Logo
news content
User
Kateqoriyalar

Analitika

Allaha şükür, BRİCS-ə üzvlük hələlik ləğv edilir
Biliyi təsis edən bir neçə ölkə onun genişləndirilməsinə qarşı çıxıb

Oktyabrın 22-dən 24-dək Kazanda BRICS sammiti keçirildi. Rusiyalı təbliğatçılar sammitdən əvvəl Kazana 20 minə yaxın qonağın, o cümlədən 20-dən çox dövlət başçısının toplaşacağını bildirirdilər. Onların arasında Çin lideri Si Cinpin və Hindistanın baş naziri Narendra Modi də vardı.

Azərbaycan Prezidenti İlham Əliyev də oktyabrın 23-də BRICS ölkələrinin toplantısında iştirak etmək üçün Kazan şəhərinə getmişdi.

Ölkəsinin BRICS ilə əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Kazana toplaşanlar arasında idi.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Türkiyənin NATO üzvü olmasına baxmayaraq, BRICS-ə də üzv ola biləcəyini və bunun birliyi cəlbedici etdiyini vurğulamışdı.

Xatırladaq ki, Türkiyə və Azərbaycan rəhbərliyi BRICS-ə qoşulmaq niyyətlərini açıqlamışdılar. 

Rusiya tərəfi bəyan edirdi ki, sammitin yekunlarına uyğun olaraq iştirakçıların Ukrayna ilə bağlı ümumi mövqeyi hazırlanacaq. Və bu çox xoşagəlməz bir məqamdır. Biz başqa ölkələrin adından danışa bilmərik. Amma Azərbaycan və Rusiyanın Ukrayna ilə bağlı hansı ortaq mövqeyi ola bilər? Hər gün Ukraynanın şəhər və kəndlərini viran qoyan, sakinlərini qətlə yetirən Rusiya ilə? O Rusiya ilə ki, onilliklər ərzində Azərbaycan Respublikasının suveren ərazilərini işğal etməkdə Ermənistana köməklik edib. Azərbaycan isə uzun illərdir ki, Ukrayna ilə strateji əməkdaşlıq haqqında sazişlə bağlayıb. Belə bir BRICS kimə lazım ola bilər?

Daha bir xoşagəlməz məqam BMT-nin baş katibi, portuqaliyalı sosialist Antonio Quterreşin üç günlük BRICS sammitinin başlandığı gün Kazana səfərə etməsidir.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi İsveçrədə keçirilən Qlobal Sülh Sammitinə dəvəti rədd edən, lakin Rusiya lideri Vladimir Putinin Kazan sammitinə dəvətini qəbul edən BMT baş katibinin səfər ideyasını tənqid etmişdi. Ukrayna Xarici İşlər Nazirliyinin haqlı olaraq qeyd etdiyi kimi, bu addım BMT-nin reputasiyasına xələl gətirir və sülhə töhfə vermir.

Bu mənada, Hindistan hakimiyyətinin siyasətini Rusiya və Çinin müəyyən etdiyi BRICS-i ABŞ əleyhinə koalisiyaya çevirmək niyyətini bəyənməməsi bir qədər ümidverici səsləndi. Bu barədə “Bloomberg” adı açıqlanmayan Hindistan rəsmilərinə istinadən yazıb.

Agentlik qeyd edir ki, Hindistan BRICS-in genişlənməsinə qarşı çıxır. Bu mövqeyi digər həmtəsisçi ölkələr – Braziliya və Cənubi Afrika Respublikası da bölüşür. Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri də birliyin genişlənməsi təşəbbüsünü rədd edir.

Müəlliflər qeyd edirlər ki, BRICS ölkələrinin əksəriyyətinin dolların hegemonluğu ilə mübarizə aparmaq istəməməsini başqa fakt da göstərir - siyasi birliyə daxil olan ölkələrinin maliyyə nazirlərinin və Mərkəzi Bank rəhbərlərinin iclası Çin, Hindistan və Cənubi Afrika Respublikasının departament rəhbərlərinin iştirakı olmadan keçirilib.

“Bloomberg” Pekindəki Çin Xalq Universitetinin Avropa Araşdırmaları Mərkəzinin direktoru Vanq İveydən sitat gətirərək qeyd edir ki, Moskvanın ödənişlərdə dollardan imtina etmək ideyası hətta Çin üçün də belə, iddialı görünür. Bundan başqa, BRICS-in digər ölkələrinə sanksiyalar tətbiq edilməyib və onlar buna görə də dünya düzənini tamamilə dəyişmək istəmirlər.

Tanınmış xarici ekspertlər Kazan sammiti ilə bağlı çox maraqlı dəyərləndirmələrini bölüşüblər.

Rusiyalı tarixçi və politoloq, tarix elmləri doktoru Andrey Zubov yazır: “Prezidentlər və şahzadələr, baş nazirlər və BMT-nin baş katibi dünya ictimaiyyətinin gözündə nə qədər əhəmiyyətli olması fikri ilə parıldayan Putinlə görüşürlər. Və bütün bunlar Ukraynaya qarşı təcavüzün üçüncü ilinin sonunda, Putinin kefinin belə istədiyinə görə cəbhənin hər iki tərəfində öldürülən insanların sayının yüz minləri, bəlkə də bir milyon nəfəri ötdüyü vaxt baş verir.

Baş nazirlər və prezidentlər cəmi bir neçə ay əvvəl Aleksey Navalnının məhv edilməsi ilə bağlı məxfi əmr imzalayan şəxslə əl sıxır, birbaşa razılığı ilə yüzlərlə vicdanlı vətəndaşı Rusiya həbsxanalarında çürüdən, cəbhədəki hərbi əsirlərin edamını dayandırmayan şəxslə öpüşürlər.

Dünyanın yarısı nifrətlə Putindən üz döndərib, təcavüz qurbanı olan Ukraynanı dəstəkləyir. Digər yarısı isə hər zaman olduğu kimi hər şeyin qaydasında olduğunu iddia edir – bu biznesdir. Və bu ikincilər arasında demokratik ölkələr də var - Cənubi Afrika Respublikası, Braziliya, Hindistan və qismən də Türkiyə. Bu necə mümkün olur? Bu nədir? Bütöv xalqların mənəvi axmaqlığı? Elitanın əxlaqsızlığı?

İsveçlilər hələ də II Dünya Müharibəsi illərində heç nə olmamış kimi faşist Almaniyası ilə dost olduqlarına görə utanırlar. Onların çoxu üçün bu rüsvayçılıq damğası bu günə kimi yuyulmayıb.

Gələcəkdə, liderlərinin törətdiyi mənəvi cinayət dərk edəndə hindlilər, braziliyalılar, türklərlə nə olacaq? Savadlı və internetlə təchiz olunan müasir dünyada isə heç nə unudulmur.

Qanlı tiranla eyni çörəyi yemək həm hökmdarlar üçün, həm də bu hökmdarların adından çıxış edən xalqlar üçün silinməz ayıbdır”.

Öz növbəsində, ukraynalı jurnalist Vitali Portnikov yazır: “BRICS, əlbəttə ki, MDB-dən daha böyük görünür. Lakin orada lider heç bir halda Putin deyil. Əbədi rəqib olan Hindistan və Çinin daxil olduğu birlik heç bir real qərar qəbul edə bilmir. Moskvanın BRICS-in genişlənməsi arzusu isə indiyədək Cənubi Afrika Respublikası və Hindistan tərəfindən əngəllənib. Çin təsirinin nəhayət Rusiya təsirini sıxışdırdığı digər regional təşkilat ŞƏT-dır”.

Bütün bunlardan ən azı bir yaxşı nəticəyə gələ bilərik - belə görünür ki, yaxın illərdə Azərbaycan və Türkiyə BRICS-ə üzvlüyü unuda bilərlər. Allaha çox şükür.

Rauf Orucov