki, onun vasitəsi ilə regionda Rusiyanın, Türkiyənin, hətta Azərbaycanın təsirini neytrallaşdıra bilsin. Ermənistan hökuməti İran faktorundan balansalşdırıcı element kimi istifadə eləməyə çalışır. İndiyə qədər də bu məsələdə uğur qazandığını qeyd etmək olar. Bu günə qədər Zəngəzur dəhlizi məsələsi gerçəkləməyibsə, burada İranın rolu da var”.
“Başda İranın ali lideri olmaqla, İran mühafizəkar dairələri Zəngəzur dəhlizi məsələsindən əl çəkmək istəmir. Halbuki, bu mövzunun İrana heç bir aidiyyatı yoxdur. Bu, Azərbaycan ilə Ermənistan arasında həll olunacaq bir məsələdir”.

Bunu isə Pressklub.az-a açıqlamasında politoloq, “Atlas” Araşdırma Mərkəzini rəhbəri Elxan Şahinoğlu bildirib.
Politoloq deyir ki, Zəngəzur dəhlizinin açılması İrana heç bir təhlükə yaratmır. Bu, İran-Ermənistan sərhədinin bağlanması mənasına da gəlmir. İranın mühafizəkar hakimiyyəti bunu özü üçün qırmızı cizgi adlandırır. Paşinyan İrana andiçmə mərasiminə getsə də, yenə də bu məsələ müzakirə edilib.
“Fikrimcə, Paşinyan bununla bağlı müzakirə aparmaq istəməyib. Maraqlıdır ki, onun Məsud Pezeşkianla görüşündə bu məsələyə toxunulmayıb. Amma İranın ali dini lideri qaşınmayan yerdən qan çıxarmaq məqsədi ilə bu məsələni yenidən gündəmə gətirib. Onu da xatırladım ki, Azərbaycan və İran arasında “Araz dəhlizi”nin tikilməsi ilə bağlı razılaşma var. “Araz dəhlizi” olacaqsa, “Zəngəzur dəhlizi” niyə olmasın?”, - mərkəz rəhbəri vurğulayıb.
Şahinoğlu baş nazirlərin fərqli formada qəbul edilməsi məsələsinə toxunaraq, bunun ikili yanaşma olduğunu qeyd edib: “Pezeşkianın andiçmə mərasiminə Əli Əsədov da qatılmışdı. Amma Paşinyanı qəbul edən Xamenei Əsədov ilə görüşmədi. Bu da fərqli münasibəti göstərir”.
Mədinə Useynova