Logo
news content
User
Kateqoriyalar

Analitika

Alpinist oğrunun macəraları...
Tanınmış, imkanlı şəxslərin mənzillərindən qeyri-standart üsullarla oğurluq etmək üçün illərlə hazırlaşmış Cavid Süleymanovun hekayəsi

Bakıda əsasən yeni tikilmiş hündürmərtəbəli binalardan, o cümlədən vəzifəli şəxslər və ya onların övladlarının mənzillərindən yüz minlərlə nağd pul, eləcə də qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunan Cavid Süleymanovun ifadələri onun işini araşdıran müstəntiq və hakimləri də təəccübləndirib. Məlum olub ki, çoxmərtəbəli binalardakı mənzillərə alpinist texnikasıyla daxil olan Cavid Süleymanov oğurluğa illərlə hazırlaşıb. O, Bakıda zərgərlik sexində işləyərək qızıl əritməyi, zinət əşyaları düzəltməyi öyrənib. Daha sonra xarici ölkələrdən birində alpinizm kurslarına yazılıb.

Cavid Süleymanovun dediyinə görə, o, hansı evə girəcəyi barədə qərarı bir neçə günlük müşahidədən sonra verib. Binaların qarşısında müşahidə aparıb, şəkillər çəkdiyini deyən Cavidin sözlərinə görə, o, hansı mənzillərdə günlərlə işıq yandırılmadığına və yaxud da işığın daim yanılı halda saxlanılmasına diqqət yetirirmiş. Mənzildə günlərlə işıq yanmaması orada heç kimin olmadığından xəbər verir. Amma elə hallar da olur ki, ev sahibi kənarda olsa belə, mənzildə kiminsə olması görüntüsünü yaratmaqdan ötrü işığı söndürmədən gedir.

Bəzən isə o, plastik çöpü qapının açar yerinə salmaqla yoxlama aparırmış. C. Süleymanov onu da bildirib ki, mənzillərə əsasən eyvanlardan daxil olsa da, oğurluq başa çatanda qapınının açarını da sındırırmış. Məqsəd isə izi azdırmaq - oğrunun evə məhz qapıdan girməsi görüntüsünü yaratmaq olub. O, uzun müddət hüquq-mühafizə orqanlarından yayına bilib. Lakin polis general-leytenantının oğluna məxsus mənzildən oğurluq etdikdən sonra yaxalanıb.

C. Süleymanov evlərdən oğurlanan qızıl-zinət əşyalarını yaşadığı evdə düzəltdiyi zərgərlik emalatxanasında əridirmiş. Sonrada onlardan tamam fərqli formada yeni zinət əşyaları düzəldib, Bakıdakı mağazalarda satırmış.

Cavid Süleymanov məhkəmədə bütün bunlar barədə danışmaq istəməyib. O bildirib ki, iki həftə əvvəl Bakı İstintaq Təcridxanasında çarpayıdan yıxılıb, ona görə də çox şey yadında deyil. Vəkili də onun psixi xəstəlikdən əziyyət çəkdiyini, istintaq zamanı keçirilmiş ekspertizanın bunu təsdiqlədiyini söyləyib. Lakin müdafiəçi ekspert rəyini natamam sayır. Rəydə qeyd olunub ki, Cavid Süleymanovun psixi xəstəliyi olsa da, oğurluq hadisələri baş verən zaman o, hərəkətlərinin nəticəsini dərk edib. Yəni cinayətləri anlaqlı vəziyyətdə törədib. Vəkil isə bu rəylə razılaşmır və Bakı Ağır Cinayətlər Məhkəməsində vəsatət qaldırıb ki, müvəkkili yenidən psixi ekspertizadan keçirilsin. Müdafiəçinin sözlərinə görə, Cavid Süleymanov psixi xəstəliyinə görə dəfələrlə müxtəlif klinikalarda müalicə alıb.

“Rəydə yazılıb ki, xəstəliyin intermissiya mərhələsindədir. Bu, müvəqqəti xarakter daşıyır. Bu xəstəliyin daşıyıcıları ağlagəlməz təhlükəli hərəkətlər edə bilər. Cavid Süleymanov 2020-ci ildə də psixi xəstəlikdən müalicə alıb. O, xəstəxanaya Təcili Tibbi Yardım tərəfindən yerləşdirilmişdi. Xroniki psixi xəstəlikdən əziyyət çəkdiyinə görə dəfələrlə müalicə olunsa da, durumu qənaətbəxş deyil. Həbsdə olduğu müddətdə xəstəliyi aktivləşib. Təsadüfi deyil ki, Bakı İstintaq Təcridxanasında da o, özünə xəsarət yetirməyə meylli şəxs kimi qeydiyyata götürülüb”, - deyə vəkil vurğulayıb.

Amma hakim vəkilin təkrar ekspertiza keçirilməsi haqda vəsatətini təmin etməyib. Ona bildirilib ki, istintaqdakı ekspertizanın rəyi tədqiq olunanda bu məsələyə baxıla bilər.

Oğurluqlar zamanı Cavid Süleymanova yardım etməkdə ittiham olunan Əhməd Əhmədovun vəkili isə onun ev dustaqlığına buraxılmasını istəyib: “O, sadəcə, taksi xidməti göstərməklə, texniki dəstək verib. Zərərçəkmişlərin heç birinə birbaşa ziyan vurmayıb. Daimi yaşayış yeri var, məhkəmədən yayınmaq niyyətində deyil…”

Hakimlər isə Əhməd Əhmədovu ev dustaqlığına buraxmaqdan imtina edib.

Bu cinayət işi üzrə 8 nəfər zərərçəkmiş var. Bunlar Emil Yusifli, Elçin Tağıyev, Ceyhun Sultanov, Vüsal Mirzəyev, Cəlal İsayev, Orxan Quliyev, Vasif Əliyev və Ağaşirin Əkbərovdur.

Adları çəkilən zərərçəkmişlərdən Ceyhun Sultanov keçmiş futbolçu, “Keşlə” futbol klubunun idman direktorudur. Cəlal İsayev ölkənin keçmiş baş infeksionisti (pandemiya dövründə vəzifəsindən azad edilib), Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiridir. Vüsal Mirzəyev isə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, general Sahib Mirzəyevin oğludur. Sahib Mirzəyev həm də bir müddət əvvəl xidməti kabinetində özünü güllələyən 4-cü polis bölməsinin rəisi Rahib Mirzəyevin qardaşıdır. Yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından uzaqlaşdırılan Sahib Mirzəyev bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müşaviri təyin edilib.

General oğlunun Xətai rayonu ərazisində yerləşən evindən 7 min manat, 3 min dollar nağd pul və 150 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Ona ümumilikdə 167 min manat ziyan dəyib.

Keçmiş baş infeksionistə 114 min manat, sabiq futbolçuya isə 5000 manat ziyan dəyib. Futbolçunun evindən xəz oğurlanıb.

Zərərçəkmişlərdən Elçin Tağıyevə 221 min, Vasif Əliyevə isə 196 min manat ziyan vurulub.

Təqsirləndirilən şəxslərdən Əhməd Əhmədov özünü qismən günahkar sayır. Cavid Süleymanovdan fərqli olaraq, o, məhkəmədə ifadə verməyə razılaşaraq bildirib ki, onun işi Cavidi oğurluq ediləcək mənzillərə maşınla aparıb-gətirməkdən ibarət olub. Ə. Əhmədovun sözlərinə görə, yaxalanmamaq üçün fərqli maşınlardan istifadə olunurdu. Yəni Cavid Süleymanovu hadisə yerinə bir avtomobillə aparıbsa, arxasınca gedəndə başqasından istifadə edirdi. Ə. Əhmədov əlavə edib ki, hər dəfə ona 1500-2000 manat pul verilirdi: “İndiyə qədər 30 min manata qədər pul almışam”.

Təqsirləndirilən şəxslər 2006-cı ildə zərgərlik sexində tanış olublar. Amma mənzil oğurluqlarında birgə fəaliyyət təklifi 2018-ci ildə Cavid Süleymanovdan gəlib. Pula ehtiyacı olduğuna görə razılaşdığını deyən Əhməd Əhmədov peşmanlığını da dilə gətirib: 

“Mən hərbi xidmətə gedib-qayıdandan sonra bir müddət “Moskva” univermağında işləmişəm. 2018-ci ildə dedi ki, belə bir şey var, taksi kimi kömək lazımdır, sən heç nəyə qarışmayacaqsan, sadəcə, aparıb-gətirəcəksən. Əvvəl razılaşmadım. Sonra fikirləşdim, pula ehtiyac olduğuna görə razılaşdım”.

Zərərçəkmişlərdən Ağaşirin Əkbərov məhkəmədə danışıb ki, evindən 45 min dollar, 12000 manat oğurlanıb. Zərərçəkmişin sözlərinə görə, onlar oğurluq baş verəndə rayonda olublar: “Rayona getmişdik, qar yağdı deyə, qayıdası olmadıq. Adətən pulu özümlə götürərdim. Bu dəfə fikirləşdim ki, yoldur, hadisə olar, evdə qalsa yaxşıdır. Sanki bunlar üçün qoyub getmişdim...”

Cavid Süleymanov və Əhməd Əhmədov Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Gülər