Polkovnikin birinci qiyamı: “Mən ölməyə hazır idim, o öldürməyə yox...”
Talat Aydemirin çevriliş cəhdi və İsmət İnönünün ibrət olacaq cavabı
04 İyun 2024
Əvvəlki məqaləmdə bəhs etdiyim kimi, 1961-ci il oktyabrın 15-də Türkiyədə keçirilən parlament seçkilərindən sonra hərbçilərin diktəsi ilə Cemal Gürsel prezident seçildi, Cümhuriyyət Xalq Partiyası (CHP) ilə Ədalət Partiyası (AP) kimi kəskin rəqabətdə olan partiyalar koalisyon hökumət qurdular və CHP başqanı İsmet İnönü baş nazir oldu.
Amma bu konsensusdan hərbçilərin hamısının məmnun qaldığını söyləmək olmazdı. Orta rütbəli zabitlərin çoxluq təşkil etdiyi qüvvələr devrilən Demokrat Partiyasının (DP) varisi sayılan AP-nin hökumət ortağı olmasını həzm edə bilmirdilər, 27 may çevrilişi ilə başlayan işin sona çatdırılmadığı fikrini səsləndirir, hətta son seçkilərin milli iradəni əks etdirmədiyini deyirdilər. Onlar yenidən hərəkətə keçmək üçün bəhanə axtarırdılar və çox gözləmək lazım gəlmədi.
Yeni seçilmiş parlamentin açılışından əvvəl siyasi partiyaların hərbçilər qarşısında götürdükləri öhdəliklərdən biri də həbs edilən DP üzvlərinin hələ bir müddət əfv edilməməsi idi. Amma hökumətin formalaşmasından az sonra AP üzvləri və onlara yaxın mətbuat əfv tələbləri səsləndirməyə başladılar. Öz növbəsində əfv əleyhdarları yürüşlər keçirdilər. Gərginlik artdı, ölkə yenidən iki kəskin qütbə bölündü, çevrilişdən əvvəl olduğu kimi. Bu da narazı hərbçilərin axtardığı bəhanə idi.
1962-ci il yanvarın 19-da “genişletilmiş komuta konseyi”nin toplantısı zamanı qısa şəkildə “Harbiye” deyilən Quru qoşunlar hərbi məktəbinin müdiri polkovnik Talat Aydemir söz alaraq, hərbi müdaxilənin qaçılmaz olduğunu söylədi və həmin müdaxilənin hərbi-iyerarxik çərçivədə baş verməsinin ən ideal variant olduğunu bildirdi.
Talat Aydemir DP iqtidarına qarşı çıxan hərbçilərdən biri və qəsdçi təşkilatın üzvü idi. Amma 1959-cu ildə Cənubi Koreyaya göndərildiyindən 27 may çevrilişində iştirak etmədi və Milli Birlik Komitəsində yer almadı. O, MBK-dakı “ondördlər” deyilən daha radikal qrupla həmfikir idi.
İndi Aydemir Baş Qərargah rəisi Cevdet Sunaya hərbi çevrilişə başçılıq etməyi təklif edirdi. O vaxta qədər analoji təkliflərə nə qarşı çıxan, nə dəstəkləyən, gözləməyi təklif edən orgeneral Sunay ilk dəfə məhz bu toplantıda çevrilişə qarşı çıxdı. Onu ali generalitet, o cümlədən, qüvvə komandanları dəstəklədi.
“Polkovniklər xuntası” adını alan çevriliş tərəfdarları bir həftə sonra yeni bəhanə əldə etdilər. Deyilənlərə görə, AP millət vəkili Nuri Bəşər “Anadolu” klubunda yemək yeyərkən hərbçilərin ailələrini söymüşdü. Hadisə böyük rezonans doğurdu. Hərbçilər ağıllarına gələn hər yerdə deputatı axtarırdılar. Həyatı təhlükədə olan Bəşər 14 gün gizləndi və gərginlik azalandan sonra polisə təslim oldu. DP onu dərhal partiyadan qovdu, toxunulmazlığı qaldırıldı və 1 il həbsə, həbsdən sonra da 4 ay Bitlisə sürgün cəzasına məhkum edildi.
Ordudakı narazılıqlar haqda istər Sunaydan, istərsə də digər mənbələrdən informasiya alan baş nazir İsmet İnönü gözləməməyi qərara aldı. Qurtuluş savaşının əfsanəvi sərkərdəsi kimi hərbçilər arasında olan nüfuzundan istifadə etməyi düşündü. O, guya özünün də çevriliş tərəfdarı olması barədə hərbçilər arasında yayılan xəbərləri ifşa etmək üçün əvvəlcə radioda çıxış etdi və hərbi müdaxilənin qarşısında olacağını söylədi, sonra da İstanbul və Ankaradakı hərbi hissələri ziyarət etdi.
Baş nazir fevralın 5-də Quru qoşunları hərbi məktəbinə getdi. Talat Aydemir İsmet paşanın müdavimlər üzərində yaradacağı təsirdən ehtiyat edərək, onları təlim adı ilə poliqona çıxardı, məktəbdə sadəcə fəxri qarovul dəstəsini saxladı. Beləcə, baş nazir bu ziyarətdən umduğu effekti ala bilmədi.
Amma İnönünün fəallığı nəticəsiz də ötüşmədi. Qəsdçi hərbçilər fəaliyyətlərini sürətləndirdilər. Fevralın 9-da İstanbulda korgeneral Refik Tulğanın rəhbərliyi altında 59 zabitin iştirakı ilə toplantı keçirildi. Qərara alındı ki, hərbi müdaxilə fevralın 28-də gec olmayaraq, hərbi-iyerarxik düzən çərçivəsində baş verməlidir, xüsusən də hərbi hava qüvvələrinin iştirakı təmin edilməlidir.
Amma Baş qərargah rəisi Cevdet Sunay çevrilişə rəhbərlik etmək təklifindən israrla imtina etdi. Hərbi-hava qüvvələrinin komandan İrfan Tansel də çevrilişə qoşulmayacağını, hətta ona qarşı çıxacağını qətiyyətlə bildirdi. Halbuki Tanselin məhz radikal zabitlərin israrı ilə HHQ komandanı vəzifəsində qalmasını əvvəlki məqaləmdə yazmışdım.
Fevralın 19-da Baş Qərargahda Cevdet Sunay, İrfan Tansel, Quru qoşunları komandanı Mühittin Önür, Jandarm qüvvələri komandanı Abdurrahman Doruk ilə Talat Aydemir, polkovnik Selcuk Atakan, polkovnik Necati Ünsalan arasında görüş oldu. Polkovniklər yenə generallara çevrilişə rəhbərlik etməyi təklif etdilər. Sunay yenə də imtina etdi, heç vaxt İnönüyə qarşı çıxmayacağını bildirdi.
***
Baş verənlər İsmet İnönüdən gizli deyildi. Çevriliş hazırlayan hərbçiləri həbs etmək də olardı. Amma vəziyyət elə idi ki, ilk atəşi açan tərəf günahkar görünə, qarşı tərəfə rəğbət arta bilərdi. Hərbçilərin həbsinin tərəddüd edən, hətta çevrilişə qarşı çıxan həmkarlarının mövqelərinin dəyişməsinə səbəb ola biləcəyi mümkün idi. Buna görə də başqa yol seçildi.
İnönü və Sunay paytaxtdakı qəsdçi komandirləri vəzifələrindən götürərək, bölgələrə təyin edilməsinə qərar verdilər. Günü hələ müəyyənləşməyən çevrilişi tətikləyən, məhz fevralın 22-də baş verməsini şərtləndirən də bu qərar oldu.
Talat Aydemir qərardan xəbər tutan kimi təyinatların dayandırılmasını tələb etdi.
Fevralın 22-də o, Selcuk Atakan və Turgut Alpagut Baş qərargaha çağırıldılar. Özü getməyərək, iki yoldaşını göndərən Talat az sonra onların saxlanılması xəbərini aldı. Məhz bu zaman hərəkətə keçmək qərarına gəldi.
O, əvvəlcə İstanbul valisi, 9 fevral toplantısına rəhbərlik etmiş Refik Tulğa ilə əlaqə saxlayaraq, onun da İstanbulda hərəkətə başlamasını istədi. General isə söylədi ki, 9 fevralda nəzərdə tutulan şərtlər yerinə yetirilməyib: hərbi-iyerarxik düzən təmin olunmayıb, hava qüvvələrindən dəstək alınmayıb. Buna görə də çevrilişə başlaya bilməz.
Əsəbiləşən Aydemir özündən rütbəcə xeyli böyük Tulğaya ağır sözlər deyərək, dəstəyi çırpdı və Ankarada təkbaşına hərəkət etməyi qərara aldı. Onun rəhbərlik etdiyi hərbi məktəb sadəcə tədris müəssisəsi deyildi, həm də iri hərbi birlik idi. O, müdavimləri toplayaraq son günlər baş verənləri, eləcə də özünün vəzifədən çıxarılmasını danışdı və hökumətə qarşı hərəkata çağırdı. Müdavimlər də çox sevdikləri Aydemiri dəstəklədilər.
Belə əhval-ruhiyyə 27 may çevrilişinin yan təsiri idi. Ən ali məqsədlərlə edilən və özündən sonra ən yaxşı nəticələr buraxan hərbi çevrilişin belə çox pis cəhəti var: presedent yaratması. Belə halda hər zabit özünü ən vətənsevər şəxs, ölkənin xilaskarı kimi görür. 27 mayda baş verən çevriliş legitim sayılırdısa, indi onlar niyə eyni şeyi edə bilməzdilər?
Həmin dövrdə hərbi məktəbdə oxuyan Vahit Suiçmez “32. Gün” proqramının “12 mart belgeseli” verilişində danışır: “Biz 27 May sonrasının hərbi məktəb müdavimləri idik. Ankaraya gəldiyimiz zaman xalqdan çox coşğulu münasibət görürdük. Sanki 27 may sonrası qurulan Türkiyə dövlət düzəninin təminatçısı və qoruyucusu bizlərdik”.
Həmin yan təsir altında olan müdavimlər saat 15.00 radələrində hərbi məktəbin tanklarına oturaraq, parlament binasına doğru hərəkət etdilər. Ankaradakı Tankçı məktəbi, Süvari qrupu, Jandarm məktəbi, 229-cu piyada alayı, Rabitə məktəbi, Etimesgut Zirehli Birliklər Təlim Mərkəzi qiyamı dəstəklədilər. Yeni komandirlər təyin olunan bəzi hərbi hissələr qiyama qoşulmadılar. Amma onlardan qiyamçılara qarşı istifadə etmək də təhlükəli idi. Hökumət özünü müdafiə etmək üçün Polatlıdan artilleriya, Çubukdan piyada qüvvələri gətirdi. Amma onlar, hətta parlamentin mühafizə taboru belə tezliklə Aydemirin tərəfinə keçdilər. Yalnız hərbi hava qüvvələri hökumətin əsas dayağı olmaqda davam edirdilər.
Hökumət üzvləri, partiya liderləri və ali generalitet nümayəndələri prezident sarayına - Çankaya köşkünə toplanıb, vəziyyəti müzakirə edirdi. Bütün siyasi və hərbi rəhbərliyin bir yerə toplanması o qədər də ehtiyatlı addım sayılmazdı. Görünür, köşkün mühafizə alayına polkovnik Cihat Alpanın komandir təyin edilməsindən sonra birliyin loyallığının təmin edildiyi düşünülürdü.
Buradan hökumət və Aydemir arasında danışıqlar başladı. Yeni Türkiyə Partiyasının başqanı, Aydemir ilə qohumluq münasibəti olan Ekrem Alican hərbi məktəbə gedərək, İnönünün təklifini çatdırdı: indiyə qədər qan tökülməməsini nəzərə alaraq, qiyamda iştirak edən zabitlər haqqında cinayət işi açılmayacaq, hamısı istefaya göndəriləcək.
Alicanın gedişindən az sonra Çankaya köşkü mühafizə alayının süvari qrupunun rəhbəri mayor Fethi Gürcan öz həmfikirləri ilə birlikdə alayın yeni komandiri Alpanı həbs etdi və komandirliyi öz əlinə aldı. Bütün siyasi və hərbi rəhbərlik onun girovuna çevrildi. Gürcan Aydemirə zəng edərək, vəziyyəti xəbər verdi və necə davranmaq barədə təlimat istədi. Aydemir isə inanılmaz şəkildə “burax, getsinlər, mənim onlarla bir işim yox” - dedi.
Aydemir siyasi və hərbi rəhbərliyi heç olmasa müvəqqəti həbs etməyi, idarəçiliyi öz əlinə keçirməyi istəmirdisə, çevrilişi necə həyata keçirməyi düşünürdü? Çankaya köşkünü tərk edərkən yanındakılara “indi oyunu uduzdular” deyən İsmet İnönü ən etibarlı yerə - hərbi hava qüvvələrinin qərargahına sığındı.
Az sonra Ekrem Alican Aydemirin tələblərini İnönüyə çatdırdı: hərbçilərin təyinatı dayandırılacaq, parlament buraxılacaq, Konstitusiyanın bəzi maddələri dəyişdiriləcək, hökumətdə və hərbi hava qüvvələrinin rəhbərliyində dəyişikliklər ediləcək. İnönü bu tələbləri rədd etdi və öz təklifini təkrar səsləndirdi: qiyamçı zabitlər məsuliyyətə cəlb olunmayacaqlar, amma istefaya göndəriləcəklər.
Qəti hərəkətə keçməyə cəsarət etməyən Aydemir bir müddət sonra daha yumşaq təklif irəli sürdü: indi o, sadəcə təyinatların dayandırılmasını istəyirdi. Daha sonra bir az da yumşaldı: təyinatlar olsun, amma hərbçilərin razılıq verdikləri yerə olsun, təkcə Aydemir öz yerində qalsın.
Hərbi hava qüvvələrinin qərargahına sığınan siyasətçilər və generallar bu təklifi eşidib, dərindən nəfəs aldılar. Yetərincə yumşaq təklif idi və İnönünün bunu qəbul edəcəyini düşünürdülər. Amma İnönü başqa fikirdə idi.
O, təklifə qulaq asdı, ətrafındakıların da yumşaldığını sezdi və hayqırdı: “Bu nasıl iş? 15 tane çapulcu çıkacak, hepimizi teslim alacak, biz hiç mukavemet göstermeyeceğiz? Gerekirse ben yalnız üzerlerine giderim. Öldürebiliyorlarsa öldürürler. Ama ancak ölümün üstünden geçerek devleti teslim alırlar”. Ardınca da heç nə qarşısında dayanmayacağını bildirdi: “Eğer kan dökmek icab edecekse dökülecektir. Hem de olukla!”
Bülent Ecevit “12 mart belgeseli”nə verdiyi müsahibədə deyirdi: “İnönü demokratiyanı səmimi mənimsəmiş, Türkiyəyə demokratiya gətirmiş bir insandı. Fəqət çox kritik dönəmlərdə çox demokrat yapılı bir liderin belə lazım gəldiyində bir komandan kimi təşəbbüsü ələ almağı bacara bilməli olduğunu orada gördüm”.
İnönü öz barışmazlığını belə izah edəcəkdi: “Bir ihtilalci müzakereye girdiği andan itibaren kaybetmiştir. Kendi iç dünyasında anlaşmazlığa düşmüştür, kendi kafasında kargaşaya düşen bir lider sağlam karar veremez”. O, Aydemirin təkliflərinin getdikcə yumşalmasından qiyamçı polkovnikin çox dirənməyəcəyini anlamışdı.
Artıq fevralın 23-cünün ilk dəqiqələrində Aydemir son təklifini göndərdi: “İnönü cəzalandırılmayacağımıza və istefaya göndərilməyəcəyimizə yazılı təminat versin”. Bəziləri İsmet paşaya “razılıq verin, təhlükə sovuşsun, sonra bildiyinizi edərsiniz” şəklində məsləhət verdilər. İnönü isə “mən sözümü xərcləyə bilmərəm” deyərək, yalnız cəzalandırılmayacaqlarına yazılı təminat verdi. Çarəsiz qalan Talat Aydemir bununla barışdı. Qiyam cəhdi baş tutmadan dayandırıldı.
***
Ertəsi gün İsmet İnönüdən ümidsiz vəziyyətdə dirəniş göstərib sonda qələbə qazanmasının səbəbini soruşanda “Mən ölməyi gözə almışdım, Talat öldürməyi gözə ala bilmədi” söylədi.
Məğlub polkovnik isə müharibəni deyil, döyüşü uduzduğunu düşünürdü. Evinə gedib, arvadına “Bu iş burada bitmədi, Bir gün müvəffəq olacağam” söylədi. Doğrudan da 15 ay sonra bir daha cəhd etdi.
Bu barədə növbəti məqaləmdə...