Logo
news content
User
Kateqoriyalar

Analitika

190 manat üçün vaxt bitdi

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatıb. Bu barədə aprelin 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) məlumat yayıb.

"Bugünədək 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq. Ümumilikdə isə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb", - deyə məlumatda qeyd olunur.

Nazirlik bildirib ki, daxil olmuş müraciətlərin emalı prosesi davam edir: "Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən (e-informasiya bazalarının məlumatları əsasında), ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu müəyyən edilən şəxslər diqqətdə saxlanır".

ƏƏSM-in ictimaiyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbovun açıqladığı ümumi statistik rəqəmlərə görə, pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya əhalinin 48 faizini əhatə edir. Statistik məlumatlara görə:

- İş yerləri və əməkhaqqı gəlirləri qorunanların sayı: 1.640 min nəfər;

- Davamlı pensiya, sosial ödəniş (pensiya, müavinət, və s.) alanlar: 2 milyon nəfər;

- Birdəfəlik ödəmə proqramı üzrə müvinət alanlar: 600 min nəfər;

- Ödənişli ictmai işlər proqramı üzrə: 90 min nəfər;

- Özünəməşğulluq proqramı üzrə: 12 min ailə;

- Ünvanlı sosial yardım alanlar: 340 min nəfər;

- İşsizlikdən sığorta ödənişi üzrə: 20 min nəfər;

- Ərzaq yardımı təminatı üzrə: 100 min ailə.

 

190 manat yardımdan kimlər kənarda qaldı?

Nazirliyin müəyyənləşdirdiyi şərtlərə görə, adları yuxarıdakı kateqoriyalara daxil edilən bütün şəxslər 190 manat yardıma iddia edə bilməzlər. O cümlədən, aldığı müavinətin həcmindən asılı olmayaraq dövlətdən müavinət alan bütün vətəndaşlar (əlillərə baxanlar, Qarabağ veteranları, qaçqın statusu olanlar - müavinətin həcmi 50-100 manat), adına həcmindən asılı olmayaraq kənd təsərrüfatı təyinatlı torpaq olanlar, vergi ödəyicisi kimi fəaliyyətinin olub-olmamasından asılı olmayaraq, müraciət edən 160 mindən artıq VÖEN sahibi, əyani oxuyan tələbələr, həyat yoldaşı (ər və ya arvaddan biri) işləyən, pensiya və ya müavinət alan bütün işsiz şəxslər 190 manat yardımı ala bilmədilər.

Nazirliyin açıqlamasında müraciət üçün təyin olunan vaxtın bitdiyi elan olunur. Amma müraciətlərin dayanıb-dayanmadığı barədə məlumat verilmir. Sosial şəbəkədə, mediada yayılan məlumatlarda isə hələ də çoxlu sayda vətəndaşın nazirliyin e-sosial.gov.az portalına müraciət etməyə çalışdığı aydın görünür. Beləliklə, dövlət qurumu müraciətlər üçün əlavə vaxt imkanı yaratmayıb. Bundan başqa, xeyli sayda mübahisəli məsələlər var ki, onların birini iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov açıqlamışdı. O qeyd etmişdi ki, VÖEN-lə çalışanlara yardım verilməməsi barədə narazılıqları əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini ilə müzakirə edib, bu məsələ problem olmamalıdır. ƏƏSM hələlik VÖEN-ə görə imtina cavabı almış şəxslərə təkrar müraciət imkanı verilb-verilməyəcəyini də açıqlamayıb.

Statistika və ekspert nə deyir?

Bəs, nazirliyin imtina cavabı verdiyi vətəndaşların pandemiya şəraitində özünü dolandırmaq, vəziyyətdən çıxmaq imkanları varmı? Dövlətin özünün açıqladığı statistik məlumatlar və ekspertlər bu suala mənfi cavab verir.

İqtisadçı İlham Hüseynli rəsmi statistik məlumatların açıqlandığı son 2018-ci il üzrə məlumata istinad edərək ölkə üzrə adambaşına düşən gəlirin səviyyəsinin 276 manat, adambaşına istehlak xərclərinin 286 manat, ev təsərrüfatlarının orta ölçüsünün isə 4.5 nəfər olduğunu bildirdi:

"Bu rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda bir ailənin orta hesabla aylıq gəliri 1242 manat (4.5 x 276 manat), aylıq istehlak xərclərinin ümumi məbləği 1287 manat (4.5 x 286 manat) təşkil edir. Orta statistik göstəricilərə əsaslansaq, deyə bilərik ki, bir ailənin aylıq gəliri onların normal yaşaması üçün lazım olan istehlak xərcləri üçün yetmir və bunun üçün o ailənin əlavə 200 manat vəsaitə belə ehtiyacı yaranır."

İ. Hüseynlinin sözlərinə görə, ayrı-ayrı iqtisadi fəaliyyət növləri üzrə çalışan müzdlu işçilərin və sahibkarların gəlirləri bir-birindən ciddi şəkildə fərqləndiyindən, bu məsələdə mütləq fərdi yanaşma olmalı və real vəziyyət dəyərləndirilməlidir. Məsələn, ölkə üzrə 2018-ci ildə muzdla işləyən işçilərin orta aylıq nominal əməkhaqqı 544 manat (2019-cu ildə 620 manat) olduğu halda, bu göstərici bəzi fəaliyyət sahələri üzrə ümumi orta göstəricidən yüksək olub. Mədənçıxarma sənayesi üzrə orta aylıq əməkhaqqı 2964 manat, maliyyə və sığorta fəaliyyəti üzrə 1459 manat və s. olub. Amma bu fəaliyyət sferasında çalışanların sayı təqribən 60 min civarındadır ki, bu da cəmi muzdlu işçilərin 3,8 %- ni təşkil etmiş olur.

İqtisadçı qeyd etdi ki, muzdla işləyən əhalinin daha çox çalışdığı fəaliyyət sahələri üzrə orta aylıq əməkhaqqının səviyyəsi olkə üzrə ümumi orta aylıq əməkhaqqının nominal göstəricisindən xeyli aşağıdır:

"Məsələn, kənd təsərrüfatı üzrə bu rəqəm 281 manat, ticarət sektoru üzrə 390 manat, eləcə də, qadınların daha çox məşğul olduğu təhsil və səhiyyə sektorunda isə bu rəqəmlər müvafiq olaraq 365 manat və 239 manat səviyyəsində olub. Göründüyü kimi, həqiqətən bu fəaliyyət sferalarında çalışan muzdlu işçilərin əmək haqları orta aylq əməkhaqqı səviyyəsindən (544 manat) xeyli aşağıdır".

Ekspert bildirdi ki, təkcə sadaladığı bu 4 fəaliyyət sahəsi üzrə çalışanlar cəmi muzdlu işçilərin 52%-ni təşkil edir ki, bu da təqribən 805 min nəfərə bərabərdir: "Əgər biz yenə də sadə bir hesablama aparsaq, onda bu fəaliyyət sferalarında - məsələn, kənd təsərrüfatı və ya təhsildə vəziyyətin daha problemli olduğu aydın görünər."

İ. Hüseynlinin sözlərinə görə, bir ailənin iki üzvünün təhsil sektorunda çalşdığını nəzərə alsaq, onda bir ailənin aylıq gəlirlərinin aylıq istehlak xərclərini qarşılaması üçün təqribən əlavə olaraq 550 manata (1287-2 x 365 manat) yaxın bir vəsaitə ehtiyacın yarandığı ortaya çıxmış olur:

"Nəzərə alsaq ki, pandemiya dövründə təhsil sahəsində çalışan əksər müəllimlərin repetitor fəaliyyətinə qadagalar qoyulub, onda onların əldə etdikləri əlavə gəlirlər də minimuma enmiş olur və bu da təhsil sektorunda çalışanların maddi durumunun bir qədər də pisləşməsi deməkdir".

İ. Hüseynli hesab edir ki, hökumət indiki çətin durumu nəzərə alıb bu məsələyə daha rasional yanaşmalı, ailədə bir-iki nəfər məşğul şəxsin olduğu halda belə, əgər onların gəlirləri ailənin istehlak xərclərini ödəmirsə, onda bu ailələrin ödənişli əsaslarla oxuyan tələbə övladlarının təhsil haqlarının ödənməsinə yardımçı olmalıdır".

Turqut