Logo
news content

Sülh müqaviləsinin böyük sirri
Nə? Harada? Nə vaxt?

Təxminən 15 ay öncə, 2022-ci ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyev ilin sonuna kimi sülh müqaviləsinin imzalana biləcəyini bəyan etmişdi. Bu, Praqada Fransa prezidenti Emanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdən sonra idi. Bu nikbinliyi yaradan məqam Azərbaycanın irəli sürdüyü beş baza prinsipinə nə Ermənistanın, nə də Avropa İttifaqının etiraz etməməsi idi. Hətta Praqa görüşündən əvvəl, 2022-ci ilin aprelin 12-də Prezident İlham Əliyev Ermənistanla aparılan danışıqlardan bəhs edərkən Azərbaycanın irəli sürdüyü beş baza prinsipini İrəvanın qəbul etdiyini bildirmişdi. 

Yayılan məlumatlar sülh müqaviləsinin mətninin razılaşdırıldığı qənaətini yaradırdı. Hətta Ermənistanla sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın reqlamenti də təsdiqlənib. 

Ümidverici bəyanatların səsləndiyi Praqa görüşündən 15 ay ötür və hələ də sülh müqaviləsinin nə zaman imzalanacağı bəlli deyil. 

Problem nədir? Müqavilənin imzalanmasına nə mane olur?

Müşahidələr göstərir ki, sülh müqaviləsinin imzalanmasına əsas maneə müqavilənin hansı dövlətin vasitəçiliyi ilə və harada imzalanması məsələsidir. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də 2023-cü ilin yekunları ilə bağlı mətbuat konfransında bəyan edib ki, qərbli həmkarlarımız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yalnız onların ərazisində imzalanmasını istəyirlər. Sülh müqaviləsinin Rusiya ərazisində imzalanmasında maraqlı olduqlarını bəyan edən Lavrov Azərbaycanın buna hazır olduğunu, İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmədiyini bəyan edib. Lavrovun bu açıqlamasından doğan qənaət ondan ibarətdir ki, Qərb sülh müqaviləsinin Rusiyanın vasitəçiliyi imzalanmasını istəmir, Ermənistan isə ən azı tərəddüd edir. 

Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başlaması və Ukrayna ərazində çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törətməsindən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Moskvada imzalanmasını Qərb dövlətləri məqbul hesab etməyə bilər. 

Rusiyanı beynəlxalq münasibətlərdən təcrid edən Qərb Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Moskvada imzalanması ilə Rusiyanın beynəlxalq aləmdə mövqeyini gücləndirəcəyini düşünür. Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Moskvada imzalanması ilə Rusiyanın postsovet məkanında sarsılan mövqeyinin bərpa olmasına yol açacağına görə Qərb buna yol vermək istəmir.

Rusiyaya etimadı qalmayan və gələcəyini Avroatlantik blokda görən Ermənistan da sülh müqaviləsinin Moskva imzalanmasından yayınır. 

Belə qənaət yaranır ki, sülh müqaviləsinin harada imzalanması böyük dövlətlərin rəqabət səbəbinə çevrilib. Bu rəqabət səngiməyənə və ya Azərbaycanla Ermənistanın ortaq qərar verəcəyi zamana kimi sülh müqaviləsinin imzalanması mümkün görünmür. 

Azərbaycanın maraqları baxımından da sülh müqaviləsinin Moskvada imzalanması arzuolunan deyil. Son zamanlar Fransanın qərəzli mövqe tutması Rusiyanın vasitəçiliyini seçmək üçün Azərbaycan hakimiyyəti üçün əlavə arqumentə çevrilir. Bəzi ekspertlər də Azərbaycan hakimiyyətinin bu mövqeyini bölüşürlər. Lakin fikrimcə, indi əlverişli görünən bu məqam gələcəkdə bizim əleyhimizə işləyə bilər.

Sülh müqaviləsinin harada imzalanamasını niyə bu qədər mühümdür? Bunun önəmi nədən ibarətdir? 

Bu barədə növbəti yazıda.