“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti
Müxalifət lideri azərbaycanlılara Ermənistanda torpaq qadağası qoyur
27 May 2026
“Ermənistanda seçkilərdə qələbədən sonra keçiriləcək ilk hökumət iclasında Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq və daşınmaz əmlak almasını qadağan edən qanun qəbul ediləcək”. Bu barədə müxalifətdəki “Güclü Ermənistan” partiyasının baş nazir postuna namizədi, hazırda ev dustaqlığında olan iş adamı Samvel Karapetyan bildirib.
“Biz vətəndaşları ən çox maraqlandıran məsələni müzakirə edib həll etmək üçün toplaşmışıq. İki ay ərzində bütün iqtisadi proqramlara toxunduq: 300 min iş yerinin yaradılması, turizmin inkişafına 1 milyard ayrılması, demoqrafik vəziyyətin dəyişdirilməsi üçün iri həcmli vəsaitlər, kiçik biznesin vergilərdən və yoxlamalardan azad olunması və s. Amma ən ciddi məsələ var: əgər Paşinyan və Əliyevin 300 min azərbaycanlının Ermənistana köçürülməsi layihəsinin qarşısını ala bilməsək, bütün iqtisadi proqramlar qeyri-real olacaq. Əsas iş yerləri azərbaycanlılara çatacaq. Buna görə də hökumətin ilk iclasında ən vacib qanunu qəbul edəcəyik. Biz onu “Səfərovun qarşısının alınması” adlandırmışıq: azərbaycanlıların ev və torpaq almasını, həmçinin hədiyyə kimi əldə etməsini qadağan edək. Bunun necə baş verdiyini artıq görmüşük. 240 kvadratkilometr Azərbaycan hədiyyə edildi. Biz nə etsək də, iqtisadiyyatı necə inkişaf etdirsək də, ən vacib problemi həll etmədən qalan məsələlərin heç bir dəyəri olmayacaq”, – Samvel Karapetyan bildirib.
Onun komandasının hüquqşünası Aram Vardevanyan qanun layihəsinin əsas müddəalarını təqdim edib. O bildirib ki, “cəmiyyətdə ölkə hakimiyyətinin Azərbaycanın istənilən tələbini dinamik şəkildə yerinə yetirməsi ilə bağlı ciddi narahatlıq var”.
“Paşinyan və Əliyevin hazırladıqları dəhşətli proqramı nəzərə alaraq, qanunvericilik paketi qəbul etməyə ehtiyac yaranıb”, – hüquqşünas bildirib. O, əlavə edib ki, layihə “Səfərovun qarşısının alınması” və ya “nifrətin qarşısının alınması haqqında” qanun layihəsi adlanır.
Qanun layihəsinə əsasən, Azərbaycan vətəndaşlığına malik heç bir fiziki və ya hüquqi şəxs Ermənistanda daşınmaz əmlak əldə edə bilməyəcək. Onun sözlərinə görə, torpaq qanunvericiliyində buna bənzər müddəa artıq mövcuddur və təklif edilir ki, həmin norma daşınmaz əmlaka da şamil olunsun. Hüquqşünas qeyd edib ki, beynəlxalq praktikada da belə presedentlər var.
Daha sonra Qoar Meloyan adlı şəxs “Ermənistan hökumətinin planlaşdırdığı dəhşətli proqramı” qısa şəkildə təqdim edib. Onun sözlərinə görə, sülhlə bağlı bəyanatlarla paralel olaraq “ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması davam edir, Azərbaycanın hərbçiləri Ermənistanın dörd vilayətində mövcuddur və bu, suverenlik və ərazi bütövlüyünə təminat verilməsini nəzərdə tutan imzalanmış sənədlərə baxmayaraq baş verir. Azərbaycan qoşunları Ermənistan ərazisindən çıxarılmayıb, üstəlik anklavlar məsələsi də açıq qalır”.
Yekunda Samvel Karapetyan bəyan edib ki, hakimiyyətə gəldikləri təqdirdə bu qanun bir həftə ərzində qəbul olunacaq.
Dərhal qeyd etmək lazımdır ki, bütün bu ritorika kifayət qədər qəribə görünür. Karapetyan ümumiyyətlə niyə belə nəticəyə gəlib ki, Paşinyanla Əliyev arasında azərbaycanlıların Ermənistan Respublikası ərazisinə köçürülməsi barədə heç olmasa hansısa razılıq mövcuddur? Bunun sübutları haradadır? Axı bu məsələ ilə bağlı yalnız Azərbaycan tərəfinin arzuları səslənib. Heç bir fakt yoxdur. Paşinyan və ya onun komandasının üzvləri bu mövzunu nəinki praktik, hətta ritorik səviyyədə belə müzakirə etməyə hazır olduqlarını bir dəfə də olsun bildirməyiblər.
Amma Karapetyan artıq azərbaycanlılara Ermənistanda torpaq və ev almağı qadağan etməyə hazırlaşır. Belə bir qanunun qəbul edilməsi üçün hansı əsaslar var? Heç bir əsas yoxdur. Sadəcə mövcud deyil.
Amma özünü ən populyar müxalifət lideri hesab edən şəxs bu cür uydurma ideyalarla, bu cür absurd fantaziyalarla parlament seçkilərində qalib gəlmək istəyir. Hesab ən sadəlövh seçicilər üzərində qurulub?
Yaranmış vəziyyətlə bağlı Pressklub.az-a danışan təhlükəsizlik məsələləri üzrə mütəxəssis İlham İsmayılın fikrincə, bu vəziyyət onunla izah olunur ki, Ermənistanda parlament seçkiləri Rusiya və onun dəstəklədiyi siyasi müxalifət tərəfindən son şans kimi qiymətləndirilir.

“Tamamilə realdır ki, əgər Paşinyanın partiyası qalib gəlsə, Karapetyan, Koçaryan, Sarukyan və Rusiyanın dəstəklədiyi digər siyasətçilər məğlubiyyətdən sonra siyasi səhnədən silinəcəklər və onlar bunu çox yaxşı anlayırlar. Nəticədə Rusiyanın Ermənistana təsiri də minimuma enəcək. Buna görə də guya azərbaycanlıların Ermənistana köçürülməsi ilə bağlı “plan” məsələsinin Paşinyana qarşı mübarizədə həssas mövzu kimi qabardılması və seçicilər qarşısında bu məsələyə tez-tez qayıdılması Paşinyana qarşı nifrəti gücləndirməyə hesablanıb”, – ekspert hesab edir.
O, həmçinin vurğulayıb ki, Paşinyanla Əliyev arasında azərbaycanlıların Ermənistana köçürülməsi ilə bağlı nə şifahi, nə də yazılı razılaşma mövcuddur.
“Sadəcə olaraq bizim azərbaycanlıların yaşadığı tarixi məkanları Qərbi Azərbaycan adlandırmağımız qarşı tərəfi qıcıqlandırır. Buna görə də anti-Paşinyan qüvvələri bu məsələni seçkilərdə siyasi mübarizənin əsas xətti kimi görürlər.
Azərbaycanlıların Ermənistanda ev və daşınmaz əmlak almasını qadağan edən qanun qəbul etmək vədi seçicilər qarşısında özlərini daha “patriotik” göstərmək cəhdindən başqa heç bir məna daşımır.
Hazırkı düşmənçilik münasibətləri şəraitində Ermənistandan zorla qovulmuş azərbaycanlıların geri qayıtması real görünmür və ermənilər bunu çox yaxşı başa düşürlər. Yəni qeyd etdiyim kimi, məqsəd kütlələrə saxta patriotizm nümayiş etdirməkdir. Bu baxımdan məşhur “Patriotizm əclaflar üçün son sığınacaqdır” ifadəsi Karapetyanın sözləri ilə üst-üstə düşür”, – İsmayıl yekunlaşdırıb.
Rauf Orucov