Logo
news content
User
Kateqoriyalar

Təmas xətti

Yüksək oktanlı “yanacaq diplomatiyası”
Bu diplomatiya regional tarazlığı necə formalaşdırır?

Cənubi Qafqazda yeni iqtisadi və enerji balansının formalaşması fonunda Zəngəzur dəhlizinin Azərbaycanın regional strategiyası üçün rolu hələ marşrut işə düşməmişdən artmaqdadır. Bakı həmin marşruta təkcə nəqliyyat bağlantısı kimi deyil, enerji xətlərini və ticarət yollarını birləşdirən çoxşaxəli dəhliz kimi baxır. 

Region ölkələrinin enerji təminatında Azərbaycan tarixən mühüm rol oynayıb. Avropanın qaz istehlakını azaltmaq niyyəti alternativ, o cümlədən daha yaxın bazarları yenidən diqqət mərkəzinə çəkir. Bu baxımdan Ermənistan istiqamətində formalaşa biləcək logistika imkanları həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır.

Ermənistanla iqtisadi əməkdaşlıq imkanları əsasən məhz Zəngəzur dəhlizi kontekstində dəyərləndirilir. Zəngəzur üzərindən Naxçıvan istiqamətində birbaşa yüksək gərginlikli elektrik xətlərinin quraşdırılması və qaz infrastrukturunun yaradılması planlaşdırılır. Bu olan ötən illərin təcrübəsinə söykənir: 1959–1960-cı illərdə Azərbaycan ilk dəfə Gürcüstana və Ermənistana qaz ixrac edib, 1960-cı ildə Hacıqabul–Böyük Kəsik–İcevan–Yerevan qaz kəməri istifadəyə verilib, 1976-cı ildə Ermənistandan keçməklə Naxçıvana qaz kəməri çəkilib, 1984-cü ildə isə bu xətt daha 70 km uzadılaraq Sədərək və Yerevan istiqamətində genişləndirilib. Faktlar göstərir ki, regionda enerji inteqrasiyası üçün texniki və tarixi baza mövcuddur. 

Perspektivdə Avropa İttifaqının 2030-cu ildən sonra qaz istehlakını azaltmaq niyyəti Azərbaycanın ixrac strategiyasına yenidən baxmasını zəruri edir. Onun çərçivəsində Ermənistan bazarının təxminən 3 milyard kubmetr həcmində potensialı tam şəkildə mənimsənilə bilər. Oxşar proses Gürcüstan bazarında artıq baş verib: vaxtilə bazarın 100 faizi “Qazprom”a məxsus olduğu halda, hazırda burada Azərbaycan qazının payı 50 faizdir. 

2030-cu ildən sonra Ermənistandakı Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması ölkədə enerji çatışmazlığı yaradacaq. Bu da Azərbaycanın qonşu ölkəyə elektrik enerjisi, təbii qaz və neft məhsulları ixracı üçün əlavə imkanlar açır. 

30 illik münaqişədən sonra Azərbaycandan ilk dəfə 2025-ci ilin dekabr ayında Ermənistana benzin və dizel yanacağı göndərilib. Proses Gürcüstan üzərindən həyata keçirilib və təxminən 1200 tondan artıq yanacaq daşınıb. Ermənistana neft məhsullarının növbəti partiyası isə 2026-cı ilin yanvarında Bakıdan yola salınıb. Bu partiya 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağından ibarət olmaqla, ümumilikdə 2698 ton yük təşkil edir. Həmin yükün daşınması üçün Gürcüstan bu dəfə də tranzit ölkə rolunu oynayıb. 

Ermənistan rəsmi olaraq aksiyanı həm humanitar, həm də iqtisadi əməkdaşlıq baxımından müsbət qiymətləndirib. Bu hadisə iki ölkə arasındakı müharibədən sonra normallaşmağa başlamış əlaqələrin dərinləşməsinə, xüsusən enerji və təhlükəsizlik sahələrində qarşılıqlı asılılığın artırılmasına yönəlmiş bir addım olaraq dəyərləndirilir. Gürcüstanın tranzit rolu da əməliyyatın icrasında əhəmiyyətli olub. 

Hazırda Cənubi Qafqaz ölkələri arasında avtomobil yanacağının ən baha qiyməti Ermənistandadır. Bunun əsas səbəbi idxal olunan yanacağın Gürcüstan vasitəsilə daşınmasıdır ki, bu da əlavə xərclərə gətirib çıxarır. Zəngəzur dəhlizi açıldığı təqdirdə isə xərclər azalacaq və Azərbaycan məhsulları birbaşa, daha rəqabətli qiymətlərlə Ermənistan bazarına daxil ola biləcək.

Seymur Kazımov