“Ona yol versək, İran Azərbaycanı pərişan edər” – MÜSAHİBƏ
Professor Xaləddin İbrahimli regionda yaranmış vəziyyəti təhlil edir
06 Oktyabr 2026
Yaxın Şərqdə dərinləşən geopolitik böhran, Türk Dövlətləri Təşkilatının (TDT) gələcəyi, İsrail-Türkiyə xəttindəki gərginliyin Bakı-Ankara münasibətlərinə təsirləri və ən əsası - regionda artan dini ideoloji təhdidlər Cənubi Qafqaz üçün yeni çağırışlar yaradır. Azərbaycan ideoloji və təhlükəsizlik sərhədlərini necə qorumalıdır? Türkiyə və Mərkəzi Asiya modelləri ilə Azərbaycanın reallıqları niyə fərqlənir? Şərqdə təhlükəsizliyin əsas şərti nədir?
Tarixçi alim, professor Xaləddin İbrahimli Pressklub.az-a müsahibəsində regional təhlükəsizlik, sekulyarlıq zərurəti, din-dövlət münasibətləri və Azərbaycan-Türkiyə qardaşlığına qarşı yönələn gizli təxribat mexanizmləri ilə bağlı fikirlərini bölüşüb.
“Azərbaycan Türkiyə deyil: Bakı din məsələsində həddindən artıq həssas olmalıdır”
– Xaləddin bəy, Yaxın Şərq yenidən alovlanır, dini ideologiyalar hərbi-siyasi faktora çevrilir. Azərbaycanda din və dövlət modelinin qorunması məsələsi günümüzün əsas təhlükəsizlik şərtinə çevrilibmi?
– Şübhəsiz. Bu məsələdə Azərbaycan çox həssas olmalıdır. Biz elə bir mürəkkəb coğrafiyada yerləşirik ki, din və dini ideologiya hər zaman daxili və xarici proseslərə kəskin təsir göstərmək gücündədir. Burada vacib bir nüansı dərk etməliyik: Azərbaycan Türkiyə deyil.
Türkiyə laik dövlət olsa da, bəlli bir məsafədə din faktoru ilə yaxınlaşmağa, İslam dünyasında liderliyə oynamağa məcburdur. Çünki Türkiyə İslam coğrafiyasının mərkəzindədir, eyni zamanda Yaxın Şərq dövlətidir. O bu meydanı boş buraxsa, oradakı destruktiv güclər - İran, Səudiyyə Ərəbistanı kimi faktorlar həmin boşluğu dolduracaq. İraq dağılandan sonra Türkiyənin düz "qulağının dibində" nə qədər terror təşkilatı, Həşdi-Şabi, İŞİD, PKK, YPG aktivləşdi. Türkiyə regionda sabitliyi təmin etmək və təhlükəsizliyini qorumaq üçün əsas aktyor kimi İslam coğrafiyası ilə sıx əlaqələr saxlamaq zorundadır.
– Bəs Azərbaycanın cəlb olunduğu reallıq nədən ibarətdir?
– Azərbaycanda vəziyyət kökündən fərqlidir. Biz Cənubda teokratik rejimlə - İranla qonşuyuq. Azərbaycanda dini ideologiya sekulyarlığı sıxışdırsa, onun konstitusiya sərhədlərini keçsə, İran Azərbaycanı pərişan edər. Eyni zamanda Cənubi Azərbaycanın da vəziyyəti ağırlaşar. Nə qədər ki İranda dünyəvi, sekulyar dövlət qurulmayıb, Azərbaycan din məsələsində maksimum həssas davranmağa məcburdur. Əks təqdirdə, İranın qarşısında kiçik bir ölkəyik. Əhalimizin çoxu tarixən zorla şiələşdirilmiş bir bölgənin varisləridir və bu, təhdidlər qarşısında bizi həssas edir. Azərbaycan, əksinə, Cənubi Azərbaycanda sekulyar dövlət ideyasını dəstəkləməlidir ki, orada yaşayan soydaşlarımız da Quzey kimi dünyəviliyi və laikliyi müdafiə etsinlər.
“Türk Dövlətləri Təşkilatı din üzərində qurulsaydı, dağılardı”
– Bəs din faktoru Türk Dövlətləri Təşkilatının (TDT) gələcəyinə təsir edə bilərmi? Bəziləri bu birliyin ideoloji baxımdan zəif olduğunu iddia edirlər...
– O iddiaları yazanlar da, pozanlar da yanılırlar. "Bu təşkilat süni təməldədir, dağılacaq" deyənlərin fikri tamamilə absurddur. TDT dağılmayacaq. Çünki bu təşkilat din təməlində deyil, milli təməl – millət platforması üzərində qurulub. Bu, ən doğru strateji təməldir.
Dünya türklərinin əksəriyyəti müsəlman olsa da, bizim aramızda bütün dinlərin təmsilçiləri var: ortodoks türklər, xristian türklər, musəvi (yəhudi) türklər, buddist, lamaist, şaman türklər var. Türklük yalnız İslamdan ibarət deyil. Türk birliyi yaratmaq istəyirsinizsə, bunu dini təməldə qura bilməzsiniz – bu birlik çökməyə məhkum olar. Amma milli təməldə qurulduğu üçün onun parçalanması, demək olar ki, imkansızdır. Eyni sekulyarlıq zərurəti Türküstan (Mərkəzi Asiya) Türk Cümhuriyyətlərinə də aiddir. Onlar da dünyəvi modeli qorumağa məcburdurlar.
“İsrail amili Bakı-Ankara münasibətlərində mina olmamalıdır”
– Azərbaycan və Türkiyənin İsraillə münasibətlərdə fərqli xətt izləməsi ziddiyyət kimi təqdim olunmağa çalışılır. İsrail faktoru iki qardaş ölkə arasında nifaq sala bilərmi?
– İsrail faktoru heç zaman Türkiyə-Azərbaycan münasibətlərində dağıdıcı, bölücü rol oynaya bilməz və nə Bakı, nə Ankara buna imkan verməməlidir. Azərbaycanı bu məsələdə çətinə salmaq, seçim qarşısında buraxmaq olmaz. Çünki seçim qarşısında qalanda Azərbaycan xalqı birmənalı olaraq Türkiyəni seçəcəkdir. Bu, müzakirəyə qapalı məsələdir.
Lakin iqtidarlar və siyasi dairələr İsrail məsələsində ehtiyatlı davranmalıdır. Bu mövzu Azərbaycan-Türkiyə münasibətlərini sınağa çəkməməlidir. İqtidarlar belə başqa addım atmaq istəsələr, cəmiyyət və xalq buna kəskin təpki göstərər, bunu qəbul etməz. Onu da vurğulayım ki, İsrail Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışacaqsa, düşməndir, yox, iki qardaş dövlətlər arasındakı münasibətlərə qarışmayacaqsa, o zaman Azərbaycanın dostudur.
“Din nə dövlətin əlavəsi olmalı, nə də dövlət işinə qarışmalıdır”
– Bəs dünyəvilik ideyası Cənub coğrafiyasında niyə tez-tez təhrif olunur? Dövlətlə dinin sərhədi haradan keçir?
– Bizdə sekulyarlıq anlayışı düzgün qavranılmır. Sekulyarlıq dövlətin dini tamamilə kənara atması deyil. Bəli, dövlət dinin işinə qarışmır, amma məsələ birtərəfli də deyil: din də dövlət işlərinə qarışmamalıdır.
Təəssüf ki, bəzi Şərq dövlətlərində din zaman-zaman hakimiyyətin bir əlavəsinə, yarı-siyasi bir quruma çevrilir. Bu da dolayısı ilə dinin dövlət işlərinə müdaxiləsi deməkdir. Dəqiq sərhəd olmalıdır: din öz mənəvi missiyasını yerinə yetirir, dövlət isə hüquqi idarəetməni. Azərbaycanın yerləşdiyi həssas bölgədə bu balansı pozmaq fəlakətə aparar.
“Şiələşmə tarixi fəlakətimiz oldu, amma bu gün provokasiyalara uymamalıyıq”
– Sosial şəbəkələrdə, mediada tez-tez Azərbaycan və Türkiyə arasında tarixi inciklikləri qabardan, "Səfəvi-Osmanlı" davası açan xətt boy göstərir. Bu qızışdırıcı dilin arxasında kimlər dayanır?
– Bu sosial şəbəkələrdəki söz duelləri, "filan vaxtı Türkiyə bunu dedi, Azərbaycan onu etdi" kimi tarixi eşələmək cəhdləri açıq-aşkar provokasiyadır. İki qardaş arasında da, ailədə də söz-söhbət olub və olacaq. Əsas məharət o problemləri qabardıb ortalığı qızışdırmaq deyil, o problemlər yaşana-yaşana qardaşlıq münasibətlərini normala döndərmək və qorumaqdır. Keçmişdə olan oldu, bitdi. O köhnə yaraları bu günə və sabaha daşımağın nə mənası var?
Burada kənar əllər var. İçəridə bu provokativ fikirləri yayan mediaya, şəxslərə dirəniş göstərilməlidir. Ortalığı qatan güclər var – iranpərəstlərdir, ruspərəstlərdir. Elə bilirsiniz İran yalnız Azərbaycanda işləyir? Xeyr, İran Türkiyənin içində də çox gözəl işləyir! Əllərində media var, resursları var. “İki dövlət, bir millətdir” deyib arxayınlaşmaq olmaz. Rusiya və İran Azərbaycanda hansı tempdə işləyirlərsə, Türkiyədə də eyni templə işləyirlər. Bəzən ağlı başında olan adamlarımız da bilmədən onların şəbəkəsinə qoşulub ortalığı qızışdırırlar.
Tarix belə gətirdi ki, bizim bölgəni zamanında zorla şiələşdirdilər. Bu ideoloji qırılma Türküstanla Anadolu arasında fiziki qırılma yaratdı, ardınca ruslar gəlib torpaqlarımızı işğal etdi. Bu tarixi yanlışların nəticəsində öncə Quzey və Güney bölündü, sonra Borçalı, Dərbənd, Naxçıvan ayrıldı.
İndi heç kim demir ki, zorla şiələşdirilmisən, get təzədən sünni ol. Şiə şiəliyində qalacaq, sünni sünniliyində. Amma bu tarixi gerçəkliyi dərk etməli, bölgənin həssaslığını nəzərə almalı və dövlətin dini siyasətini sırf bu geostrateji təhlükəsizlik reallıqları üzərində qurmalıyıq.
Turqut