Baş nazir üçün dar ağacı, generalların seçkiylə bitən qiyamı
Parlamentin hərbçilərin təzyiqinə səssiz etirazı nəyi həll etdi?
30 May 2024
1960-cı il mayın 27-də Türkiyədə baş verən çevrilişdə önəmli rol oynayan 38 hərbçi Milli Birlik Komitəsini (MBK) yaradaraq, bu qurumu qanunverici orqan elan etdilər və parlamentin səlahiyyətlərini mənimsədilər. Hökumət isə əsasən mülki şəxslərdən təşkil olundu. Quru qoşunlarının baş komandanı orgeneral Cemal Gürsel həm MBK sədri, həm hökumət başçısı oldu.
Ertəsi gün mətbuat konfransı keçirən Gürsel 3 ay müddətinə seçkilər olacağını söyləyir. General doğrudan da hakimiyyətin tezliklə siyasətçilərə verilməsinin tərəfdarı idi, amma səsləndirdiyi müddət real deyildi. Yeni konstitusiya hazırlanmalı, referendumda qəbul edilməli, yeni konstitusiyaya uyğun yeni seçki qanunu hazırlanmalı və yalnız bundan sonra seçki keçiriləcəkdi.
Üstəlik, MBK daxilində heç də hamı hakimiyyətin belə tez verilməsinin tərəfdarı deyildi. Belələrinə Alparslan Türkeş rəhbərlik edirdi. Amma Cemal Gürsel və korgeneral Cemal Madanoğlunun planı ilə noyabrın 13-də Türkeşin qrupundan 14 nəfər əvvəlcə öz evlərində nəzarətə alındılar, bir neçə gün sonra isə müxtəlif ölkələrdəki Türkiyə səfirliklərinə attaşe göndərildilər. Türkeş özü Hindistana təyin edildi. MBK buraxıldı və yenidən, bu dəfə 23 nəfərdən (daha bir MBK üzvü, tuğgeneral İrfan Baştuğ sentyabrda avtoqəzada həlak olmuşdu) təşkil olundu.
***
Hərbi çevrilişdən sonra Demokrat Partiyası qapadılmışdı. Onun üzvlərinə və elektoratına sahiblənmək üçün bir sıra yeni partiyalar yaradıldı. Bunlardan ən uğurlusunu təqaüdə çıxan orgeneral Ragip Gümüşpala 1961-ci ilin fevralında yaratdı. Paşa çevrilişdən bir həftə sonra, iyunun 3-də Baş qərargah rəisi təyin olundu, amma artıq avqustun 4-də istefaya göndərildi. Bu səbəbdən MBK-ya qarşı kinli idi. Onun Ədalət Partiyası (AP) həbs olunmayan demokratların böyük əksəriyyətini ətrafında birləşdirdi.
Ekrem Alicanın rəhbərlik etdiyi Yeni Türkiyə Partiyası (YTP) da 1961-ci ilin fevralında təsis edildi. Partiyanın əsasını DP ideologiyasını bölüşən, amma Menderesin bəzi avtoritar addımlarını, məsələn, azad mətbuatı sıxışdırmasını bəyənməyən keçmiş demokratlar təşkil edirdilər.
Yeni konstitusiyanın qəbulu üçün referendum iyulun 9-a təyin olundu. Formal cəhətdən konstitusiyanın lehinə və əleyhinə təbliğat aparmaq sərbəst idi. Əslində isə əleyhinə təbliğata imkan verilmirdi. Hərbçilər hətta mövqe bildirmək istəməyən AP-ni də “hə” tərəfdarı olduğunu elan etməyə məcbur etdilər.
Bununla belə, seçicilərin 38,26 faizi kimi böyük hissəsi konstitusiya “yox” dedi. Buradan belə bir ehtimal yaranır ki, sərbəst təbliğat imkanı olsaydı, sənəd qəbul olunmaya da bilərdi. Türkiyə Cümhuriyyətinin ən demokratik konstitusiyası beləcə qeyri-demokratik yolla qəbul edildi.
Bu qədər böyük faizin “yox” deməsi, əslində, yeni konstitusiyanın məzmunu ilə bağlı deyildi. Demokrat Partiyasının tərəfdarları bu sənədə onların iqtidarını devirən hərbçilərin məhsulu kimi yanaşırdılar və buna görə qəbul etmirdilər. Referendumun nəticələri ölkədə xeyli DP tərəfdarının qaldığını göstərdi.
Yeni konstitusiyanın bir sıra müsbət məqamları vardı. Hakimiyyət bölgüsü təsbit edildi, məhkəmələrin müstəqilliyi təmin olundu, çoxluğun diktaturasını əngəlləmək üçün Konstitusiya məhkəməsi yaradıldı. Prezidentlik müddəti 7 il oldu və təkrar seçilmək qadağan edildi. Prezident seçilən şəxs partiya üzvlüyünə son verməli idi. İnsan hüquq və azadlıqları təminat altına alındı, işçilərin həmkarlar təşkilatı qurmaq və tətil haqqı tanındı.
Konstitusiyada TBMM-nin ikipalatalı olması nəzərdə tutulurdu. Millət Məclisi adlanan aşağı palata 450 nəfərdən ibarət olacaqdı. Buraya seçkilər proporsional sistem üzrə keçiriləcəkdi.
Yuxarı palata isə Senat adlanırdı. Onun 150 üzvü majoritar sistem əsasında seçilirdi. Kontenjan senatoru adlanan 15 nəfəri prezident təyin edirdi. Bunlardan əlavə “Təbii senatorlar” vardı: hərbi çevrilişdən sonra Türkiyənin idarə edən Milli Birlik Komitəsinin (MBK) üzvləri və keçmiş prezidentlər təbii senator sayılırdılar. Seçilən və kontenjan senatorların səlahiyyət müddəti 6 il, təbii senatorluq ömürlük idi.
***
Devrilmiş DP iqtidarına aid olan 592 nəfər üzərində məhkəmə 1960-cı il oktyabrın 14-də başladı. Hökm 1961-ci il sentyabrın 15-də çıxarıldı. Aralarında prezident Celal Bayarın, baş nazir Adnan Menderesin, parlament sədri Refik Koraltanın, Baş qərargah rəisi Rüştü Erdelhunun da olduğu 15 nəfər edama məhkum edildi. 30 nəfər ömürlük, 418 nəfər müxtəlif müddətli (4 il 2 aydan 20 ilə qədər) həbslərə məhkum edildi. 123 nəfərə bəraət verildi, daha 6 nəfər isə məhkəmə müddətində vəfat etdiyindən işlərinə xitam verildi.
Hərbi xuntanın qəbul etdiyi “Bəzi hökmlərinin qaldırılması və bəzi hökmlərinin dəyişdirilməsi haqqında Keçici Qanun”a görə, edam hökmlərini MBK təsdiqləməli idi. Komitə 11 nəfərin cəzasının ömürlük həbslə dəyişdirilməsinə qərar verdi. Dörd nəfərin edam cəzası isə təsdiqləndi. Bunlar Bayar, Menderes, DP iqtidarının xarici işlər naziri Fatin Rüştü Zorlu və maliyyə naziri Hasan Polatkan idilər. Edamların əleyhinə səs verən MBK sədri Cemal Gursel öz səlahiyyətlərindən istifadə etdi və Celal Bayarın yaşının 65-i keçməsi səbəbinə dayanaraq, onun da cəzasını ömürlük həbslə əvəzlədi. Zorlu və Polatkan sentyabrın 16-da, Menderes isə sentyabrın 17-də asıldılar.
***
Türkeş qrupunun uzaqlaşdırılmasından sonra MBK daxilində müəyyən həmrəylik yaransa da, bunu bütün orduya şamil etmək olmazdı. Orduda Silahlı Qüvvələr Birliyi (SKB) adlı müxalif qurum formalaşmışdı ki, onun da rəhbəri Baş Qərargah rəisi Cevdet Sunay idi.
SKB və MKB arasında ilk qarşıdurma 1961-cı ilin iyununda baş verdi. Cemal Gürsel SKB üzvü olduğunu bildiyi (SKB zatən açıq fəaliyyət göstərirdi) hərbi hava qüvvələri komandanı İrfan Tanseli iyunun 1-də vəzifəsindən çıxarıb, Vaşinqtondakı türk əsgəri müşavir heyətinə rəhbər təyin etdi. Amma SKB hökumətə ultimatum verdi, qırıcılar Ankara üzərində aşağı hündürlükdən təhdidedici uçuş etdilər və Gürsel Tanseli HHQ komandanı vəzifəsinə bərpa etdi.
Bundan əlavə, elə həmin iyun ayında SKB-nin istəyi ilə müdafiə naziri Muzaffer Alankuş, quru qoşunlarının komandanı Celal Alkoç vəzifələrindən istefa verdilər. Baş qərargahın ikinci başqanı, SKB üzvü Muhittin Önür quru qoşunlarının komandanı oldu. 27 may çevrilişinin əsas rəhbəri Cemal Madanoğlu da SKB istəyi ilə MKB-dən kənarlaşdırıldı. Bu hadisələr SKB-nin MKB-dən daha güclü olduğunu ortaya qoydu.
SKB devrilmiş DP iqtidarına qarşı daha sərt mövqe tuturdu. SKB-nin israrı olmasaydı, güman ki, Menderes və iki nazir edam edilməzdi. Onlar hətta cəmi 3 nəfərin asılmasından narazı qalmışdılar.
Oktyabrın 15-nə təyin edilən parlament seçkiləri ilə bağlı isə SKB-nin öz daxilində fikir ayrılığı vardı. Generalitetin ali təbəqəsi hesab edirdi ki, seçkilərdə CHP səslərin yarıdan çoxunu qazanacaq və İsmet İnönü iqtidara yiyələnəcək - prezident və ya baş nazir şəklində. İstər Cevdet Sunay, istərsə də başqaları üçün İnönü Qurtuluş savaşının əfsanəvi komandanı, Atatürkün yaxın silahdaşı idi.
Əksəriyyətini polkovniklər (albaylar) təşkil edən qisim üçün isə Qurtuluş savaşı kitablardan oxuduqları tarix idi və onlar İnönüyə o qədər də dərin ehtiram hiss etmirdilər. Onlar hesab edirdilər ki, 27 may çevrilişi zamanı qarşıya qoyulan hədəflərin hamısına nail olunmayıb. Buna görə də hakimiyyət hələ hərbçilərdə qalmalıdır. Çünki nəzərdə tutulan bütün islahatları hərbi idarə vasitəsilə həyata keçirmək daha asandır. Bunu etmədən hakimiyyəti heç bir siyasətçiyə vermək olmaz, o siyasətçi İsmet paşa olsa belə.
***
İsmət İnönü də partiyasının qalib gələcəyinə, özü də səslərin yarısından çoxunu toplayacağına əmin idi. Ehtimal ki, bu halda özü prezident, CHP-nin baş katibi İsmail Rüştü Aksal isə baş nazir olacaqdı. Amma hər şey başqa cür oldu. Bəzilərinin xəbərdar etdiyi kimi, Menderesin edamı onu xalqın gözündə qəhrəmana və əzabkeşə çevirdi. Əhali arasında hətta onun ruhunun ağ atın belində dolaşması barədə əfsanələr gəzirdi. Bu da edamdan 4 həftə sonra keçirilən seçkilərdə öz sözünü dedi.
CHP birinci yeri tutsa da, cəmi 36,7% səs topladı. Bu, Menderes iqtidarı dövründə ciddi basqı altında keçirilən 1957-ci il seçkilərində topladığından (41,4%) belə az idi. Ədalət Partiyası (AP) 34,8%, Osman Bölükbaşının Cümhuriyyətçi Kəndli Millət Partiyası (CKMP) 13,9%, Ekrem Alicanın Yeni Türkiyə Partiyası (YTP) 13,7% səs topladılar.
Beləliklə, DP varisi olan AP və YTP toplam 48,5% səs topladılar. Onlar 450 nəfərlik Məclisdə 223 mandata sahib idilər. Gələcəkdə Milliyyətçi Hərəkat Partiyasına çevriləcək CKMP də nəzərə alınsa, sağçı partiyalar 62,4% səs və 277 mandat qazanmışdılar.
Senat seçkiləri CHP üçün daha da məyusedici oldu. Doğrudur, burada da CHP birinci (37%), AP ikinci (35,3%) oldu. Amma Məclisdən fərqli olaraq, majoritar sistemin xüsusiyyətlərinə görə AP CHP-dən iki dəfə çox senator yeri qazandı - 36-ya qarşı 71. YTP (13,9% və 27 mandat) üçüncü, CKMP isə (13,4% və 16 mandat) dördüncü oldu.
***
Seçkilərin nəticələri göstərdi ki, sağçı partiyalar koalisiya yaradaraq həm hökumət təşkil edə, həm də istədikləri adamı prezident seçə bilərlər. Bu halda həlledici söz, təbii, AP-yə məxsus olacaqdı. Partiya üzvü olmasa da AP siyahısından senator seçilən hüquq professoru Ali Fuad Başgilin prezidentliyə namizəd olmaq istəməsi və AP-nin bunu dəstəkləməsi də az sonra məlum oldu.
SKB seçkilərin nəticələrini xoş qarşılamadı. Belə çıxırdı ki, hərbçilər hakimiyyəti devirdikləri demokratlara qaytaracaqdılar. Onlar TBMM-in oktyabrın 25-ə planlaşdırılan açılış toplantısından əvvəl müdaxilə edərək, hakimiyyəti ələ keçirməyi qərara aldılar. SKB-nin İstanbul qanadı oktyabrın 21-də bir memorandum imzaladı. Qurumun Ankara qanadının da bir gün sonra qoşulduğu “21 ekim protokolu”nun məzmunu belə idi:
1) Türk Silahlı Kuvvetleri mensupları - aşağıda açık imzası bulunanlar - 21 Ekim 1961 günü saat 14:30'da toplanmışlar ve gündemlerinde mevcut olan konuları müştereken müzakere etmişler ve ittifakla aşağıdaki karara varmışlardır.
a) Türk Silahlı Kuvvetleri 15 Ekim 1961 günü yapılmış olan seçimlerden sonra, gelecek yeni Türkiye Büyük Millet Meclisi toplanmadan evvel, duruma fiilen müdahale edecektir.
b) İktidarı, Milletin hakiki ve ehliyetli mümessillerine tevdi edecektir.
c) Bütün siyasi partiler faaliyetten menedilecek, seçim neticeleri ile Millî Birlik Komitesi feshedilecektir.
d) Bu kararın tatbiki 25 Ekim 1961'den sonraki bir güne tehir edilmeyecektir.
2) İşbu Zabıt Varakası üç nüsha olarak tanzim edilmiş ve bütün üyeler tarafından aynı anda imza edilmiştir.
Protokola imza atan ən yüksək rütbəli hərbçi İstanbul valisi korgeneral Refik Tulga idi.
Amma Baş Qərargah rəisi Cevdet Sunay və qüvvə komandanları bu addımı bəyənmədi. Onlar da seçkinin nəticələrindən əndişə keçirirdilər və amma hökumətin siyasətçilərə ötürüləcəyi haqda verilən sözə əməl edilməsinə tərəfdar idilər. Bu zaman da hesab edirdilər ki, ordu siyasətçilərə müəyyən təzyiq göstərməkdə azaddır. Onla vəziyyətdən çıxış yolunu Cemak Gürselin prezident seçilməsində, İsmet İnönünün də baş nazir olmasında görürdülər.
Oktyabrın 24-də səhər saatlarında prezident iqamətgahı olan Çankaya köşkündə Cemal Gürsel, parlamentə düşən dörd siyasi partiyanın liderləri, Baş Qərargah rəisi, Quru, Hava və Dəniz qüvvələri komandanları, Jandarm qüvvələri komandanı, 1-ci, 2-ci və 3-cü ordu komandanları görüş keçirdilər. Görüşün yekunu olaraq Çankaya protokolu imzalandı:
1. Siyasi Partiler Cumhurbaşkanlığı için aday göstermeyecek ve Cemal Gürsele oy verilmesi için liderler, gruplarında ellerinden gelen çabayı göstereceklerdi.
2. Ordu mensuplarına tanınmış herhangi bir hak geri alınmayacağı gibi Eminsularla ilgili kanun da değiştirilmeyecekti.
3. Yassıada hükümlüleri hakkında şimdilik bir af kanunu çıkarılmayacaktı.
4. 147’ler üniversitelere alınmayacaktı.
Protokola yazılmayan, amma şifahi razılaşdırılan daha bir maddə isə İsmet İnönünün baş nazir olması idi.
147-lər - 27 may çevrilişindən sonra MBK-nin universitetlərdən xaric etdiyi 1467 müəllimə verilən addır. AP-nin prezident görmək istədiyi Ali Fuat Başgil də onlardan biri idi. Protokola salınmasına baxmayaraq, 1962-ci ildə qəbul edilən qanunla onlara işlərinə geri qayıtmaq icazəsi verildi;
EMİNSU - MBK tərəfindən 1960-cı il avqustun 2-də qəbul edilən 42 saylı qanunla 235 general və 5 minə qədər zabit ordudan xaric edildi. Ragıp Gümüşpala da bu qanunla istefaya göndərildi. Həmin hərbçilər Emekli İnkilap Subayları adlı dərnək yaratdılar ki, bunun da qısa adı EMİNSU idi. 147-lərdən fərqli olaraq EMİNSU ilə bağlı protokoldakı maddəyə əməl olundu: onlar orduya qaytarılmadılar.
Oktyabrın 25-də 12-ci çağırış TBMM işinə başladı. 77 yaşı olan İsmet İnönü ən yaşlı üzv kimi iclası açdı. Ertəsi gün prezident seçkiləri oldu. Hərbçilər Ali Fuat Başgili hədələyib, namizəd olmamağa inandırmışdılar. Yeganə namizəd Cemal Gürsel idi. Millət Məclisi və Senatın 638 üzvündən 607-nin qatıldığı səsvermədə 434 nəfər Gürselin lehinə səs verdi, 173 bülleten isə etibarsız sayıldı. Sonunculardan 156-da heç kəsə səs verilməmiş, 17-də isə başqa adamların adı yazılmışdı. Bu, hərbçilərin təzyiqinə susqun etiraz idi. TBMM-in fəaliyyətinin bərpa edilməsi ilə Millik Birlik Komitəsinə xitam verildi. Onun üzvləri ömürlük (gerçəkdə 1980-ci il çevrilişinə qədər) senator oldular.
Hökumət qurmaq səlahiyyəti isə İsmet İnönüyə verildi. Onun Ədalət Partiyası ilə koalisiyada qurduğu 26-cı hökuməti həm də Türkiyə tarixində ilk koalisyon hökumət idi. Parlament yeni hökuməti noyabrın 20-də təsdiqlədi.
***
Beləliklə, 27 may çevrilişindən ilyarım sonra iqtidar hərbçilərdən mülkilərə keçdi. Əlbəttə, prosesin hansı şərtlər altında baş verdiyi nəzərə alınarsa, bunu demokratiyanın təntənəsi adlandırmaq çətindir. Bununla belə, status-kvo və SKB-nin hakimiyyətə yiyələnməsi ehtimalı ilə müqayisədə, şübhəsiz, müsbət addım idi.
Amma bu nəticələri qəbul etməyənlər də vardı. Onların başında Ankarada yerləşən Quru qoşunları hərbi məktəbinin (Kara Harp okulu) komandiri polkovnik Talay Aydemir dururdu. O və həmfikirləri yeni hökumətin qurulmasından üç ay sonra yeni hərbi çevrilişə cəhd etdi.
Növbəti məqaləm bu haqda olacaq.