Logo
news content
User
Kateqoriyalar

Analitika

28 illik ayrılıq, ölüm bahasına azadlıq, heyrətamiz qaçış
Berlin divarının və onun ayırdığı insanların inanılmaz hekayətləri

Berlinin bölünməsi

İndi inanmaq çətindir ki, nisbətən yaxın keçmişdə Avropanın ən azad şəhərlərindən biri tamamilə başqa cür yaşayırdı: şəhərin mərkəzindən beton konstruksiya keçirdi, bir hissədən digərinə keçmək üçün isə sərhəd-keçid məntəqələrindən istifadə etmək lazım idi. Həmin dövrün tarixi Berlinin yaşlı nəsli üçün bu gün də çox ağrılı mövzudur.

Berlin divarı niyə tikildi?

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra, 1945-ci ildə Almaniya (həm də Berlin - Pressklub) dörd sektora bölündü. Onlara sovet, ABŞ, Britaniya və Fransa dövlətləri nəzarət edirdi. 1949-cu ildə ölkənin qərb zonaları Almaniya Federativ Respublikası (AFR), SSRİ-nin təsir dairəsində olan ərazidə isə Almaniya Demokratik Respublikası (ADR) elan edildi. Faktiki olaraq iki dövlət arasında bölünmüş Berlin Soyuq müharibənin episentrinə çevrildi.

Əvvəllər şəhər daxilində hərəkət etmək sərbəst idi: berlinlilər bir-birlərinin yanına gedə, şəhərin bir hissəsində oxuyub, digər hissəsində işləyə bilirdilər. Bununla belə, Qərbdə həyat daha cəlbedici idi: burada azad ticarət zonası mövcud idi, heç kimdən partiyaya sədaqət tələb olunmurdu və repressiyalar yox idi.

1960-cı illərin əvvəllərinə qədər kommunist ADR-ni 2,5 milyondan çox insan tərk etmişdi və onların böyük əksəriyyəti 25 yaşadək gənclər idi. Əmək qabiliyyətli əhalinin sürətlə azalması yerli iqtisadiyyat üçün böyük problemlər yaradırdı. İdeoloji məqam da mühüm idi: ADR hökuməti kapitalist sisteminin insanlara sosializmdən daha cəlbedici görünməsi ilə barışmaq istəmirdi.

1961-ci il avqustun 13-də səhər şəhər sakinləri mərkəzi küçələrin bağlandığını gördülər. Hərbçilər dəmir yolu xətlərini kəsərək maneələr qurmağa başladılar. Bundan sonra sərhədi icazəsiz keçmək cinayət hesab olunurdu.

Berlin divarı rəqəmlərlə

1989-cu ilə, yəni mövcudluğunun sonuna qədər divar dörd dəfə yenidən quruldu və hər dəfə daha da möhkəmləndirildi. Əvvəlcə sərhəd yalnız hündürlüyü 80 santimetr olan tikanlı məftildən ibarət idi. İlk aylarda yüngül maneələr beton bloklarla əvəz edildi.

1970-ci illərdə Berlin divarı bəzi hissələrdə faktiki olaraq ortasında boşluq olan iki paralel maneədən ibarət idi. Əsas maneə hündürlüyü 3,6 metr olan möhkəm daş divar idi. Daha sonra itlərlə gəzən mühafizəçilərin nəzarətdə saxladığı, "ölü zona" adlanan ərazi yerləşirdi. Burada qaçanların izlərini müəyyən etmək üçün qumla örtülmüş zolaq da vardı. Bütün bunlar dəmir-betondan hazırlanmış ikinci divarla qorunurdu. Divarın üst hissəsinə isə ondan yapışmağın mümkün olmaması üçün qalın boru çəkilmişdi.

Divarının uzunluğu 155 kilometr idi, bunun 43 kilometri Berlin şəhərini ikiyə bölürdü, qalan hissəsi isə Qərbi Berlinlə ADR-in sərhədi idi. 

1961-ci ildən sonra Qərbi Berlindən gələn bir neçə metro xətti Şərqi Berlinin altından keçirdi, lakin qatarlar bu stansiyalarda dayanmırdı: platformalar bağlanmışdı, orada işıqlandırma minimum səviyyədə idi və bütün stansiyalar mühafizə olunurdu. Qatarlar Şərqi Almaniya sərhədçilərinin diqqətli baxışları altında bu stansiyalardan asta-asta keçirdi.

Tunellərlə və naqillərlə: Berlin divarından necə qaçırdılar

Şərqi Berlinin minlərlə sakini Qərbə keçməyə çalışırdı: avtomobillərlə, hava yolu ilə, su və sualtı yollarla – onlar ən ağlasığmaz və hiyləgər üsullar düşünürdülər. Divarın mövcud olduğu 28 il ərzində 5 mindən çox uğurlu qaçış qeydə alınıb. Bununla yanaşı, faciəli hadisələr də baş verirdi: sərhədi qanunsuz keçməyə cəhd edən təxminən 140 nəfər divarın yaxınlığında həlak olub.

Ən səs-küylü qaçış 1962-ci ilin mayında həyata keçirildi. Bir qrup yaşlı kişi divarın altından 32 metr uzunluğunda tunel qazdı. Bu, dar bir keçid deyildi: bəzi hissələrdə tunelin hündürlüyü 1,75 metrə çatırdı. Qaçanlar sonradan izah etdilər ki, azadlığa başları aşağı vəziyyətdə getmək istəmirdilər. Həmin il ADR-in daha 14 sakini bir gəmini ələ keçirə bildi. Sərhədçilər onların üzərinə atəş açdılar, lakin qaçanlar Şpre çayını keçməyə macal tapdılar.

1963-cü ilin fevralında akrobat Horst Klayn elektrik xəttinin 19 metr hündürlüyündəki qülləsinə qalxdı və naqillərlə o biri tərəfə keçməyə başladı. Peşəkar hazırlığı və ən əsası, kabeldə elektrik cərəyanının olmaması sayəsində o, 30 metr məsafəni qət edərək divarın o biri tərəfinə keçə bildi.

Ən macəraçı qaçış 1961-ci ilin oktyabrında həyata keçirildi. Dörd kişi tanıdıqları dərziyə sifariş etdikləri sovet hərbi formalarını geyindilər və bu şəkildə sərhədi keçdilər.

Berlin divarının çökməsi

1989-cu ildə bütün Şərqi Avropada baş verən siyasi dəyişikliklər Berlin divarının dağılmasına gətirib çıxardı. 1989-cu il noyabrın 9-da ADR hakimiyyəti viza rejiminin yüngülləşdiriləcəyini və Qərbi Berlinə girişin açılacağını elan etdi. Həmin gün minlərlə insan sərhədə gəldi və divara hücum etməyə başladı. Əvvəlcə sərhədçilər suatan maşınların köməyi ilə insanları geri sıxışdırmağa çalışdılar, lakin tezliklə bundan əl çəkdilər. Hər iki tərəfdən insanlar külüng və çəkiclərlə maneələri dağıtmağa başladılar və divarda bir neçə keçid açdılar.

Divar, nəhayət, 1991-ci ilin noyabrında söküldü. Soyuq müharibənin xatirəsi olaraq birləşmiş Almaniya hakimiyyəti dəmir-beton "pərdə"nin yalnız bir neçə kiçik hissəsini saxladı.

Divarın bir çox fraqmentləri xırda suvenirlərə çevrildi. 

Onları indi də Berlin bazarlarında satırlar, baxmayaraq ki, bunların orijinal parça, yoxsa adi daş olduğunu müəyyən etmək demək olar ki, mümkün deyil. Almaniya hakimiyyəti beton plitələrin bir neçəsini başqa şəhərlərə və ölkələrə göndərdi. Məsələn, Berlin divarının bir fraqmenti Moskvada da var. O, Usaçovlar-Naydyonovların malikanəsinin parkında yerləşdirilib.

Xatirə məkanları

Berlində Soyuq müharibə hadisələri ilə bağlı bir neçə əlamətdar məkan var: maneələrin qalıqları, muzeylər və memoriallar. Həmin dövrü bu gün həmçinin "divar xətti" – asfalt üzərində iki cərgə düzülmüş bloklar da xatırladır.

İst Sayd qalereyası (East Side Gallery)

Ünvan: Mühlenstraße, 70–71

Divarın qorunub saxlanmış bu hissəsi Şpre çayı boyunca 1,3 kilometr uzanır. 1990-cı ildə 20 ölkədən olan rəssamlar maneənin şərq tərəfini parlaq rəsmlərlə bəzədilər. Ən məşhur təsvir – və yəqin ki, dünyada ən populyar qraffitilərdən biri – Dmitri Vrubelin "Qardaş öpüşü"dür. Burada Leonid Brejnev ilə ADR rəhbəri Erix Honekkerin məşhur görüş anı təsvir olunub. Əsər Şərqlə Qərbin qarşıdurmasının qurbanlarına, sərhədi keçməyə çalışarkən həlak olanlara həsr olunub.

Berlin divarındakı digər məşhur rəsm isə "Test the Best"dir. ADR-in dördtəkərli simvolu olan "Trabant" avtomobili maneəni yararaq o biri tərəfə keçir və bununla da azadlığa çıxır.

1990-cı ildən, rəssamların divarın şərq tərəfi boyunca 100-dən çox mural çəkdiyi vaxtdan bu günə yalnız 2009-cu ildə yenilənmiş nüsxələr qalıb. Orijinal rəsmlər külək, yağıntılar, vandalizm və şəhər infrastrukturunun inkişafı səbəbindən demək olar ki, tamamilə yox olub.

Çarli keçid məntəqəsi

Ünvan:  Friedrichstraße, 43–45

Soyuq müharibə dövründə mövcud olan sərhəd-keçid məntəqələrindən biri. O, latın əlifbasının "C" hərfi ilə adlandırılmışdı. Beynəlxalq fonetik əlifbada bu hərf Charlie (Çarli) kimi tələffüz olunur. 1961-ci ildə keçid məntəqəsinin yaxınlığında sovet və Amerika tankları arasında gərgin qarşıdurma baş vermişdi. Hazırda burada keçid məntəqəsinin nəzarət köşkünün surəti, qum kisələri və məşhur böyük lövhə nümayiş etdirilir: "Siz Amerika sektorunu tərk edirsiniz". Keçid məntəqəsinin yaxınlığındakı kiçik açıq hava muzeyində Şərqi Berlindən qaçışların tarixindən bəhs olunur.

Mauerpark (Berlin divarı parkı)

Ünvan: Bernauer Straße / Eberswalder Straße

Berlinin bölünməsi zamanı bu ərazi sərhəd zolağı idi. Ölkə birləşdikdən sonra ərazi parka çevrildi. Bu gün məkan bit bazarı, qeyri-adi kafeləri və dizayner mağazaları ilə məşhurdur. Həmçinin burada uzunluğu 300 metr olan sərhəd maneəsinin bir hissəsi yerləşir.

Parkın əfsanəsi “Bearpit Karaoke Show”dur. 2009-cu ildən etibarən hər yay bazar günləri istənilən şəxs vaxtilə "heç kəsə məxsus olmayan ərazi" olmuş yerdə yerləşən amfiteatra çıxaraq gurultulu alqışlar və ya kütlənin xoşməramlı sataşmaları altında mahnı oxuya bilər. Şounun təşkilatçısı irlandiyalı Co Hatçiban proqramı özü açır və bağlayır. Tamaşaçıların sayı isə bəzən mindən çox olur.

"Berlin divarı" memorialı

Ünvan: Bernauer Straße, 111

Memorialın əsas bölməsində üzərində rəsmlər olmayan orijinal divar fraqmentləri, həmçinin bərpa edilmiş müşahidə qülləsi, patrul yolu və fənərlər nümayiş etdirilir. Muzey kompleksinin yanında "Xatirə pəncərəsi" abidəsi yerləşir. Bu, qaçmağa cəhd edərkən həlak olan insanların fotoşəkillərinin yerləşdirildiyi polad lövhədir.

"Divarın üzərindən tullanan" heykəli

Ünvan: Bernauer Straße, 143

Abidə Şərqi Berlindən məşhur qaçışa həsr olunub. Qaçışı maneələrin tikintisinin ilk günlərində 19 yaşlı hərbçi Konrad Şuman həyata keçirib. O vaxt burada yalnız tikanlı məftil vardı. Digər əsgərlərin diqqətinin yayındığı anı gözləyən qaçqın məftili ayağı ilə sakitcə aşağı basdı və sonra cəld onun üzərindən tullandı. Bu anı fotojurnalistlərdən biri lentə ala bildi. Şəkil bütün dünyaya yayıldı.

Konrad Şuman ADR tərəfindən təqib olunacağından qorxaraq uzun müddət Almaniyanın cənubunda yaşadı. Yalnız divarın süqutundan sonra o, özünü ilk dəfə həqiqətən azad hiss etdi. Lakin qaçışdan sonrakı həyatını xoşbəxt adlandırmaq olmaz - 1998-ci ildə Şuman intihar etdi.

"Göz yaşları sarayı" muzeyi (Tränenpalast)

Ünvan: Reichstagufer, 17

Əslində bu məkan "Fridrixştrasse stansiyasının keçid məntəqəsi" adlanır. Polad və şüşədən hazırlanmış pavilyon dəmir yolu ilə Qərbə gedənlər üçün sərhəd-keçid məntəqəsi idi. Stansiya indiki adını burada 1989-cu ilə qədər tez-tez baş verən vidalaşmalar və ayrılıqlar səbəbindən alıb.

Muzeyin daxilindəki sərgi bölünmüş şəhərin gündəlik həyatının necə olduğunu nümayiş etdirir, həmçinin bir-birindən ayrı düşmüş insanların hekayələrindən bəhs edir. Məsələn, bir ananın oğlunu çamadanda gizlədərək ADR-dən çıxara bilməsindən danışılır. Vaxtilə gömrük nəzarətinin aparıldığı yerdə indi sərhədi keçməyə məcbur olmuş insanların xatirə əşyaları ilə dolu açıq çantalar nümayiş etdirilir.

Peter Fexter memorialı

Ünvan: Zimmerstraße, 26–27

Abidə Berlin divarının üzərindən keçməyə cəhd edərkən həlak olan ilk insanlardan birinə həsr olunub. 1962-ci il avqustun 17-də 18 yaşlı Peter Fexter maneəni aşmağa çalışdı, lakin ADR sərhədçilərinin açdığı atəş nəticəsində yaralandı. O, qan içində divarın ətəyindəki neytral əraziyə yıxılıb qaldı. Qərbi və Şərqi Berlinin zabitləri atəşə tutulmaqdan qorxaraq ona yaxınlaşmağa cəsarət etmədilər. 50 dəqiqə sonra yaralının fəryadları kəsildi və sərhədçilər tüstü pərdəsi yaradaraq onun cəsədini götürdülər.

Vacib məlumat: Hər il avqustun 13-də, divarın tikintisinə başlanılan gün berlinlilər bütün rejim qurbanlarının xatirəsini yad etmək üçün bu kiçik memoriala gəlirlər.

Günter Litfin memorialı və müşahidə qülləsi

Ünvan: Kieler Straße, 2

Berlin divarı boyunca 300-dən çox müşahidə qülləsi ucalırdı. Onlardan yalnız bir neçəsi qorunub saxlanılıb və bu qüllələrdən birində bu gün muzey fəaliyyət göstərir. Qüllənin yuxarı mərtəbəsi Soyuq müharibə illərindəki görkəmini qoruyub. Buradan zabitlər sərhədin qanunsuz keçilməməsinə nəzarət edirdilər.

Muzeyi Yurgen Litfin açıb. Onun qardaşı Günter 1961-ci ildə Berlini bölən Şpandau kanalı ilə üzərək keçməyə çalışmışdı. Digər sahilə çatmasına az qalmış sərhədçinin açdığı atəş nəticəsində ölümcül yaralanmışdı.

Yurgen divarın süqutundan sonra tərk edilmiş bir müşahidə qülləsi (Kieler Eck) haqqında xəbər tutdu və onu xatirə məkanına çevirmək qərarına gəldi. Tikilini öz əlləri və şəxsi vəsaiti hesabına bərpa etdi, burada sərgi açdı. Bununla belə, qüllə yalnız 2003-cü ildə memorial statusu aldı, 2017-ci ildə isə Yurgen onu “Berlin Wall Foundation” fondunun idarəçiliyinə verdi.

Raynikkendorf rayonundakı Berlin divarının bir hissəsi

Ünvan: Provinzstraße

Uzunluğu 80 metr olan bu hissə 2018-ci ildə aşkar edilib. O vaxta qədər maneə adi şəhər divarı hesab olunurdu. Fraqment Soyuq müharibənin ilk onilliyində inşa edilib. O, monolit bloklardan deyil, kərpiclərdən ibarətdir. Tikintidə İkinci Dünya müharibəsi zamanı dağıdılmış Berlin evlərinin qalıqlarından istifadə olunub. Burada tikanlı məftil və mühafizə sisteminin siqnal naqilləri də qorunub.

Yekun

Berlin divarı, kədərli şöhrətinə baxmayaraq, bu gün də Almaniya paytaxtının və bütövlükdə ölkənin əsas simvollarından biri olaraq qalır. Səyahətçilər XX əsrin ən faciəli dövrlərindən birinə şahidlik etmək üçün buraya gəlirlər.

Bu tarixi abidə ilə müstəqil şəkildə tanış olmaq mümkündür, lakin peşəkar bələdçilərin müşayiəti ilə daha yaxşıdır. Onlar bu görməli məkan haqqında nadir faktlarla sizi təəccübləndirməklə yanaşı, sərhədin haradan keçdiyini göstərəcək, ən əsası isə təxminən 30 il ərzində sözün həqiqi mənasında divarın arxasında yaşamış adi insanların hekayələrini danışacaqlar.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada