Öz məzarına doğru 30 il yol gələnlər
Müharibə bitdi, ancaq onlardan hələ də soraq yoxdur...
03 May 2024
2020-ci ilin noyabrında Ağdamda şəhid dəfnindəydim. Şəhid anası elə bir cümlə qurdu ki… “Ən çox ona sevinirəm ki, balamın cəsədi itib-batmadı, onu dəfn edə bildim”. Bu sözləri deyəndə kifayət qədər anlaqlı vəziyyətdə idi. Müharibənin nə olduğunu bilirdi, məcburi köçkünlük də yaşamışdı. Oğlu da cəbhəyə könüllü yollanmışdı. Sonra o ana ilə bir də ünsiyyətimiz oldu. Nə üçün belə dediyini soruşdum.
Cavab: “O qədər pis şeylər gördük və yaşadıq ki, balamızın məzarı olduğuna sevindik”.
***
"Balışın altından məktub tapdıq. Təəssüf ki, həmin əlyazma indi məndə yoxdur. İllər əvvəl hansısa jurnalist götürdü, amma geri qaytarmadı. Orada yazılırdı ki, müharibə başa çatmayanadək geriyə qayıtmayacağam."
1992-ci ilin fevralın 26-da Xocalı qətliamı baş verir. Bu hadisə Natiqi hiddətləndirir və bir məktub yazaraq, evdən gedir. Qardaşı Nofəl Qasımov həmin günü xatırlayır…
Hətta ailəsindən xəbərsiz getdiyinə görə Natiqdən incimişdilər də...
Natiq 1992-ci ilin martında əsir düşür və barəsində bu günədək məlumat yoxdur. Nofəl illər öncə qardaşının axtarışına çıxır və ona Natiqin "yandırıldığı" xəbəri verilir. Amma bunu sübut edəcək dəlillər təqdim olunmur.
“Sevinirik. Hər azad olunan kənd, rayon mənə Natiqi xatırladır. Təsəvvür edin, Natiq gözümün önünə gəlir və istər-istəməz reallığa qayıdıram ki, o yoxdur. Amma onun fiziki yoxluğuna inanmıram, bəlkə də ətrafımda hamı artıq bununla barışıb, amma mən yox. Mən qətiyyən inanmıram”.
Təkdir, hamı Natiqsizliklə barışıb, o isə dirənir. Tək təsəllisi budur ki, ölsəydi, qalıqları tapılardı. Natiq məktubunda necə yazmışdı, “müharibə bitməyənədək”… Müharibə başa çatıb, həm də qələbə ilə. Amma qayıtmır.
İtaliyalı fotoqraf Enriko Sarzini birinci Qarabağ müharibəsində Natiq Qasımovun əsir götürüldüyü zaman bir neçə fotosunu çəkib. Bu günədək onlardan yalnız biri seçilirdi, çünki başqaları barədə məlumat yox idi; Natiq 2 nəfər erməni əsgərin əhatəsində və əlində Azərbaycan bayrağı.
Natiq haqqında çəkilmiş sənədli filmdə Enriko Sarzini çəkiliş qrupuna bir neçə şəkil göstərdi; Natiqin dindirilməsi prosesi və onu əhatə edən erməni əsgərlər.
Sarzini Sovet İttifaqında məşhur olan "Oqonyok" jurnalının əməkdaşı kimi müharibəni işıqlandırırdı. Natiqin əsri götürülməsi anını və onun dindirilməsini də lentə köçürüb. Dindirilməni aparan şəxslərdən biri birinci Qarabağ müharibəsində iştirak edən hərbçi Vitali Balasanyan idi. Sonra o, tanınmamış DQR-də müxtəlif vəzifələr tutdu. Fotoqraf onun iri planda fotosunu çəkib. Natiqdən bəhs edən filmdə Balasanyana iri plandakı fotosu təqdim olunur, amma o özünü tanımadığını, daha doğrusu, gənclik illərini xatırlamadığını deyir. Məhz bu fotonun üzə çıxması Natiqin sonrakı aqibətinə aydınlıq gətirə bilərdi. Balasanyan isə fotoda özünü “tanımadığı” kimi, Natiqi də “xatırlamır”. Bircə onu deyir ki, “ola bilsin, onu dəyişmişik”.
***
Dövlət orqanlarına itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq yönündə dəstək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 2014-2022-ci illərdə itkin düşmüş şəxslərin ailə üzvlərindən 11 minə yaxın bioloji nümunə toplayıb. Bu proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə baş tutub və bütün nümunələr Dövlət Komissiyasına təhvil verilib. Belə ki, bu nümunələr əsasında Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Molekulyar Genetik Laboratoriyasında DNT profili çıxarılıb.
Nofəl Qasımovun sözlərinə görə, bir neçə il öncə ondan da belə bir nümunə götürülüb.
BQXK-nin Azərbaycan Nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İlahə Hüseynova deyir ki, bioloji nümunələrdən başqa, itkin düşmüş şəxslər haqqında ətraflı “ante-mortem məlumatlar” da toplanıb.
"Burada ailənin itkin düşmüş şəxs haqda verdiyi məlumat toplanılır, itkin düşdüyü il, ay, məntəqə, fiziki və sağlamlıq durumu barədə məlumat – məsələn, boyunun ölçüsü, keçirdiyi xəstəliklər, nə vaxtsa olan sınıqların, hətta dişlərinin vəziyyəti ilə bağlı qeydlər aparılır. Yalnız DNT ilə heç də həmişə kimliyi müəyyən etmək olmur. Buna görə də, yuxarıda göstərilən bilgilər şəxsiyyətin müəyyənləşməsində yardımçı olur ".
Ailə üzvlərinin BQKX-ya müraciəti əsasında itkin düşmüş şəxslərin tərtib olunmuş siyahısı Əsir və itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı Dövlət Komissiyası ilə bölüşür. Komissiyanın məlumatına görə, birinci Qarabağ müharibəsi zamanı qeydiyyatdan keçən itkin düşmüş şəxslərin sayı 3890 nəfərdir. Onların arasında hərbçilər üstünlük təşkil edir. Bunlarda yalnız 719 nəfəri mülki şəxslərdir.
İkinci Qarabağ müharibəsi zamanı 6 nəfər itkin düşmüş kimi qeydiyyatdadır. Onlar hərbçilərdir. Bu yaxında onlara da “şəhid” status verildi.
***
Baş Prokurorluğun məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə bu günədək 18 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlarda 172 nəfərə məxsus meyit qalıqları tapılıb. Onlardan 55 nəfərinin şəxsiyyəti eyniləşdirilib.
Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru, birinci dərəcəli hüquqşünas Selcan Familzadənin sözlərinə görə, respublikanın 13 şəhər və rayonunda yerləşən 21 qəbiristanlıqda birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş şəhid məzarlarından 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib.
“Aprelin 27-dək ümumilikdə azı 600 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb. Onlardan 124-ü 2022-ci ildə, 133-ü 2023-cü ildə, 48-i isə 2024-cü ildə aşkarlanıb”, S.Familzadə deyib.
***
Əli Hüseynov 6 avqust 1993-cü ildə Füzuli rayonunun müdafiəsi uğrunda döyüşdə yaralanıb. Həmin vaxt yanında olanların verdiyi məlumata görə, yaralı vəziyyətdə də itkin düşüb. İştirak etdiyi döyüşlərin miqyasına, göstərdiyi hünər və cəsurluq nümunələrinə görə ona silahdaşları “Ujas” təxəllüsü veriblər.
Əlinin dayısı oğlu Kərim Kərimli deyir ki, onun fotosunu Xankəndidən Yerevanadək şəxsən tanıdığı bütün ermənilərə çatdırıb. “Təəssüf ki, onlar ya heç bir kömək edə bilmədilər, ya da istəmədilər. Otuz il ərzində onun haqqında heç bir dəqiq məlumat ala bilmədik”.
Kərimli əlavə edir ki, onun itkin düşməsi xəbəri bütün ailəni sarsıtmışdı.
“Sonra haqqında gələn təzadlı məlumatlar: yaralanması, yaralı halda ələ keçirilib əsir götürülməsi, yaralı vəziyyətdə işgəncələrə məruz qalması ehtimalı və gümanımız bizi dəhşətli dərəcədə incidir, ağrıdırdı. Bizi sarsıdan, dəli olmaq səviyyəsinə çatdıran bir məsələ də onun az qala tapılmaqda, qaytarılmaqda olduğu bir ərəfədə ermənilərin qəfildən fikirlərini dəyişməsi idi”.
Əlinin qalıqları 31 ildən sonra tapıldı, şəxsiyyəti müəyyənləşdiriləndən sonra ötən il sentyabrın 11-də Füzulidə dəfn edildi.
“Aradan illər keçsə də, o ağrılar unudulmur. Onun tapılması yaddaş, təəssürat və paralel olaraq ağrı və əzabları da təzələdi. Torpaqlarımızın azad olunması, hətta özünün deyil, nəşinin belə tapılması, həm də yaralarımıza məlhəm oldu”, - Kərimli deyir.