“Adıma şirkətlər açılıb, pullar köçürülüb, heç birindən xəbərim olmayıb...”
XİN-dəki tenderlərdə yol verilən fırıldaqlar məhkəmədə açılır
07 Oktyabr 2021
Bakıda taksi fəaliyyəti, eyni zamanda, su filtrlərinin satışı ilə məşğul olan Nicat Ələkbərov 5 şirkət sahibi imiş, amma bundan özünün də xəbəri olmayıb. O, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) - Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı istintaqa ifadə verməyə çağırılanda bundan xəbər tutub. Məlum olub ki, adına olan şirkətlər bu nazirliyin tenderlərində qalib gəlib. Həmin şirkətlərin hesabına nazirliyin büdcəsindən yüz minlərlə vəsait köçürülüb. Nicat Ələkbərov bütün bunlar barədə oktyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən danışıb.
Məhkəmədə XİN-in İşlər İdarəsinin keçmiş müdiri Fərhad Mollazadə və bu idarənin tabeliyindəki Təsərrüfat şöbəsinə rəhbərlik etmiş Səlim Əlizadənin ittiham olunduğu cinayət işinə baxılır. Onlar sənəd üzərində adı olub, əslində isə heç bir fəaliyyəti olmayan şirkətləri tenderlərdə qalib elan edərək həmin şirkətlərin hesablarına köçürülmüş 2,5 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur.
“Mən nə Səlim Əlizadə, nə də Fərhad Mollazadə tanıyıram. Bir dəfə DTX-ya çağırdılar, getdim. Onda bildim ki, adıma şirkətlər açılıb. Kimin açdığını da bilmirəm. Şəxsiyyət vəsiqəmi kimsə götürüb, açıb. O şirkətlərin də hesabına pullar köçürülüb. Mənim bunların heç birindən xəbərim yoxdur. Sonra o pullar kimə verilib, necə verilib, bilmirəm...”, - deyə Nicat Ələkbərov məhkəmədə bildirib.
Cinayət işinin materiallarında göstərilib ki, belə şirkətlərin hesabına vəsaitlər köçürüləndən sonra ya şirkətin rəsmi sahibi, ya da etibarnamə verdiyi şəxs hesabdan həmin vəsaiti çıxarıb, Səlim Əlizadəyə və yaxud nazirliyin əməkdaşı Asif Həsənova (o, artıq vəfat edib) verib. Şirkət sahibinə, ya da vasitəçilik edən şəxsə köçürülmüş vəsaitin 1-2 faizi qədər qazanc, bir də ümumi məbləğin vergisi hesablanaraq verilib ki, ödənilsin. Elə şirkətlər də olub ki, onun sahibinə tenderdə qalib seçilib, pul köçürüləndən köçürülənə yox, aylıq 300-500 manat verilib.
“A Dizayn” və “M Dizayn” şirkətlərinin rəhbəri Azər Əliyev bildirib ki, çap işləri ilə məşğul olurlar, nazirliklərlə işləyirlər. Onun sözlərinə görə, 2011-2014-cü illərdə 456 min, 2015-2017-ci illərdə isə 512 min manatlıq tenderin qalibi olub və pulu çap məhsullarına xərcləyiblər. Amma tenderdə qalib olduğuna görə Səlim Əlizadəyə də 61 min manat verdiyini əlavə edib.
Şahid Aleksandr Qriqoryev isə əksinə, müqavilə bağlamadan Xarici İşlər Nazirliyi ilə 5 il əməkdaşlıq etdiyini söyləyib: “Mən kartriclərin təmiri və doldurulmasıyla məşğul olmuşam. Pulu nağd almışam, müqavilə bağlamamışam. Pulu mənə Səlim Əlizadə verirdi...”
Fəaliyyəti olmayan şirkətlərin açılması, onların hesabına vəsaitlərin köçürülməsi və nağdlaşdırılmasıyla bağlı əməliyyatların bir neçəsində “Amrahbank”ın əməkdaşı Rövşən Məmmədov vasitəçilik edib.
Şahid Çingiz Abışov məhkəmədə deyib ki, işsiz idi, pula ehtiyacı vardı, ona görə də Rövşən Məmmədov adına şirkət yaradılmasını təklif edəndə dərhal razılaşıb: “Mənə dedi ki, adına şirkətlər yaradaq, sən də pul qazan. Həmin vaxt işləmirdim, ona görə dərhal razılaşdım. Hər dəfə hesaba pul gələndə gedib çıxarırdım, Asif adlı adama (XİN-in əməkdaşı – red.) verirdim”.
Ç.Abışov 2 ilə yaxın həmin adamlarla əməkdaşlıq etdiyini və bu işə görə ayda 300 manat aldığını vurğulayıb. Bu yolla pul qazanmağın mümkün olduğunu görəndən sonra o, tanışı Tural Niftəliyevi də bu işə cəlb edib, Rövşən Məmmədovun köməyi ilə onun da adına şirkət yaradılıb. “Bəzən pul çıxarmaq üçün banka gəlmişəm. Pulu çıxarıb, Rövşən müəllimə verirdim. Buna görə mənə hər dəfə pul ödəyirdi”, - deyə Tural Niftəliyev bildirib.
Ev təmiri ilə məşğul olan Məhyəddin Hüseynov da nazirliyin tenderlərində qalib olmuş şirkət rəhbəridir. O da deyir ki, nə şirkətin yaradılmasından xəbəri olub, nə də ora köçürülən vəsaitdən.
Bundan əvvəlki məhkəmə iclaslarında da “Yaşıl bazar”da göyərti satan və uzun illərdir böyrək xəstəliyindən əziyyət çəkdiyinə görə yataq xəstəsi olan şəxslərin də adlarına şirkətlər yaradılıb, tenderlərdə qalib elan edildiyi üzə çıxmışdı. Təqsirləndirilən Fərhad Mollazadə XİN-in İşlər İdarəsinə rəhbərlik etməklə yanaşı, həm də Tender Komissiyasının sədri olub.
Xatırladaq ki, DTX-nın 2020-ci il iyulun 3-də keçirdiyi əməliyyat nəticəsində həbs olunan Mollazadə və Əlizadə nazirlik üçün dəftərxana ləvazimatları, suvenir, hədiyyələr və s. almaq adıyla 2 milyon 543 min manatlıq yeyintidə ittiham edilir. Onlara qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Hər iki şəxs özünü qismən təqsirli bilir. Hələlik onlar məhkəmədə dindirilməyiblər, bildiriblər ki, şahidlər dindiriləndən sonra ifadə verəcəklər.
Təqsirləndirilən sabiq məmurlar istintaq zamanı 2 milyon 543 min manatlıq ziyandan 2 milyon 325 min manatını ödəyiblər. Bu vəsaitin 2 milyon 300 minini Mollazadə, 25 min manatını isə Əlizadə ödəyib. Onların hər ikisi 2020-ci ilin dekabrında ev dustaqlığına buraxılıb.
XİN-dəki tenderlərlə bağlı məhkəmə prosesi davam edir.
Gülər