Logo
news content
User
Kateqoriyalar

Analitika

24 aprel gizlinləri: sadiq millətdən xain millətə gedən yol...
Sultanın utandıran qərarı, Atatürkün tarixi cavabı, Qarabağdakı qələbənin “qisası”

Cavid İsmayıl,
Tarix üzrə fəlsəfə doktoru

Bu gün 24 apreldir. Təqvimin adi günüdür. Amma qardaş Türkiyədə, eləcə də türk dünyasında təqvimin bu günü heç sevilmir. Nədən ki, bir əsrdən çoxdur erməni lobbisi və onların havadarları hər ilin 24 apreli ərəfəsində “erməni soyqırımı” iddiaları ilə sözün əsl mənasında zəhlə tökməklə məşğuldurlar. Ermənipərəst mövqedən çıxış edən, yaxud “erməni məsələsi”ndən siyasi maraqları naminə istifadə etməyə çalışan bəzi dövlətlər və beynəlxalq siyasi dairələr də Türkiyəyə qarşı təzyiq vasitəsi kimi bu qondarma iddiaları dəstəkləyirlər. Bəs əslində 24 apreldə nə baş verib? Doğrudanmı türklər erməniləri soyqırıma məruz qoyublar?

Osmanlı dövründə ermənilərin durumu

Osmanlı sultanı II Mehmet Fateh 1453-cü ildə İstanbulu fəth etdikdən sonra Anadoluda ermənilərin “qızıl dövrü” başlayıb. Məhz onun fərmanı ilə 1461-ci ildə Qərbi Anadoludakı erməni yepiskopluğu Erməni Patrikliyinə çevrilib, ermənilərin din və vicdan azadlığı ən yüksək səviyyədə təmin olunub. Osmanlıda ilk erməni mətbəəsinin açılmasına 1567-ci ildə icazə verilib. İlk türk mətbəəsi isə bundan təxminən 160 il sonra açılıb. Artıq 1910-cu ildə İstanbulda erməni dilində 5 qəzet və 7 jurnal çap olunurdu. Bütün bunlar tarix boyunca romalılar, farslar və bizanslılar tərəfindən aşağılanan, Anadolunun bir yerindən başqa yerinə qovulan və çox zaman “ikinci dərəcəli insan” kimi rəftar olunan ermənilər üçün göydəndüşmə fürsət idi. 

Ermənilərin türklərin himayəsində sülh və əmniyyət içində yaşadıqları dövrü nə az, nə çox – dörd əsrdən artıq, konkret demək lazımdırsa, XIX yüzilliyin sonuncu rübünə qədər davam edib. Hətta dövlətə bağlı olduqları, hakim ümmətlə (həm də millətlə) qaynayıb-qarışdıqları üçün ermənilər “milleti-sadıka”, yəni “sadiq təbəə” adlandırılıblar. Osmanlı dövlətinin bütün vətəndaşlarına yaratdığı imkanlardan qeyri-müsəlmanlar içərisində ən çox faydalananlar da məhz ermənilər olub. Həmin dövrdə Osmanlı sərhədləri daxilində, o cümlədən Anadoluda yaşayan ermənilər təhsil, ticarət, kənd təsərrüfatı sahələrində uğur qazanır, dövlət idarəçiliyində məsul vəzifələr daşıyırdılar. I Dünya müharibəsi ərəfəsində 2345 nəfər erməni Osmanlıda yüksək ictimai və dövlət vəzifələrində çalışırdı.

XIX əsrin sonuncu rübündən etibarən isə Osmanlı dövlətinin nəinki hazırkı Türkiyə Cümhuriyyətinə, bütün türk dünyasına miras qalacaq və haqqında cildlərlə kitablar yazılacaq “erməni məsələsi” adlı problemi ortaya çıxmağa, daha doğrusu, yaradılmağa başladı.

Sadiq millətdən xain millətə doğru

Osmanlı imperiyasının zəifləməyə başlaması ilə onun ərazilərinə, xüsusən İstanbul kimi şəhərlər gözəlinə iddialı olan Çar Rusiyasının və bir sıra Avropa dövlətlərinin ölkənin daxili işlərinə müdaxilə imkanları artmağa başladı. Din xadimi cildində Anadoluya göndərilən Qərb missionerlərinin təxribat xarakterli fəaliyyəti və Çar Rusiyasının fantastik vədləri zamanla ermənilərin ağlını və məntiqini aldı, Osmanlı dövlətinin yaratdığı hər cür şəraitə və geniş səlahiyyətlərə baxmayaraq, onlara xas olan milli xarakterik keyfiyyətdən qaynaqlanan dövlətə xəyanət yolunu tutdular.

Hər şey 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsindən sonra başladı (Hicri təqvimi ilə 1293-cü ildə baş verən bu müharibə Türkiyə tarixşünaslığında “93 Harbi” də adlandırılır). Müharibəyə son qoyan 3 mart 1878-ci il tarixli San-Stefano sülh müqaviləsinə yenidən baxmaq üçün çağırılan Berlin konqresi həmin ilin 13 iyununda başlayıb, bir ay davam etdi. 13 iyul 1878-ci ildə Rusiya və bir sıra Avropa dövlətlərinin iştirakı ilə imzalanan Berlin traktatının şərtlərindən biri Şərqi Anadoluda ermənilərə muxtariyyətin verilməsi idi. Bu maddə “erməni məsələsi”ni beynəlxalq səviyyəyə qaldırsa da, bölgədəki ermənilərin sayının azlığı səbəbindən reallaşmadı. Təhrikedici fəaliyyətlər nəticəsində 1880-ci illərdən Şərqi Anadoluda erməni komitələrinin qurulmasına başlanıldı. Komitələrin fəaliyyətinin gücləndirilməsi məqsədilə Osmanlı sərhədlərindən kənarda erməni terrorçu təşkilatları quruldu. 1887-ci ildə Cenevrədə “Hnçak”, 1890-cı ildə Tiflisdə Daşnak komitələri yaradıldı. Bu terrorçu təşkilatlar “Anadolu torpaqlarının və Osmanlı ermənilərinin xilas edilməsi”ni qarşılarına məqsəd qoymuşdular. Öz fəaliyyətlərini İstanbula və Anadoluya yayan bu təşkilatlar erməni məsələsinə Qərbin diqqətini cəlb etməyə çalışırdılar.

1890-cı ildə ermənilərin Ərzurumda başlayan ilk üsyanı “sadiq millət”in silsilə üsyanlarını öz ardınca gətirdi. Təkcə 1895-ci il ərzində “Hnçak” və digər erməni komitələri Anadolunun 24 mühüm şəhərində bir-birinin ardınca, bəzənsə eyni vaxtda üsyanlar və iğtişaşlar həyata keçirdilər. Üsyanlar zamanı erməni silahlıları yaxınlıqdakı müsəlman kəndlərinə basqın edir, evləri yandırır, dinc əhalini öldürürdülər. Müxtəlif mənbələrə görə, təkcə 1895-ci ildə öldürülənlərin sayı 10 617 nəfər idi. Üsyan adlandırılmasına baxmayaraq, ermənilərin türklərə qarşı törətdikləri əməllər, faktiki olaraq, soyqırımı idi. 

Birinci Dünya müharibəsi, 24 aprel və Təhcir

Birinci Dünya müharibəsi “Böyük Ermənistan” xülyası ilə Osmanlı dövlətinə xəyanət edərək düşmən cəbhəsinə qoşulan ermənilərə əlavə fürsət verdi. Osmanlı dövlətini parçalayaraq aralarında bölüşdürmək məqsədi güdən imperialist güclər prosesi sürətləndirmək məqsədilə erməniləri onlar üçün dövlət qurulacağı vədi ilə şirnikləndirdilər. Bu işdə erməni kilsələri xüsusi fəallıq nümayiş etdirərək, həm ideoloji təbliğat mərkəzi, həm də cəbbəxana rolunu icra edirdi. 1915-ci ildə rus qoşunlarının Şərqi Anadoluya daxil olması ilə erməni silahlı dəstələri Van, Bitlis, Ərzurum, Ərzincan, Qars və bir çox başqa vilayətlərdə amansız qırğınlar törətdilər, bəzi vilayətlər yerlə-yeksan edildi. 

Həm ön, həm də arxa cəbhədə döyüşmək məcburiyyətində qalan Osmanlı rəhbərliyi uzun müddət ermənilərin yaratdığı təhlükəni lokal tədbirlərlə həll etməyə çalışdı. Lakin qırğınların əhatə dairəsinin genişlənməsi, təhlükənin artması Osmanlı rəhbərliyini daha ciddi və qəti addımlar atmağa vadar etdi. İttihad və Tərəqqi hökumətinin qərarı ilə əvvəlcə 1915-ci il aprelin 24-də ölkədə qarışıqlıq yaradan, erməniləri silahlandıraraq türklərin yaşadığı kəndləri məhv etməyə yönəldən erməni komitələrinin fəaliyyəti dayandırıldı, dövlət əleyhinə fəaliyyətdə ittiham olunan komitələrin bəzi mənbələrə görə 800-dən çox, digər qaynaqlara görə isə 2345 nəfər rəhbəri və fəal üzvü həbs olundu.

Bu məqama xüsusi diqqət etmək lazımdır – burada konkret olaraq dövləti cinayətdə ittiham olunan ermənilərdən söhbət gedir. Yəni ermənilərin bütün dünyaya car çəkərək qondarma “erməni soyqırımı”nı anım günü kimi qeyd etdikləri 24 aprel tarixi əslində dövlətə xəyanət edən, dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədən erməni komitələrinin aparıcı şəxslərinin həbs olunduğu gündür. Və həmin gün bircə nəfər də erməni öldürülməyib! Bu tarixin hətta ermənilərin “soyqırımı” kimi təbliğ etdiyi təhcir - köçürülmə tədbiri ilə də birbaşa əlaqəsi yoxdur.

27 may 1915-ci ildə isə Osmanlı hökuməti Şərqi Anadoluda yaşayan ermənilərin üsyan və qırğınlarda geniş iştirakını nəzərə alaraq, “Təhcir qanunu”nu qəbul etdi. Məclisdə təsdiq olunduqdan sonra iyunun 1-də dövrün rəsmi “Təqvimi-vəqayə” qəzetində yayımlanaraq qüvvəyə minən qanunda “silahlı qüvvələrin əleyhinə casusluq və xəyanətləri aşkara çıxarılan kənd və qəsəbələrin başqa bölgələrə yerləşdirilməsi”nin vacibliyi qeyd olunur, hətta hər hansı etnik qrupun, o cümlədən ermənilərin adı çəkilmirdi. 

Qərar müharibənin qızğın çağında - Osmanlı dövlətinin olduqca çətin durumda olduğu bir vaxtda qəbul edilsə də, hökumət böyük miqdarda xərc tələb edən bu tədbirləri sistemli şəkildə həyata keçirdi. Lakin ermənilər həmin dövrdən bu hadisəni “soyqırımı” kimi qələmə verməyə başladılar. Müxtəlif rəqəmlər səslənsə də, erməni lobbisi 1915-ci il köçü zamanı həyatını itirən ermənilərin sayı ilə bağlı daha çox 1,5 milyon rəqəmi üzərində dayanır. Halbuki 1914-cü ilin statistikasına görə, Osmanlı dövlətinin əhalisinin sayı 18 520 016 nəfər, ermənilərin sayı isə 1 294 851 nəfər olub. Təbii ki, Osmanlı ərazisində yaşayan bütün ermənilər yaşadıqları yerlərdən köçürülməyib. Erməni tarixçisi C.Kirokosyanın iddiasına görə, ermənilərin üçdə ikisi köçürülməyə məruz qalıb. Bu fikri həqiqət kimi qəbul etsək belə, köçürülən ermənilərin ümumi sayının 1 milyondan da az olduğunu göstərir. Belə olan təqdirdə 1,5 milyon erməninin öldürülməsi necə mümkün ola bilərdi? 

Sonuncu sultanın son yanlışı

Osmanlı dövlətinə qarşı “erməni soyqırımı” iddiaları Türkiyənin Birinci Dünya müharibəsindəki məğlubiyyətindən sonra rəsmi xarakter almağa başladı. 30 avqust 1918-ci ildə Mudros sülh müqaviləsinin imzalanması ilə rəsmiləşən məğlubiyyət nəticəsində İstanbulu işğal edən ingilislər sultan hökumətinə Təhciri qırğın (soyqırımı), bu prosesdə iştirak edənləri isə qırğının günahkarı kimi qəbul etdirə bildi. 24 noyabr 1918-ci ildə Faciələrin Təhqiqatı Komissiyası (Tahkikat-ı Fecayii Komisyonu), dekabrın 16-da isə təhcirin günahkarlarını cəzalandırmaq üçün Hərb Divanı (Hərbi Tribunal) yaradıldı.

Sonuncu Osmanlı sultanı Vəhidəddin ingilislərin tələbi ilə təhcirə qarışan ittihadçı zabitlərin həbsi haqqında qərar çıxartdırdı. 15 mart-7 aprel 1919-cu ildə ingilislərin verdiyi 61 nəfərlik siyahı əsasında həbslərə başlanıldı. Ziya Gökalp və Əhməd bəy Ağaoğlu aralarında olmaqla, 145 dövlət adamı, hərbçi və ictimai-siyasi xadim Malta adasına sürgün edildi.

İlk edam edilənsə aprelin 10-da Yozqat vilayətinin Boğazlıyan qəsəbəsinin kaymakamı Mehmet Kamal bəy oldu. Məhkəmə zamanı heç bir cinayəti olmadığını bəyan edən Mehmet Kamal son sözündə “Sevgili vətəndaşlarım, mən bir türk məmuruyam. Aldığım əmri yerinə yetirdim. Vəzifəmi yapdığıma vicdanım əmindir. And içirəm ki, mən günahsızam. Son sözüm bu gün də budur, sabah da budur. Əcnəbi dövlətlərə yarınmaq üçün məni asırlar. Əgər ədalət buna deyirlərsə, qəhr olsun ədalət!” söylədi. 14 oktyabr 1922-ci ildə isə Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisi xüsusi qanun qəbul edərək, onu Milli Şəhid elan etdi.

Atatürkün “erməni soyqırımı”na münasibəti

Əslində bu qərar həm də Atatürkün “erməni soyqırımı” iddialarına münasibətinin göstəricisi idi. Onun 1926-cı ildə jurnalistlərə danışdığı xatirələrindən isə anlaşılır ki, erməni məsələsi 1917-ci ilin dekabr ayında o zaman Osmanlı vəliəhdi olan, sonradan sonuncu Osmanlı sultanı kimi tarixə düşəcək Vəhidəddinlə birlikdə Almaniyaya səfəri zamanı da müzakirə mövzusu olub. Vəliəhd Elzas valisi ilə söhbəti zamanı Mustafa Kamalı masaya dəvət edib və “cəbhədə olmuş, məmləkəti tanıyan, dediyiniz məsələni yaxşı bilən komandan” kimi təqdim edib. Məlum olub ki, söhbət erməni məsələsindən gedir. Mustafa Kamal valiyə “Müttəfiqiniz olan, bu ittifaq uğrunda maddi-mənəvi bütün varlığını verən Türkiyəyə qarşı tarixin bilmirəm hansısa dövründə var olduğunu iddia edən və bu varlığını yenidən göstərmək üçün dünyanı aldatmağa çalışan ermənilərin lehinə danışmaq fikri sizə haradan gəlir?” sualını verib. Vali bu sual qarşısında, sadəcə, eşitdiklərini dilə gətirdiyini söyləməli olub.

Özünün məşhur “Nutuk” (“Nitqlər”) adlı əsərində Atatürk “erməni soyqırımı” iddialarına belə qiymət verib: “Şübhə edilməməsi gərəkdir ki, erməni qırğını üzərinə söylənən sözlər gerçəyə uyğun deyildi”. Fikirlərini davam etdirən Türkiyə Cümhuriyyətinin qurucusu, ittihamların əksinə olaraq, erməniləri müsəlmanlara qarşı qətliamlar törətməkdə ittiham edib.

1921-ci ilin fevralında ABŞ-da çıxan “Public Ledger” qəzetinin 25 yaşlı əməkdaşı Klarens Streitin Mustafa Kamala verdiyi suallardan biri də “erməni soyqırımı” ilə bağlı olub. Onun cavabı mükəmməlliyi ilə diqqət çəkir: “Düşməncəsinə ittiham edənlərin sürdürdüyü böyük mübaliğələr xaricində ermənilərin təhciri məsələsi əslində belədir: Rus ordusu 1915-ci ildə bizə qarşı böyük hücum başlatdığı bir sırada o zaman çarlığın xidmətində bulunan daşnak Erməni Komitəsi hərbi birliklərimizin arxasında olan erməni əhalisini üsyana təşviq etdi. Yaralı konvoylarımız acımasız şəkildə öldürülür, arxamızdakı körpülər və yollar dağıdılır, türk kəndlərində terror hökm sürürdü... İngiltərənin sülh dövründə və döyüş meydanından uzaq olan İrlandiyaya rəva gördüyü davranışa səssiz baxan dünya erməni əhalisinin təhciri mövzusunda məcburən aldığımız qərara görə bizə qarşı haqlı bir ittihamda buluna bilməz. Bizə atılan iftiraların əksinə olaraq, təhcir edilmiş olanlar həyatdadır və Müttəfiq Dövlətləri bizi təkrar müharibə etməyə zorlamasaydı, çoxu evlərinə dönmüşdü”.

24 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisində çıxış edən Mustafa Kamal Ermənistanda ermənilərin müsəlmanları qətlə yetirməsindən, Birinci Dünya müharibəsində baş verənlərin təkrarlanmaması üçün prosesə müdaxilə etməmələrindən, amma yerli müsəlmanların “öz həyat və namuslarını mühafizə və müdafiədə tərəddüd etməmələrindən” söz açır.

Həmin vaxt Ermənistanda daşnaklar hakimiyyətdə idi. 1920-ci ilin yayında Lenin hökuməti ilə danışıqlara başlayan Mustafa Kamal Atatürk ilkin Türkiyə-Sovet razılaşmasını əldə etdikdən sonra Şərq Cəbhəsinin komandanı, general Kazım Qarabəkirə Ermənistana qarşı hücuma başlamaq və 1914-cü ilə aid Osmanlı-Çar Rusiyası sərhədini keçmək əmri verdi. Bolşeviklərin bu hücuma razılıq verməkdə məqsədi aydın idi: Türkiyənin hücumu qarşısında duruş gətirə bilməyən daşnak hökuməti çökəcək və yerində Sovet Ermənistanı qurulacaqdı.

Kazım Qarabəkir sentyabrın sonlarınadək mühüm sərhəd postlarını və Sarıqamışı tutdu, bundan sonra Qars istiqamətində hərəkətə başladı. 1920-ci il oktyabrın 30-da Qars ermənilərdən azad edildi. Noyabrın 6-da Türkiyə qoşunları Aleksandropolu (indiki Gümrü) tutdular. Dekabrın 2-də Türkiyə ilə Ermənistanın daşnak hökuməti arasında Aleksandropol (Gümrü) müqaviləsi imzalandı. Bu, Türkiyə Böyük Millət Məclisinin bağladığı ilk beynəlxalq müqavilə idi. 18 maddədən ibarət müqavilə Türkiyə-Ermənistan müharibəsinə son qoyulmasını və iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsini nəzərdə tuturdu.

Qeyd edək ki, bundan 4 gün əvvəl – noyabrın 29-da İrəvanda bolşevik hakimiyyəti elan edilmişdi. Bu səbəbdən Türkiyə ilə Daşnak Ermənistanı arasında imzalanmış Aleksandropol (Gümrü) müqaviləsi heç vaxt qüvvəyə minmədi.

Türkiyə üçün “Domokl qılıncı”

Türkiyəyə qarşı “erməni soyqırımı” iddiaları 1919-cu ildə “müharibə cinayətlərinin araşdırılması” adı altında Paris Sülh Konfransında da gündəmə gətirilib. Osmanlının çöküşü və Türkiyə Cümhuriyyətinin qurulması da “erməni məsələsi”ni beynəlxalq problem olmaqdan çıxara bilməyib. Əksinə, zaman-zaman Türkiyəyə qarşı “soyqırımı” iddialarından “Domokl qılıncı” kimi istifadə olunmasına cəhdlər edilib. Xüsusən Türkiyə üçün həlledici tarixi məqamlarda ittihamlar kulminasiya həddinə çatıb. Türkiyənin NATO-ya üzvlüyü ərəfəsində və Avropa Birliyinə üzvlüklə bağlı aparılan danışıqlar zamanı rəsmi Ankaraya qarşı ittihamlar kampaniya xarakteri alıb. Fransa başda olmaqla, bir sıra Avropa ölkələrinin parlamentləri tərəfindən “erməni soyqırımı” rəsmən tanınıb, hətta “erməni soyqırımı”nı inkar etməyə görə cəzalar tətbiq olunub.

Ermənilər isə bununla kifayətlənməyərək, ABŞ prezidentlərinin dilindən “soyqırım” kəlməsini eşitmək üçün var gücləri ilə çalışıblar. Donald Tramp da daxil olmaqla Co Baydenə qədərki bütün ABŞ prezidentləri 24 aprel günü yaydıqları bəyanatda 1915-ci il hadisələrini “Medz Yegern” (“Böyük Fəlakət”) adlandırıblar. Trampın dövründə ABŞ Konqresinin Nümayəndələr Palatası “erməni soyqırımı”nın tanınması haqqında qətnamə qəbul edib. Co Bayden isə 2021-ci ildə “soyqırımı” kəlməsini işlədən ilk ABŞ prezidenti kimi tarixə düşüb ki, bu da “erməni məsələsi” ortaya çıxandan bəri ermənilərin ən böyük “qələbəsi” sayılır. Heç şübhəsiz, bu, İkinci Qarabağ savaşı zamanı Azərbaycana verdiyi əhəmiyyətli dəstəklə 30 illik işğala son qoyan və bununla da regional güc olduğunu bütün dünyaya nümayiş etdirən Türkiyəyə qarşı düşünülmüş addım idi.

“Erməni açılımı”nın bağlanışı

Bir faktı da vurğulamaqda fayda var: əslində son illər Türkiyənin bu məsələ ilə bağlı mövqeyində yumşalma və geri çəkilmə baş verib. 2007-2009-cu illərdə Türkiyə hökuməti (prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu) “erməni açılımı” adı ilə tanınan siyasət yürütməyə çalışsa da, müvəffəqiyyət qazana bilməyib. 

2010-cu ildə keçirilən futbol üzrə dünya çempionatının seçmə mərhələsi Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesi çərçivəsində aparılan bu prosesə dəng gəlmişdi: 2008-ci ildə İrəvanda, 2009-cu ildə Bursada keçirilən iki ölkənin milli komandaları arasındakı matçları Türkiyə və Ermənistan prezidentləri Abdullah Güllə Serj Sarkisyan birlikdə izləmişdilər. Türkiyə milli komandasının 2:0 qalib gəldiyi hər iki oyunda tərəflərin öncədən razılaşdırması əsasında türkiyəli azarkeşlərin meydana Azərbaycan bayrağı keçirməsinə icazə verilməmişdi. Bursada keçirilən oyunda qollardan birini Azərbaycan əsilli Sərvət Çətin vurduğu üçün Türkiyə qəzetlərindən biri buna etirazını orijinal formada bildirmişdi: “Azeri bayrağına izn vermediler, azeriden gol yediler”.

İsveçrədə Azərbaycandan gizli formada keçirilməsinə cəhd edilən və iki ölkənin 1991-ci ildən bağlanmış sərhədlərinin açılmasını da nəzərdə tutan Türkiyə-Ermənistan danışıqları sonda ermənilərin “soyqırım”ın tanınması, Türkiyənin üzr istəməsi tələbləri səbəbindən və xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin sərt reaksiyası nəticəsində tarixə gömülmüşdü.

Son söz yerinə

2014-cü il aprelin 23-də o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri haqda 9 dildə, o cümlədən ermənicə rəsmi açıqlama yayaraq köçürülmə olayını (Təhcir) qeyri-insani nəticələr doğuran hadisə kimi qiymətləndirdi və ölən ermənilərin nəvələrinə başsağlığı verdi. O vaxtdan bəri hər il 24 aprel münasibətilə Ərdoğan tərəfindən bənzər məzmunda yazılı bəyanat yayılır. 

Artıq Ankara “soyqırım”ın tanınması barədə dünya parlamentlərinin qərarlarına ilk anda sərt reaksiya versə də, bunu dövlətlərarası münasibətlərdə problem yaradan məsələ kimi qəbul etmir.

Tarixi faktlar isə onu göstərir ki, əsl soyqırımını məhz ermənilər törədiblər. Siyasi və elmi çevrələrdə hər zaman pıçıltı ilə dilə gətirilən bu həqiqəti də düşünürük ki, uca səslə bəyan etməyin zamanıdır: 1918-ci ilin martında Bakı başda olmaqla şimallı-cənublu Azərbaycanda erməni quldur dəstələrinin törətdiyi soyqırımı əslində 1915-ci il hadisələrinin qisası idi. Hətta dünya müharibəsinə cəlb olunmuş və tarixinin son illərini yaşayan Osmanlı imperiyasına gücü çatmayacağını anlayan ermənilər bunun qisasını Azərbaycan türklərindən alıblar. 1992-ci il fevralın 26-da isə Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. 

Xocalı soyqırımının videogörüntüləri olduğu halda, onu görməzdən gələn “mütərəqqi bəşəriyyət” Türkiyədən ermənilərin kağız üzərində uydurduqları “soyqırımı”nı tanımağı və Ərdoğanın tarixçilərdən ibarət ortaq komissiya qurmaq təklifini qulaqardına vuran Ermənistanla münasibətləri normallaşdırmağı tələb edir. Elə aşağı-yuxarı Azərbaycandan da tələb olunan Ermənistanla münasibətləri normallaşdırmaqdır. Görəsən, bu tələbi edənlərin xəbəri varmı Ermənistanın 23 avqust 1990-cı il tarixli 12 maddədən ibarət Müstəqillik haqqında Bəyannaməsində nə deyilir? Yoxdursa, yazaq – bilsinlər:

“Ermənistan SSR Ali Soveti erməni xalqının vahid iradəsini ifadə edərək... Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərarına əsaslanaraq...

  1. Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda ermənilərin soyqırımının beynəlxalq səviyyədə tanınması işini dəstəkləyir...”
Görünür, insanlar kimi, dövlətlər də doğuşdan travmalı ola bilirmiş...