Logo
news content
User
Kateqoriyalar

Analitika

Anar: “Güman edirəm ki, tezliklə qalib gələcəyik”

Sentyabrın 27-də Azərbaycan Ordusunun Qarabağ cəbhəsində başladığı əks-hücum əməliyyatları ölkə gündəminin 1 saylı, hətta yeganə mövzusudur. Azərbaycan dövləti tarixi əhəmiyyətli mərhələyə daxil olub və artıq Cəbrayıl şəhəri, eləcə də çoxlu sayda kənd düz 27 il sonra işğaldan azad edilib. Uğurlu əməliyyatlar davam edir.

Bu uğuru mümkün edən səbəblər sırasında Azərbaycan Silahlı Qüvvələrinin ötən müddətdə xeyli güclənərək nizamlı ordu kimi formalaşmasını, müasir silah və hərbi texnika ilə təminatını, texnoloji silah sistemlərindən uğurla istifadəsini, arxa cəbhədə siyasi xaos olmamasını, xalq-dövlət-ordu vəhdətinin yaranmasını xüsusi qeyd etmək lazımdır. Xalqın özünəinam hissi qayıdıb və hər kəs Qarabağ torpaqlarının düşmən tapdağından azad ediləcəyinə inanır.

Tarixi anlar yaşadığımız bu günlərdə tanınmış şəxsiyyətlərin, ziyalıların fikirlərini öyrənib, xalqa çatdırmaq qərarına gəldik.

İlk qonağımız Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anardır.

  • Anar müəllim, Qarabağ müharibəsinin anidən başlaması Sizin üçün gözlənilən idimi?
  • Təbii ki, gözlənilən idi. 27 il az bir müddət deyil. İşğalda və erməni əsarətində olan torpaqlarımızı bir gün azad etməli olacaqdıq. O gün də məhz bu gün oldu.
  • Aparılan əməliyyatlar nəticəsində bir çox yaşayış məntəqələrimiz işğaldan azad olunub. Minsk Qrupunun həmsədr ölkələri isə atəşkəsin bərpasını tələb edirlər. Sizcə, hərbi əməliyyatlar davam etməlidir, yoxsa danışıqlar prosesi bərpa olunmalıdır?
  • Bu barədə mən hörmətli prezidentimizin sözləri ilə şərikəm və razıyam. Prezidentimiz deyir ki, atəşkəs o zaman mümkündür ki, ermənilər qoşunlarını işğaı etdikləri ərazilərimizdən çıxarsınlar, Azərbaycanın ərazi bütövlüyünü təsdiq etsinlər, ondan sonra atəşkəsə razılaşa bilərik.
  • Bölgənin böyük gücü olan Rusiyanın hazırda bu məsələ ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?
  • Rusiya hökumətinin hazırkı mövqeyi düzgündür. Onlar hələ ki qarışmırlar. Ona görə də, bu mövqeyi alqışlayıram. Hələlik qarışmırlar və güman edirəm ki, bundan sonra da qarışmayacaqlar. Lakin Rusiya mediası aktiv anti-Azərbaycan təbliğatı aparır, ermənipərəst mövqe tutur və rus ictimaiyyətinə ancaq feyk xəbərlər ötürür.
  • Qarabağ müharibəsi mövzusunda əsər yazmaq düşüncəniz varmı?
  • Zamanla bu barədə yazmışam. Siz zəng edən zaman elə iyirmi səhifəlik publisist yazı yazırdım. Bu gün-sabah onu bitirib, qəzetlərə təqdim edəcəyəm ki, hamı bilsin, mən Qarabağ məsələsini necə başa düşür və dərk edirəm.
  • Hazırkı mərhələdə həmvətənlərinizə nə deyə bilərsiniz?
  • Səbr, iradə və ümid... Həqiqət bizim tərəfimizdədir. Tarix bizim tərəfimizdədir. Allah bizimlədir. Və güman edirəm ki, tez bir zamanda biz qalib gələcəyik. Mən həm xalqımla və ordumla, həm də dəyanətli, qürurlu, qüdrətli prezidentimlə fəxr edirəm...
Ülviyyə Şahin