Logo
news content
User
Kateqoriyalar

Analitika

Təmas xətti

Əhmədin qonşu Aşota məktubu
Yaxud, şərabla peyini qarışdırmağımız bəs deyilmi?!

Salam, qonşum Aşot!

Sənə yazan ən yaxınlığındakı qonşun Əhməddir. Deyəcəksən ki, çoxdandır yazmırsan və haqlı olacaqsan. Amma etiraf et ki, sən də çoxdandır qələmi əlinə almamısan. Elə ona görə də, sözləri seçmək məcburiyyətində qalıram, “yaxın qonşu” əvəzinə “ən yaxınlığındakı qonşu” yazıram, daha çox hissləri və qohumluğu deyil, coğrafi məkanı vurğulayıram. Halbuki, bizdə bir məsəl var: “Yaxın qonşu uzaq qohumdan yaxşıdır”. Qohumluq məsələsinə gəldikdə, əlimizi ürəyimizin üstünə qoyub etiraf edək ki, bir az dərinə getsək, aramızda kifayət qədər qohumluq əlaqələri də tapılar. Hətta kimdə hansı qanın daha çox olduğu da məlum deyil – səndə türk qanı, yoxsa məndə hind-Avropa qanı...

Eşitmişəm ki, yaxın günlərdə seçkilərin olacaq. Üstəlik, hamının dediyinə görə, taleyüklü seçkilərdir. Dostluq illərimizin üstündən çox sular, təəssüf ki, təkcə sular yox, qan da axıb. Buna baxmayaraq, mən də bununla bağlı fikrimi bildirmək istəyirəm.

Əvvəla, dünyaya təkcə qara-ağ rənglərdə baxmaq lazım deyil. Tərəflər nə deyirsə-desin, nəticə necə olursa-olsun, bu, dünyanın sonu deyil. Heç nə bir anda və köklü şəkildə dəyişməyəcək. Razılaş, sizi (elə bizdə də az olmayıb) ilk dəfə deyil ki, hansısa məsələ ilə bağlı “olum ya ölüm” seçimi qarşısında qoymağa çalışırlar. Amma necə deyərlər, araba hələ də yerindədir. Buna görə də bu qədər gərginləşməyə, təşvişə düşməyə ehtiyac yoxdur. Məsələyə sakit yanaş, bütün “müsbət” və “mənfi” cəhətləri ölçüb-biç.

İkincisi, keçmiş təcrübəyə söykən. Amma məhz öz şəxsi təcrübənə, gündəlik həyatın öyrətdiyi müdrikliyə. Sənə keçmiş və tarix adı ilə sırımağa çalışdıqlarına yox. Çünki siyasətçilərə və hay-küylü “vətənpərvərlərə” inansaq, tarix yalnız müharibələrdən və nifrətdən ibarətdir. Guya biz əsrlərlə bir-birimizlə yalnız döyüşürük və bəzilərinin iddia etdiyi kimi, hətta “genetik cəhətdən bir-birimizə uyğun deyilik”.

Amma sırf riyazi hesab aparsaq, əsrlər boyu birgə yaşayış, ticarət, qarışıq nikahlar və müharibələr dövrünü müqayisə etsək, sülh içində keçən illərin qat-qat çox olduğunu görərik. Qonşu, belə deyil?! Bizim oxşarlığımız təkcə dolmaya və ya hansısa musiqi alətlərinə sevgidə deyil, biz daha böyük məsələlərdə və hətta eyni axmaqlıqlarda da bir-birimizə bənzəyirik. Hər ikimiz dinin mahiyyətindən çox onun zahiri simvollarına, məbədlərin və məscidlərin daşlarına dəyər veririk; tərif eşitmək xətrinə dəridən-qabıqdan çıxmağa hazırıq, amma çox vaxt bizi niyə təriflədiklərini, hansı məqsədlə alqışladıqlarını və çəhrayı eynəklərlə bizi hansı uçuruma apardıqlarını görmürük; qürurla sinəmizə döyüb dağlı, qafqazlı olduğumuzu deyirik, amma hər addımda dağlıların şərəfi qaydalarını pozuruq. Əks halda, müharibə şəraitində olsa belə, hər iki tərəfdən bu qədər günahsız insanın qanı axardımı?! Gəl, kimin daha çox, kimin daha az günah etdiyinin hesabını yenidən açmayaq. Çünki şərəfi yalnız bir dəfə itirmək olar, elə deyil?

Amma bu seçkiləri xüsusi edən bir sıra məqamlar da var. Bəli, dərhal və köklü dəyişikliklər baş verməyəcək. İnkişaf istiqamətinin dəyişməsi də öz-özünə nə firavanlıq, nə də sülh vəd etmir. Ancaq erməni xalqı iki əsrdən artıqdır, bir istiqamətdə hərəkət edib və bunun müqabilində ağrıdan, qandan və itkilərdən başqa heç nə əldə etməyib. Bəlkə indi başqa istiqaməti, başqa inkişaf yolunu sınayasınız? Bəlkə eyni səhvi təkrar etməkdən əl çəkəsiniz (və eyni zamanda, bunu necə etdiyinizi bizə də göstərəsiniz)?!

Qonşu, bundan başqa, indi həqiqətən də çox şey sənin səsindən asılıdır. Bütün tərəflər, dövlətlər, televiziya kanalları, bloqlar, sosial şəbəkələr – hamısı sənə təsir göstərməyə çalışır. Bunun qədrini bil, hamını dinlə, amma seçimini özün et – öz rahatlığın, doğmalarının və yaxınlarının rahatlığı naminə. Məktubumun əvvəlinə qayıdaraq, qohumların və yaxınların siyahısında qonşun Əhmədi də unutma. Sənin qonşunun əmin-amanlığı və rifahı həm də sənin əmin-amanlığın və rifahın demək deyil? Nifrət, qan və ağrı dolu illər bizə nəyisə öyrətməliydisə, bu, yanında yaşayan qonşun bədbəxt olduğu halda özün üçün xoşbəxtlik qurmağın və firavan yaşamağın mümkün olmadığını anlamaq deyil?

Çox söz demək olar. Amma xalq hikmətlərinə olan ortaq sevgimizi nəzərə alaraq, məktubumu bir rəvayətlə bitirəcəm. Gəl, ondan düzgün nəticə çıxaraq. Əsrlər boyu cahillikdə bir-birimizə bənzəmişik, bəlkə bu dəfə bu dəli dünyaya müdriklik nümunəsi göstərək?

Rəvayət

İki qonşu bazara gedirmiş, arabalarına satmaq üçün ortaq şərab və peyin yükləyirlər. Hava çox isti imiş və təxminən on beş dəqiqə keçəndən sonra qonşulardan biri o birinə deyir:

– Qulaq as, əzizim, susuzluq məni yandırır. Amma su yoxdur. İcazə ver, bir az şərab içim.

O biri cavab verir:

– Axı bunların hamısını satıb qazanc əldə etmək üçün aparırıq. Hamısını içsək, onda bunun mənası nədir? Amma çox istəyirsənsə, bir şərtim var: əvvəl bir az peyin ye, sonra şərabı iç. Qoy bir də belə xahiş etmək ağlına gəlməsin.

Birinci qonşu etiraz edir, amma o biri öz dediyindən dönmür. Nəhayət, susuzluğa dözə bilməyən qonşu razılaşır – bir az peyin yeyir və üstündən şərab içir. Təxminən yarım saat sonra susuzluq bu dəfə ikinci qonşunu əldən salır. O da bir az şərab içmək istədiyini deyir. Bu dəfə birinci qonşu onu şərabla birlikdə peyin dadmağa məcbur edir.

Bu hal bir neçə dəfə təkrarlanır. Bir sözlə, onlar bazara çatana qədər bütün şərabı içirlər və bütün peyini yeyirlər. Və yalnız o zaman bir şeyi anlayırlar: bu və ya digər səbəbdən onsuz da bütün şərabı içəcəkdilərsə, bəs peyini niyə yeyirdilər?

Anar Eyyubov