Logo
news content
User
Kateqoriyalar

Analitika

Alimpaşa Məmmədov hansı cinayətləri törədib?

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov haqqında həbs qərarı verildi. Aprelin 28-də Bakı şəhərinin Səbail rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Aprelin 26-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Şəmkirdə keçirdiyi əməliyyat nəticəsində saxlanılan Alimpaşa Məmmədov elə həmin gün Bakıya gətirilib. Aprelin 27-də prezident onun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. İki gün DTX-da şübhəli şəxs qismində saxlanılan sabiq icra başçısına qarşı aprelin 28-də Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda)311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Daha sonra günorta saatlarında o, həbs qərarı çıxarılması üçün Səbail rayon Məhkəməsinə aparılıb.

Alimpaşa Məmmədov oğlunu da öz əməllərinə alət edib

DTX-nın rəsmi məlumatına görə, başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilib, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib, xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Alimpaşa Məmmədovun Şəmkir rayon ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyənləşib. Alimpaşa Məmmədovun rayon İH başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min – 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyənləşib.

Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Alimpaşa Məmmədov 2014-cü ilin oktyabrından həbs olunana qədər Şəmkirin icra başçısı vəzifəsində çalışıb. Bundan əvvəl isə o, 2 saylı Ərazi Vergilər İdarəsinin və Bakı şəhər Vergilər Departamentinin rəisi işləyib. A. Məmmədovla yanaşı, onun birinci müavini olmuş Vurğun Əkbərov, İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev və bir sıra başqa vəzifəlilər də cinayət məsuliyyətinə cəlb edilib.

Aprelin 26-da İcra Hakimiyyətində əməliyyatdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Şəmkir sakinlərinə müraciət edərək, onların şikayətləri ilə maraqlanıblar. Əsasən rayonun icra başçısı və digər vəzifəli şəxslərindən narazı olan və bu barədə Prezident Administrasiyasına şikayət məktubları göndərən vətəndaşlarla əlaqə saxlanılıb, onlardan bir neçəsinin izahatı alınıb.

Şəmkirin Ağlavaşlı kəndində yaşayan bir qrup Qarabağ müharibəsi veteranı bir müddət əvvəl Prezident Administrasiyasına şikayət etmişdilər ki, ailələrini dolandırmaq üçün əkinçiliklə məşğul olmaq istəyirlər, amma onlara icarəyə torpaq verilmir. “İcra hakimiyyətinə bir neçə dəfə getmişik. Xeyri olmadı. İcra başçısı görüşdə sanki baxışlarıyla bizi qovurdu...”, - deyə Qarabağ müharibəsi veteranı Naib Həsənov “Press Klub”a bildirib.

Mehman Əliyev: “Rayonlar şəffaf seçkilərdə seçilən bələdiyyələr vasitəsilə idarə olunmalıdır”

Xatırladaq ki, icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Yevlax və Ağstafada Qoca SəmədovNizaməddin Quliyevlə başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad rayonlarında icra başçılarının həbsi ilə nəticələnən əməliyyatlar keçirilib. Həbs olunan keçmiş icra başçılarından əksəriyyətinin işi üzrə istintaq yekunlaşıb. Onların işlərinə ərazi aidiyyəti üzrə Gəncə, Şəki və Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bu həbslərin köklü dəyişikliklərə gətirib çıxaracağını düşünmür:

“Bəlkə də müəyyən dərəcədə dəyişikliyə gətirib çıxarır. Ola bilsin, az da olsa, özlərini yığışdırırlar, korrupsiya nisbətən azalır. Amma köklü dəyişikliklər yoxdur və bu yolla da olmayacaq. Ümumiyyətlə, mən hesab edirəm ki, icra hakimiyyətlərinə ehtiyac yoxdur. Çünki bir institut kimi, özünü doğrultmadı. İdarəçilik yerlərdə ədalətli seçkilər yoluyla formalaşmalıdır. Yerli icma istədiyi şəxsləri seçməli, seçilənlər də əhalinin qarşısında məsuliyyət daşımalıdır”.

Əliyevin fikrincə, rayonlar şəffaf seçkilərdə seçilən bələdiyyələr vasitəsilə idarə olunmalıdır. Eyni zamanda, regional zonalarda həmin bölgəyə nəzarət məqsədilə prezidentin nümayəndələri də ola bilər:

“Məsələn, şimal, cənub, qərb, mərkəz zonalarında prezidentin nümayəndələri təyin edilə bilər, onlar da bir neçə rayon əhatə olunmaqla, bölgədə ümumi vəziyyətə nəzarət edə bilərlər. Amma yerli bələdiyyə sistemi mütləq olmalıdır. Bələdiyyə də gerçəkdən seçilmiş olmalıdır, təyin edilmiş yox. Seçicilər qarşısında hesabatlı olması üçün seçki lazımdır. Hesabatlılıq olmasa, effekt olmaz. Başqa yolu yoxdur”.

Gülər