Logo
news content
User
Kateqoriyalar

Analitika

“44 GÜN” kompozisiyasının müəllifi qələbədən ilhamlanıb

Vətən müharibəsi dövründə və sonra səviyyəli vətənpərvərlik mahnıları, marşlar ortaya çıxmadı. Yenə Cavanşir Quliyevin “Əsgər marşı”na müraciət etməli olduq. Son illər bəstələnən və ifa olunan patriotik mahnılar da təkrar-təkrar səsləndi, lakin bunların böyük əksəriyyəti təəssüf ki, çox bayağıdır və toplumda hər hansı mübarizlik əhvalı, əsgərlərdə döyüş ruhu yaratmaqdan uzaqdır.

Gənc qarmon (akkordeon) ifaçısı Ramin Hüseynov bu sahədə mövcud olan boşluğu doldurmağa çalışıb. O, 2-ci Qarabağ savaşına həsr olunmuş instrumental musiqi bəstələyib. ”44 GÜN” adlı kompozisiyanın həm musiqisi, həm aranjmanı R.Hüseynovun özünə məxsusdur. Hazırlanan klipə Ali Baş Komandanın xalq arasında məşhur olan çıxışları və qəhrəmanlarımızın göstərdiyi şücaətlər də əlavə olunub.

Ramin Hüseynovla söhbətimiz bu mövzudadır.

  • Ramin bəy, əvvəlcə özünüz haqqında məlumat verin
  • 1986-cı ildə Şirvan şəhərində doğulmuşam. Gözümü açandan evdə qarmon görmüşəm. Atam inşaatçı mühəndis olub, amma qarmona böyük həvəsi var. Hətta bir neçə il qarmondan tədris də aparıb, amma musiqiyə ikinci sahə kimi baxıb. İlk dəfə 9 yaşımda qarmonda ifa etməyə başlamışam. Atam bu həvəsi məndə gördü və Azərbaycan musiqilərini öyrətməyə başladı. Bununla yanaşı, bir çox xalq rəqslərini də öyrədirdi. Məni 11 yaşımda musiqi məktəbinə qoydular. Şirvan şəhər 1 nömrəli Musiqi Məktəbinə getdim. Hətta məni ilk vaxtdan 3-cü sinifə götürmək istədilər, amma atam razı olmadı. 2000-ci ildə musiqi məktəbini bitirdim, amma musiqi təhsilimi davam etdirmədim. El şənliklərinə getdim. On ilik fasilədən sonra, 2010-cu ildə Bakıya gəldim və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblına musiqiçi kimi cəlb olundum. Hazırda orada işləyirəm. 2010-cu ildə “Space” televiziyasında instrumental musiqiçilərin yarışmasının birincisi oldum. Daha sonra Rusiyanın xalq artisti, tanınmış xareoqraf Dikalu Muzakayev Dövlət Rəqs Ansamblına rəhbər təyin olundu. O, məndən xahiş etdi ki, “Qaytağı” yazım. Yazdım və ona rəqs quruluşu verdim, dünyanın bir neçə ölkəsində səhnələrdə təqdim olundu.
  • Öz bəstələdiyiniz musiqilərdə daha çox nədən ilham alırsınız?
  • Musiqi yazmaq uşaqlıqdan içimdən gəlirdi. Uşaqlıqda musiqi yazanda cızma-qara edirdim, tam hazırlaya Yəni birini yazmağa başlayanda ikincisini yazmaq qərarına gəlirdim, birinci yarımçıq qalırdı. Yeni musiqi yazmaq həvəsinə düşürdüm, əvvəlki yarımçıq qalırdı. 2016-cı ildə qərara gəldim ki, ali musiqi təhsili alım. Azərbaycan Milli Konservatoriyasına daxil oldum. Hazırda 4-cü kurs tələbəsiyəm.
  • Qarmon ifaçılığı sırf nəyin üzərində qurulmalıdır? İstedad, yoxsa zəhmət?
  • Mənim fikrimcə, musiqiçiyə həm istedad, həm də zəhmət lazımdır. Amma bunlarla yanaşı, zövq də lazımdır. Bizim pianoçumuz, əməkdar artist Salman Qənbərovun belə bir sözü var: “Musiqidə belə bir şey var ki, sənin elmin o xəttdən digər tərəfə səni keçməyə qoymur. Yəni sən o xəttə qədərsən. Bu yerdə sənin zövqün köməyə gəlir”. Fikrimcə, musiqiçidə zövq olmadısa, o, mütləq yarımçıq olacaq. Zövq böyük amildir.
  • Qarmondan başqa digər musiqi alətlərinə marağınız olubmu?
  • Başqa musiqi alətlərinə də həvəs göstərirdim. Atam mənə sintizator da almışdı. Mən qarmonu seçdim. Amma qarmonda elə detallar var ki, insanı məhdudlaşdırır. Yəni piano aləti qarmona bir qədər də təkan verir. Ona görə də evdə sintizator alətinin olmasını da istəmişdim.
  • “44 GÜN” adlı kompozisiya necə ərsəyə gəldi? Bir az bu kompozisiyanın necə ortaya çıxmasından danışın.
  • “44 GÜN” adlı kompozisiyanın yaranması çox maraqlı olub. Mən aranjmana başlamaq istədim. Uşaqlıqdan buna həvəsim olub. Ondan əvvəl də aranjman edirdim. Amma bu dəfə bütün alətlərdə özüm ifa etmək istədim. Həmin kompozisiyada bas-gitara, baraban, ritm seksiyanı da özüm ifa etdim. Bunun üçün texniki tərəfləri öyrənməli idim, bunu dostumdan xahiş etdim. O, mənə texniki tərəfləri öyrədə-öyrədə dedim ki, bir səs yerləşdir, mən aranjman etmək istəsəm, necə edim? O, səsi yerləşdirdi, mən də özüm üçün klavişdə bir bas-gitara ifa etdim. Daha sonra harmoniya verdim. Səhər studiyaya gələndə isə ardı üçün bədahətən melodiya gəldi, studiyaya gələndə onu daha da genişləndirdim. Hətta dostum dedi ki, bu, əməlli-başlı kompozisiya olur. Bu dönəmdə də müharibə başlamışdı. Hiss edirdim ki, xalqımızda döyüş əhval-ruhiyyəsi var idi və mənə də bədahətən ancaq həmin ruhda musiqi gəlirdi. Qərara gəldim ki, yavaş-yavaş onu bitirim. Özüm də hiss edirdim ki, burada qələbə əhval-ruhiyyəsi var, cəbhədə vuruşan qəhrəmanlarımızın şücaəti hiss olunur. Ona görə də, kompozisiyaya ciddi yanaşmağa başladım. Sonda da adını məhz “44 GÜN” qoymaq qərarına gəldim. Daha sonra düşündüm ki, biz bunu mütləq klip şəklində tamaşaçılara təqdim etməliyik. Ali Baş Komandanın səsləndirdiyi cümlələri də özüm bir-bir seçib, klipə əlavə etdim. Montajına qədər bütün ideya mənə məxsusdur. A-dan Z-yə qədər öz əməyimdir.
  • Belə bir dönəmdə bu cür kompozisiyalara ehtiyac var. Bu tip əsərlərin yaranması üçün nələrə diqqət yetirilməlidir?
  • Məncə, bu dönəmdə hər bir musiqiçinin borcudur ki, ümumi işə hər hansı bir töhfə versin. Son vaxtlar belə bir deyimlə qarşılaşdıq: hərə öz sahəsində bir əsgərdir. Biz də musiqiçi olduğumuza görə öz sahəmizdə vətənə, dövlətə gərəkli biri olmalıyıq. Bu cür musiqilər vətən üçün lazımdır.
  • Gələcəklə bağlı hansı planlarınız var? Bu tip musiqilərin davamı olacaqmı?
  • Gələcək planlarım çoxdur. Yeni musiqilər yazmışam. Musiqiləri yazanda xalq artisti, tanınmış qarmon ifaçısı Ənvər Sadıqovla məsləhətləşirəm. Nə yazıramsa, göndərirəm ona və məsləhət alıram. O, mənə çox mənəvi dəstək olur. Bir daha sizin sayt vasitəsilə də ona dərin minnətdarlığımı bildirirəm. Dövlətimiz, xalqımız sənətkarımızın dəyərini bilir. Şükürlər olsun ki, biz zəfər çaldıq. Heç vaxt şəhidlərimizi unutmamalıyıq, bu zəfəri onlara borcluyuq. Yeni kompozisiyamı yaza doğru təqdim edəcəm.
Ülviyyə Şahin