FTX terror aktlarının, kütləvi qətllərin qarşısının alındığını bildirib
02 Oktyabr 2025
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX), Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi 75 regionda xəbərdarlıq xarakterli profilaktik tədbirlər apardığını bildirib. Məqsədin "gənclər arasında zorakılıq ideologiyasının, kütləvi qətllərin və intiharların yayılmasının önlənməsi" olduğu açıqlanıb.
Krasnoyarsk və Orlovsk vilayətlərində, Rusiya ordusunun nəzarətində olan Donetsk və Mariupolda kütləvi qətllərə hazırlaşmaqda şübhəli bilinən beş Rusiya vətəndaşının saxlandığı bildirilir.
FTX-nın versiyasına görə, Çelyabinskdən üç yeniyetmə nəqliyyat infrastrukturu obyektində terror aktı hazırlayırmış.
FTX həmçinin "neonasist və terrorçu ideologiyasını yayan" 59 Telegram-kanal və çat administratorunun fəaliyyətini dayandırdığını açıqlayıb. Saxlanılan şəxslərin telefonlarında partlayıcı hazırlamaq üçün təlimatlar, diversiya fəaliyyəti ilə bağlı materiallar, xarici kuratorlarla yazışmaların aşkarlandığı iddia olunur.
Doqquz nəfərə terror aktına hazırlıq, terror təşkilatında iştirak, partlayıcı maddələrin qanunsuz saxlanılması və ekstremizmə açıq çağırışlarla bağlı cinayət işi açılıb.
İstintaq Komitəsi isə Çelyabinsk, Orenburq, Bryansk vilayətləri və Başqırdıstanda yeniyetmələrin saxlanıldığını bildirib. Onların arasında Blaqoveşenskdə kütləvi qətllərlə bağlı materialların yayılmasında və terror təşkilatının fəaliyyətinin təbliğində ittiham olunan 14 yaşlı Başqırdıstan sakini də var.
Orenburq vilayətində isə pul qarşılığında əmlaka od vurmağı, neonasistyönlü qraffiti çəkməyi və avtomobil şinlərini zədələməyi təklif etdiyi deyilən 15 yaşlı yeniyetmə saxlanılıb.
"Mediazona" yazır ki, FTX-nın yaydığı videoya əsasən, saxlanılanların bir hissəsinin "Kolumbayn" və "Qatil Kultu Manyakları" hərəkatlarına bağlı olduqları ehtimal edilir. Rusiyada bu hərəkatlar terrorçu təşkilatlar kimi tanınır.